Gizli Xəzinələr

Seyyid Mir Əşrəf ağa

                                                                                                Lahıcda yaşayan seyyidlər

Respublikamızda elə kəndlər, qəsəbələr, şəhərlər var ki, bir neçə minillik yaşa, bu və ya digər dərəcədə müstəqil etnoqrafik xarakterə, özünəməxsus əlamətlərə məxsusdur. Onların keçdiyi yolu öyrənmək, həyatlarında baş vermiş hadisələri, faktları xatırlamaq tarixi tədqiq baxımından çox əhəmiyyətli bir işdir. Mövzumuz Azərbaycanın şimalında yerləşən İsmayıllı rayonundakı Lahıc qəsəbəsində yaşayıb ömür sürmüş Lahıc Seyyidləri barəsindədir.

Keçmiş zamanlarda Lahıcda bir çox seyyidlər yaşamış və bütün məhəllələrdə məskən salmışdılar. Onların özlərinə görə ev-eşikləri, bağ-bostanları, alış-verişləri vardı.

Zəvəroda yaşayan seyyidlər nəslinin Şamaxı və Qubada əqrabaları yaşayırdı. Hacı Seyyid Kamal Lahıcda, Ağa Seyyid Əli Şamaxıda, Ağa Mir Bağır (Mir Cəfər Bağırovun babası) Qubada... Otuzuncu illərə qədər əlaqələri vardı.

Yaşca böyük olan Ağa Seyyid Əli ildə bir dəfə Lahıca gəlib qohumlarını yoxlayar, maddi yardımla təmin edər, əyər-əskikliklərinə əl tutardı. Seyyid ailələrindən eşidəndə ki, Seyyid Ağa Əli gələcək, çox sevinirdilər. Hamı onu məhəbbətlə qarşılayırdı. Seyyid Ağa Əli səxavəti ilə el-obada tanınmışdı. Hamı onun yolunu səbirsizliklə gözləyirdi ki, ehtiyac duyduqları hər hansı bir şey üçün ondan kömək ala bilələr.

Hacı Seyyid Kamil ailəsinin Lahıcda və Gəncədə dükanları vardı. Gen-dəri və mis alış-verişi ilə məşğul idilər. Xammal gətirər, mis qab-qacaq, bir də gen, tumac, meşin və s. ixrac edərdilər. Onlardan bir neçə nəfəri ruhani idi. Ağa Mir Nurbaxış, Ağa Seyyid Əşrəf, Mir Məhəmməd Əmin, Mir Xalıq, Mir Abbas və başqaları.

Hacı Seyyid Əşrəf Ağa

Lahıcda ən çox tanınmış nüfuzlu ruhani Seyyid Mirəşrəf ağa olub. O, Lahıcda anadan olmuşdur. İyirmi beş il müqəddəs Nəcəf şəhərində elmi hövzələrdən ali dərəcədə təhsil almış, ilahiyyat və təbabət alimi titulu qazanmışdır. Dövrünün böyük və müqəddəs şəxslərindən idi. Hal-hazırda Lahıcda hamı onu böyük ehtiramla yad edir, onun lahıc qəbirstanlığındakı məqbərəsini ziyarət edirlər.

Ağa Seyyid Əşrəf Nəcəfi-Əşrəfdə ali ruhani və tibb məktəbi bitirmişdi. Əhali ona “Loğmani-zəmanə” və “dövrün Əbu Əli Sinası” deyərdi. Həmçinin o, gözəl moizəçi idi. Ortaboy və kök idi. Başına ağ əmmamə qoyar, əyninə ləbbadə geyib üstündən yaşıl qurşaq sarıyardı. Çiynində mixəyi əbası olardı. Onun qəbuluna hər tərəfdən xəstələr axışıb gələrdi. Kəndlərə xəstə üstə aparardılar. Qatırı və qatırçısı vardı. Qatırçı heyvanın noxtasından yapışıb qabaqda gedərdi. Ağa Seyyid Əşrəf naməhrəm və tarikə salat üzü (namaz qılmayan, dini ayinlərə riayət etməyən, xətakar, şər adamlar) görməmək üçün niqab taxardı.

İslam tarixi, şəriət, müasir elmlərdən ensiklopedik məlumat sahibi idi. Rəftarı xoş, xasiyyəti mülayim və çox xeyirxah şəxs idi. Onun sağaltdığı yüzlərlə xəstə gecə-gündüz ölənlərinə rəhmət oxuyur, dua edirdi.

