Özünə İnan və Çalış

Əhli-Beyt (ə) sevgisi ilə niyyəti xalis etmə

                                                                                                     Əhli-Beyt (ə) sevgisi ilə niyyəti xalis etmə

Əhli-Beyt çeşməsinin inciləri olan məsum imamlarımız (ə) eşq məktəbidir. Peyğəmbərin (s) bu pak ailəsinin (ə) eşqi qəflət qəlbləri riqqətə gətirən bir eşqdir. Onlarla birlikdə olan və onlara vəfalı, sadiq qalan hər kəs Peyğəmbərin dostlarındandır. Əhli-Beytə məhəbbət niyyəti paklayır və insanın aqibətinin gözəl olmasını təmin edir. Məsum imamlarımız həqiqi din üçün canla-başla çalışıblar. İmam Hüseyn (ə) ilahi dini, İslam maarifini yaşatmaq uğrunda bütün sevgisini, gücünü ortaya qoydu. Tarixə nəzər saldıqda görürük ki, Allahın dinini yaymaq yolunda həmişə maneələr olub. Əhli-Beyt məktəbi həmişə çətinliklərə məruz qalıb və bu gün də qalmaqdadır. Ümumiyyətlə peyğəmbərlər və məsum imamlar ömrü boyu bəla və sınaqlarla qarşılaşmışlar. Hər kəs onlara nə qədər yaxın olsa , onları sevsə, bir o qədər bəla və müsibətlərlə sınağa çəkiləcək. İnsan Peyğəmbər (s) və imamlardan (ə) bu dünyada nə qədər uzaq düşsə, bəla və imtahanlardan uzaq düşəcək. Bu mənada ki, zəif ruhiyəsi bəlalara dözməyib onu bu pak insanların yolundan uzaqlaşdıracaq. İnsanın imanı bəla və sınaqlar zamanı aydınlaşır. Çünki insan nə qədər bəla və imtahanlarla qarşılaşsa, imanı bir o qədər də möhkəmlənəcək.

Həzrət Əli (ə) buyurur: “Sərvət və rahatlığa görə fərəhlənmə, kasıblıq və bəlalara görə qəmlənmə. Çünki qızıl atəşlə, mömin isə bəla ilə imtahan olunar”.

Allaha həqiqi iman gətirmə bu yolla sübut olunar. Rahatlıq və asayişdə mömin olmaq çox asandır. Amma çətinliyə düşdükdə büdrəmək, süst olmaq imanın zəifliyinin əlamətidir. Əgər bəndə Allahı sevirsə, sevdiyi qədər bəla və imtahanlara mübtəla olar. İmam Baqir (ə) buyurur: یُبتَلَی المَرءُ عَلَی قَدرِ حُبِّهِ “Hər insan sevdiyi qədər bəlaya düçar olar”.

Yəni, hər bir insanı sevgisi qədər imtahana çəkərlər. Çünki sevgisini sübut etmək üçün bu imtahanlardan çıxmalıdır. Hədislərdə deyilir ki, məhəbbət oddur, hər kimin qəlbinə düşsə yandırıb yaxar. Bir nəfər imam Baqirin (ə) hüzuruna gəlib dedi: “And olsun Allaha ki, mən sizin Əhli-Beyti sevirəm. İmam dedi: Elə isə bəlanı qarşılamaq libasını əyninə geyin. And olsun Allaha ki, bəla və çətinliklər bizə və bizim ardıcıllarımıza dağlardan axan seldən daha sürətlə çatır. Bəla bizdən başlayıb sonra sizə gəlir. Rifah və asayiş də bizdən başlayıb sonra sizə gəlir”.

Elə insanların şahidi oluruq ki, kiçik bir məbləğ qarşısında imandan çıxır. Elə insanlar var ki, Allah yolunda bircə söz eşitməyə dözə bilmir. İstəyir ki, heç kəs ona söz deməsin və Allah yolunda çətinliyə düşməsin. Belə iman saxlamağa nə var ki? İmanlı insan imtahan və sınaqlardan çıxdıqdan sonra mömin olduğunu sübut edir.

İmanın, sevgi və məhəbbətin elə yüksək mərhələləri vardır ki, bizim tutumumuza uyğun deyil. Elə mərhələlər vardır ki, çox nadir insanlar o mərhələni fəth etmiş olar. Həzrət Əli (ə) buyurur: “Əgər dağ mənə “səni sevirəm” desə, yerindən oynayar və toza dönər”.

Bu dünyada bəla əhli olanlar, cəfakeş möminlər Qiyamət günü sorğu-sualsız Cənnətə daxil olacaqlar. Çünki onlar dünyanın firavanlığına uymayıblar və qane olublar. Allaha olan məhəbbətlərini çoxaldıb və Ona görə rəftar ediblər. İmtahanlarda da səbr ediblər. Heç şübhəsiz belə insanları gözəl aqibət gözləyir. Dünyada sərvət içində, saraylarda yaşayıb, amma Allahı unudanların aqibəti yaxşı olmaz. Çünki dörd əllə yapışdıqları mal-dövlətin bir gün hesabını verəcəyini unudublar. Unudublar ki, oturduqları cəh-cəlallı sarayları, vəzifələri bir gün tərk edəcəklər. Necə ki, onlardan əvvəl başqaları həmin imkanlara sahib idilər və bir gün köçdülər. Bunu görmürlərmi?

Günlərin birində Harun ər-Rəşid öz sarayında əyləşib yeməyə hazırlaşırdı. Bu zaman Bəhlul onun yanına girmək istədi. Lakin, qapıçı onun qarşısını kəsib soruşur ki, hara belə?

Bəhlul deyir: Mehmanxanaya

Qapıçı qəzəblənir və deyir: Səhf gəlmisən, bura mehmanxana deyil

Bəhlul deyir: Bəs bura haradır?

Qapıçı deyir: Bura Harunun sarayıdır.

Bəhlul özünün bilməməzliyə vurub təəccüblə deyir; Harun buradamı yaşayır?

Qapıçı deyir: Bəli

Bəhlul deyir: Harundan qabaq burada kim yaşayıb?

Qapıçı deyir: Filankəs

Bəhlul yenə deyir: Bəs o filankəsdən qabaq bu sarayda kim yaşayıb?

Qapıçı yenə deyir: Filankəs

Bu minvanla Bəhlul bir neçə nəfəri soruşur və qapıçı da bir-bir kimlərin bu saraydan gəlib getmələrini deyir. Nəhayət sonda Bəhlul deyir: Elə isə mən düz gəlmişəm. Bir yerə ki, o gəlib bu gedib , elə mehmanxanadır.

Həqiqətdə də belədir, o məqamlar ki, sahib olublar, əl çəkə bilmirlər düşünməlidirlər ki, bir gün başqaları onları əvəz edəcək. Məsum imamlar bütün həyatlarını ilahi işlərə sərf ediblər, daim xalqın köməyinə yetişiblər. Bəyəm onların məqamı kiçik idi? Məlum məsələ dünyada nə qədər böyük dahi şəxslər gəlib-gediblər, hansı biri onların məqamında olub? Hansı biri onlar qədər əziz yad olunub? Hansı məktəb İslam məktəbi qədər davamlı olub? Görürük ki, digər elm ocaqlarına çoxlu məsrəflər çəkilir, şərait yaradılır, məllimlər üçün gərəkli nə varsa ixtiyarlarında qoyulur. Asanlıqla, rahat şəraitdə işlərini görürlər. Bu çox gözəl işdir. Maariflənmə cəmiyyət üçün mühümdür. Amma diqqət edin, hansı İslam təlimləri keçirilən elm ocaqlarına bu qədər məsrəf çəkilir, kömək olunur? Şərait ki, bu barədə heç söz açmağa ehtiyyac yoxdur. Amma İslam məktəbləri artır, gündən-günə davamiyyət tapır. Bütün bunları cəmiyyətin fərdləri yaşadır. Qəlbində dini maarifə məhəbbəti olan kəslər bu işdə bir-birindən irəli tələsməlidir. Bütün bunları qoruyan bizlər olmalıyıq. Hər birimiz bu işdə bir olmalıyıq. Nə qədər çətinliklər olsa da görürük ki, yenə də İslam maarifi yaşayır, davam edir. Nədir bunun sirri? Elə həmin məhəbbətdir. Məhəbbətlə, sevgiylə görülən işin faydası da olar. Məhəbbətlə görülən işdə Allahın lütfü, rəhməti var.

