Nur Silsiləsi

Saleh peyğəmbər (ə)

Saleh peyğəmbər (ə)

Salehin (ə) qövmü Ad qövmündən sonra yaşamışdır. Bu qövm o qədər inkişaf etmişdi ki, aran yerlərdə qəsrlər ucaldır, dağlarda isə evlər tikirdilər. Yayda qəsrlərdə, qışda dağlarda yaşayırdılar. Belə ki, Qurani-kərim buyurur:

وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ عَادٍ وَبَوَّأَكُمْ فِي الأرْضِ تَتَّخِذُونَ مِنْ سُهُولِهَا قُصُورًا وَتَنْحِتُونَ الْجِبَالَ بُيُوتًا فَاذْكُرُوا آلاءَ اللَّهِ وَلا تَعْثَوْا فِي الأرْضِ مُفْسِدِينَ

“Və yada salın o zaman(ı) ki, sizi Ad qövmündən sonra canişinlər etdi və sizi yer üzündə yerləşdirdi. Onun düzənliklərində (yay) saraylar(ı) tikirsiniz və dağları yonub (qış) evlər(i) düzəldirsiniz. Buna görə də, Allahın nemətlərini xatırlayın və yer üzündə fitnəkarcasına fəsad törətməyə qalxmayın” (“Əraf” surəsi, ayə 74).

 

Ayədən anlaşılır ki, bu qövm İbrahimin (ə) müasiri olan Lutdan (ə) əvvəl yaşamışdır. Bu səbəbdən də Saleh (ə) rəsullar cərgəsində üçüncü yerdə durur.

Ayələrdən həmçinin bu da aydın olur ki, onlar “Hicr” adlı yerdə də yaşamışlar. Belə ki, buyurur:

وَلَقَدْ كَذَّبَ أَصْحَابُ الْحِجْرِ الْمُرْسَلِينَ

“Və həqiqətən Hicr əhalisi Allahın peyğəmbərlərini təkzib etdilər” (“Hicr” surəsi, ayə 80).

 

Saleh (ə) bu qövm üçün göndərilmiş yeganə peyğəmbərdir. Amma bütün peyğəmbərlərin məqsəd və məramı eyni olduğu üçün onların birini təkzib etmək hamısını inkar etmək deməkdir. Buna görə də başqa yerdə buyurur:

كَذَّبَتْ ثَمُودُ الْمُرْسَلِينَ

“Səmud qövmü də Allahın bütün peyğəmbərlərini təkzib etdi” (“Şuəra” surəsi, ayə 141).

 

كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ

“Səmud qövmü də bizim qorxudanlarımızı və xəbərdarlıqlarımızı təkzib etdi” (“Qəmər” surəsi, ayə 23).

Təfsirçilər bu qövmü “məhv olmuş” ərəb qövmlərindən hesab edirlər.

 

“Sizi Ad qövmündən sonra canişin qərar verdi” – ayəsinin hökmünə əsasən “Hicr” ərəb torpaqlarında yerləşən bir məntəqədir. Buna görə də onlar öz aqibətlərinin necə olacağından xəbərdar idilər. Saleh (ə) də öz qövmünü onların başına gələcək müsibətlərlə qorxudurdu.

Hud qövmü “Əhqaf” məntəqəsində məskunlaşmışdı. Əhqaf da Ərəbistanda “Həzrə Mövtün” şimalında və “Ommanın” şərqində yerləşir. Təbii ki, səmudluların ərazisi də bu məntəqələrin yaxınlığında olmalıdır. Quran da bu barədə buyurur ki, onların torpaqları risalət əsrinin camaatı arasında məşhur idi. Şam və Hicaza səfər edərkən oradan keçmələri mümkündür və əgər düşüncəli şəxslər olsaydılar onlardan ibrət alardılar. Belə ki, “Nəml” surəsinin 52-ci ayəsində buyurur:

 “Beləliklə bu, onların viran və bomboş qalmış evləridir. Həqiqətən, bunda bilən bir qövm üçün ibrət nişanəsi vardır”.

Onların əsas məşğuliyyəti əkinçilik və bağbanlıq idi. Ayə də göstərir ki, o torpaqlarda bağlar, əkin sahələri və xurmalıqlar varmış.

