Gizli Xəzinələr

Şeyx Abbas Qumi

 
(0 votes)

 

 

                                                                                                Şeyx Abbas Qumi

   Şeyx Abbas Qumi və ya Muhəddis Qumi kimi məşhur olan Abbas ibn Muhəmməd Rza Qumi 1294 qəməri ilində (1873 miladi) Qum şəhərində dünyaya göz açmışdır. Atası Muhəmməd Rza, camaatın öz şəri vəzifələrini öyrənmək üçün müraciət etdiyi təqvalı və mötəbər bir şəxs olmuşdur. Anası Banu Zinət xanım da çox dindar və təqvalı bir qadın idi. Belə ki, Abbas Qumi əldə etdiyi hər bir nailiyyəti məhz anasının bərəkətindən bilir, ona həmişə kamil bir təharətlə süd verməyə çalışmasında görürdü.

   İlk təhsilini Qumda alan Şeyx Abbas 1316-cı h.q. ilində (1895) 22 yaşında Nəcəf şəhərinə gedir. Burada “Urvətul-vusqa” kitabının müəllifi Seyyid Muhəmməd Kazım Təbatəbai Yəzdi, “Əl-mustədrək” kitabının müəllifi Muhəddis Nuri kimi məşhur olan Mirzə Hüseyn Nuri, Mirzə Muhəmməd Təqi Şirazi və sair ustadlardan dərs alır. Nəcəfdə olarkən 1318-ci h.q. ilində (1897) həcc səfərinə gedir. 1322-ci h.q. ilində (1901) Muhəddis Nuri dünyasını dəyişdikdən sonra Abbas Qumi İrana qayıdır. Bu müddət ərzində bir neçə dəfə İraqda yerləşən müq

əddəs məkanlara və yenidən həcc ziyarətinə gedir. O, 1354-cü h.q. (1933) ilinədək Məşhəd şəhərində yaşayır. Burada yaşadığı 22 illik bir zaman ərzində çoxlu əsərlər yazıb öz moizə və xütbələri ilə məşhurlaşır, dillər əzəbəri olur. Xalqı maarifləndirən və ifşaedici xütbələrinə görə Məşhəddə demokrat partiyasının cəzalandırma komitəsi tərəfindən ölüm ilə təhdid olunur. Gohərşad məscidi hadisəsi və camaatın qətliamından sonra 1354 h.q. (1933) ilində Nəcəfə qayıdır və ömrünün sonunadək orada qalır.

   Yüksək əxlaqi keyfiyyətlərə malik kamil insan nümunəsi, fəzilət sahibi həqiqi zahid, böyük alim, “Məfatihul-cinan”, “Səfinətul-bihar”, “Muntəhəl-amal” kimi əsərlərin müəllifi Şeyx Abbas Qumi 22 zilhiccə 1359 h.q. (1938) ilində 65 yaşında Nəcəfdə dünyasını dəyişir. Məzarı İmam Əlinin (əleyhissəlam) hərəmində, ustadı Məhəddis Nurinin məzarının yanındadır.

Əxlaqi xüsusiyyətləri

   Şeyx böyük bir alim kimi elmi baxımdan nə qədər uca məqamlara nail olmuşdusa, bir o qədər də gözəl əxlaqın zirvələrini fəth etmiş, ruhunu fəzilətlərlə bəzəyib kamilləşdirə bilmişdi. Hədsiz dərəcədə təvazökar olub şöhrətdən uzaq zahidanə bir yaşayışa sahib idi. Şəraitin olmaması və imkansızlığa baxmayaraq heç bir şey onu kitab yazmaq və təhqiq işindan saxlamırdı.

