Print this page

Daimi düşmən

Şeytana hücum etməkdən qorxmayın

 
(0 votes)

                                                                                Şeytana hücum etməkdən qorxmayın

İnsanı dunyada daima Allahdan uzaqlaşdırmağa çalışan Şeytanın özünə məxsus hücum növləri və silahları var. O, heç də gözümüzlə görünən düşmənə bənzəmir. Biz onu tanımasaq da o bizi çox gözəl tanıyır və hansı nöqtədən bizi məğlub edəcəyi barədə öncədən tədbir tökür. Heç şübhəsiz, bizim onu və onun hiylələrini tanımağımız üçün Qurandan başqa yolumuz yoxdur. Çünki, hər nə qədər Allaha bağlılığımız möhkəm olsa, dünyada bizim üçün dəyərli sayılan amillərlə sınaqdan keçməyincə imanımızı sübut edə bilmərik. Necə ki, həzrət İbrahim və digər peyğəmbərlər öz həyatlarında bu cür sınaqlardan üzüağ çıxmışlar.

Həzrəti İbrahim (ə) elə ki, oğlunu qurbangaha gətirib boynunu yerə uzatdı, nida gəldi: « ─ Onun boynunu kəsmə! Bizim məqsədimiz İsmailin (ə) qanını tökmək deyil, sənin azad olmağın üçündür. Bizim istəyimiz budur ki, sən azad olasan və qəlbində Allahdan qeyrisinə yer verməyəsən».

Mümkündür, həyatda baş verən bir çox narahatçılıqların səbəbi dünyaya bağllılığımızdan irəli gəlsin və yaşadığımız həyatda dünyanın bər-bəzəyindən, malımızdan, övladımızdan və məqamımızdan keçməyi bacarmaq bizə çox çətin gəlir. Lakin, həzrəti İbrahim (ə) Allah yolunda bu imtahandan başı uca çıxdı. Orada icra olunan əməllərin hikməti və bizim üçün faydası var, əlbətdə dərk edə bilsək...

Övladdan, candan və maldan ürək qırmaq olduqca çətindir, bu iş fədakarlıq istər və əməllərin ən ali mərhələsidir. Adətən Məkkədə bir neçə gün qalmaqla tez bir zamanda mərifət və ilahi şüar sinifinin məzunu oluruq. Amma fədakarlıq və ixlas məktəbini bitirmək üçün uzun müddət dayanmağa ehtiyac var və bu yolda malımızdan, dünya ləzzətlərindən və həyat yoldaşımızdan ürəyimizi qırmayınca hədəfə çata bilmərik. Bütün bunlardan ayrılmağımız bizim mənəvi məqama çatmağımız üçün bir şifrədir.

Əgər həzrəti Yusif (ə) şəhvət səhnəsinə ürək bağlasaydı, o, yüksək məqama çata bilməzdi və əgər Rəsulallah (s) gecələri oyaq qalmasaydı, «Məhmud» məqamına çata bilməzdi.  

Əgər həzrəti İbrahim (ə) həyat yoldaşına və ovladına ürək bağlasaydı həccin banisi olmazdı.

Əgər Hacər Səfa və Mərva dağlarının arasında, pərişan və həyəcanlı halda yeddi dəfə səy etməsəydi, İsmailin (ə) mübarək barmaqlarının altından zəm-zəm suyu qaynayıb coşmazdı.

Bəli, yağış yağmasa çəmənlik olmaz.

Allah-təala buyurur:   «فَاذْكُرُونِي أَذْكُرْكُمْ»

«Siz Məni yad edin ki, Mən də sizi yad edim».

İbrahim (ə) və İsmail (ə) müvəqqəti dünyada özlərini Allahın rizayətinə təslim etdilər və Allah da tarix boyu onların adının əzəmətini qorudu və qorumaqdadır.

Şeytanın yerinə daş atmaqda bir çox gizli mənalar var. Əgər hər bir kəs həzrəti İbrahimin (ə) zamanındakı şeytana daş atırsa, mütləq öz zəmanəsinin də şeytanlarına daş atmalıdır. Təbii ki, daş atan şəxs əvvəlcədən o daşı yığıb hazır saxlayır və bu məna ona dəlalət edir ki, öz bərabərində olan şeytana hücum etmək üçün hazırlaşır. Həmçinin, bu işdə bizdə yəqinlik hasil olmalıdır və şəkkə yol verməməliyik. Daş toplayıb hücuma hazırlaşarkən bu fikirdən yayınmamalıyıq, çünki, şəkk və güman, bunların hər ikisində heç bir fayda yoxdur. Nə qədər ki, şeytanı daşla vurmağımızda yəqinliyimiz yoxdur, hücumdan və onunla mübarizəni davam etdirməkdən əl götürməməliyik.

