Print this page

İlahi nemətlər

Üzüm

 
(1 Vote)

 

Üzüm

 

أَيَوَدُّ أَحَدُكُمْ أَنْ تَكُونَ لَهُ جَنَّةٌ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ لَهُ فِيهَا مِنْ كُلِّ الثَّمَرَاتِ وَأَصَابَهُ الْكِبَرُ وَلَهُ ذُرِّيَّةٌ ضُعَفَاءُ فَأَصَابَهَا إِعْصَارٌ فِيهِ نَارٌ فَاحْتَرَقَتْ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

 

“Məgər sizdən kimsə (ağaclarının) altından çaylar axan və içərisində bütün növ meyvələrdən olan xurma ağacları və üzüm tənəklərindən ibarət bir bağının olmasını və qocalığın gəlib çatdığı və kiçik və zəif uşaqları olduğu halda (birdən) yandırıcı odu olan bir qasırğanın onu (bağı) bürüməsini və onun hamısının yanmasını istəyərmi?!”. (“Bəqərə” 266).

 

فَأَنْشَأْنَا لَكُمْ بِهِ جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ لَكُمْ فِيهَا فَوَاكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ

“Sonra həmin su ilə sizin üçün xurma ağacları və üzüm tənəklərindən bağlar yaratdıq. Onda sizin (dolanışığınızı təmin etməyiniz) üçün çoxlu meyvələr vardır və ondan həm də yeyirsiniz”. (“Muminun” 19).

 

 

Üzüm Allah-təalanın insan üçün yaratdığı ləziz meyvələrdən biridir. Elə bu səbəbdən onun adı Qurani-kərimdə 11 dəfə tək və cəm formada işlənmişdir.

Dünyada üzümün bir neçə növünə rast gəlmək olar. Ona görə də onun əsl vətənini təyin etmək çətindir. Amma bəzi alimlər Azərbaycanı bu bitkinin əsl mənşəyi hesab etmişlər. Ehtimala görə meyvənin əkilməsinə bu ərazidən başlanmış və oradan da İran, Ərəbistan və Misirə yayılmışdır. Nəql olunmuşdur ki, meyvənin əkilməsinə Nuhun zamanından əvvəl başlanmışdır. Ona görə də demək olar ki, meyvələr içərisində üzüm xurmadan çox qədimdir. Asiya və Afrikanın qədim şəhərlərində bu meyvənin əkilməsinə və qıcqırmış üzümdən əldə olunan şəraba böyük əhəmiyyət verirlər.

İndiyə qədər bütün dünyada yayılmış üzümün 8000 növü mövcuddur. Onlardan dənəsiz üzüm növü bəzi ölkələrdə, o cümlədən İtaliya, Fransa, Rusiya, İspaniya, Türkiyə, İran, Əfqanıstan, Yaponiya, Suriya, Əlcəzair, Mərakeş və Amerikada əkilir. Dünyada üzüm məhsulunun yarısından çoxunu Avropa ölkələri istehsal edir. Əvvəllər Hindistana üzümü İran və Əfqanistandan gətirirdilər. Son 30 ildə isə orada üzüm əkini müvəffəqiyyətli olmuşdur. Hər il bu ərazidən 600 000 ton üzüm əldə olunur. Amma bu miqdar dünyada istehsal olunan məhsulun yalnız yüzdə biridir.