 

Dəvətin möhtəvası və təbliğ üsulu

Quran ayələri göstərir ki, Salehin (ə) dəvətinin əhatə dairəsi və təbliğ üsulu digər ilahi elçilər kimi olub. Bu müştərək nöqtələr bunlardır:

  1. O da başqa peyğəmbərlər kimi bütpərəst bir qövmə göndərilmişdir. Buna görə də öz qövmünü təkallahlığa çağıraraq buyurur:

قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَهٍ غَيْرُهُ

“O dedi: Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin Ondan başqa bir tanrınız yoxdur...” (“Hud” surəsi, ayə 61)

 

  1. Saleh (ə) onları təqva və pərhizkarlığa dəvət edir.

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَالِحٌ أَلا تَتَّقُونَ* فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

“O zaman onların (qəbilə) qardaşları Saleh onlara dedi: Məgər (şirk və küfürdən) çəkinmirsiniz?” “Belə isə, Allahdan qorxun və mənə itaət edin!”  (“Şuəra” surəsi, ayə 142-144)

 

  1. Ayələrdən istifadə etməklə aydın olur ki, Salehin (ə) qövmü həm fəsad edir, həm də fəsad edənlərin ardınca gedirdilər. Saleh (ə) onları yalnış yoldan belə çəkindirir.

فَاذْكُرُوا آلاءَ اللَّهِ وَلا تَعْثَوْا فِي الأرْضِ مُفْسِدِينَ

“Buna görə də, Allahın nemətlərini xatırlayın və yer üzündə fitnəkarcasına fəsad törətməyə qalxmayın” (“Əraf” surəsi, ayə 74).

 

  1. Saleh (ə) onlara şükrü yerinə yetirilməli olan İlahi nemətləri xatırladır:

هُوَ أَنْشَأَكُمْ مِنَ الأرْضِ وَاسْتَعْمَرَكُمْ فِيهَا فَاسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوا إِلَيْهِ إِنَّ رَبِّي قَرِيبٌ مُجِيبٌ

 “Sizi yerdən yaradan və sizə orada həyat verən və sizdən oranı abadlaşdırmağınızı istəyən Odur. Buna görə də, Ondan bağışlanmaq diləyin, sonra ona tərəf qayıdın. Şübhəsiz, mənim Rəbbim (Öz bəndələrinə) yaxın və (onların dualarını) qəbul edəndir” (“Hud” surəsi, ayə 61).

 

  1. Dəvətində ixlasa əsaslanan Saleh (ə) də başqa peyğəmbərlər kimi öz təbliğinin əvəzində muzd və mükafat istəmir. Bu, bütün peyğəmbərlərin şüarıdır:

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلا عَلَى رَبِّ الْعَالَمِينَ

“Mən buna (risalətə) görə  sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsindədir” (“Şuəra” surəsi, ayə 145).

 

Salehin möcüzəsi

Bütün İlahi peyğəmbərlər öz iddialarının doğruluğunu möcüzə gətirməklə təsdiq etmiş, möhkəmləndirmişlər. Bəzi peyğəmbərlər dəvətin ilk anlarından möcüzə ilə silahlanmış, bəziləri isə camaatın istəyinə əsasən möcüzə göstərmişlər. Salehin möcüzəsi haqda olan ayələrdən belə aydın olur ki, o, möcüzəni insanların tələbindən sonra gətirmişdir.

Təbii olaraq hər bir peyğəmbər öz dövrünün geniş yayılmış, inkişaf etmiş sahəsinə uyğun olaraq möcüzə gətirirdi. Amma bu o zaman olur ki, nübuvvət iddiaçısı möcüzəni insanlar istəməmişdən əvvəl gətirsin və camaatı mübarizəyə çağırsın. Həzrət Salehin (ə) hadisəsi də bu cür idi.

Məlum məsələdir ki, daşı, torpağı canlı varlığa çevirmək və ya qayadan canlı bir varlığı çəkib çıxarmaq mümkün deyil. Amma Allahın qüdrətini bütün qüdrətlərdən üstün bilən allahpərəstlər bilirlər ki, bu, Onun əlində çox asan bir işdir.

