Məhəbbət Ocağı

Ailə həyatını xoşbəxt edən “Yeddi qızıl qayda”

 
(0 votes)

                                                                                  Ailə həyatını xoşbəxt edən “Yeddi qızıl qayda”

          Xanımlara tövsiyyə                                                                                               

1- Öcəşmək lazım deyil   

2- Ərinizin xasiyyətini dəyişməyə çalışmayın

3- Tənqid etməyin

4- Bir-birinizə səmimi minnətdarlığınızı bildirin

5- Bir-birinizə kiçik diqqət yetirin

6- Xoşrəftar olun

7- Ər-arvad həyatının əsas bağlılıq münasibətləri haqqında yaxşı məlumatlar əldə edin və fəal olun

 

1- Öcəşmək lazım deyil

Ailə xoşbəxtliyinə qəbir qazmağın təcili yolu qısqanclıqdır. Qısqanclıq hissi qadınları məhv edir, şübhələr onları əldən salır. Hətta bu üzdən ərlərinin əmrlərinə tabe olmurlar. Əgər bir qadının qısqanması hələ yersiz deyilsə, ərini tənqid etməyə başlayır. Beləliklə, ardı-arası kəsilməyən mübahisələr başlayır və öz xanımından qaba rəftar görən ər sözsüz ki, onu səbirsizliklə gözləyən digər xanımın yanına yollanacaq. Artıq burda əvvəlki münasibəti bərpa etmək mümkün deyil, nə etmək lazım idisə bura qədər olmalıydı. Belə qadınlar qısqanclıq və öcəzkənliyikləri ilə yalnız öz başlarına bəla açırlar. Məhəbbəti məhv etməyin başlıca səbəbi qadınların öcəşkənliyidir. Yaxud “Boston Post” qəzetnin yazdığı kimi, “Bir çox qadınlar özlərinin ailə xoşbəxtliyinin qəbrini qazmış, bu qəbri yavaş-yavaş dərinləşdirmişlər”.

Beləliklə, ailə həyatınızı xoşbəxt saxlamaq istəyirsinizsə, birinci qaydaya əməl edin. Öcəşmək lazım deyil!

2- Ərinizin xasiyyətini dəyişməyə çalışmayın

Qadının istəyi ilə xasiyyətini dəyişməyə məcbur qalan kişiyə çox nadir hallarda rast gəlmək olar. O sizə elə gəlir, əslində isə nəinki xasiyyətini dəyişmir, hətta bunu etməyi belə düşünmür. Bu kişilərə zidd xüsusiyyətdir. Heç bir qadın deməsin ki, mən ərimin xasiyyətini dəyişdim. Xasiyyətini dəyişməli olan biri varsa o qadın olmalıdır və ərinin istədiyi kimi olmalıdır. Odur ki, ərinizin xasiyyətini dəyişməyə çalışmayın! Əks halda vəziyyəti daha da pisləşdirəcəksiniz. Amma onun səhvlərinə gəlincə isə bunu mülayim yolla da həll etmək olar. Hər halda lətiflik xüsusiyyəti qadınlara xasdır, kişilər isə əksər hallarda qadının ürəyini ələ almağı bacarmırlar, yaxud da göstərə bilmirlər. Onlar sərt rəftar da ola bilərlər. Buna görə narahat olmaya dəyməz. Kişi nə qədər tünd xasiyyətli olsa qadın öz mülayim rəftarı ilə ailə həyatını davam etdirə biləcək. 

3- Tənqid etməyin

Tənqid insanı ruhdan salan bir xüsusiyyətdir. Kişilər isə tərifi daha çox sevirlər nəinki qadın tərəfdən tənqid olunmağı. Heç bir qadının ərini tənqid etməyə haqqı yoxdur. Ailə həyatını xoşbəxt saxlamağın bir yolu da tənqiddən uzaq olmaqdır. Bir çox boşanma hadisələri də elə bu səbəbdəndir. Çünki, tez-tez davam edən tənqid, öcəşmə artıq vərdiş halı alır ki, bunun da sonu yaxşı nəticələnmir. 

