Müqəddəs Məkanlar

Kərbəlanın coğrafiyası və tarixi

Kərbəlanın coğrafiyası və tarixi

 

Kərbəla torpağı Kəldanilərin mülklərindən biri olmuş, onlardan sonra Sasanilərin hakimiyyəti altına keçmişdir.

Hicrətin altıncı ilində Əli (ə) Siffeyn müharibəsinə gedərkən bir az Kərbəla torpağı götürüb iylədi və dedi: “Xoş olsun bu torpagın halına ki, bəziləri bu torpaqdan sorğu-sualsız behiştə gedəcəklər!”

Kərbəla torpağı hələ qədim zamanlardan, hətta İsadan (ə) da qabaq yaşayış məskəni olmuşdur. Kərbəla kəndlər və abad məntəqələrin mərkəzində yerləşmiş, həmin məntəqədə Nəvaris, Qaziriyyə, Neynəva adında, həmçinin Şam şəhəri ilə Fərat çayı arasında bir neçə kənd olmuşdur.

Kərbəla torpağının bir sıra başqa adları da olmuşdur:

Şatil-Fərat,

Niyrə,

Qudsiyyə,

Ərzullahil-muxtar (Allahın seçdiyi yer),

Hir 

Tif.

 

“Kərbəla” sözünün mənşəyinə gəlincə Qazi Nurullah Dustəri və bəzi digər alimlər bu sözün “Kərbələh”dən alındığını qeyd edərək üç məna sadalayıblar:

  • Süstlük. Çünki, Kərbəla torpağı sabit iqlim şəraiti olan bir yer olub;
  • Buğda və digər dənli bitkiləri daş və digər artıq şeylərdən təmizləmək. Kərbəla torpağı da daşsız-kəsəksizdir;
  • Həmin torpaqda çox bitən bir otun adıdır.

 

Bəziləri bu kəlmənin “kərb” və “bəla” sözlərindən təşkil olunduğunu ehtimal edir. Bu iki sözün də mənası qəm-qüssə deməkdir.

İmam Hüseyn (ə) sual etdi ki, bu torpağın adı nədir? Dedilər: “Kərbəla”. Həzrət (ə) buyurdu: “Allahım! Bəla və qəm-qüssədən sənə pənah aparıram!”

Deyirlər ki, həzrət Nuh (ə), Musa (ə), İsa (ə), İbrahim (ə), İsmail (ə), həmçinin Adəm (ə) də yerə endikdən sonra Kərbəladan keçiblər. Onlar hər zaman bu torpaqdan keçərkən xeyli çətinliklə üzləşmişlər. Səbəbini soruşanda cavab olaraq eşidərdilər ki, sonuncu Peyğəmbərin (s) nəvəsi bu torpaqda qətlə yetiriləcək.

Kərbəla torpağı mənbəyini Fərat çayından götürən Hüseyniyyə çayının qərb tərəfində yerləşir. İraqın ən məhsuldar torpağı olmaqla, hər növ əkinçilik üçün əlverişlidir.

 

İmam Hüseyn (ə) ziyarətgahının tarixi

Şeyx Tusinin “Əmali” kitabında yazdığı rəvayətlərdən anlaşılır ki, Əməvilərin hakimiyyəti zamanında imam Hüseynin (ə) qəbrinin üzərində Muxtar və onun dostlarının düzəltdikləri bir sıra qəbirüstü nişanələr mövcud olmuşdur. Bu nişanələr hicrətin 64-cü ilindən 72-ci ilinə qədər qorunmuşdur.

İmam Hüseynin ziyarətinin keyfiyyətini bəyan edən hədislərdən anlaşılır ki, Bəni-Üməyyə hakimiyyətinin son dövrlərində o həzrətin (ə) qəbrinin üstündə bəzi tikililər və məscid mövcud olmuşdur. Abbasi xəlifələrinin, xüsusən də, birinci Abbasi xəlifəsi olan Səffahın zamanında vəziyyət bir az da yaxşılaşdı, təmir işləri həyata keçirildi. Baxmayaraq ki, həm Bəni-Ümməyənin, həm də Abbasilərin dövründə Həzrətin qəbrinin dağıdılması halları da baş vermişdi. Məsələn, Harun ər-Rəşid ziyarətə gələnlərə əziyyət verərdi. Hətta yadigar kimi saxlanılmş Sidr ağacını kəsdirib İmamın (ə) qəbrinin yerini şumlatdırdı, ətrafdakı tikililəri dağıtdı.

236-cı hicri ilində Mütəvəkkil Abbasi Həzrətin qəbrinin yerini şumladı, oraya su buraxdırdı, amma möcüzə baş verərək su qəbri dağıtmadan kənardan axdı. Həmin miqdar, yəni suyun kənara çəkildiyi hissə Hüseynin məzarı hesab olunur ki, namaz qılan həmin yerdə namazını qəsr və ya tamam qılmaqda ixtiyar sahibidir. Amma bəziləri bu hökmü oradakı məscidə, bəziləri də bütün Kərbəlaya şamil edirlər. Qəmqamın tarixi və Şeyx Tusinin “Əmali” kitabında qeyd edilir ki, Mütəvəkkil Abbasi öz hakimiyyəti zamanı həmin vəhşi əməlini 17 dəfə təkrarlamışdır. 247-ci ildə həccə gedən Əbdullah ibn Rabiyə deyir: “Mən həcdən qayıdarkən ziyarət məqsədilə Kərbəlaya getdim, amma imam Hüseynin (ə) qəbri-şərifindən heç bir əsər-əlamət görmədim. Oranı tamamilə su basmışdı. Öz əsamla nə qədər axtarsam da qəbri tapa bilmədim”.