   Məşhəddə sakin olduğu illərdə çalışrdı ki, Qumdan gələn tələbə və ruhanilərlə görüşüb imkan daxilində onları bir dəfə də olsa evində qonaq etsin və ya müəyyən miqdarda pul hədiyyəsi ilə İmam Rzanın (əleyhissəlam) zəvvarlarına öz ehtiramını göstərərdi. Ona əl açan heç bir kəsi qapısından əliboş qaytarmazdı. İmkanı olmadığından hamıya maliyyə yardımı göstərə bilmədiyi üçün bəzən ucuz qiymətə meyvə alar, ona müraciət edən ehtiyaclılara bu meyvələrdən verərdi ki, qapısından heç kimi əliboş qaytarmasın. Seyyidlərə xüsusi hörmət göstərərdi. Hətta onların qarşısında ayağını uzatmaz, bu məsələdə böyük və kiçik arasında fərq qoymazdı. Quran və Əhli-beytdən (əlehimussalam) başqa heç bir şeyə xüsusi bağlılığı yox idi. Hədisləri yazan zaman dəstəmazlı olar, hədis mütaliə etmək istədikdə də diz üstə üzü qibləyə doğru əyləşər və hətta məsumların adını belə dəstəmazsız dilinə gətirməzdi. Onun bariz xüsusiyyətlərindən buna işarə etmək olar ki, Peyğəmbərin (sallallahu əleyhi və əlih) adını yazanda “sallalahu əleyhi və əlih” ifadəsini, məsumlardan birinin adını da yazanda “əleyhissalam” ifadəsini tam şəkildə yazardı. Bu ifadələrin əvəzinə “s” və “ə” qısaltmalarının yazılmasının əleyhinə idi. Belə ki, bu qısaltma ilə möminlər salavatın bilinən və bilinməyən nə qədər fəzilətindən məhrum olublar. (shia-news)

Təvazökarlıq və ixlasın təcəllisi

   Şeyx böyük oğluna belə nəql edərək demişdir: “Axirət mənzilləri” kitabını yazıb çap etdikdən sonra bu kitab hekayə danışan şeyx Əbdurrəzaqın əlinə keçir. Atam ona rəğbət bəsləyir və hər gün onun məclisində iştirak edirdi. Şeyx də məclisə gələnlər üçün “Axirət mənzilləri” kitabını açıb oxuyardı. Bir gün atam evə gəlib dedi: Şeyx Abbas! Kaş bu hekayə danışan kimi olardın və minbərə çıxıb bu gün bizim üçün oxuduğu kitabı oxuya biləydin! Neçə dəfə istədim deyim ki, o kitab məni yazdığım əsərlərdən biridir. Amma hər dəfə çəkinib bir şey demədim. Yalnız bunu ərz etdim ki, dua edin Allah mənə uğur mərhəmət etsin!

1356-cı hicri qəməri ilində bir naşir Şeyxdən xahiş edir ki, o zamanın pulu ilə min tümən müqabilində “Məfatihul-cinan” kitabının çap hüququnu onun elmi müəssisəsinin öhdəsinə qoysun. Alimin cavabı isə belə olur: Mən kitab yazmamışam ki, ondan maddi məqsədlər üçün istifadə edim. Bu kitabın çapı azaddır və kim istəsə çap edə bilər. (shia-news)

Alimin təvəssülü

   Oğlu Hacı Mirzə Əliağa Muhəddis xatirələrində qeyd edir: Atam Nəcəfi-əşrəfdə ibadət və əsər yazmağın çoxluğundan ağır xəstəliyə tutulmuşdu. Həkimlərin müalicəsinin bir təsiri olmurdu. Bir gün nalə edən halda anamdan istəyir ki, qab və bir az da su gətirsin. Su və qabı yanına qoyub onu qaldırmağımızı istədi. Qolunun altından tutub yatağında əyləşdirdik. Buyurdu: Əlli ildir bu barmaqlarla “Qaləllah” “qaləl-Baqir” “qaləs-Sadiq” (“Allah buyurdu”, “İmam Baqir buyurdu”, “İmam Sadiq buyurdu”) yazmışam. Həmin məqamda barmaqlarını qaba tutub üzərinə su tökdü və həmin suyu içdi. Bir neçə saatdan sonra tam şəfa tapdı.