4- Bir-birinizə səmimi minnətarlığınızı bildirin

Minnətdarlıq və səmimi bağlılıq həqiqi ailə xoşbəxtliyinin əsasıdır. Xüsusən qadınlar həyat yoldaşlarından həmişə səmimi minnətdarlıq və əldə etdikləri hər hansı bir nailiyyətə görə onlardan alqış gözləyirlər. Amma müsbət münasibət görmədikdə çox məyus olur və onların uğuruna düzgün qiymət verənlərə üz tuturlar. Bu halda qadınlar səhfə yol verir və bir şeyi unudurlar. Əslində qadının hər nə qədər üstün cəhətləri olsa belə, onu həyat yoldaşının yanında dilə gətirməməlidir. Çünki, kişilər öz xanımlarının üstünlüyünü həzm edə bilmirlər. Diqqət etsəniz qadının ictimaiyyətdə məqamı üstün olanda ailədə kişi onu alqışlamır, yaxud da irəliləməsinin qarşısını alır. Çünki, bunu özünə təhlükə kimi görür. İrəliləyən günlərdə xanım əldə etdiyi mövqeyinə, gücünə görə onu tərk etməyəcəyi nə məlum? Bu kimi suallar onun zehnini yorur. Zahirən onlara minnətdarlıq bildirsələr də yenə qəlblərində bəzi kölgə yaranır və bunu yalnız qadın aradan apara bilər. Təbii ki, ərinin yanında öz üstünlüyünü nümayiş etdirməməklə və ərinin üstün cəhətlərini gözəl sözlərlə iqrar etməklə yanaşı olmalıdır. Qadın nə qədər bacarıqlı, güclü olsa da, yaranış baxımından özünü güclü hesab edən kişidən heç vaxt üstün sayılmaz. Minnətdarlıq, təşəkkür etmək elə xüsusiyyətlərdəndir ki, hətta məhəbbətin zəifləndiyi bir ailəni dağılmaqdan saxlayır. Xoşbəxtliyi hər iki tərəfin minnətdarlığında tapmaq da ailə səadətindəndir. Lakin bəzən tam surətdə iki nəfər arasındakı anlaşma müvafiqliyi qeyri-mümkün olur. Bu məsələ o qədər aydın və məlumdur ki, filosoflardan bəziləri bu haqda “Hər bir kəs özünə bağlıdır” yəni mahiyyət nəzərindən başqası ilə fərqi vardır söyləmişlər. Elmi ifadə ilə desək, insan özünə həsr olunmuş bir növdür. Yəni, hər bir insanın vücud və varlığı başqası ilə fərqlidir. Buna görə də, qadın və kişinin xasiyyət sarıdan tam müvafiq olaraq sırf müsbət bir nəticəyə yetişməsini gözləmək lazım deyil. Ruhiyələrin müxtəlifliyinə görə evin isti ocağının soyuq və ruhsuz olmaması ilə yanaşı, yaşayışa ürək sıxıntısı və qəmginlik yol tapmasın deyə müxtəlif təqdirəlayiq tədbirlər fikirləşmək lazımdır. Bu məsuliyyət daha çox qadının üzərinə düşür. Bundan əlavə, qadın ailəylə bağlı hər hansı bir məlumat əldə etmək istəsə gərək diqqətli olsun, çünki, bu sahənin bəzi mütəxəssisləri, psixolqları belə həqiqətlə uyğunlaşmayan bir sıra nəzərləri cəmiyyətə çatdırırlar. Məs: Los-Anjeles Ailə Münasibətləri İnstitutunun direktoru Pol Popenoy belə bir fikri irəli sürüb deyir: - “Kişilərin əksəriyyəti arvad seçərkən ev sahibəsi yox, cazibədar, şöhrət düşkünlüyünə aludə olan və kişilərdən üstünlüklərini hiss etdirən qadın axtarır”. Bu kimi məlumatlara bir şox kitablarda rast gəlmək olar. İnsan əqli ilə məntiqlə düşünəndə bu nəticəyə gəlir ki, əgər bir qadında yuxarıda qeyd olunan üç xüsusiyyətdən hamısı deyil, hələ biri olsa həmin ailə həyatı çox uzun sürməz. Bəzi digər ölkələrdə ailə dağılmasının əsas səbəbi qadının özünü ərindən üstün bilməsidir. Həmçinin belə halda istəyir əri daim ona təşəkkür etsin. Dahi, tanınmış Azərbaycan xanımların həyatına nəzər salsaq görərik ki, onların ailə həyatında səmimi minnətdarlıq ən çox özləri tərəfindən olub. Biz bir müsəlman xanımı olaraq ilk öncə ailədə və cəmiyyətdə gözəl əxlaqi davranışları ilə tanınmış müsəlman qadınlarından ibrət almalıyıq. Qadının ictimaiyyətdə əldə etdiyi müvəffəqiyyət onun isti ailə ocağını soyutmamalıdır və bilməlidir ki, qazandığı şöhrətə, uğura görə ən başlıcası öz ərinə borcludur və ona minnətdar olmalıdır. Çünki, “Qadını qalib edən cəmiyyətdə iştirak etməsinə evdən icazə verən kişidir”. Buna görə də ailə həyatını xoşbəxt saxlamaq istəyən hər bir qadın bu nöqtələrə diqqət yetirməlidir.  