Bütün bu çalışmalar Peyğəmbər (s) və onun pak Əhli-Beytinə (ə), İslam məktəbinə olan sevginin sayəsindədir. Əldə edilən müvəffəqiyyətlərin səbəbi onlara olan xalis məhəbbətdir. İnsan sevdiyinin qulu olar. Necə ki, insan birinə aşiq olanda həmin adamın sözü onun üçün hər şeydən üstün olur. O nə desə canla-başla yerinə yetirir və həm də daim çalışır özünü onun gözündə uca etsin, özünü ona yaxşı göstərməkdən ötrü onun nədən xoşu gəlir çalışır onu edə. Bir sözlə özünü sevdirmək üçün zəhmətə, əziyyətə qatlaşır və onun üçün əziyyət də şirin olur. Niyə? Çünki sevdiyinin uğrunda əziyyətə qatlaşıb və bilir ki, sonda öz sevdiyinə qovuşmaq var. Artıq gözü heç nəyi görmür. Budur eşq, budur sevgi. Məhəbbət fədakarlıq istər. Məhəbbət sədaqət, vəfadarlıq, uğrunda nələrdənsə keçmək tələb edir. Əgər biz Əhli-Beytin yolunu getmək istəyiriksə, öncə sevgimizi bu cür göstərməliyik. Əhli-Beyt məktəbinin sahibi İmam Zaman (ə. f.) ağamıza işlərimizi layiqincə təqdim etməliyik. Gözləməyək ki, kənardan kimsə bizə kömək edəcək, elə özümüzdən başlayaq. Çünki, Əhli-Beyt məktəbi həmişə çətinliklərlə bərabər olub. Əlimizdə olanların qədrini bilək. İslam maarifi yolunda məhəbbətlə, həvəslə çalışaq. Çünki ilahi elm bizdən bunu tələb edir. Əgər məhəbbət, niyyət pak olmasa işimizin faydası olmaz. Çünki Allah yolunda məhəbbətlə görülən iş üçün insanlar da bizi qiymətləndirməsə, bilirik ki, ən gözəl qiyməti bir gün Allah verəcək. Rəvayətlərdə deyilir ki, əgər hər kəs İslam maarifinin yayılması üçün əlindən gələn köməkliyi göstərsə Qiyamət günü Peyğəmbərin (s) dəstəsində olar. Dini maarifi yaşatmaq və gözəl şəkildə təqdim etmək Peyğəmbərlərin işidir və hər kəs bu işi layiqincə edə bilsə axirətdə onlarla bir yerdə olar. Allaha mərifəti olan, Peyğəmbər (s) və Əhli-Beytin (ə) eşqi ilə yaşayan insanın bu yolda qarşısına çıxan çətinlikləri böyük görməz və heç bir şey onun güclü ruhiyyəsini sarsılda bilməz. Allah Təala bizləri Peyğəmbər (s) və onun pak Əhli-Beytini (ə) həqiqi sevənlərdən qərar versin.

İlahiyyatçı: Sara Zahidqızı

                                                                                                   MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR


 3013, 

Dostların veb səhifələri

15250771
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3583
7118
34795
15061657
65325
172336
15250771

sizin IP ünvanınız: 3.236.112.101
2024-10-11 18:55

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!