Həzrət Saleh (ə) öz qövmünün istəyini yerinə yetirdi və Allahın əmri ilə qayadan canlı bir dəvə çıxartdı. Sonra onlara xəbərdarlıq etdi ki, bu möcüzəyə ehtiram qoyaraq həmin heyvanla başqa heyvanlar kimi rəftar etməsinlər. Çünki, bu dəvə İlahi möcüzələrdəndir  və xüsusi hörmətə, kəramətə malikdir. Belə ki, buyurur:

 

قَدْ جَاءَتْكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُمْ هَذِهِ نَاقَةُ اللَّهِ لَكُمْ آيَةً فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللَّهِ وَلا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ أَلِيمٌ

“Şübhəsiz, sizin üçün Rəbbiniz tərəfindən bir dəlil-sübut gəlmişdir. Bu, Allahın sizin üçün bir nişanə olan dişi dəvəsidir. Buna görə də onu buraxın Allahın (yaratdığı) yer üzündə otlasın, ona zərər və ziyan vurmayın, yoxsa sizi ağrılı bir əzab yaxalayar” (“Əraf” surəsi, ayə 73).

 

Digər ayədə isə buyurur:

إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِر

“Həqiqətən, Biz o dişi dəvəni onları sınamaq üçün göndərdik. Buna görə də onları(n aqibətlərinin necə olacağını) gözlə və səbr et” (“Qəmər” surəsi, ayə 27)

 

Xalqın istəyi ilə möcüzə gətirilməsi

“Qəmər” surəsinin 27-ci və “Şuəra” surəsinin 154-cü ayələri göstərir ki, həzrət Salehin (ə) ilk günlərdən möcüzə gətirməsi camaatın istəyi ilə baş verib. Allah bu barədə buyurur: “Biz dəvəni onları sınamaq üçün göndərdik. Sən onların işinin sonunu gözlə”. Həmçinin “Şuəra” surəsinin 154-cü ayəsindən də aydın olur ki, həzrət Saleh insanların istəyindən sonra möcüzə gətirib. Belə ki, buyurur:

“Sən yalnız bizim kimi bir bəşərsən, əgər doğru deyirsənsə bir möcüzə gətir”.

Dağın içindən dəvənin yaradılması bir möcüzə, onun yaşaması isə bir sınaq idi. Çünki Allah Salehə əmr etmişdi ki, onlara desin: “O çeşmədən bir gün Salehin qövmü, başqa bir gün isə dəvə içsin, narahat olmayın və onu öldürməyin”. Çünki bu əmr bir imtahandır. Hər bir sınaq və imtahan da insanda bir narahatlıq, sıxıntı yaradar, əks halda bu imtahan olmaz. Belə ki, Quran buyurur:

 

قَالَ هَذِهِ نَاقَةٌ لَهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَعْلُومٍ

       “(Sonra Salehin duası ilə dağdan dişi bir dəvə çıxdı və Saleh) dedi: Bu dişi bir dəvədir. (Bu bulağın) suyundan bir pay onunkudur və müəyyən bir günün payı da sizinkidir”. “Ona heç bir ziyan yetirməyin ki, Böyük günün əzabı sizi yaxalayar” (“Şuəra” surəsi, ayə 155-156).

 

Bulağı bir gün dəvəyə məxsus etməkdə məqsəd nədir? O, həqiqətənmi bulağın birgünlük suyunu içirdi, yoxsa adi heyvanlar qədər su içirdi? Bunlar məlum deyil, lakin məlum olan bu idi ki, Salehin qövmü dəvənin növbəsi olan gündə gərək o çeşmədən istifadə etməsin. Başqa bir ayədə buyurur:

وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ كُلُّ شِرْبٍ مُحْتَضَرٌ

“Və onları suyun onların arasında bölünməsindən xəbərdar et. Hər növbədə orada (növbə sahibi) olacaqdır” (“Qəmər” surəsi, ayə 28).

 

Saleh (ə) onlara demişdir: “Allahın dəvəsinə yaxınlaşmayın və ona (öz növbəsində) su içməyə mane olmayın”.

