Gizli Xəzinələr

Muhəmməd Nəsrəddin Tusi

 
(0 votes)

                                                                                   Muhəmməd Nəsrəddin Tusi (Marağa rəsədxanasının banisi)

Azərbaycan xalqının elmi və mədəniyyəti tarixində böyük yer tutan Marağa rəsədxanasının elmi rəhbəri və onun banisi olan Nəsrəddin Tusi həqiqətən bütün dünyanın iftixarı olan alimlərdən biridir. Nəsrəddin Tusi 17-fevral 1201-ci ildə (11 camadiyul əvvəl 597-ci il) anadan olmuşdur. Onun tam adı belədir: Muhəmməd ibni Muhəmməd ibni Həsən Tusi. O zamanlar soyad yox idi. Buradakı birinci Muhəmməd onun öz adı, ikinci Muhəmməd atasının adı və Həsən isə babasının adıdır. Tusi onun künyəsidir. Bu, onun Tus şəhəri ilə müəyyən bir əlaqəsi olduğunu göstərir.

O, Azərbaycanda tikilmiş böyük bir mədəniyyət ocağının yaradıcısı və elmi rəhbəri olmuşdur. Həmin mədəniyyət ocağı dünya elmi və mədəniyyətinin tarixində “Marağa rəsədxanası” adı ilə məşhurdur. Orta əsrlərdə bütün dünyada Marağa rəsədxanası kimi başqa bir elmi müəssisə olmamışdır. Rəsədxanada çalışan alimlərin əsərləri sonralar elmin inkişafında çox böyük rol oynamışdır. Astronomiya, həndəsə, cəbr, triqonometriya, fizika sahəsində bu alimlərin elmi nailiyyətlərindən hal-hazırda da istifadə edilir.

Rəsədxananın əsasını qoyan Muhəmməd Nəsrəddin böyük bir alim, filosof və bir dövlət xadimi kimi məşhurdur. Onun adı Şərqin Əbu Əli Sina, Əbu Reyhan Biruni, Ömər Xəyyam, Əbul Vəfa kimi alimlərinin və riyaziyyat, astronomiya elminin klassiklərinin adı ilə yanaşı durur.

Oxucularımıza təqdim edilən bu kitabda Muhəmməd Nəsrəddin Tusi, onun yaratmış olduğu Marağa rəsədxanası, orada çalışan alimlər və habelə o dövrdəki başqa rəsədxanalar haqqında məlumat verilir.

Marağa rəsədxanası

Qədim Çinin, Hindistanın və Misirin böyük alimləri ilk astronomik müşahidələri müəyyən dərəcədə nizama salmışlar. Onlar kainatın quruluşu haqqında əfsanələrlə birlikdə müəyyən elmi əsasları olan dünya görüşləri də yaratmışlar. Qədim Yunanıstanın alimləri isə Çin, Hindistan, Misir və başqa bir çox xalqların bilikləri əsasında astronomiyaya aid bir sıra kitablar tərtib etmişlər. Necə ki, Yunan alimlərindən Aristotel kainatın quruluşu haqqında öz dövrünə görə yeni bir sistem yaratmışdır.

Marağa Azərbaycanın qədim şəhərlərindən biridir. Bu şəhər İranın ərazisindədir. Marağa şəhəri, keçmişdə Urmiyyə və indi isə Rezayiyyə adlanan gölün yaxınlığındadır. Bu göldən düz xətlə 35 km uzaqda, dəniz səthindən 1628 metr yüksəklikdə Marağa şəhəri yerləşmişdir. Marağa şəhərinin ətrafını gözəl yaşıl bağlarla sıx zeytun meşələri əhatə etmişdir. Bu şəhər mənzərəli və səfalı şəhərlərdən biridir. Şəhərin ətrafında küllü miqdarda mədən suları mənbələri vardır. Şəhərin dəniz səthindən çox yüksəkdə olması və ətrafındakı bağların, meşələrin, otlaqlıqların onu əhatə etməsi Marağa rəsədxanasındakı astronomik müşahidələr üçün gözəl şərait yaradırdı.

