Print this page

Quran Ziyafəti

Qədr surəsinin fəziləti

(1 Vote)

    Quran ziyafəti, onun kəlmələrinin  izahı və açılışıdır. Quran ziyafəti, Allahın bəndələrinə lütf və inayətidir. Quran ziyafəti, mənəvi qonaqlıq və rəhmət yağışıdır. Elə isə hamılıqla Onun bu bol süfrəsində oturmaqla bizim üçün açılmış bu süfrədən bəhrələnək.

Qədr surəsinin təfsiri

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

"Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik.

وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ

Sən nə bilirsən ki, Qədr gecəsi nədir?!

لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ

Qədr gecəsi min aydan daha xeyirlidir.

تَنَزَّلُ الْمَلائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ

O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enər.

سَلامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ

O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir".

    Bu surə Quranın Qədr gecəsi nazil olması və o əzəmətli gecənin min aydan üstün olmasını bəyan edir. Çünki o gecə mələklər və ruh nazil olur. Bu surənin həm məkki, həm də mədəni olması ehtimalı var. Bu nazil olma səbəbi barəsindəki rəvayətlərdə mədəni olmasını dəstəkləyən məlumatlar da var. Rəvayətlərdə deyilir ki, bu surə Peyğəmbərin (s) gördüyü yuxudan sonra nazil olumuşdur. Belə ki, Peyğəmbər (s) yuxuda Bəni-Üməyyənin onun minbəri ilə yuxarı qalxdığını görür və çox kədərlənir. Allah ona təsəlli olaraq bu surəni nazil edir.

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

    "أَنْزَلْنَاهُ" kəlməsindəki "ه" (hu) əvəzliyi Qurana işarədir. Buradan aydın olur ki, Qədr gecəsində bütün Quran nazil olub, nəinki bəzi ayələr. "Nazil etdik" sözünün "أَنْزَلْنَاُ" feli ilə ifadə olunması da bunu sübut edir. Beləliklə, bu kəlmə tədrici deyil, birdəfəlik nazil olmanı bildirir. 
Bu mənanı başqa bir ayə də təsdiq edir:

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ إِنَّا كُنَّا مُنْذِرِينَ وَالْكِتَابِ الْمُبِين

"And olsun açıq-aydın Kitaba, biz onu mübarək bir gecədə nazil etdik" ("Duxan" surəsi, ayə 2-3).

    Bu ayədə aydın şəkildə bildirilir ki, həmin gecə kitab nazil olub. Yəni, əvvəlcə bütün kitaba and içir, sonra isə hörmətinə and içdiyi kitabı bir gecədə və birdəfəlik nazil etdiyini bəyan edir.

    Ayələrdən belə aydın olur ki, Qurani-kərim iki cür nazil olub: biri müəyyən bir gecədə tam şəkildə, digəri isə 23 illik peyğəmbərlik dövründə tədricən. Aşağıdakı ayələr tədrici nazil olmanı bəyan edir:

وَقُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَى مُكْثٍ وَنَزَّلْنَاهُ تَنْزِيلا

"Quranı sənə hissə-hissə göndərdik ki, onu aramlıqla insanlara oxuyasan və onu tədriclə nazil etdik" ("İsra" surəsi, ayə 106).

وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً كَذَلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ وَرَتَّلْنَاهُ تَرْتِيلا

"Kafirlər dedilər: "Nə üçün Quran hamısı bir yerdə ona nazil olmur? Beləcə, onunla sənin ürəyinə toxtaqlıq vermək üçün (tədriclə göndərdik) və onu sənə az-az oxuduq" ("Furqan" surəsi, ayə 32).

    Allah kəlamında haqqında danışılan gecənin hansı gecə olmasını bəyan edən bir ayə belə nəzərə çarpmır. Yalnız "Bəqərə" surəsinin 185-ci ayəsini yuxarıda qeyd olunan ayələrlə yanaşı gözdən keçirdikdə məlum olur ki, Qədr gecəsi Ramazan ayının gecələrindən biridir. Belə ki, həmin ayədə deyilir:

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ

"Ramazan ayı Quran nazil olan... aydır".