5- Bir-birinizə kiçik diqət yetirin

Bu qadın üçün çox şey deməkdir. Gül qədim zamanlardan bəri məhəbbət rəmzi hesab olunur. Xüsusilə mövsümündə qiyməti ucuzdur. Çox vaxt yolların kənarında gül bağçalarına rast gəlmək olar. Amma kişilərin sarı nərgiz gülünü evə nə qədər nadir hallarda gətirdiklərini nəzərə alsaq, ehtimal vermək olar ki, guya həmin gül səhləb kimi bahalı və gec tapılandır. Gül təqdim etmək üçün mütləq xanımın xəstəxanada yatması gərəkdirmi və ya nəsə əlamətdar bir gün olmalıdır? Bu üsul bütün qadınların ürəyincədir, çünki, elə bir qadın yoxdur ki, çiçəkləri sevməsin, onun dəyəri fərq etməz, gül elə güldür, istər dükandan alınsın, istərsə də düzənlikdən lalə dərib qadına təqdim edilsin. Burada əsas məqsəd qadına kiçik diqqət göstərməkdir. Qadın qəlbi incə və kövrək olduğu üçün incəlik tələb edər. Qadınların həyat yoldaşlarına kiçik diqqət göstərmələrinə gəlincə isə bu onlar üçün bir qədər çətin olur. Beləki əksər xanımlar diqqət göstərməkdən çox özlərinə qarşı diqqət gözləyirlər, amma bu hal qarşılıqlı olmalıdır. Əslində kişinin diqqətsizliyi bəzən bir sıra səbəblərdən ola bilər, işin çoxluğu, yorğunluq, ailə məsuliyyəti və s. Bu heç də o demək deyil ki, o xanımına qarşı diqqətsizdir. Əksər kişilər qəlblərindən keçəni açıb deməyi bacarmırlar, bu ya onların qürurlarından irəli gəlir və ya daim hədd saxlamalarından, hər qəlbindən keçəni açıb deyən çox vaxt qadındır.

Qırx min ər-arvadın mübahisələrini nəzərdən keçirmiş və iki min ər-arvadı barışdırmış Çikaqolu hakim Cozef Sabbat deyir:

"Əksər hallarda qadın ixtilafının əsasını xırda şeylər təşkil edir. Ər səhər işə gedərkən ona əl etmək adəti kimi sadə şey çoxlu boşanmanın qarşısını alırdı. Ər öz məhəbbətini kiçik hədiyyələr və diqqət əlamətləri ilə möhkəmləndirməyə vaxt əsirgəməmişsə bu onun ailə qayğısına zidd deyil. Əgər həqiqətən ailəni qoruyub saxlamaq istəyiriksə xeyirxaqlıq və fədakarlıq göstərməliyik. Hər necə olursa olsun kiçik problemlər, diqqətsizliklər ailədə böyüdülməməli və sonu yaxşılıqla nəticələnən bir tərzdə həllini tapmalıdır. Ailənin özü kiçik olsa da məsuliyyəti çətindir".

6- Xoşrəftar olun

Çox qəribə olsa da danılmaz faktdır ki, əslində xoşagəlməz, təhqiramiz hərəkətlər edib, qəlbə toxunan sözlər ifadə edən insanlar ailə üzvləridir. Bəzən cəmiyyətdə gözəl rəftarla tanınan şəxs ailədə bunun əksinədir. Eyni zamanda ər-arvadın şəxsi ailə səadəti üçün rahatlığı cəmiyyətdəki işgüzar münasibətlərdən daha vacib və əhəmiyyətlidir. Nəzakət bu adamda elə yüksək keyfiyyətdir ki, burda artıq insan nəzakət göstərənin özündən çox deyəcəyi sözə diqqət edir. Nigahda nəzakətli münasibət quru torpağa su qədər vacibdir.  

