Özünə İnan və Çalış

Gözəl nitqin ünsürləri

 
(0 votes)

                                                                                               Gözəl nitqin ünsürləri

Çıxış zamanı iki əsas nöqtəyə diqqət yetirmək lazımdır. 1- çıxışın zahiri formasına – struktura, 2- çıxışın məğzinə – möhtəvasına.

Çıxışın məğzinin daha təsirli olması üçün aşağıdakı amillərə riayət etmək lazımdır:

  • Dinləyicini çıxışın mövzusuna inandırmaq və qane etmək (dəlillərlə).
  • Danışıq tərzi ilə dinləyicilərin diqqətini cəlb etməyi bacarmaq.
  • Səsin tonu təhriketmə üsullarından asılı olmayaraq sözün özünün təsiretmə qabiliyyəti olmalıdır. Yəni insanların emosiyalarına təsir edə bilən sözlər deyilməlidir.

 

                                                                          Nitqin zahiri forması üçün aşağıdakılara diqqət olunmalıdır:

1- Müqəddimə

2- Mövzunun əsli (özü)

3- Çıxışda hekayə və zərb-məsəllərdən istifadə etmək

4- Ardıcıllığı və həmahəngliyi düzgün tənzimləmək

5- Nəticə və son söz

1- Müqəddimə - Əslində bütün çıxışların müqəddiməyə ehtiyacı var. Müqəddimə dinləyicini həm mövzu barədə məlumatlandırır, həm də diqqəti xətibə yönəldir. Müqəddimədə aşağıdakı nöqtələrə diqqət olunmalıdır:

1- Müqəddimə dinləyicilərin tələbinə uyğun olmalıdır -  Dinləyicilərin diqqətini cəm etmək üçün müqəddimə mühüm rol oynayır. Nitqdən əvvəl bəzi jestlərdən də istifadə etmək lazımdır (bu barədə gələn bəhsimizdə ətraflı məlumat verəcəyik). Xətib müqəddiməni elə qurmalıdır ki, bütün danışdığı sözlər müqəddimədən kənara çıxmamalıdır. Müqəddimə nəticəyə uyğun olmalıdır. Yəni, çıxışınız əvvəldən axıra qədər öz sujet xəttini itirməməlidir. Leksik məna cəhətindən bir-birinə yaxın, lakin müxtəlif sinonim sözlərdən ibarət cümlələr həmişə dinləyiciyə xoş gəlir. Çıxışı əvvəldən axıra qədər eyni, təkrar sözlər və məsləhətlərlə davam etdirmək dinləyicini yorur.   

2- Təbii olmalıdır - Çıxış nə qədər təbii olsa bir o qədər xoş olacaq. Məsələn, mövzu ümumi xarakter daşımalı və insanların ona yetişməsi mümkün olmalıdır. Yəni, eşidənlər üçün əlçatmaz görünməməlidir, əks halda onların ruhiyəsini zəiflədər və dinləməyə maraqları qalmaz. Söhbət elə bir səpkidə davam etməlidir ki, eşidənlər sanki, həmin an onu icra etməyə can atmalıdırlar və deyilənlər onların imkanları daxilində olmalıdır.   

3- Uzun olmamalıdır - Əksər hallarda söhbət uzun və mənasız olanda dinləyici sona qədər dözmür və məclisi tərk edir. İnsanlar həmişə qısa bir vaxtda faydalı söz eşitmək istəyirlər. Bunun üçün xətib mətləbi kankret cümlələrlə şərh etməlidir. Bəzən söhbətin uzun olması dinləyicinin yuxuya getməsinə səbəb olur. Dinləyicilərin yatmaması üçün arada onlarla dialoq qurmaq lazımdır. Məsələn, sorğu-sual etmək və ya deyilən mətləbə onların münasibət bildirmələri üçün şərait yaratmaq. Məsələn, söhbətin ortasında mövzuyla əlaqəsi olan bir sual vermək, ibrət üçün müəyyən nümunələri xatırlatmaq, xoşagəlməyən işlərin insan üçün mənfi təsirlərini söyləmək və bu mətləbə uyğun sual vermək "Sizcə bu rəftar bəyənilən işdirmi?" demək. Bu kimi qısa dialoq yuxuya getmiş dinləyicinin xətiblə rabitəsini yenidən bərpa edəcək.  

4- Mövzu ilə rabitəsi olmalıdır - Çıxışın əvvəlində, ortasında və sonunda mövzunun əsl mətləbini vurğulamaq lazımdır ki, dinləyicilərin fikri yayınmasın. Əvvəldən axıra qədər mətləbdən uzaqlaşmaq olmaz. Bu hal dinləyicilərin fikirlərində çaşqınlığa səbəb olar və söhbətdən nəticə çıxara bilməzlər.