Nəsrəddin Tusi Marağa torpağını astronomik rəsədxana üçün seçərkən bu şəhərin çox əlverişli iqlim şəraitini də nəzərə almışdır. Marağanın ətrafında Daşkəsən adlanan yerdə mərmər yataqları vardır. Rəsədxana tikiləndə buradakı karxanalardan mərmər gətirilmişdir. Marağa rəsədxanası Şərqin bütün rəsədxanalarından üstünlük təşkil edib.

Bir çox Şərq yazıçıları Marağa rəsədxanasının tikilməsini belə izah edirlər. Guya Menku Qaan qardaşı Hülakü xanı hələ İran, İraq torpağına hücuma göndərərkən ona tapşırmışdı ki, Həşşaşilərin qalalarını zəbt etdikdə Nəsrəddini azad edən kimi onu Çinə göndərsin. Tarixçilərin dediyinə görə Menku savadlı adam imiş və o hətta həndəsədən bir neçə teoremi sərbəst isbat edə bilirmiş. Menku Qaan o zaman Çində hökmdar idi və istəyirdi ki, Nəsrəddin Pekində də rəsədxana tiksin. Hülakü xan Bağdadı işğal etdiyi zaman Menku Qaan Çinin cənub hissəsində müharibə aparırdı və buna görə də Hülakü xan Nəsrəddin vasitəsilə özü də rəsədxana tikmək istəyirdi. Beləliklə, bir çox Şərq tarixçiləri Marağa rəsədxanasının tikilişində Nəsrəddini ikinci əhəmiyyətli şəxs kimi qələmə verirlər və onu ancaq Hülakünün iradəsini yerinə yetirən kimi göstərirlər. Əlbətdə, məsələ heç də bu cür deyildi. Marağa rəsədxanası kimi dəqiq bir rəsədxananın yaranmasına elmi cəhətdən çoxdan bəri böyük bir ehtiyyac var idi. Marağa rəsədxanasından iki yüz il əvvəl Urkencdə, Reydə rəsədxanalar olmuşdur. Bu rəsədxanalarda aparılan astronomik müşahidələr heç də müntəzəm deyildi, bunlar vahid proqram üzrə müşahidə aparmamışdılar və həmin rəsədxanalarda aparılan müşahidənin dəqiqliyi eyni deyildi. Nəsrəddin qarşıda belə bir məsələ qoyur; bir çox astronomik əsas kəmiyyətlərin qiymətlərinin yenidən təyin olunması üçün vahid proqramlı, müntəzəm müşahidə aparan, nisbətən daha yüksək dəqiqliyə malik olan bir astronomik rəsədxana qurmaq. Bu əsas sabitlərdən illik pressesiyanın miqdarı idi. Məlum olduğu üzrə Ayın və Günəşin cazibəsinin Yerin ekvatorial hissəsinə olan təsiri nəticəsində onun fırlanma oxu çox kiçik miqdarda da olsa öz istiqamətini dəyişir. Ayın və Günəşin cazibəsindən başqa planetlərin cazibəsi nəticəsində Yer kürəsinin fırlanma oxunun vəziyyətində müəyyən dəyişikliklər olur. Öz növbəsində Yer kürəsinin fırlanma oxunun vəziyyətinin dəyişməsi nəticəsində ulduzların kordinatlarında müəyyən dəyişikliklər əmələ gəlir. Nyutona qədər pressiya hadisəsinin nəticəsi alimlərə məlum deyildi. Amma hadisənin özünü, yuxarıda göstərildiyi kimi, hələ Hipparx kəşf etmişdi. Lakin onun pressiya üçün aldığı qiymət düzgün deyildi. Bu kəmiyyətin qiymətini düzgün təyin etmək mühüm və lazımlı məsələ idi.

Astronomik rəsədxananın qurulmasını tələb edən astronomik kəmiyyətlərdən biri də “Ekliptikanın mailliyi” idi. Ayrı-ayrı planetlərin epitsikilləri boyunca hərəkət sürətlərini, onların özlərinin ölçülərini deferent boyunca epitsikillərin mərkəzlərinin hərəkət sürətlərini təyin etmək astronomik rəsədxanalarda aparılan mühüm işlərdən biri idi. Bundan başqa, Ay və Günəşin tutulmalarını əvvəlcədən xəbər verməkdən ötrü Ay və Günəşin hərəkət cədvəllərini tərtib etmək üçün onların hərəkətlərinin və tutulmalarının üsürlərini bilmək lazım idi.