Həmçinin oğlu bir dəfə atasının şiddətli göz ağrısına düçar olduğunu və İraq həkimlərinin ona kömək edə bilmədiyini nəql edir. Atası “Üsuli Kafi” kitabını onun yanına gətirmələrini istəyib deyir: Bu kitab ilahi həqiqətlər mənbəyi olub başdan-başa hikmət, hidayət və nurdur və hər dərdə şəfadır. Onun yazarı mərhum Kuleyni dövrünün ən mötəbər şəxsiyyətlərindəndir. Ola bilməz ki, onun kitabı təsirsiz olsun. Sonra kitabı bir neçə dəfə gözünə sürtdü və bir-iki saat sonra göz ağrısından xilas oldu.

   Hacı Mirzə Əliağa deyir: Atam dünyasını dəyişəndə Nəcəf alimlərinin və əzəmətli isan kütləsinin müşayəti ilə ustadı Hacı Mirzə Hüseyn Nurinin kənarında torpağa tapşırıb evə qayıtdıq. Gecə yarısınadək get-gəl davam etdi. Sonra bir az istirahət üçün yuxuya getdim. Çox keçməmişdi ki, yuxuda atamı qəribə bir rahatlıq içində ziyarət etdim. Ərz etdim ki, atacan halınız necədir? Buyurdu: Bərzəx aləminə daxil olduğum andan indiyədək üç dəfə Həzrət Seyyiduş-şuhədanın qonağı olmuşam! (tebyan)

   Alimin nəvəsi onun haqqında deyir: Şeyx ömrünün son günlərində pəncərəsi Əmirəlmömininin (əleyhissəlam) günbəzinə tərəf açılan otağa gedər İmam Əlini (əleyhissəlam) səsləyərək deyərdi: Ya Əmirəlmöminin bu son anlarımda məni tənha qoyma! Vəfatından bir gecə əvvəl də məğrib və işa namazını qıldıqdan sonra məsumların adını sıra ilə təkrar edir, İmam Əlinin (əleyhissəlam) adına çatdıqda xüsusi rəğbət və məhəbbətini izhar edirdi. (mehrnews)

Əsərləri

   Şeyx Abbas Qumi özündən çox sayda dəyərli əsərlər yadigar qoymuşdur. Özünün qeyd etdiyi kimi hələ 40 yaşında ikən artıq 74 cilddə 70 əsərin müəllifi idi. Bu həcmdə əsər özü də bu yaşda, hər cür imkansızlıq və çoxsaylı səfərləri nəzərə aldıqda heyrət doğurur. Bəzi əsərləri aşağıdakılardan ibarətdir:

Əl-ənvarul Bəhiyyə

Beytul-əhzan fi məsaibi seyyidətin-nisvan

Baqiyatus-salihat (Məfatihul-cinanın haşiyəsi)

Tofheye Tusiyye (Məşhədnamə)

Çehel hədis

Hekməte baleğe və mahe kəlemeye camee

Əddurul-azim fi luğatil Quranil-azim

Səfinətul-biharil-ənvar və mədinətul-hikəm vəl-asar (Şeyxin ən mühüm əsəri hesab olunur. Kitabı yazmaq üçün alim Biharul-ənvarı iki dəfə mütaliə edib. Əsərin yazılmasına 35 il vaxt sərf olunub.)

Səhifeyi Səccadiyənin şərhi

Məfatihul-cinan. (Bu kitabın xalq arasında bu qədər məhşurlaşmasının əsas səbəbini alim kitabı, savabını Xanım Zəhraya (əleyhassəlam) hədiyyə etmək niyyəti ilə yazmasında görürdü.(mehrnwes) )

Mənazilul-axirə vəl mətalibul-faxirə

Muntəhəl-əmal fi zikri məsaibin-Nəbiyyi vəl-al (əleyhimussəlam)

Nəfsul-məhmum və s. (shia-news)

 

Hazırladı: İlahiyyatçı, İslamşünas Ülviyyə Ağayeva

 

                                                                                  Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 5188, 

Dostların veb səhifələri

15654230
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2634
7422
49777
15456216
129369
160067
15654230

sizin IP ünvanınız: 3.129.216.248
2024-12-22 08:11

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!