Print this page

Misralar

Aşiq odu

 
(1 Vote)

Aşiq odu

Aşiq odu, eşqin təməlindən mayalansın
Aşiq odu, Məşuqi deyən tək yaralansın.
Aşiq odu, hicrin oduna şövq ilə yansın
Aşiq odu, bu cəngidə mərdanə dayansın.
---
Aşiq odu, oxlar əkə gül sinədə yan-yan
Aşiq odu, minadə qala peykəri üryan.
Aşiq odu, sər nizədə eşqin edə elan,
Aşiq odu ki, kəlmeyi-eşqi qoya heyran.
----

Aşiq odu, minada tapa vəslinə imkan,
Aşiq odu ki, başı ola nizədə peykan.
Aşiq odu, tənsiz başı zikr eyləyə Quran,
Aşiq odu, eşqi ola aşiqlərə mizan.
---
Aşiq odu, səhravu-biyabanı dolansın,
Aşiq odu, ruhu bədənindən aralansın.
Aşiq odu, Haqqa görə başı paralansın,
Aşiq odu ki, xeyməsi zülm ilə talansın.
---
Aşiq odu, torpaq tapa rütbə qədəmindən,
Aşiq odu, məstanələr öpsün hərəmindən.
Aşiq odu, kafər də pay alsın kərəmindən.
Aşiq odu, fəxr eyləsin aləm bu zəmindən
---
Aşiq odu, aşiq ola Cananə binadən,
Aşiq odu, əllər boyana qanlı hənadən.
Aşiq odu, merac eləyə eşqi Minadən,
Aşiq odu,  “Ləbbeyk” eşidə Tur-Sinadən.
---

Aşiq odu, Məşuqi bilə eşqə müdərris,
Aşiq odu, dərsin alıb olsun mütəxəssis.
Aşiq odu, dərsin edə aləmlərə tədris,
Aşiq odu üç hərfə ola ali mühəndis.
---

Aşiq odu, Məcnun ola, Leyla deyə, əhsən,
Aşiq odu ki, eşqinə Taha deyə, əhsən.
Aşiq odu ki, şəninə Zəhra deyə, əhsən,
Aşiq odu ki, mat qala hura deyə, əhsən.
---

Aşiq odu ki, şövqinə Canan deyə, əhsən,
Aşiq odu, Sarallah ola, qan deyə, əhsən.
Aşiq odu ki, cuşə gəlib, can deyə, əhsən,
Aşiq odu, Cənnət ola heyran, deyə, əhsən.
---

Aşiq odu, adı ola aşiqlərə sərvər,
Aşiq odu, aşiqlər edə, adını əzbər.
Aşiq odu, eşqi ola hər zivərə zivər,
Aşiq odu, Yox tay Ona eşqində bərabər.
---
Aşiq odu, “Əyn” hərfini gözdə edə məskun,
Aşiq odu, “Şin” tək edə pərvanəni məftun.
Aşiq odu, ”Qaf” tək ola hər ləhzədə məhzun,
Aşiq odu, təfsir edə “eşqi” belə əfzun.
---
Aşiq odu, eşqi yarada göydə büsatı,
Aşiq odu, eşqi eləyə həyy məmatı.
Aşiq odu mədrəs ola üşşaqə həyatı,
Aşiq odu, ”Ləbbeyk”i verə canə nicatı.
---
Aşiq odu, sərməst ola məstanələr içrə,
Aşiq odu, məşhur ola divanələr içrə.
Aşiq odu, qalib ola mərdanələr içrə,
Aşiq odu, alim ola fərzanələr içrə.
---
Aşiq odu, Məşuqini gördükcə güc alsın,
Aşiq odu, üşşaqilər eşqində saralsın.
Aşiq odu, min dörd yüz il adı diri qalsın,
Aşiq odu ki, pərçəmi göylərdə ucalsın.
---
Aşiq odu ki, yazdığı daim ola gerçək,
Aşiq odu, təb cuşə gələ gerçəyi görcək.
Aşiq odu, şeiri yayıla sinəyə bal tək,
Aşiq odu, ”Seyid”, sənə əhsən deyə bişəkk.

Seyid Nurəddin Dərafərin

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 

 


 4714,