Bütün bunları nəzərə alan Nəsrəddin tam qətiyyətlə Marağada rəsədxananın tikilməsi məsələsini Hülakü xanın qarşısına qoyur və Marağada gözəl bir rəsədxananın tikilməsinə nail olur. Olduqca incə siyasətçi olan Nəsrəddin öz məqsədinə nail olmaq üçün bu gözəl təşəbbüsün Hülakü xan tərəfindən irəli sürüldüyünü göstərir. Doğurdan da bir çox tarixi faktlar Hülakü xanın nəinki rəsədxananın tikilməsi təşəbbüskarı olmadığını, hətta onun astronomiyanın faydasını bilmədiyini də göstərir. Katib Çələbi yaxud xəlifə Hacı adı ilə məşhur olan tarixçi özünün “Cahan nüma” adlı kitabında Marağa rəsədxanasının tikilməsi haqqında belə bir əhvalat qeyd edir:

“Elə ki, Marağada tikiləsi rəsədxananın məsrəfləri haqqında Xacə Nəsir Hülakü (Çingiz xanın nəvəsi) xana söhbət açdı və Hülakü təəcüblənib söylədi ki, bu ulduzlar elminin nə faydası var ki, rəsədxanaya bu qədər pul xərc oluna. Həmin suala Nəsir belə cavab verdi: İcazə verin belə bir iş görsünlər. Hamıdan xəbərsiz bir şəxs bu dağın başına qaxsın və kimsənin xəbəri olmadan bir təşti üzü aşağı buraxsın. Belə də etdilər. Təşt yuxarıdan aşağı düşdükdə çox böyük hay-küy saldı və buna görə də aşağıda qoşunda bir vahimə və təlatüm əmələ gəldi. Elə bildilər ki, düşmən qoşunu onların üstünə hücum çəkir. Nəsir və Hülakü isə sakitcə bu hadisəni seyr edirdi. Bu halda Nəsrəddin Hülakiyə dedi ki, görürsünüzmü bizə bu hadisə və onun səbəbi məlum olduğu üçün biz sakitik, əkərlər isə hadisədən xəbərsiz olduqları üçün çox narahatdırlar. Bu qayda üzrə də Yer üzərində sakit yaşamaq istəyirsənsə göy hadisələrini öyrənmək lazımdır”.

Bu cür sadə və əyani yolla Nəsrəddin Hülakü xanı məcbur etmişdi ki, O, Marağa rəsədxanası üçün lazım olan xərci versin. Bu xərcin böyük bir miqdarı (20.000 dinar) Bağdad xəzinəsindən gətirilən gümüş və qızılın hesabına ödənilmişdi. Gələcəkdə rəsədxanada çalışan alimləri və xidmətçiləri daimi maddi vəsaitlə təmin etmək məqsədi ilə Nəsrəddinin təşəbbüsü ilə müəyyən torpaqlardan alınan vergilər rəsədxananın ixtiyarına verilirdi.

Rəsədxana üçün yerin seçilməsi işinə Nəsrəddin şəxsən özü rəhbərlik edirdi. Gələcək rəsədxana üçün o, Marağa şəhərinin şərq tərəfində olan bir təpənin üzərində əlverişli sahə seçmişdi. Bu sahənin uzunluğu 350 metr və eni isə 150 metrə yaxın idi. Rəzədxananın cihazlarının əksəriyyəti yer səthində, binaların qübbəsində və bəziləri isə müəyyən dərinlikdə yerləşmişdi. Rəsədxananın nəzdində böyük bir kitabxana təşkil olunmuşdu. Bu kitabxanaya kitab almaq üçün müxtəlif şəhərlərə xüsusi adamlar göndərilmiş və bunlar tərəfindən Hələb, Bağdad, Dəməşq, Misir və başqa yerlərdən kitablar alınıb gətirilmişdi. Bəzi tarixçilərin yazdığına görə Marağa rəsədxanasında 400 000 ədəd əlyazması (o vaxtlar çap olunmuş kitablar yox idi) var idi. Belə böyük bir kitabxananın olduğunu Nəsrəddin özü də qeyd edib, lakin kitabların sayını rəqəmlərlə göstərməmişdir.