Günlərin birində Həftəsiyab kəndindən bir nəfər at üstündə bir xəstə gətirir. Seyyid Əşrəf ağa xəstəni cəld müayinə edib dərman verir və tapşırır ki, tez özünüzü evə çatdırırn. Onlar gedəndən sonra həkim öz tibb köməkçisinə deyir ki, ölü dirini müalicəyə gətirib. O xəstə sağalacaq və uzun ömür sürəcək. Amma onu gətirən adam 2-3 saata öləcək. Seyyidin köməkçisi onun sözünün doğruluğunu bilmək üçün xəbərsiz həmin xəstənin kəndinə üz tutur. Kəndə daxil olanda bir dəstə insanın tabutla qəbristanlığa doğru getdiyini görür. Yaxınlaşıb ölənin kim olduğunu soruşur. Seyyidin dediyi elə həmin sağlam adam idi və qayıtdıqdan sonra qəfil vəfat etmişdi. Elə bu səbəbdən Seyyid onları tələsik yola salmışdı.

Seyyid Mirəşrəf ağa həkim, alim, xeyirhax və ədalətli olduğu üçün çox böyük nüfuz və hörmət sahibi idi. Əhalini həmişə barışığa, sülhə və xoş rəftarlığa dəvət edərdi. Düzü-düz, əyrini-əyri deyərdi. Onun ədalətindən, düzgünlüyündən heç kəs şübhə etməzdi. Bunun ucbatından arabir təhdid olunurdu. Bir dəfə moizə vaxtı dini ehkamlar barəsində obyektiv, elmi, məntiqi cavab verdiyi üçün qaraguruhçular ona hücum edib minbərdən düşməyə vadar edirdilər. O da təhlükədən yaxasını qurtarmaq üçün öz evinə yox, həkim molla Muhəmməd Rzanın yanına əczaxanaya gedir. Molla Muhəmməd Rza Seyyidi axşama qədər yanında saxlayıb şam yeməyindən sonra mötəbər adamların müşaiyətilə onu evinə yola salır.

Seyyid Əşrəf ağa Nəcəfi-Əşrəfdə oxuduğu zaman başına gələn əhvalatı yeri düşəndə nəql edərdi. “Dərsə gedəndə və qayıdanda yolüstü bazarda bir ahıl kişinin məcməidə yumru halva satdığını görürdüm. Halvanın ləziz görünüşü diqqətimi cəlb edirdi və baxdıqca iştahlanırdım. Amma Əbu Əli Sinanın başına gələn qəziyyəni xatırlayanda vaz keçirdim. İbni Sina təhsilə gedəndə qatır kiraləyir. Mənzil başına çatana qədər bir neçə yerdə karvansarada gecələyir, səfəri davam etdirir. Karvansaraların birində bişirilən qovurmanın ətri Əbu Əlini bərk iştahaya gətirir. O isə tələbənin kəmnəfs olmasını nəzərə alıb başını qarışdırmaq üçün bir çubuq götürüb qatırlar bağlanan yerə gedir. Başlayır qatırları çubuqla bizləyib oynamağa.

Kənarda oturub çubuğu tüstüləndirən qoca çarvadar deyir ki, “bala ürəyindən qovurma yemək keçir, get ye. Heyvanları cinləndirmə, onlar qatırdır, çox naxələf olurlar. Özünü gözlə, qəfil təpiklə qarnını yırtarlar. Get qovurma ye!”

Əbu Əli fikirləşir ki, bunların qatırçı çarvadarları bu qədər biləndə, gör alimləri nə qədər bilər.

Mən də nəfsimi ha boğdum, olmadı. Axırda iki dənə halva alıb gətirdim mənzilə. O qədər dadsız idilər ki, yeyə bilmədim. Tulladım. Sabahı halvasatana yaxınlaşıb dedim ki, bu halvanın heç dadı yoxdur. Alan bir daha almaz, müflis olarsan. O gülümsəyib dedi: “Bala, narahat olma, İsfahanda o qədər əhali var ki, hərəsi bir dəfə alsa mənim ömrüm üç dəfə başa çatar”.

Seyyid Mirəşrəf ağanın qonşuluğunda bəzzaz Hacı Bəxşi adlı bir kişi yaşayırdı. Qarabel dağın arxa tərəfində biçənəcək zəmisi vardı. Qoçu Kərbəlayi Ağa Kərim zorbalığına salıb kişinin mülkünü yay aylarında tərəkəmələrə icarəyə verib pulunu alır, sahibinə isə bir qəpik də vermirdi. Bu özbaşınalıq bir neçə il davam edirdi. Qoçu Hacıqurbanlılardan idi. Quba və Dağıstanla ticarət edir, mis qab, gen-dəri məmulatı göndərir, xam mal-dəri, gen, köhnə mis, buğda və s. gətirib satırdı. Elə bir ay olmazdı ki, dəvə karvanı gəlməsin. Bədəvan məhəlləsində üçmərtəbəli imarətləri var idi.

