Print this page

Daimi düşmən

Küfrün kökləri (həsəd, həris, təkəbbür)

 
(1 Vote)

Küfrün kökləri

(həsəd, həris, təkəbbür)

 

 

Əvvəlcə onu demək istərdik ki, bir kəs özünü islah etmək istəyirsə, ilk öncə pis və səhv olan işlərdən uzaqlaşmalıdır. Daxili və zahiri aləmini təmiz saxlamaq və ya təmizləmək istəyən şəxs çirkinliklərdən uzaqlaşmalı və yaxud çirkinliyi özündən uzaqlaşdırmalıdır. Bu mövzu küfrlə bağlı olduğu üçün və küfr də bütün çirkinliklərin təməli, başlanğıcı olduğu üçün gərək bilək ki, küfrün kökü nədir?

 

وَدَّ كَثِيرٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ إِيمَانِكُمْ كُفَّارًا حَسَدًا مِنْ عِنْدِ أَنْفُسِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ فَاعْفُوا وَاصْفَحُوا حَتَّى يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

 (Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!  (Bəqara surəsi, ayə-109)

      Həsəd küfrün köklərindən biri sayılır.          

Təsadüfü deyil ki, kainatda yaranan ilk günah həsəd olmuşdur. Belə ki, İblis Adəmə həsəd apardığı üçün əbədi lənətə  düçar olaraq Allah dərgahından qovuldu. Yer üzündə baş verən ilk cinayətin özü də elə həsəddən törənmişdir. Adəmin övladı Qabil öz qardaşı Habilə həsəd apararaq onu qətlə yetirməklə cinayətin təməlini qoydu. Buna görə də Cəhənnəm əzabının yarısı ona nəsibdir. Həsəd aparan kəs bilməlidir ki, Haqq-Təalaya başqalarına nemət verdiyi üçün etiraz edir. Elə bu səbəbdən qədim nəzəriyyəçilər deyirlər: “Allah-Təalanın qismət və nəsib etməsində səhv etmədiyini bilən insan həsəddən uzaqdır."

            İmam Sadiq (ə) buyurub: “Şeytan öz ordusuna deyir: Adəm övladlarının arasında həsəd toxumunu səpin və zülmü yayın, çünki bu ikisi Allah yanında şirkə bərabərdir”. (Üsuli-kafi, c.4, səh.19)

            İmam Sadiq (ə) başqa bir hədisində buyurub: “Küfrün kökləri üç hissədən ibarətdir: “Hərislik, təkəbbür və həsəd."

Həris – Adəmin (ə) zamanında baş verən hadisə idi.  Belə ki, o həzrətə ağacın meyvəsini yemək qadağan olunmuşdur, amma hərisliyi onu bu işə  şövqləndirdi.

Təkəbbür – bu şeytanın xüsusiyyəti olub. Belə ki, Adəmə səcdə etməyə əmr olunduğu vaxt şeytan təkəbbürlüyü üzündən ona itaət etməkdən boyun qaçırdı.

Həsəd – Adəmin (ə) iki oğlunun arasında baş verdi. (Habil və Qabil)  Belə ki, həsəd üzündən biri digərini öldürdü”. (Üsuli-Kafi c.3, səh.396)

 

وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ قَالَ أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا

 Yenə yadına sal ki, bir zaman mələklərə: "Adəmə səcdə edin!" - deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis: ) "Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!" - demişdi. (İsra surəsi, ayə - 61)

Buna uyğun olaraq İmam Səccad (ə) buyurur: “Allaha itaətsizliyin birincisi təkəbbürdür. O, şeytanın itaətsizliyi idi ki, (Adəmə səcdədən) boyun qaçırdı və kafirlərdən oldu.  Digəri hərisdir ki, Adəmlə (ə) Həvvanın itaətsizliyi idi. Bir zaman Allahın əmrindən boyun qaçırdaraq o ağaca yaxınlaşdılar, bir halda ki, (bütün bol nemətlər içində) ona ehtiyacları yox idi və bu xislət (xüsusiyyət) qiyamətədək onların övladlarını pozdu. Bu səbəbdən Adəm övladı (insan) ehtiyacı olduğundan çox istəyir. Digəri həsəddir ki, Adəmin (ə) oğlu (Qabilin) itaətsizliyi idi. Qardaşına həsəd aparmasına görə onu öldürdü”. (Üsuli-Kafi c.3, səh.197)

 

Şeytandan daha pis nədir?

Sözgəzdirmək, hiyləgərlik

 

وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَهِينٍ 

هَمَّازٍ مَشَّاءٍ بِنَمِيمٍ

مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ

 

(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa;

Qeybət edənə, söz gəzdirənə;

Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana; (Qaləm surəsi, ayə 10-12)

 

Qazı Qəzzayi “Şərhi-şəhabul-əxbar” kitabında nəql edərək buyurur: “Sözgəzdirən (böhtançı, xəbərçi) Allahın yer üzündə xəlq olunmuşlarının ən pisidir. Çünki onun yaratdığı qarışıqlığı və (öz əməliylə) insanlar arasında təşviq etdiyi fitnəni heç məlun şeytan da bacarmır. Çünki şeytanın fitnəsi yalnız vəsvəsə etməkdir”. (Şərhi-şəhabul-əxbar s.173)

        Xanım Fatimeyi-Zəhra (s.ə) Meraciyyə hədisində Rəsuli-Əkrəmdən (s) nəql edərək buyurur: “Həzrət buyurdu: Merac gecəsində ümmətimin qadınlarından bir hissəsini gördüm  ki, ağır əzaba tutulmuşdular. Aralarında başı donuz kimi, bədəni ulaq bədəni kimi İlahi əzaba duçar olan bir qadın gördüm,  o dünyada sözgəzdirən bir qadın imiş”. (“Uyunul-əxbarur-rıza” c.2 səh.10 fəsil 30, “Bəhhar” c.8 səh.309)

     Rəsulu-Əkrəm (s) başqa bir yerdə buyurur: “Mənim ümmətimdən bir qismi Qiyamət günündə on müxtəlif dəstə ilə məhşur olacaqlar. Onlardan olan bir dəstə meymun simasında gələcəkdir. Meymun sifətilə məşhur olan şəxslər sözgəzdirənlərdir”. ( “Məcməul-bəyan təfsiri” c.10, səh.242 “Nəbə surəsi”-12, “Bəhhar” c.7, səh.89)

Sözgəzdirmək və xəbərçilik hiyləni yaradan səbəblərdəndir. Həmçinin camaat arasında qarışıqlıq, fitnə, təfriqə və ayrılıq salan güclü vasitədir. Xalq arasında fitnə törədən şəxslər  insanlar arasında öz şeytani sifətlərini aşkar edənlərdir.  

 Əli (ə) iki cümlə ilə buyurur: “Hiylə işlədən şeytandır”. (“Ğururul-əhkam” c.1, səh.54 və 381)

“ Hiyləgər şəxs – insan  surətində bir şeytandır”. (“Ğururul-əhkam” c.1, səh.54 və 381)

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 

 


 3914,