Mütəvəkkil Abbasi hicri təqvimilə 247-ci ilin şəvval ayında oğlu Müntəsir tərəfindən Cəhənnəmə vasil edildi. Müntəsir şiələrlə yaxşı davranırdı. Ondan sonra hakimiyyətə Əzudud-dövlət Deyləmi gəldi və o, da ehtiramla davranaraq qəbirlərin əvvəlki vəziyyətini bərpa etdi. 371-ci ildə qəbirlərin üzərində gümbəzlər tikdirdi, fil sümüyündən zərih düzəltdirib imam Hüseynin (ə) qəbrinin üzərinə qoydurdu.

767-ci hicri ilində poladdan düzəldilmiş çərbənd qəbrin üzərinə qoyuldu. Padşahların zamanında bu çərbəndlər dəyişdirilib xəzinələrdə saxlanılırdı. Şah İsmayıl Səfəvinin zamanında onun əmrilə həmin çərbəndin oxşarları düzəldilərək İmam Musa Kazım (ə) və İmam Muhəmməd Təqinin (ə) qəbirlərinin də üzərinə qoyuldu.

Hicrətin 926 və 932-ci illəri arasında altı il müddətinə çərbəndlər düzəltdirildi. Birini imam Əlinin (ə), digərini isə imam Hüseynin (ə) qəbrinin üzərinə qoydular. Əvvəlki çərbəndlərin uzunluğu 4 metr, eni 3,1 metr olmuşdur. Həmin çərbəndlər bu heyrətamiz işdə böyük zəhmətlər çəkmiş usta Səni Xatəmin əl işləri olmuşdur.

Hicrətin 914-cü ilində Şah İsmayıl Səfəvi Bağdadı fəth edəndən sonra Kərbəlanı ziyarət etdi. O, imam Hüseynin (ə) zərihinin ətrafına qızıldan bəzəklər vurdurub hərəmə 12 qızıl qəndil hədiyyə etdi. Həmçinin gümüşdən düzəldilmiş bir zərihi də müqəddəs ziyarətgaha bağışladı. 932-ci ildə həmin zərihin düzəldilməsi başa çatandan sonra Şah İsmayıl bir gecə Həzrətin hərəmində qalıb, oradan Hiləyə, daha sonra isə Nəcəfə getdi.

Qacarilərin zamanında imam Hüseynin (ə) günbəzi üç dəfə qızıl suyuna çəkilmişdir. Birinci dəfə hicrətin 1207-ci ilində Ağa Məhəmməd şah Qacar tərəfindən, ikinci və üçüncü dəfə isə Fətəli şah Qacar tərəfindən. Fətəli şah 1214-cü hicri ilində gümüşdən bir zərihi də hərəmə hədiyyə etdi və o zərih indiyə qədər qalmaqdadır. Baxmayaraq ki, vəhhabilər ona ciddi zərər yetirmişlər. Belə ki, miladi 1801-ci ildə vəhhabilər Kərbəlaya hücum edib 3000-dən çox insanı qətlə yetirdilər. İmam Hüseynin (ə) sənduqəsini dağıdıb türbədəki qiymətli əşya və hədiyyələri qarət etdilər.

Müqəddəs Kərbəla torpağına edilmiş bu vəhşi hücumlar, dağıntı və qarətdən sonra Fətəli şah Qacar Şeyx Cəfər Kaşiful-Ğitanın köməyilə çox böyük təmir işləri həyata keçirtdi. Ondan sonra Məhəmməd Əli Mirzə də bəzi təmirlər apardı. Daha sonra Nəsrəddin şah Qacar hicrətin 1273-cü ilində hərəmdə zərgərlik işini həyata keçirtdi. Hicrətin 1355-ci ilində Kərbəlanı ziyarət edən Sultan Tahir Seyfəddin İsmaili əmr etdi ki, imam (ə) Hüseynin zərihini xalis gümüşdən hazırlasınlar. Bu zərihin düzəldilməsi 1358-ci ildə başa çatdı və qəbrin üzərinə qoyuldu.

 

İmam Hüseynin (ə) ziyarətinin fəziləti

Hədislərdə imam Hüseyni (ə) ziyarət etməyin günahların bağışlanmasına səbəb olduğu qeyd olunur. Bəzi hədislərdə bu ziyarət qul azad etməyə, həcc, umrə və cihada bərabər tutulmuşdur.

“Ziyarətnamələr”

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 


 4542, 

Dostların veb səhifələri

15652235
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
639
7422
47782
15456216
127374
160067
15652235

sizin IP ünvanınız: 3.145.43.200
2024-12-22 01:39

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!