    Lakin Qədr gecəsinin Ramazan ayının hansı gecəsi olması barəsində Quranda heç bir açıqlama yoxdur. Bu haqda bəzi məlumatları yalnız hədis və rəvayətlərdən əldə etmək mümkündür. Quran nazil olan gecənin Qədr gecəsi adlandırılması, çox güman ki, həmin gecənin təqdir (baş verəcək hadisələrin müəyyənləşməsi) gecəsi olması ilə əlaqədardır. Belə ki, Allah-təala həmin gecə birillik hadisələri təqdir edib, həyat, ölüm, ruzi, səadət və s. kimi şeyləri müəyyənləşdirir. Qədr gecəsini vəsf edən bu ayə də həmin mənaya dəlalət edir:

رَحْمَةً مِنْ رَبِّكَ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيم. .أَمْرًا مِنْ عِنْدِنَا إِنَّا كُنَّا مُرْسِلِينَ .فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ

"O gecə baş verəcək hər bir hikmətli işin xüsusiyyətləri müəyyən olunur. Bu, bizim tərəfimizdən bir əmrdir. Bizik Pərvərdigarın tərəfindən rəhmət göndərən" ("Duxan" surəsi, ayə 4-6).

    Buradan aydın olur ki, Qədr gecəsi bəzilərinin düşündüyü kimi, yalnız Quranın nazil olmasına aid deyil. Hər bir qəməri ilin Ramazan ayında Qədr gecəsi mövcuddur.
    Sual oluna bilər ki, həmin gecə təqdir olunan illik hadisələr dəyişə bilər, ya yox? Sual belə cavablandırıla bilər ki, bəli, Qədr gecəsi təqdir olunan hadisələr dəyişə bilər. Həmin gecənin min aydan üstün olmasını müfəssirlər o gecədə ibadət etməyin fəziləti ilə əlaqələndirirlər.
    Bu, Quranın çatdırmaq istədiyi məna ilə də münasibdir. Çünki Quranın əsas hədəflərindən biri insanları Allaha yaxınlaşdırmaq, ibadət vasitəsilə qəlbləri diriltməkdir. Beləliklə, həmin gecəni ibadətlə keçirmək min ayın ibadətindən üstündür. Aşağıdakı ayə də Qədr gecəsini bərəkətli adlandırmaqla bu mənanı təsdiqləyir:

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ إِنَّا كُنَّا مُنْذِرِينَ

"Biz onu mübarək bir gecədə nazil etdik" ("Duxan" surəsi, ayə 3).

    Qədr gecəsinin salamatçılıq gecəsi kimi vəsf olunması Allahın rəhmətinin ona üz tutan bütün bəndələrinə şamil olmasına, həmin gecə əzab qapılarının bağlanmasına və şeytanın qurduğu tələlərin təsirsiz olmasına işarədir. İbn Abbas Rəsulallahdan (s) rəvayət edir ki, Qədr gecəsində "Sidrətul müntəha"da ("göylərin sərhədlərinin sonu və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacı") sakin olan mələklər ki, Cəbrail də onlardan biridir, bayraqlarla nazil olurlar. Bir bayrağı mənim qəbrimin üzərinə, birini Beytul-Müqəddəsin üzərinə, digərini Məscidul-Hərama və bir bayrağı da Turi-Sinaya sancırlar. Bu yerlərdə elə bir mömin kişi və qadın qalmır ki, Cəbrail ona salam verməsin. Yalnız daim sərxoş olan və ya donuz əti yeməyə adət edən və ya bədəninə zəfəran sürtən şəxsdən başqa (Məcməul-bəyan, c.10, səh.520).

Qədr surəsinin fəziləti

    Rəvayət olunur ki, "Qədr" surəsi insan üçün yaxşı rəfiq və dostdur. Bu surənin köməyilə insan səadətə, zəfərə çatar və borcu ödənilər. Bu surəni oxuyan şəxsin ömrü uzanar və halı yaxşı olar. Həmin şəxs şəhidlərlə dostluq edən halda Allahın hüzuruna gələr. Qədr surəsini oxuyan bəndə üçün hələ surə bitməmiş mələklər yeddi gün istiğfar və tövbə etməyə başlayarlar.

Müəlliflik hüququ "Əbədi nur" jurnalına aiddir.


 6568,