Bu ayələrdən əldə olunan nəticəyə görə Salehin möcüzəsi qeyri-adi halda yaradılmışdı. Bu, Salehin qövmünün Allah yolunda öz maddi mənafelərindən keçməyə hazır olub-olmadıqlarını yoxlamaq üçün göndərilən bir dəvədir. Nəzərə alsaq ki, o məntəqədə su çox dəyərli idi və bir əkinçi üçün bir ayda on beş gün sudan istifadə etməmək asan iş deyildi, bu, həqiqətən də çətin bir sınaq idi.

 

Müxaliflər və ixtilafın səbəbləri

Salehin qövmü də əvvəlki qövmlər kimi öz peyğəmbərləri ilə müxalifət edib ona qarşı inadkarlıq etdilər.

Quran ayələrinə görə çoxları Salehin dəvətinə qarşı çıxdı, yalnız az bir dəstə ona iman gətirdi. Müxaliflər kiçik bir dəstənin imanından qəzəblənərək, onun əleyhinə təbliğat aparmağa başladılar. Belə ki, buyurur:

 “Biz Səmud qövmünə onların (qəbilə) qardaşları olan Salehi göndərdik ki, Allaha ibadət etsinlər. Bu zaman onlar bir-birilə çəkişən və düşmənçilik edən iki dəstəyə ayrıldılar” (“Nəml” surəsi, ayə 45).

 

Təbii ki, bu iki qrupdan biri möminlər, digəri isə kafirlər idi. Onlar özlərinə məxsus bir tərzdə Salehlə müxalifətə qalxdılar.

Onlar Salehin (s) nübuvvətinə şəkk edərək, möminləri yollarından azdırmaq istəyir, Salehin (ə) hislərinə toxunur, ondan faydalanmağa cəhd göstərir, öz əcdadlarının yolunu bəhanə gətirirdilər. Salehi (ə) cadulanmış, ovsunlanmış adlandırırdılar. Bəzən onu yalançılıqda ittiham edir, təkəbbürlü adlandırır bəzən də bəşər olmasını bəhanə gətirir, ona həsəd aparırdılar. Onların bu ittihamlarını aşağıdakı ayələrdə tapmaq olar: “Hud” surəsi, ayə 62-63; “Şuəra” surəsi, ayə 153-154; “Qəmər” surəsi, ayə 24-26;

Saleh (ə) qövmünün də məntiqi əvvəlki qövmlərin məntiqi kimi süst, əsassız və puç idi.

İlahi əzab

Salehin (ə) qövmünün davamlı inadları onların İlahi rəhmətdən uzaq olub, həlakedici əzaba düçar olmalarına səbəb oldu:

“Onlar öz Rəbblərinin əmrinə itaətsizlik etdilər” (“Zariyat” surəsi, ayə 44).

Salehdən möcüzə olaraq istədikləri dəvəni öldürdülər. Halbuki Saleh dişi dəvə ilə pis rəftar etdikləri təqdirdə İlahi əzabın onlara nazil olacağını xəbərdar etmişdi. Onlar hətta Salehi (ə) və onun ailəsini öldürmək qərarına da gəlmişdilər. Quran bu məsələni bir sıra ayələrdə xatırladır:

“Dəvəni öldürdülər və Allahın əmrindən çıxdılar” (“Əraf” surəsi, ayə 77).

“Səmud (qövmü) azğınlıq üzündən (Salehi) təkzib etmişdi”. “Onların ən bədbəxti ayağa qalxdığı (Salehin dəvəsini öldürmək üçün könüllü olduğu) zaman”. “Allahın peyğəmbəri onlara demişdi: “Allahın dəvəsinə ziyan yetirməkdən və ona öz növbəsində su içməyə mane olmaqdan çəkinin!” “Amma onlar onu (Salehi) təkzib etmişdilər və Allahın dəvəsini öldürmüşdülər” (“Şəms” surəsi, ayə 11-14).

Onlar Saleh və ailəsini də öldürməyə hazırlaşarkən İlahi əzab onları yaxaladı:

“Onlar bir-birinə dedilər: “Allaha birlikdə and için ki, ona və ailəsinə gecə ikən hücum edək, sonra da qəyyumuna deyərik ki, biz ailənin qətl olunduğu görməmişik və əlbəttə, biz düz danışanıq” (“Nəml” surəsi, ayə 49).

