Print this page

Gizli Xəzinələr

Seyyid Muhəmməd Hüseyn Təbatəbai

(1 Vote)

Seyyid Muhəmməd Hüseyn Təbatəbai

إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ

"Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar" ("Fatir" surəsi, ayə 28).

İslam dünyasında tanınmış filosof, müfəssir və bir çox elmlərdə şöhrət qazanmış Əllamə Təbatəbai hicri qəməri tarixi ilə 1321-ci il zilhiccə ayının 29-da Təbriz şəhərində çox hörmətli seyyid Təbatəbailər ailəsində dünyaya göz açmışdır. Peyğəmbərin (s) pak nəslindən olan bu ailə onun kamil bir insan kimi yetişməsi üçün dua, munacat, ibadətlərin nuru ilə işiqlanan təqva ətirli bir fəza yaratmışlar.
Əllamə Təbatəbai bir çox böyük adlı-sanlı alimlərin vətəni olan Təbrizdə boya-başa çatmışdır. Uşaq yaşlarından ata-anasını itirməsinə baxmayaraq, ümidsizliyə qapılmamış, klassik elmləri öyrəndikdən sonra Təbriz Talibiyyə mədrəsəsinə daxil olmuşdur. Burada ərəb ədəbiyyatını, əqli və nəqli elmləri, fiqh və üsulu öyrənməyə başlamışdır.
Allahın lütfü sayəsində özündə kamal əldə etməyə böyük həvəs və maraq hiss edən alim ömrünün sonunadək təlim və təfəkkürdən yorulmamış, elm əhli olmayanlardan tamamilə ayrılaraq yuxu və digər məişət rahatlıqlarından son dərəcə az istifadə etmişdir. Qənaət etdiyi vaxtı isə mütaliə və təhqiqə sərf etmişdir.
Dərin təfəkkürlü bu alim dini elmlər sahəsindəki təhsilini təkmilləşdirmək üçün Nəcəfin elmi hövzəsinə gəlib oranın böyük ustadlarından bəhrələnir.
O, qardaşı Seyyid Muhəmməd Həsən İlahi ilə birlikdə 10 il müddətində bu müqəddəs şəhərdə təhsillə məşğul olub fiqh, üsul, fəlsəfə, irfan və riyaziyyat dərslərində iştirak etmişdir. Burada o, bir çox çətinliklərlə üzləşsə də, geri çəkilməmiş, elmin zirvəsinə doğru inamla irəliləmişdir.
Əllamə Təbatəbai belə fikirləşirdi ki, Allah-təalanın bizim ixtiyarımızda qoyduğu qüvvə və imkanlardan elə istifadə etməliyik ki, İslam və müsəlmanlar üçün ən yaxşı nəticəni versin.
O, özü bu fikri əməli surətdə həyata keçirərək Quma gəldikdən sonra hövzənin dərs proqramlarını gözdən keçirib İslami cəmiyyətin ehtiyacları ilə müqayisə edir. Rast gəldiyi nöqsanları aradan qaldırmaq vəzifəsini qarşısına qoyan alim ən mühüm nöqsanların Quran təfsiri və əqli bəhslər sahəsində olduğunu müəyyənləşdirir və bu sahədə dərslərə başlayır ki, bunun da nəticəsində "Əl-mizan" təfsiri meydana çıxır.
Əllamə özü xatirələrində təhsilinin ilk illəri haqqında belə deyir: "Təhsilimin ilkin illərində dərslərimi davam etdirmək istəmirdim. Ona görə ki hər nə qədər oxuyurdumsa, başa düşmürdüm. Dörd il belə davam etdi. Dörd ildən sonra Allahın inayəti mənə nəsib oldu və mən özümdə kamala çatmaq yanğısı hiss etdim. O elə bir yanğı idi ki, 17 il təhsil aldığım müddətdə elm öyrənməkdə və təfəkkürdə yorğunluq hiss etmədim, dünyanın pis və yaxşılığını unutdum. Həyatın acı və şirinliyi mənim nəzərimdə artıq əhəmiyyətsiz idi".


