Muhəmməd Yəqub əl-Kuleyni
Muhəmməd Yəqub əl-Kuleyni – ləqəbi siqatul-islam, künyəsi isə Əbu Cəfərdir. O, hədis sahəsində ən etibarlı və ən dəqiq şəxslərdəndir. İbn Əsir Peyğəmbərdən (s) nəql olunan “Allah hər əsrin əvvəlində bir şəxsi seçir ki, onun dinini diriltsin” hədisinə əsasən belə hesab edir ki, dini dirçəldənlər birinci yüzilliyin əvvəlində Muhəmməd Baqir (ə), ikinci yüzilliyin əvvəlində Əli ibn Musa Rza (ə), üçüncü əsrin əvvəlində isə Kuleyni olmuşdur. Yazdığı “əl-Kafi” kitabı “Kutubu ərbəə”dən biri olub iyirmi il ərzində yazılmışdır. Mərhum Kuleyni mübarək ömrünün nə az, nə çox düz iyirmi ilini bu kitabı yazmağa sərf etmişdir.
Nəhayət, məsumlarımızdan nəql olunan on altı min hədisi bir yerə toplayıb öz şah əsərini yaradaraq İslam aləminə təqdim etmişdir. Bu möhtəşəm kitab üç əsas hissədən ibarətdir: iki cildi “Usul”, beş cildi “Furu”, bir cildi isə “Ruze” bölümünə aiddir. Kafinin “Usul” bölümündə elm, tovhid, ilahi sifətlər, imamət və s. kimi əqidəvi mövzular əks olunmuşdur. Kafinin “Furu” bölümündə isə şəri hökmlərə aid hədislər yer tapmışdır. Nəhayət, “Ruze” bölümündə müxtəlif mövzulu hədislər yer almışdır. “Kafi”də 16199 hədis mövcuddur. 5072 hədis səhih, 144 hədis həsən, 1116 hədis etibarlı, 302 hədis qüvvətli və 9485 hədis zəifdir.
Kuleyni 329 və ya 328-ci ildə Bağdadda vəfat etmiş və Kufə qapısındakı məqbərədə dəfn olunmuşdur.
“Rovzətul-arifin” kitabında qeyd olunmuşdur ki, Bağdad hakimlərindən biri Kuleyninin qəbrini görüb soruşur: “Bu kimin qəbridir?”
Ona deyirlər: “Şiə alimlərindən birinin qəbridir”.
Əmr edir ki, qəbri dağıdıb açsınlar. Qəbir açıldıqda alimin hətta kəfəninin belə çürümədiyini görürlər. Onunla birlikdə kiçik bir uşaq da dəfn olunmuşdu. Hakim alimin yenidən dəfn olunmasını və üzərində qübbə tikilməsini əmr edir.
Bəzi şeyxlər qeyd etmişlər ki, Seyid Nemətullah Cəzairi demişdir: Bu pak qəbrin açılmasının əsas səbəbi belədir. Bağdad hakimlərindən biri insanların imamların (ə) ziyarətinin məftunu olduğunu görüb Əhli-beytə (ə) olan ədavətinə görə, imam Musa ibn Cəfərin (ə) qəbrinin açılmasını əmr edərək deyir: “Əgər şiə haqdırsa, o, indi qəbirdə olmalıdır. Əks təqdirdə onların qəbrini ziyarət etməyi qadağan edəcəyəm”.
Bəziləri hakimə dedilər: “Onların ən məşhur alimlərindən birinin qəbri də buradadır. Onlar alimlərin də qəbirlərinin müqəddəsliyinə və bədənlərinin çürümədiyinə inanırlar. Yaxşı olar ki, adı Muhəmməd ibn Yəqub Kuleyni olan bu alimin qəbrini açasınız”. Qəbri açıb görürlər ki, Kuleyni dəfn olunduğu kimi qalıb və bədəni dəyişikliyə uğramayıb. Hakim əmr edir ki, onun qəbri üzərində əzəmətli qübbə ucaltsınlar. Beləliklə, Kuleyninin qəbri bu hadisədən sonra daha da məşhurlaşır.
Kafi kitabının ən mühüm xüsusiyyətləri:
– Bu kitab Qurani-kərimdən sonra sənət (mənbə) cəhətindən ən mötəbər kitabdır;
– Mərhum Kuleyni on ikinci imamın zamanında yaşamış və bu kitabı da onun kiçik qeybi dövründə yazmışdır;
– Kafi kitabında əllidən çox tərcümə və şərhlər yazılmışdır ki, bunlardan ən mühümü Əllamə Məclisinin iyirmi altı cildlik və Şeyx Molla Saleh Mazəndəraninin on iki cildlik şərhidir;
Əsərlərindən məşhur “əl-Kafi”,
"Rasəilul-əimmə”,
“ər-Rə'd aləl-qaramita”,
“Tə'birur-ruya”,
“ər-Rical”,
“Mə qilə minəş-şiri fil-əimmə”ni qeyd etmək olar.
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir