İtaətin Nurunda

Xəstələrlə görüş

Saleh əməllər

İslamda ədəb qaydaları silsiləsindən

Xəstələrlə görüş

 

İslam dininin müsəlmanlara tövsiyə etdiyi əxlaqi xüsusiyyətlərdən biri də xəstələrin görüşünə gedib onların qəlblərinə sevinc bəxş etməkdir.

Bu bəhsimizdə biz xəstələrin görüşünə getməyin zəruriliyi və onların qəlblərinə sevinc bəxş etmək barədə söhbət açacağıq.

Haqqında danışacağımız şey, ilk növbədə, İslam dininin bu məsələyə olan baxışı, müsəlmanların bu xeyirxah işə necə sövq olunmaları və bütün bunlarla yanaşı, görüşə gedərkən hansı şərtlərə riayət etmələridir.

İslam nöqteyi-nəzərindən xəstələrin görüşünə getmək hər bir müsəlmanın üzərinə düşən və olduqca əhəmiyyət kəsb edən məsələlərdən biri sayılır. Başqalarının haqqını öz sahibinə qaytarmaq hər bir müsəlmanın üzərinə düşən vəzifədir. Hər bir şəxs üzərinə düşən vəzifənin öhdəsindən gəlməklə əmanəti öz sahibinə çatdırmış və əhdə vəfa etmiş olur. Qeyd etmək lazımdır ki, belə məsələlərdə yardım edən şəxs, heç kəsin boynuna minnət qoymamalı və onlardan təşəkkür etmələrini gözləməməlidir. Bu mövzuda nəql olunan bir neçə rəvayətə diqqət yetirək. Peyğəmbər (s) buyurur:

Hər bir müsəlmanın digər müsəlman üzərində olan haqqı bundan ibarətdir ki, görüşdüyü zaman onlarla salamlaşsın, xəstə olduğu zaman görüşünə getsin və dünyasını dəyişdikdə dəfn mərasimində iştirak etsin”.

Əli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:

Hər bir müsəlmanın müsəlman qardaşının üzərində otuz haqqı vardır. O, üzərinə düşən vəzifəni yerinə yetirməyincə və ya müsəlman qardaşı onu bağışlamayınca (haqqını halal etməyincə) böyük məsuliyyət daşıyır”.

 

İmam Sadiqin (ə) səhabələrindən olan Məalla ibn Xənisə deyir: “İmam Sadiqdən (ə) soruşdum ki, müsəlmanın öz müsəlman qardaşının üzərində nə kimi haqqı var?

Buyurdu: “Hər bir müsəlmanın öz müsəlman qardaşının üzərində yeddi haqqı vardır. Onların hər birini yerinə yetirmək onun üçün vacib və zəruridir. O, öz müsəlman qardaşının haqqını tapdaladıqda (yəni üzərinə düşən vəzifənin öhdəsindən gəlmədikdə) Allahın bəndəliyindən xaric olur”. Sonra mən İmam Sadiqdən (ə) o yeddi haqqın nədən ibarət olduğunu soruşdum.

Buyurdu: “Ey Məalla! Mən sənin üçün çox narahatam. Qorxuram onları sənə deyim və sən də onlara bilə-bilə əməl etməyib, başqalarının haqqını tapdalamış olasan”.

Məalla deyir: “Heyrətə gəldiyimdən nə edəcəyimi bilməyib dedim: “La həvlə vəla quvvətə illə billəh (Allahdan böyük qüdrət sahibi yoxdur)”.

Sonra İmam Sadiq (ə) üzünü mənə tutub buyurdu: “Onlardan ən sadəsi bundan ibarətdir ki, özün üçün istədiyin hər bir şeyi öz müsəlman qardaşın üçün də istəyəsən və özünə rəva bilmədiyini ona da rəva bilməyəsən… Sonuncu, yeddinci haqqı isə odur ki, and içdiyi zaman (inanıb) andını, evinə çağırdığı zaman isə dəvətini qəbul edəsən. Xəstə olduğu zaman görüşünə, vəfat etdiyi zaman isə dəfn mərasiminə gedəsən. Həmçinin bir şeyə ehtiyacı olduğunu bildikdə onun üçün əlindən gələni edəsən və onu öz ehtiyacını sənə deməsinə vadar etməyəsən…

Qeyd olunan rəvayətlərdən belə məlum olur ki, möminlər öz xəstə müsəlman qardaşının görüşünə getməklə sözün əsl mənasında üzərilərinə düşən İlahi vəzifənin öhdəsindən layiqincə gəlmiş olurlar. Onlar belə bir xeyirxah işləri ilə həm müsəlman qardaşlarının qəlbinə sevinc bəxş etmiş olur, həm də özlərində rahatlıq hiss edirlər. Çünki onlar, üzərinə düşən vəzifəni yerinə yetirməklə, Allahın razılığını qazanmış olurlar. Allahın razılığını qazanmış şəxslər isə böyük savab və mükafata nail olurlar.

Nəql olunmuş hədis və rəvayətlərdə müxtəlif üsullarla müsəlmanların bu xeyirxah işə sövq olunduqlarına da toxunulur. Peyğəmbər (s) bu barədə buyurur: “Müsəlman bir şəxs öz xəstə müsəlman qardaşının görüşünə getdiyi zaman Allah-Taala tərəfindən ona belə xitab olunar: “Cənnətin uca məqamlarından birinə nail oldun. Bu xeyirxah işinlə həm özünü, həm də müsəlman qardaşını günahlardan pak və rahat etdin”.