Hacı Bəxşinin köhnə tanışı tərəkəmə gəlir ki, Hacı, başım qarışıq olub, vaxtında yaylaq kirayəyə götürməmişəm. Yaylaqların hamısı tutulub. İcazə ver, köçüm sənin yaylağına. Hacı Bəxşi razılaşır. Tərəkəmə köçür yaylağa. Qoçu Kərbəlayi ağa Kərim dəstə düzəldib gedir, tüfəng hədəsi ilə tərəkəməni mal-qara, qoyun-quzu, at ilxısıyla yaylaqdan qovub salır Girdmançaya.

Kişi başılovlu gəlir Hacı Bəxşinin üstünə. O çox məyus olur və bərk qəzəblənir. Səhərəcən yata bilmir. Yuxudan durub dəstnamaz alır, çaysız-çörəksiz evdən çıxır və oğluna deyir ki, məscidə gedirəm. Qonaq yuxudan duranda çay-çörək verin. Əbanı çiyninə salıb yola düşür. Namazını qılıb yollanır dükana. Qonşuluqda, bazarda alverçilər, sənətkarlar dükanlarını açıb hərə öz peşəsi ilə məşğul idi.

Günortaya yaxın Kəblə Ağa Kərim geyinib-keçinmiş, başında hündür buxara papaq, arxalığın üstündən gümüş toqqa, belində xəncər, ayağında Şirazi çarıq, damağında çubuq təşəxxüslə bazara gəlir.

Hacı Bəxşi çiynindən əbanı atır, belindəki qılıncı siyirib qoçuya hücum edir. Müti, ədəb-ərkanlı, ağır oturub-duran, aciz hesab etdiyi Hacı Bəxşinin siyirmə qılıncla üstünə gəldiyini görən qoşu çaşıb qalır, qorxuya düşüb qaçır. Birdən ayağı daşa ilişib üzüquyulu yıxılır. Yaxında çiynində Xorasan kürkü olan adam kürkünü atır qoçunun üstünə. Hacı Bəxşinin endirdiyi qılınc zərbəsi kürkü kəsir, qoçunun paltarından keçib arxa tərəfdən belini yaralayır. Yan-yörədən yürüyüb Hacı Bəxşini kənara çəkib, qılıncı əlindən alırlar, qoçunu da evinə aparırlar.

Qoçunun yaralanıb biyabır olması hər tərəfə səs salır. Aləm qarışır bir-birinə, etirazlar coşur, qəbilə-məhəllə davası təhlükəsi ağsaqqalları qorxudur.

Söhbər Seyyid Mirəşrəf ağaya çatır. Hadisə iştirakçılarının biri qapı qonşusu olan Hacı Bəxşi, o birisi Qoçu Ağa Kərimin yaxın qohumu. Divanxana işə qarışmamış qoçunu çağıtdırır evinə, qoymur bayıra çıxsın. Axşama plov bişirməyi tapşırır. Mötəbər adamlardan beş-altı nəfəri dəvət edir. Axşam oğlunu göndərir qonşusu Hacı Bəxşinin dalınca. O da gəlir. Qoçunu məclisə qoymur, yandakı otaqda otuzdurur, qapını açıq qoyur ki, söhbəti, deyilənləri eşitsin.

Çay gətirilir. Seyyid Mirəşrəf ağa əsl mövzuya keçir, iş divan-dərəyə düşməmiş barışmağı təklif edir.

Hacı Bəxşi deyir: “Ağa bu saat başımı o kandarında kəsdir, onunla barışmağa üz vurma. Neçə ildir...”

Ağa Seyyid Əşrəf onun sözünü kəsir: “Hamısını bilirəm. Hacı, sən haqlısan”.

“Ağa, mənim hörmətli qonağımı yaylağımdan qovub Girmançaya töksün? Mən də...”

“Haqlısan, Hacı. Amma onu da bil ki, bu dünyanın da, o dünyanın da keçinəcəyinin əsası dostlara mürüvvət, düşmənlərlə yola getməkdir. Farslar boş yerə demir:

Asayişi du qiti ki, təfsiri in du hərf əst,

Ba dustan muruvvət, ba duşmənan mədara.

Hacı Bəxşi təhəmmülünü itirib dizləri üstə qalxıb dodaqları əsə-əsə bərkdən deyir:

Asayişi du qiti ki, girəm ki, in du hərf əst,

Ba duşməni çəgəndar muşkul buvəd mədara.

(Cəddinə, adına, elminə qurban olum, ay Ağa, deyək ki, o dünyanın da, bu dünyanın da dolanacağı iki sözün əsasındadır. Axı öcəşkən, davakar düşmənlə mədara müşküldür, mümkün deyil).