5- Müqəddimə boş-boş vədlərlə dolu olmamalır - Məsələn, xətib öncədən dediyi sözə zamin durur və deyir ki, siz bu işi görün, mən sizə zəmanət verirəm. Bu kimi ifadələr möhkəm mənbələrə söykənməli və verilən vədlər çox elmli bir şəxsin tərəfindən olmalıdır. Hər halda bundan çəkinmək daha yaxşıdır. Adətən möhkəm vədləri Qurani-Kərimdən sitat gətirirlər. Çünki, Quranda deyilənlər Allahın vədəsidir və mütləqdir! İnsan verdiyi vədəyə xilaf da çıxa bilər. 

6- Müqəddimə aramla, vüqarla deyilməlidir - Çıxışın əvvəlində sakit səslə, aramla danışmaq dinləyici kütləsinin diqqətini xətibə yönəldir. Müqəddimədə aramla söz demək şərtdir. Sonradan söhbətin ortasında sürəti bir qədər artırmaq olar və bu danışıq üçün verilən vaxta bağlıdır. Hər halda xətib öncədən bunları hesablamalı və ona görə davranmalıdır.

7- Müqəddimədə xətib özünü nə tərifləməməli, nə də özünü aciz göstərməməlidir - Dinləyicilər üçün əslində mövzu meyar olmalıdır. Düzdür xətib də dediklərinə layiqli olmalıdır. Hətta belə olduğu halda xətib yenə də özünü tərifləyə bilməz. Yaxud da özündən misal göstərə bilməz. Dinləyicilər xətibin sözlərlə nə vəsf olunmasını və nə də öz dilindən, jestlərindən aciz nümayiş olunmasını qəbul etmirlər.  

Unutmayın ki, çıxışın müvəffəqiyyətlə başa çatması üçün müqəddimə əsasdır...

 

2 - Mövzunun əsli - Bir çox çıxışların zəif olması ya onunu möhtəvasının azlığından, ya da nəzmsizliyindən irəli gəlir. Natiqin çıxışı qanedici, maraqlı yeni mətləblərdən ibarət olmalı və çıxış zamanı ardıcıllıq gözlənilməlidir. Çıxışın yaxşı başlanğıcı və münasib sonluğu olmalıdır. Natiqin çıxışında mühüm və çox əhəmiyyətli nöqtələr olmalı və onlar xüsusi qeyd edilməlidir, təkrarçılığa yol verilməməli və sinonim sözlərdən istifadə olunmalıdır.

3 - Hekayə və zərb məsəllərdən istifadə etmək

Çıxış zamanı qısa hekayələr və zərb məsələlərdən istifadə etməyin bir sıra faydaları var ki, onlar aşağıdakından ibarətdir:

1- Mətləbi anlamaqda kömək edir.

2- Dinləyicini yorulumağa qoymur.

3- Sözlər və mövzu dinləyicinin zehnində həkk olur.

4- Çıxış xətib üçün asanlaşır.

5- Hekayə və dastanlardan nümunə göstərmək qəlblərə daha çox təsir edir.

Çıxış zamanı hekayələrdən istifadə edərkən bəzi nöqtələrə diqqət etmək lazımdır:

  • Hekayə əsl mətləbə çevrilməməlidir.
  • Dastan aydın və cəzbedici olmalıdır.
  • Müxtəsər olmalıdır və mətləbə aidiyyatı olmayan xırdalıqlardan istifadə edilməməlidir.
  • Düzgün və dəqiq sənədlərə əsaslanmalıdır.
  • Danışılan hekayələrin neqativ təsirləri olmamalıdır.
  • Hekayə elə nəql edilməlidir ki, dinləyicidə onun sonu maraq yaratsın.

4 - Ardıcıllığı və həmahəngliyi düzgün tənzimləmək

Xətib nə qədər çox hekayə bilsə və onlardan düzgün, yerində istifadə etsə, çıxışı bir o qədər təsirli olar. Bunun üçün də insan gərək mütaliə əhlindən olsun. Müəyyən qədər elmə sahib olsun. Danışdığı mövzu haqqında dinləyicilərin mənfi və müsbət münasibətlərinə əsaslı cavab verə bilsin. Onların zehnlərində yaranan və ehtimal edilən suallar, şübhələrə ümumi şəkildə cavab versin.

Xətib hər bir mövzuya uyğun hekayələr seçməlidir. Bu mövzular aşağıdakılardan ibarət ola bilər:

  • Peyğəmbərlər, imamlar və səhabələr barəsində olan hekayələr
  • Keçmiş qövmlər, qədim dövlətlər və s. haqqında olan dastan və hekayələr
  • Əxlaq ustadları, alim və ariflərin həyatı ilə bağlı olan hekayələr
  • Qədim və müasir hadisələrə aid ibrətamiz hekayələr
  • Əfsanəvi xarakterli, təxəyyülün məhsulu olan qədim rəvayət və dastanlar
  • Çıxış zamanı sözlərin məntiqi ardıcıllığı gözlənilməlidir. Yəni tərtibinə görə yaxşı çıxış: 1,2,3,4,5; pis çıxış: 2,1,5,7,3; daha pis çıxış: 2,1,3,21,61

Çıxış sanki bir tikinti işinə bənzəyi ki, həm yaxşı plana, həm də yaxşı materiala ehtiyacı var. Onun bənnası xətib, tikinti vəsaitləri isə ifadələrdir. Yaxud da hər hansı bir mərasim təşkil olunarkən ilk öncə plan hazılanıb həmin plana uyğun olaraq nəzmlə, mərhələ-mərhələ onun icrası həyata keçirilirsə, çıxışda da ilk öncə plan və həmin plana uyğun çıxış olarsa, onun hədəfi təmin olar.