Başqa bir rəvayətdə deyilir: “Səhərçağı xəstə müsəlman qardaşının görüşünə gedən möminləri yetmiş min mələk müşayiət edər. O, xəstənin yanında oturduğu müddətdə Allahın rəhməti onun üçün nazil olar və mələklər axşamadək Allahdan onun bağışlanmasını diləyərlər. Əgər axşamçağı xəstənin görüşünə gedərsə, mələklər səhərədək Allahdan onun bağışlanmasını diləyərlər. Qiyamət günü Allah-Taala Öz bəndələrindən birini danlayıb deyır: Ey bəndəm! Nə üçün xəstələndiyim zaman məni yoxlamağa gəlmədin? O deyər: İlahi! Sən aləmlərin Rəbbi, pak və münəzzəhsən. Eyb və nöqsanlardan uzaq olduğun halda ağrı və xəstəliyə tutularsanmı? Allah-Taala buyurar: “Filan mömin qardaşın xəstələndiyi zaman onun görüşünə getmədin. And olsun izzəti cəlalıma, əgər onun görüşünə gəlsəydin, Məni orada görərdin. Bəndəmin xətri əziz olduğu üçün Mən sənin istək və hacətini yerinə yetirərdim. Mən bağışlayan və rəhm edən Allaham”.

İmam Sadiq (ə) buyurur: “Hər kəs Allaha xatir xəstələrin görüşünə gedərsə, Allah-Taala xəstənin onun üçün etdiyi bütün dualarını qəbul edər”.

Bütün bu nəql olunan rəvayətlərdən belə nəticəyə gəlmək olar ki, vaxtaşırı xəstələrin görüşünə gedib onların qəlblərinə sevinc bəxş etmək Allahın razılığına, mələklərin Allahdan həmin şəxsin bağışlanmasını diləmələrinə, bu xeyirxah insanların əbədi cənnətə daxil olmalarına və nəhayət xəstələrin mənəvi rahatlıqlarına səbəb olur.

Görüş zamanı riayət olunması lazım olan şərtlər

Bütün ictimai münasibətlərdə olduğu kimi, xəstələrin görüşünə gedərkən də müəyyən şərtlərə riayət etmək lazımdır:

1.Hədiyyə.

 Xəstələrin görüşünə gedərkən tövsiyə olunan şərtlərdən biri də onlara hədiyyələr bəxş etməkdir. Peyğəmbər (s) bu barədə buyurur: “Hər bir şəxs özünün sevdiyi yeməklərdən xəstələrə də verərsə, Allah-Taala cənnətin (tükənməz) meyvələrini onun ixtiyarında qoyar”.

İmam Sadiqin (ə) səhabələrindən biri deyir: “Dostlarımızdan biri xəstələnmişdi. Ona baş çəkməyə gedərkən yolda İmam Sadiqlə (ə) rastlaşdıq. Bizdən hara getdiyimizi soruşdu. Dedik: “Xəstə dostumuzu ziyarət etməyə gedirik”. Buyurdu: “Onun üçün alma, heyva, üzüm və ya ətir almısınızmı?” Dedik: “Xeyr”. Buyurdu: “Məgər bilmirsinizmi ki, xəstənin qəlbi onun yanına gətirilən hədiyyələrlə təskinlik tapır?”

2.Xəstənin yanında mümkün qədər az oturmaq və onun rahatlığı pozulmamaq.

Xəstələr narahatçılıq və ağrı keçirdikləri üçün istirahət və təkliyə çox ehtiyac duyurlar. Yanlarında çox oturub vaxtlarını almaq onların daha da narahat olmalarına səbəb olur. Bu səbəbdən Peyğəmbərimiz (s) bu məsələyə toxunaraq belə tövsiyə edir: “Ən gözəl görüş qısa və az müddətli olan görüşdür”. Başqa bir yerdə buyurur: “Xəstənin yanında dəvə yerə çökdüyü qədər oturun (yəni çox az müddətdə)”.

3.Xəstələrin halını soruşub onlar üçün dua etmək.

Peyğəmbər (s) bu barədə buyurur: “Xəstələrin görüşünə gedən zaman əlinizi onların üzərinə qoyub səhhətini və gecəni sübhədək necə yatdıqlarını xəbər alın. İstər gəldikdə, istərsə də gedərkən əl-ələ verib onlarla salamlaşın”.

Xəstələrinizi vaxtaşırı yoxlayıb onlar üçün dua edin və deyin: “İlahi! Onu dərd və bəladan uzaq et və Özün ona şəfa, sağlamlıq bəxş et”.

4.Xəstələrə ürək-dirək verib onların ruhiyyəsinin qaldırmaq.

Peyğəmbər (s) bu barədə buyurur: “Xəstənin görüşünə getdiyiniz zaman onlara ürək-dirək verib sağalacağına ümidvar edin. Bu heç nəyi dəyişməsə də, onlarda ruhi arxayınçılığa səbəb olur”.

5.Ev sahibindən təmtəraqlı süfrə açmasını gözləməmək, əksinə, onları imkan daxilində bu işdən çəkindirməyə çalışmaq lazımdır.

Nəql olunmuş rəvayətlərdən birində deyilir: “Peyğəmbər (s) möminlərə xəstələrin yanında yeyib-içməyi qadağan edər və bunun onları savabdan məhrum etdiyini bildirərdi”.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4376, 

Dostların veb səhifələri

14269624
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
8028
3903
28598
14090902
161437
173495
14269624

sizin IP ünvanınız: 44.212.39.149
2024-03-28 22:21

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!