Marağa rəsədxanasında asrtonomik cihazların və kitabxananın binasından başqa elmi işçilərin çalışmaları üçün də xüsusi binalar varmış. Təəssüflə qeyd etmək lazımdır ki, Marağa rəsədxanasının binaları haqqında müxtəsər də olsa nə tarixi mənbələrdə bir məlumat var, nə də hələ bu vaxta qədər onun vaxtilə yerləşdiyi sahədə arxeloji iş aparılmışdır. Əlbətdə, gələcəkdə orada qazıntı işləri aparılacaq və bu barədə geniş məlumat toplanacaqdır.

Marağa rəsədxanasının tikintisi 1259-cu ilin əvvəllində başlanmışdır. Muhəmməd Nəsrəddin nəinki rəsədxananın banisi və orada aparılan astronomik tədqiqatın rəhbəri olmuş, həmçinin çox güman ki, rəsədxananın özünün memarlıq-inşaat layihəsinin müəlliflərindən biridir. Alimlərin fikrincə Marağa rəsədxanasının tikintiləri eyni zamanda memarlıq sənətkarlığı nöqteyi-nəzərindən böyük bir əhəmiyyətə malik olmuşdur. Marağa rəsədxanasının baş mühəndisi Muvəyidəddin Ördi adında çox mahir bir şəxs olmuşdur. Bu adam eyni zamanda yeni astronomik cihazların yaranmasında aktiv iştirak edən şəxslərdən biridir. Həmçinin Muvəyidəddinin oğlu Muhəmməd də rəsədxanada astronomik cihazların quruluşu işi ilə məşğul olmuşdur. Marağa rəsədxanasından bəhs edərkən orada çalışan alimlərdən və cihazlardan da danışmaq lazımdır.

Tarixçi Rəşidəddinin dediyinə əsasən orada yüz nəfərdən çox alim və başqa işçilər varmış və onlardan çoxu Nəsrəddinin tələbəsi olmuşdur. Ayrı-ayrı mənbələrin araşdırılması nəticəsində Marağa rəsədxanasında çalışanlandan aşağıdakıların adları qeyd olunur:

1- Muhəmməd Nəsrəddin Tusi

2- Mahmud Qütbəddin Şirazi

3- Qriqori Əbül Fərəc

4- Müvəyidəddin Ördi

5- Nəcməddin Dəbirani

6- Fəxrəddin İxlati

7- Fəxrəddin Məraği

8- Şeyx Kamal

9- Möhnəddin Məğribi

10- Damqanlı Mahmud Nəcməddin Üstürlabi

11- Hücaməddin Şami

12- Sədrəddin Nəsir Tusi

13- Nəcməddin Katib

14- Fao Munci

15- İsa Monqol

16- Təqiəddin Əli Həşşaşi

17- Nəfisəddin bin Tolayib

18- Nəsrani Səfiəddin oğlu

19- Muhəmməd bin Muvəyidəddin

20- Cəmaləddin az Zeyd Buxari

21- Kəriməddin Əbubəkr Mahmud Səlmasi

Bu adları çəkilən astronomlar və alimlər Marağa rəsədxanasının ən görkəmli və elmi cəhətdən nüfuzlu adamları olmuşlar.

Nəsirəddin Tusinin davamçıları

Nəsirəddin Tusinin davamçılarından əsasən üç oğlu olmuşdur: Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd. Onlar həm filosofluq yolunu getmiş və həm də astronomiya elmində çalışmışlar. Nəsrəddin Tusinin ölümündən sonra Sədrəddin Əli Marağa rəsədxanasına rəhbərlik etmişdir. Əsiləddin Həsən riyaziyyatçı və şair kimi tanınırdı. Parisdə milli kitabxanada saxlanılan "Zic-i Elxani"nin bir nüsxəsi Əsiləddin Həsənin əlyazmasıdır. Digər davamçılarından Nəcməddin Qəzvini (1203-1277), Qütbəddin Şirazi (1236-1311), Cəmaləddin Hilli (1250-1325)

                                                                                 

                                                                                Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 2124, 

Dostların veb səhifələri

15652575
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
979
7422
48122
15456216
127714
160067
15652575

sizin IP ünvanınız: 3.16.49.213
2024-12-22 03:04

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!