 

Əllamə Təbatəbainin Quranla ünsiyyəti

Dini dəyərlərin daşıyıcıları olan həqiqi alimlərin həyat tərzi müsəlman gənclər üçün ən yaxşı ülgüdür. Onların İlahi təlimdən qaynaqlanan fərdi və ictimai rəftarı İslamın bəyəndiyi insanı parlaq surətdə əks etdirən bir güzgüdür.
Bu alimlər arasında Əllamə seyyid Muhəmməd Hüseyn Təbatəbai nəinki bənzərsiz "Əl-mizan" təfsirinin müəllifi kimi, həm də tərbiyəvi həyat tərzi ilə nümunəvi insan obrazını daha da zənginləşdirib. Qızı Nəcmə xanım Təbatəbai öz xatirələrində atasının Quranla ünsiyyəti barəsində qeyd edir ki, onun sözləri, oturub-durması, ümumiyyətlə, bütün əxlaqı Qurani idi. Quranla yatıb-durardı. Sübh tezdən onun Quran sədası ilə yuxudan oyanardıq. Günorta dərsdən qayıtdıqda əvvəl namazını qılardı. Biz nahar süfrəsinin ətrafına yığışanadək əzbərdən ahəstə Quran oxuyardı. Gecələr yatan vaxt Quran oxumağı özünə vacib etmişdi.
Səhərlər bacımla yuxudan oyandıqda onu Quran oxuyan halda görərdik. O, bizi qucağına alıb dizləri üstə oturdar, uca və ürəyə yatımlı bir səslə Quran oxuyardı. Həmişə bizə tövsiyə edərdi ki, bu Kitabla munis olaq. Qohumlardan biri Quran oxuyarkən çoxlu səhv edərdi. Atam deyərdi: "Səhv oxumaq da yaxşıdır. Qoymayın Quranın zikri qəlblərinizdə köhnəlsin". Fürsət düşdükdə bizə Quran mövzularından, mətləblərindən danışardı. Bəzən sözünü ayələr ilə bəyan edərdi.
Axşamlar hamı bir yerə yığışaraq deyib-güləndə ortaya dini və ya əxlaqi bir mövzü salıb söhbətin yönünü dəyişməyə səy edərdi. Bəzən bir ayəni və ya hədisi, ya da bir dastanı bizim üçün şərh edərdi. Lakin heç vaxt bizi bu işə məcbur etməzdi.
"Əl-mizan" təfsirinin yazılması barəsində deyir: "Atamın nizamlı proqramı var idi. Sübhdən günortayadək dərsdə olardı. Günortadan bir saat sonra yenə dərs üçün evdən çıxardı. Gecələr və səhərlər isə yazmaqla məşğul olardı. Onun proqramı mübarək Ramazan ayında daha maraqlı idi. Belə ki, gecələr yatmazdı... İftar və bir az istirahətdən sonra səhərədək yazmaqla məşğul olardı".


 

Sükutda tufan

Əllamənin maraqlı xüsusiyyətlərindən biri də bu idi ki, o qədər müxtəlif elmi məlumat və bacarıqlara malik olmasına baxmayaraq, onun məclisi çox vaxt sükutla keçirdi.
Ondan bir şey soruşmayınca danışmazdı. Əlbəttə, belə vaxtlarda batini zikrlə məşğul idi. Simasından tam aydın olurdu ki, bu zahiri sükut və aramlığın əksinə daxilində sanki bir tufan var. Əgər hər hansı bir şəxsə və ya tələbələrindən birinə nəsihət etmək istəsəydi, çox qısa və təsirli sözlərdən istifadə edərdi.

 

Əllamə Təbatəbai haqqında alimlərin fikirləri

Böyük şəriət alimlərindən biri belə deyir: "Əllamə Təbatəbai elm və təqvanı özündə cəm edən nadir, bəlkə də yeganə şəxsdir".
Muhəmməd Təqi Misbah: "Əllamə mətanət, vüqar, izzəti-nəfs, təvəkkül, əxlaq, təvazö, mehribanlıq və bir çox əxlaqi keyfiyyətlərin məzhəri idi. Ruhunun əzəməti, qəlbinin nuru onun simasından bəlli idi".
Bir nəfər onun haqqında belə deyir: "Görəsən, yer belə şəxslərin ağırlığına necə dözür?!" Otuz il onun hüzurunda olmağıma baxmayaraq, bir dəfə də olsun ondan "mən" kəlməsini eşitmədim. Onun əvəzində daima suallara təvazö üzündən "bilmirəm" - deyə cavab verərdi. Sonra isə sualları "deyəsən belədir, belə ehtimal edilir" sözləri ilə cavablandırardı.
Onun şagirdlərindən Ayətullah Quddusi, Doktor Behişti, Mürtəza Mütəhhəri, Həsən Həsənzadə Amili, Abdullah Cavadi Amili, Cəfər Sübhani, Məhəmməd Təqi Misbah Yəzdi, İbrahim Əmini, Məhəmməd Hüseyn Tehrani və başqalarını misal çəkmək olar.