7- Ər-arvad həyatının əsas bağlılıq münasibətləri haqqında yaxşı kitab oxuyun və fəal olun

Ər-arvad arasındakı bağlılıq bəzən zəifliyə doğru gedir. Həmçinin, illər ötdükcə münasibət sanki köhnəlir. Əksərən bu şəraiti yaradan qadınlardır. Əgər bir kişi xanımına əhəmiyyət verməsə, vaxtının çoxunu dostları ilə keçirirsə və xanımı evdə tək qoyursa, qadın belə halda nə etməlidir?

Yaxşı olar ki, kişi həyat yoldaşının hiss və istəklərinə əhəmiyyət versin. Lakin belə hallarda ər-arvadın münasibətlərinə aid olan başqa nöqtə var. O da budur ki, qadın kişini öz tərəfinə cəzb etmək və öz istəklərinə boyun əyməyə məcbur etmək qabiliyyətinə malikdir. Bu, Allahın qadına bəxş etdiyi cinsi cazibədarlıq və gözəlliyə görədir. Lakin, bəzi qadınlar bu nemətdən kamil şəkildə istifadə edə bilmir və öz gözəlliklərini başqa yerlərdə nümayiş etdirirlər. Öz ərlərinin yanında isə bəzənməyə lazimi diqqət göstərmirlər, üstəlik ərin onlara tərəf cəzb olunmasını istəyirlər. Bu mümkün deyil, qadın öz gözəlliyi, bəzənməsi və cinsi cazibədarlığı ilə ərini öz tərəfinə çəkməlidir. Düzdür, bu məsələ mühümdür. Lakin, bundan da mühüm olanı kişinin gözündə daim təzə və cazibəli qalmaqdır və təkcə bəzənməklə bitmir. Bununla yanaşı qadının deyəcəyi sözü, baxışı, emosiyaları daha çox rol oynayır. Bəzən kişilər özlərinə həmsöhbət qadın axtarırlar. Ümumiyyətlə həqiqət budur, kişilər qadınları kamil görmək istəyirlər. Hətta davranışca kamil olmayan kişi də hər xüsusiyyətin gözəlini xanımında görmək istəyir. Odur ki, ailə münasibətlərinin qorunmasında xanımlar daha çox çalışmalıdırlar.

Qeyd olunan yeddi qayda ailə təməlinin möhkəmlənməsində mühüm rol oynayır və bir-birinə bağlı rəftarlardır. Əgər bunların hamısı bir yerdə cəm olunsa bir ailənin dağılmaması üçün çıxış yoldur. Hər nə qədər "Müasir dövr ailəmizə nifaq salır" desələr, bu fikirlə razılaşmamalıyıq. Hər bir zamanda müəyyən səbəblər üzündən ailələrdə nifaq yaranıb və davam etməkdədir. Unutmayaq ki, məhəbbət, səmimiyyət, vəfalı olmaq, fədakarlıq, səbr və s. bu kimi xüsusiyyətlər hər zamana aiddir. Sevgi hörmətdən yaranır. Əgər gözəl rəftar olmasa sevginin təsiri aradan gedər. Sevmək məharət deyil, eşqi qəlbdə böyütmək çətindir. Nə qədər məhəbbət qəlbdə genişlənsə və gündən-günə artsa, təzə qalsa bir o qədər ailə bağları möhkəmlənər. Çünki, insan məhəbbət bəslədiyi adama itaət edər və daim onun xoşuna gələn işləri görmək istəyər. Özünü ona sevdirmək üçün çalışar. Necə ki, buyurulur: "Həqiqi eşq Allaha məxsusdur", çünki, bu sevgi bəndəni Allaha itaət etməyə sövq edir. İnsanlara gəlincə biz onları özümüzə məbud qərar verməməliyik, hər insanın nöqsanı olur. Sadəcə ailədə bir-birinə bəslənən məhəbbət doğru anlaşmaya səbəb olur. Ailənin əsas təməli həqiqi məhəbbətdir və rəftarlar ona görə qurulur.

 

 İlahiyyatçı: Ə. Sara. 

                                                                                       Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 2914, 

Dostların veb səhifələri

15648775
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4601
8065
44322
15456216
123914
160067
15648775

sizin IP ünvanınız: 3.15.149.227
2024-12-21 14:22

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!