Belə bir şəraitdə Allahın elçisi onları İlahi əzabla hədələdi və öz qövmünə həlakətə çox yaxın olduqlarını bildirərək buyurdu:

“(Saleh) dedi: Üç gün (möhlətiniz var) evlərinizdə bəhrələnin (sonra əzab gələcəkdir). Bu yalan olmayan vəddir” (“Hud” surəsi, ayə 65).

 Onlar o qədər bədbəxt və azğın idilər ki, Salehin təhdidləri qarşısında ədəbsizlik etdilər və əzabın nazil olmasını istədilər.

 “Ey Saleh, əgər göndərilmiş (peyğəmbər)lərdənsənsə, bizə vəd etdiyini gətir” (“Əraf” surəsi, ayə 77).

Amma başqa bir ayə isə onların dəvəni öldürdükdən sonra peşman olduqlarını göstərir.

 “(Amma onlar) dəvəni tutub kəsdilər, sonra isə peşman oldular” (“Şuəra” surəsi, ayə 157).

Onların iki halı var idi – biri təhlükəli, digəri isə peşmançılıq. Səmud qövmü dəvəni öldürdükdən sonra ədəbsizlik etdi, əzabın təsirini gördükdə isə peşman oldu.

Səmud qövmünün İlahi əzabı belə idi:

1) Güclü zəlzələ: “Beləliklə, (möhkəm göy gurultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzü üstə düşmüş halda onların hamısının canları çıxdı” (“Əraf” surəsi, ayə 78).

2) Bağırtı: “Beləliklə, səhəri açarkən onları (göydən gələn bir) bağırtı bürüdü” (“Hicr” surəsi, ayə 83).

3) İldırım: “Səmuda yolu göstərdik. Lakin onlar qəlbikorluğu doğru yoldan üstün tutdular. Beləliklə qazandıqları günahların cəzası olaraq onları alçaldıcı əzab – ildırım vurdu” (“Fussilət” surəsi, ayə 17).

Bu ayələr arasında ixtilaf yoxdur. Çünki onlara səmadan ildırımla əzab nazil olsa, həm dəhşətli bağırtı yaradar, həm də güclü zəlzələ. Həqiqətdə bu ifadələrin hər biri həlak edən İlahi əzabın bir növüdür. İlahi əzab nazil oldu və onların həyatına son qoydu:

“Beləliklə, onların hamısı quru və sınmış çubuqlar, ağıl (heyvanların yatdığı yer) sahibinin tədarük gördüyü quru ot halına düşdülər” (“Qəmər” surəsi, ayə 31).

Amma eyni zamanda Quran möminlərə də inayət edərək onların nicatını belə bəyan edir:

“Beləliklə, Bizim əmrimiz yetişdikdə və Bizim istəyimiz qətiləşən zaman Saleh və onunla birlikdə iman gətirənlərə tərəfimizdən olan bir rəhmət ilə və o günün xarlıq və rüsvayçılığından nicat verdik. Doğrudan da, sənin Rəbbin həmin güclü və yenilməz qüdrət sahibidir” (“Hud” surəsi, ayə 66).

“İman gətirib həmişə pərhizkarlıqla məşğul olanlara nicat verdik” (“Fussilət” surəsi, ayə 18).

Saleh (ə) ona və ardıcıllarına əziyyət edən müşriklərin qurumuş bədənlərini gördükdə, nifrətlə başını yellədi və onlara belə xitab etdi:

فَتَوَلَّى عَنْهُمْ وَقَالَ يَا قَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَةَ رَبِّي وَنَصَحْتُ لَكُمْ وَلَكِنْ لا تُحِبُّونَ النَّاصِحِينَ

“Beləliklə, (Saleh) üzünü onlardan döndərdi və (onların cəsədlərinə xitab edərək) dedi: Ey qövmüm, həqiqətən mən Rəbbimin tapşırığını sizə çatdırdım, xeyrinizi istəyərək sizə öyüd-nəsihət verdim, lakin siz xeyrinizi istəyərək öyüd-nəsihət verənləri sevmirdiniz” (“Əraf” surəsi, ayə 79).

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5617, 

Dostların veb səhifələri

14272504
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1923
8985
31478
14090902
164317
173495
14272504

sizin IP ünvanınız: 3.209.81.51
2024-03-29 07:12

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!