Ağa Seyyid Əşrəf və məclisdə oturanlar xəfifcə gülüşürlər. Nəhayət Hacı Bəxşi qonşusunun sözünü yerə salmayıb ədavət saxlamayacağına and içir, bu şərtlə ki, o şəxslə salam-kəlam kəsməyəcək.

Ağa Seyyid Əşrəf də söhbəti uzatmır. Beləliklə, gözərib alova, yanğına dönəcək qəbilə davasından iki nəsli xilas edir.

Seyyid Əşrəf ağanın vəfatı nəinki tək Lahıc qəsəbəsinin, bütün ətraf kəndlərin matəminə çevrildi. Onu sevənlər yoxluğuna tab gətirmirdilər. Vəfat etdikdən sonra qırx gün hər yeddi məsciddə əza məclisi keçirildi, ehsan və xeyrat verildi. Onun cənazəsini vəsiyyətinə əsasən Zəvəro məscidinin həyətində dəfn etdilər. Qardaşı Seyyid Nur Bəxşin cənazəsini isə Bədəvan məscidində xüsusi hücrədə dəfn etdilər. Çünki o, uzun illər bu məsciddə moizə etmişdi.

Qeyd etmək lazımdır ki, Seyyid Mirəşrəf hikmət sahibi idi və o, elmi, irfanı ilə öncədən baş verəcək hadisələrdən xəbər verirdi. Hətta onun şagirdi deyir ki, mən ustadımın sözlərinin doğru olub-olmamasını bilmək üçün təhqiq edirdim və onun öncədən söylədikləri düz çıxırdı. Seyyid Mirəşrəf ağa hətta həyatının sonlarında belə bir söz demişdi: “Bir zaman gələcək, bu qəsəbədəki məsciddə tamaşa oynayacaqlar. Camaatın ibadət etdiyi məkanda ulaqlar oynadacaqlar”.

Həqiqətən də onun vəfatından sonra bir zaman gəldi, həmin məscid teatr taması üçün məkan kimi fəaliyyət göstərdi. Qubernatorun Lahıca gəlişi münasibətilə oradakı dini-ruhani abi-həva dəyişildi. Lahıcda 1918-ci ildən ziyalılar teatr tamaşaları göstərməyə başladılar. İlk səhnə Zəvəro məhəlləsində məscid meydanı ilə üz-üzə bir evdə quruldu. Sonralar daha da genişlənməyə başladı, Mirzə Fətəli Axundovun əsərləri səhnəyə çıxarıldı.

Seyyid Mirəşrəf ağanın məsciddə dəfn olunması vəsiyyətinin səbəbi ona görə idi ki, o, həyatını ilahi işlərə sərf etmişdi. Xəstələrin onun əli ilə şəfa tapması ona Allahın lütfü idi. Çünki uzaq diyarlardan əlacı olmayan xəstələr onun yanına gəlirdilər və sağalırdılar. Həmçinin Seyyid xəstələri pulsuz müayinə edərdi. Özünün çox sadə bir həyat tərzi var idi. Belə bir ruhani, nurani şəxs məhz məscidin girişində ayaqlar altında dəfn olunmasını ona görə istəmişdi ki, məscidə ibadətə gələnlər onun məzarı üstündən ötüb keçsinlər.

Hacı Seyid Əşrəf Ağa vəfat etdikdən sonra onu "Zəvəro" məscidində dəfn etmişlər. Lakin sonralar Sovetlər dönəmində məscidlər, ibadətgahlar köhnə tikili elan olunduğu üçün bu məscid mədəniyyət evinə çevrildi. Sonra 1944-cü ildə bütün Lahıc qəsəbəsi və onu əhatə edən kəndlərin əhalisinin iştirakı ilə Seyyidin nəşi qəbiristanlığa köçürülmüş və məqbərə tikilmişdir. Məqbərə son illər Hacı Yusif Dəmirov tərəfindən bərpa edilmişdir. Buraya uzaqdan-yaxından ziyarətə gəlirlər və Seyyid Əşrəf ağanın xatirəsi onu sevənlər tərəfindən daim yad edilir.

Heç şübhəsiz, Allah üçün yaşayan və onun rizasını qazanmaq üçün çalışan hər bir insanın adı əzəmətli, şərəfli və hörmətlidir.

Manaf Süleymanov "Azərbaycan diyarı Lahıc"

Hazırladı: İlahiyyatçı, Sara Zahidqızı

                                                                                        Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 2547, 

Dostların veb səhifələri

15654490
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2894
7422
50037
15456216
129629
160067
15654490

sizin IP ünvanınız: 3.142.130.127
2024-12-22 08:52

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!