Çıxış üçün ilk öncə mövzu müəyyən olunur və sonra mövzunun xırdalıqları üzərində düşünülür. Bu xırdalıqlar üçün lazimi materiallar (kitab və digər mənbələr) toplanılır. Və ən sonda əsas mətləb tənzimlənir. Əgər müəyyən mövzu barəsində nə demək lazım olduğunu bilmiriksə, məsləhət, məşvərət yolundan da istifadə etmək olar. Çünki fikir mübadiləsi apararkən həm məsləhətçinin fikirlərindən faydalana bilirik, həm də beynimizdə həmin fikirlər üçün zəmin yaranır.

5 - Nəticə

Əgər dinləyicilər hiss etsələr ki, xətib onlara hər hansı bir mətləbi qəsdən çatdırmaq istəyir, bu onlara təsir etməyəcək. Xətib öz sözlərini elə ifadə etməli və məsələni onlara qeyri-müstəqim yolla elə çatdırmalıdır ki, dinləyici çıxışdan özü nəticə çıxara bilsin. Bəzən isə xətibin dediklərini yığıb özünün nəticələndirməsi də lazım gəlir:

Sözü bitirmək barədə dünya şöhrətli natiq Deyl Karneqinin məsləhətləri:

  • Çıxışın xülasəsini bir daha söyləmək və qısaca xatırlatmaq. Bu onların hafizəsində yaxşı qalacaq. Məclisdən ayrılsalar da həmin mövzunu unutmayacaqlar.
  • Dinləyiciləri hansısa bir işə dəvət etmək, çağırmaq. Yəni, çıxışının əsas məğzi budur.
  • Dinləyiciləri tərifləmək. İnsanlar bir saatlıq da olsa işlərindən uzaqlaşıb söhbət dinləməyə gəliblər və təbii ki, onlar dəyərli vaxtlarının səmərəsini görməlidirlər. Söhbətin sonunda xətib dinləyicilərini dəyərləndirməli və onlara təşəkkür etməlidir.
  • Məzəli bir əhvalatla sözü bitirmək. Bəzən söhbətin sonunda dinləyicilər yorulub süst olmasın deyə hər hansı bir lətifə danışmaq yaxşıdır. Amma mənasız sözlərə yer vermək olmaz.
  • Hansısa ibrətamiz və müqəddəs kitabdan bir cümləylə fikri tamamalamaq olar.
  • Çıxışı kulminasiya nöqtəsinə çatdırıb təsiredici fikirləri orada söyləmək. Bu anda dinləyiciləri bir qədər şövqə gətirmək lazımdır. Hər hansı bir mühüm fikri bir cümlə ilə və şüar formasında deyib söhbəti bitirmək də təsirlidir.

                                                                                                            Özünə inam

Çıxışın müvəffəqiyyətinin səbəblərindən biri də özünə inamdır. Özünə inam xətibə həm öz istedadını tanımaqda, həm də onlardan düzgün istifadə etməkdə kömək edir.

Çıxış zamanı özünə inam hissini yaratmaq üçün aşağıdakı nöqtələrə diqqət olunmalıdır:

1- Gərək dinləyiciləri elə təsəvvür edəsən ki, sanki onların danışılan mövzu barədə qətiyyən xəbərləri yoxdur və hər şeyi xətibin dilindən eşitmək üçün gəliblər.

2- Mövzu barəsində kifayət qədər materiala sahib olmaq xətibə qüvvət verən amillərdəndir.

3- Güzgü qarşısında çıxış etmək, çoxlu məşq etmək və ya çıxışı hazırlamaq özünə inam əldə etmək üçün təsirlidir.

4- Özümüzə təlqin edək ki, bizim çıxış etmək qabiliyyətimiz var və bunun üçün qarşıya çıxa bilən bütün problem və çətinlikləri kiçik görək.

5- Özümüzə qəbul etdirək ki, ən tanınmış natiqlər belə başlanğıcda təcrübəsiz idilər və öz məharətlərini çalışmaqla güclü səy nəticəsində əldə etmişlər.

6- Çıxış edilən iclası müharibə meydanı təsəvvür edək və düşünək ki, nə qədər güclü ruhiyyəmiz olarsa, bir o qədər bu meydandan müvəffəq çıxa bilərik.

 

"Özünə inan və çalış",  İlahiyyatçı: Sara Zahidqızı

                                                                                        MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR


 201, 

Dostların veb səhifələri

6910954
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4934
4705
23645
6736081
132325
187787
6910954

sizin IP ünvanınız: 3.238.4.24
2020-10-21 22:04

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!