Elə bu səbəbdən, gərək daş təkrarən, ardıcıl (yeddi dəfə) atılsın ki, hədəfə dəysin. Yəni, şeytanla mübarizədə bir hücum kifayət etməz, çünki o, «Xannəsdir» (gizlində və təkrar-təkrar vəsvəsə edir). Şeytan həmişə fəqli simalarla, müxtəlif zamanlarda, yavaş-yavaş, ahəstə addımlarla və ardıcıl surətdə insana tərəf öz yürüşünü davam etdirir, hətta, müvəffəq olmayınca rahat durmur. O, vəsvəsəsini o qədər təkrar edir, sonunda insana qalib gəlir. Belə bir şeytanı bir daş atmaqla məhv etmək olmaz və gərək sən də öz hücumlarını ardıcıl şəkildə ona tərəf yönəldib, onu məğlub edənə qədər bu işdən əl götürməyəsən.

Mütləq şeytana daş atmalısan, ayaqqabı və ya papaq atmağın faydası yoxdur, daş elə bir vasitədir ki, hər yerdə var və şeytan sənin atacağın daşdan qorxub qaçır. Sən elə güman etmə ki, İblislə mübarizə aparmaq mümkün deyil və yaxud da onu daha güclü düşmən hesab edib geri çəkilmə, şeytanı hürkütməyin əsas bir şərti var və o şərt sənin həmişə ona hücum etmək ruhiyəsində olmağındır.

Qurani-kərim buyurur:

«الَّذِينَ آمَنُوا يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ كَفَرُوا يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ فَقَاتِلُوا أَوْلِيَاءَ الشَّيْطَانِ إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا « Nisa-76

«İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə də siz, Şeytanın köməkçiləri və dostlarına qarşı vuruşun. Şübhəsiz, Şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir».

Bəli, şeytan tez hürküb qaçır, bir şərtlə ki, gərək sən onun vəsvəsələrini yaxşı tanıyasan və müstəqil şəkildə onun ordusuna qalib gələ biləsən. Daş atan zaman «Allahu Əkbər» demək müstəhəbdir. Yəni, şeytanı məğlub edib müvəffəqiyyət əldə etmək üçün Allahdan kömək istəyirsən.

Maraqlı budur ki, bəzən daş atan zaman şeytan özü insanın qarşısında hazır olur və burada da insanı vəsvəsə etməyə başlayıb deyir:

Bu daşı atmağın nə faydası var?

Bunun cavabında biz gərək deyək: Faydası budur ki, bu əməl bir dərs və ilahi fərmandır. Allaha itaət edib Ona təslim olmağımız şeytanların təhqir olunma rəmzidir.

Sənin şeytana atacağın daş hər yerdə istifadə olunan silahlardan fərqlənməlidir. Çünki onun hiylələri insanlara nisbətdə hər gün yeni və fərqlidir. Elə isə sən də yeni silahla və fərqli döyüş üsulu ilə onun sorağına getməlisən.

Məkkə və Minada şeytanın İbrahimə (ə) yaxınlaşmasında çox mənalar var və bu hadisə şeytanın hər yerdə mövcud olduğunu bizə xəbər verir. Bəli, şeytan hər yerdədir və bizdən heç vaxt əl çəkmir, hətta, insan daş toplayan anda da şeytan ona yaxınlaşır. Buradan məlum olur ki, o məlun tez-tez insanın sorağına gəlir.

Bu üç məkanda İblis həzrəti Adəmə (ə) də sui-qəsd hazırlamışdı. Bu məkan xüsusi bir məkandır, burada möminlər əllərinə daş götürərək hərəkət edirlər və kimsənin kimsədən xəbəri yoxdur. Bu məkanda əgər insanın əvvəlcədən hazırlığı olmasa şeytanın müqabilində və şeytanların məkanında daş toplaya bilməyəcək. Həmçinin, daşqalaq etmək bizə bu mətləbi çatdırır ki, müqəddəs insanların yanında yaşamaq və müqəddəs yerlərdə yaşayanların dəyəri həmin məkanda yaşamaqları ilə ölçülmür.

Məkkənin yaxınlığında da daşqalaq olunan sütunlara rast gəlirik. Kiçik daşları atmaq bizə, bir gün əvvəlki gecədə, çətinliklə və barmaqlarımızla yerdən taparaq özümüzlə gətirdiyimizi İslamın və insanların müdafiəsi üçün atmağı öyrədir.

Bu əməl bizə Ərəfat və Məşərdən qayıdandan sonra da onun mahiyyətini dərk etməyi anladır və gərək biz öz düşmənimizi tanıyıb ona hücum edək.

Möminlərin hücumuna məruz qalmış, daşqalaq olunan sütun bizə onu oyrədir ki, şeytan və şeytan sifətli insanlar da elə bu sütun kimidirlər. Daşqalaq edən zaman tövsiyyə olunub ki, baş barmaqla (şəhadət barmağı) daşı götürüb həmin barmağın kənarları ilə atmaq lazımdır.

Adətən o izdihamlı yerdə bu işi görmək çox çətin olur, lakin bu bir qayda olaraq müstəhəb əməl kimi tanınmış bu əməl bizə, düşmənin nə qədər zəif olduğunu çatdırır. Hətta, bir barmağın təsiri də onun uzaqlaşmağı üçün kifayətdir.

İstifadə olunan ədəbiyyat:

Əl-cəvahir, cild-19, səh-108

Qurai-Kərim

Möhsün Qiraəti "Həcc əməllərinin hikməti"

İlahiyyatçı: Sara Zahidqızı

 

                                                                                      Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə Aiddir



 620,