Üzüm qlükoza və fruktozanın ən yaxşı təbii mənbələrindən hesab olunur - onun 20%-ni bu maddələr təşkil edir. Üzümün tərkibində xeyli miqdarda mədən maddələri olan sodium, kalsium, dəmir və s. vardır. Onda protein və yağ çox az miqdardadır. P vitamini adı ilə tanınan vitamin üzümdən hazırlanmışdır. Deyilənə görə bu vitamin şəkər xəstəliyindən yaranan qanaxmanın qarşısını almaqda çox təsirlidir. Venada olan iltihabı aradan götürür və arteriyaların bərkiməsinin qarşısını alır. Üzüm tərkibindəki mədən maddələri səbəbilə hərəkətverici, həzmi yaxşılaşdıran, aramlıq gətirən, iştahı artıran, sərinləşdirici və sidikqovucu xüsusiyyətlərinə malikdir. Qanı artırır, təmizləyir və ümumi çatışmamazlıqları aradan qaldırır. Qora suyu qarnı bərkidir və boğaz ağrısını sağaldır. Üzüm doşabı dəri xəstəlikləri, göz ağrısı, həmçinin xroniki bronxit, ürək xəstəlikləri, böyrəklərdə olan iltihab və podaqra (oynaq və toxuma xəstəlikləri) üçün çox faydalıdır. Qəbizlikdən yaranan gərginliyi aradan aparmaq üçün uşağa abqora içirirlər. Qızdırma və soyuqdəymə üçün çox səmərəlidir. Sarılıq xəstəliyinə tutulanlar üçün də faydalı qidadır.

Bütün dünyada üzümdən qida kimi istifadə olunur. Bu məhsulun 80%-i şərab, 7%-i isə kişmiş və sirkə istehsalına sərf olunur. Amerika və Avropa ölkələri ən ümdə üzüm şərabı istehsalçılarındandırlar. İran, Türkiyə, Yunanıstan, Avstraliya və Əfqanistan isə kişmiş istehsalında ön sıradadırlar. Türkiyə və Yunanıstanda kişmişin ən yaxşı növünü istehsal edirlər. Hər il dünyada təxminən 800 000 ton kişmiş istehsal olunur. Tibbi baxımdan kişmiş üzümdən faydalıdır. Kişmiş qızdırma, sarılıq, öskürək, qrip, zökəm, dalaq və qara ciyərin şiddətli iltihabı zamanı çox xeyirlidir. Ehtimala görə hindlilər üzümü hələ qədim dövrlərdə tanımışlar. Buna onların qədim hind ədəbiyyatında rast gəlmək olar. İslamın zühurundan əvvəl Suriya, İraq, Fələstin, Hicaz və Yəməndə üzümün çox yaxşı növləri əkilirdi və daha çox şərab istehsal olunurdu. Homerin dövründə üzüm şərabının istehsalı əhalinin həyatının bir hissəsini təşkil edirdi. Lakin İslamın zühurundan sonra şərab istehsalı və ondan istifadə haram edildi. Əvəzində isə meyvə ağaclarının əkilməsi və ondan istifadə halal edildi. Hətta bu işə təşviq olunurdu. Cahil ərəblər arasında xoşagəlməz işlərin, saysız-hesabsız əxlaqi fəsadların meydana çıxmasının səbəblərindən birinin də şərab olması həqiqətinə göz yummaq olmaz. Şərabın haram olması göstərişi birdən-birə verilmədi.

Bu əmr tədricən və psixoloji üsul əsasında yerinə yetirilirdi. Birinci mərhələdə (“Bəqərə” surəsi, ayə 219). Şərabın günahının mənfəətindən çox olduğu bəyan olundu. Bundan sonra başqa bir ayədə (“Nisa” surəsi, ayə 43) buyuruldu: “Sərxoş halda namaza yaxınlaşmayın”. Bu iki Quran ayəsinin möminləri şərab içməkdən çəkindirdiyini görürük. Nəhayət “Maidə” surəsinin 90-91-ci ayəsində şərabın haramlığı qəti olaraq elan olundu. Bu ayə nazil olduqdan sonra Mədinə camaatı hər növ şərabı küçələrə tökdülər. Bəzi müsəlmanlar istəyirdilər ki, atılmalı şərabı öz həmşəhərliləri olan yəhudilərə bağışlasınlar. Amma belə bir işə də icazə verilmədi. Bir hədisə əsasən şərabı hazırlamaq, içmək və hətta hədiyyə etmək belə haramdır.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 

 


 3954,