 

 Əllamənin əxlaqı

Əllamə Təbatəbai heç kəsin barəsində bir söz söyləməzdi. Heç kimin eybini açmazdı və qeybətə yol verməzdi. Özünü tərif etməzdi. Dostlarının yanında namaz qılmaz, onları ona iqtida etməyə qoymazdı. Camaat namazında bir dəfə də olsun imam olmadı və həmişə sonuncu sırada durardı. Bütün bunları özünü kiçik saydığı üçün edərdi.
Onun qısa, lakin mənalı sözlərindən biri bu idi: "Bizim ən mühüm işimiz nəfsimizi paklaşdırmaqdır".

 

Əllamənin nəsihəti

"Gün ərzində mühasibə üçün vaxt ayırın, görün 24 saatı necə keçirmisiniz. Bir tacir kimi mühasibatçı olun, bütün rəftar və danışdığınız sözləri xatırlayın və əgər pis əməllər etmisinizsə, tövbə edin. Əgər yaxşı işlər görmüsünüzsə, Allaha şükr edin".

 

Əllamə Təbatəbainin əxlaqı Ayətullah Əmininin dilindən

Ustad çox ədəbli idi. Başqalarının sözünü kəsməz, onlara diqqətlə qulaq asardı. Mübahisə etməyi sevməzdi.
Əllamə çox atifəli bir şəxsiyyət idi. Dostlarını unutmaz, onlara tez-tez baş çəkərdi. Onun ailəsi çox səfalı və səmimi idi. Həyat yoldaşı dünyasını dəyişdikdə bizim təsəvvürümüzün əksinə olaraq o, çox ağladı və hüznlü oldu.
Ona dedim: "Biz gərək səbr və dözümü sizdən öyrənək. Nə üçün bu qədər qəmlisiniz?" Cavab verdi: "Ölüm mütləqdir. Mən ölüm üçün ağlamıram. Mən xanımın səfa və ailəcanlı olmasına, onun söhbətlərinə görə ağlayıram".
O, munacat və dua əhli idi. Bəzən namazlarının nafiləsini yol gedərkən qılardı. Məclisdə sükut olarkən vaxtdan istifadə edib zikr edərdi.
Qum şəhərində ən azı həftədə bir dəfə piyada Həzrət Məsumənin qəbrini ziyarətə gedərdi. Yolda hər hansı bir meyvə qabığı yolunun üstünə çıxsaydı, onu camaatın yolunun üstündən götürərdi.
Adətən yayın isti aylarını müqəddəs Məşhəd şəhərində keçirərdi. Orada dua və razu-niyazla məşğul olardı.
Ömrünün son aylarında artıq dünya işlərinə tətil etmiş, daima Allahın zikri dilindən düşməzdi. Son günlərində isə hətta suya, yeməyə belə meyl etməzdi. Dərin sükuta qərq olub gözlərini bir nöqtəyə dikər, düşüncələrin dalğasında ətrafında baş verənləri hiss etməzdi.
Görəsən ustad nə düşünürdü? Hansı bir həqiqət onu dünyadan ayırmışdı?
Onun əxlaqi xüsusiyyətlərindən bunu da demək olar ki, Əllamə ona sual verilməmiş danışmazdı.


 

Əllamə Təbatəbai Məhəmməd Hüseyn Tehraninin dilindən

Heç vaxt yüksək səslə danışmazdı.
Elm və bilik dəryası onun vücudunda daim bulaq kimi qaynayardı. Suallara sakit və aramla cavab verərdi. Bəzən sual verənlər səslərini qaldırsa belə, Əllamə onlara çox sakit bir tərzdə cavab verərdi. Heç kəs onu uca səslə danışan görmədi.
Əllamə o böyük əzəmətinə, İslam aləmində tutduğu məqama, İslam üçün əvəzsiz xidmətlərinə baxmayaraq, çox sadə bir insan idi. Onu tanımayan, onunla səfərdə və yaxud başqa yerlərdə yoldaş olan, ona rast gələn insanlar heç vaxt təsəvvür etmirdilər ki, Əllamə hansı mənəvi və elmi məqama malikdir.
Əllamə heç kəsin barəsində nalayiq söz danışmazdı. Əllamə o qədər təvazökar idi ki, özünü tələbələrdən heç vaxt ayırmazdı. Mədrəsənin həyətində tələbələr kimi yerdə oturar, namaz vaxtı onlar kimi camaat namazına gedib iqtida edərdi.
Əllamə məclislərdə heç vaxt mütəkkə və divara söykənməzdi. O, divardan azca irəlidə oturar və beləliklə, oturmağın ədəb qaydalarına ciddiyyətlə riayət edərdi. Mən onun evinə tez-tez gedərdim. Həmişə səy edərdim ki, ədəb-ərkana görə ondan aşağı tərəfdə oturum. Lakin bu heç vaxt mümkün olmazdı. Əllamə Məşhəddə olduğu günlərin birində onun ziyarətinə getdim. O, döşəkçənin üstündə oturmuşdu (Həkim ona ürək ağrısına görə boş yerdə, döşəmədə oturmağa icazə vermirdi). Məni görcək öz yerindən qalxıb orada oturmağımı xahiş etdi. Mən orada oturmaqdan boyun qaçırdım. Bir müddət hər ikimiz ayaq üstə durduq. Axırda Əllamə buyurdu: "Otur ki, sənə bir söz deyim". Mən itaət edib oturdum, Əllamə isə yerdə oturdu. Sonra buyurdu: "Demək istədiyim söz budur ki, ora burdan daha yumşaqdır".
Tələbəlik illərində onun evinə tez-tez gedərdim. Lakin heç vaxt namazda ona iqtida edə bilməmişdim. Əllamə özünü imam camaat olmağa layiq bilməzdi. Məşhədə ziyarət səfərinin birində bizə gəldi. Ona kitabxanada yer verdim ki, istədiyi kitabı oxuya bilsin. Otaqdan çıxdım. Öz-özümə deyirdim: "Qoy Əllamə namaza başlasın, sonra gedib ona iqtida edərəm. Əgər namazdan əvvəl getsəm, iqtida eləməyə qoymaz". Elə bu fikirdə idim ki, Əllamə məni içəri çağırdı və buyurdu ki, biz iqtida etmək üçün səni gözləyirik. Dedim: "Mən iqtida edirəm!" O qəbul etmədi. Dedim: "Mən qırx ildir ki, sizə iqtida etmək arzusundayam". Dedi: "Bir il də o qırx ilə əlavə et".
Mən Əllamənin inadını gördükdə son dərəcə böyük bir xəcalət ilə öndə namaz qıldım və Əllamə mənə iqtida etdi. Qırx il ona iqtida edə bilməməyim bir yana, o gecənin xəcaləti bir yana".


 

Doktor Əhməd Əhmədinin nəzərində Əllamə Təbatəbainin əxlaqı

"Əllamənin öz şagirdləri üzərində çox qəribə təsiri var idi. Mən onun fəzilətləri barəsində danışa bilmərəm. Fəqət onun əxlaqi xüsusiyyətlərindən bir neçəsini qeyd etmək istərdim.
Birincisi bu idi ki, Əllamə Əhli-beytə (ə) son dərəcə ehtiram edib onların məhəbbətini həyatının bir parçasına çevirmişdi. O, Əhli-beyti (ə) sevməyənləri qəbul etməzdi. Cümə günləri, Ramazan ayının gecələrində və başqa günlərdə təşkil olunan əza məclislərində iştirak edib Əhli-beytə (ə) göz yaşı axırdardı. Xüsusilə də, Əlini (ə) çox sevərdi.
Bütün Ramazan ayının gecələrini sübhə qədər yatmayıb ibadət və yazı-pozu ilə məşğul olardı. Əllamə bəzən mərsiyə, nohə eşitdiyi zaman öz elmi işlərini, kitablarını kənara atıb bütün vücudu ilə Əhli-beytin (ə) müsibətinə o cazibəli gözlərindən yaş axıdardı.
İkinci xüsusiyyət onun şagird yetişdirməyə olan məhəbbətidir. Xüsusilə, Quran maarifi sahəsində o dərs zamanı şagirdlərini fikirləşməyə, öz fikirlərini deməyə vadar edərdi.
Əllamə Təbatəbai elmlər hövzəsində böyük bir inqilab yaratdı. O zaman əhəmiyyətsiz qalan fəlsəfə elminə ruh verdi. Onu bir bəhs kimi elmlər sırasına qaldırdı və elmlər hövzəsində olan boşluğu bu yolla doldurdu".
Bu arifi-rəbbani, fəlsəfə və irfan səmasının nurlu ulduzu hicri-qəməri 1402-ci il Məhərrəm ayının 18-də dünyasını dəyişdi.

وَادْخُلِي جَنَّتِي يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّة  ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً فَادْخُلِي فِي عِبَادِي

"Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir). Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Mənim bəndələrimin zümrəsinə daxil ol! Və Mənim cənnətimə daxil ol!" ("Fəcr" surəsi, ayə 27-30)

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5724,