“Rəcəb” və ya “Rəcəbul-murəccəb” qəməri ayların yeddincisi və haram aylardan biridir. Cahiliyyət dövründə Rəcəb müqəddəs ay sayılırdı. Bu ayda bütlər üçün qurbanlar kəsilir, müharibə isə qadağan edilirdi. İslamın zühurundan sonra bu cür azğınlıqlar tədricən aradan qalxdı.
İslam peyğəmbərindən nəql edilən mühüm bir hədisdə deyilir: “Rəcəb Allahın ayıdır, Şəban mənim ayımdır və Ramazan ümmətimin ayıdır”. Bununla da Rəcəb digər iki mübarək ayla eyni səviyyədə tutulmuşdur. Həmçinin ondan rəvayət edilir ki, kim Rəcəb ayında bir gün oruc tutarsa, sanki bir ay oruc tutmuş kimi olar. İslam rəvayətlərinə görə, Rəcəb ayı tərbiyə, ibadət və özünü saflaşdırma ayıdır və Allaha doğru yeni bir mənəvi yolçuluğun başlanğıcıdır.
Ləylətul-rəğaib Rəcəb ayının ilk cümə gecəsinə deyilir. İslamın ilk dövrlərinə aid çoxsaylı tarixi hadisələrin bu ayda baş verməsi onu ilin seçilən və əhəmiyyətli zamanlarından birinə çevirmişdir.
Rəcəb ayında mühüm sayılan günlər
1 Rəcəb — On iki məsum imamların beşinci imamı Məhəmməd Baqirin (ə) mövludu (57 hicri-qəməri)
3 Rəcəb — On iki məsum imamların onuncu imamı Əliyən-Nəqinin (ə) vəfatı (254 hicri-qəməri)
10 Rəcəb — On iki məsum imamların doqquzuncu imamı Məhəmməd Təqinin (ə) mövludu (195 hicri-qəməri)
13 Rəcəb — Əhli-Beyt ailəsinin birinci imamı Əli ibn Əbu Talibin mövludu (ə) (Fil ilinin 30-cu ili, hicri-qəməridən 23 il əvvəl)
13 Rəcəb — Əyyamul-bizin başlanğıcı (etikafın üç günü; 13, 14 və 15 Rəcəb). Etikafdan məqsəd (tənhalıqda məsciddə ibadət) bəhs edilən xüsusi günlərdir.
15 Rəcəb — Zeynəbul-Kubra binti Əlinin vəfatı (62 hicri-qəməri)
15 Rəcəb — Müsəlmanların qibləsinin dəyişdirilməsi (2 hicri-qəməri)
22 Rəcəb — Müaviyə ibn Əbu Süfyanın vəfatı
25 Rəcəb — On iki məsum imamların yeddinci imamı Museyi Kazimin vəfatı (183 hicri-qəməri)
27 Rəcəb — Eydul-Məbəs — İslam aləmində İslam Peyğəmbərinin risalətə göndərildiyi gün (Fil ilinin birinci ili, hicri-qəməridən 13 il əvvəl), peyğəmbərin besətinin başlanğıcı və Qurani-Kərimin nazil olması
Rəcəb ayının birinci gününün əməlləri
Rəcəb və ya murəccəb— “uca tutmaq, əzəmətli saymaq” mənasını verir. Rəcəb ayı böyük və hörmətli sayılan ay deməkdir. Lüğəvi mənbələrə görə, ərəblər İslamdan əvvəlki dövrlərdən etibarən bu ayı uca tutar və bu müddətdə müharibədən çəkinərdilər. Murəccəb də “uca tutulmuş, hörmət edilmiş” mənasındadır. Bu ayda ümrə həcci yerinə yetirməyə, oruc tutmağa və ibadətə xüsusi vurğu olunmuşdur. Mərhum Şeyx Abbas Qumi “Məfatihul-cinan” adlı mötəbər kitabında Rəcəb ayının birinci gecəsinə məxsus əməllər haqqında belə nəql edir:
Rəcəb ayının birinci gecəsi
Bu gecə fəzilətli və üstün bir gecədir və onun üçün bir neçə əməl buyurulmuşdur:
Birinci əməl – Ayın hilalını gördükdə belə desin:
اللّٰهُمَّ أَهِلَّهُ عَلَیْنا بِالْأَمْنِ وَالْإِیمانِ وَالسَّلامَةِ وَالْإِسْلامِ ، رَبِّی وَرَبُّکَ اللّٰهُ عَزَّوَجَلَّ
Mənası:
İlahi! Bu ayı bizim üçün əmin-amanlıq, iman, sağlamlıq və İslamla başlat. (Ey ay!) mənim də, sənin də Rəbbin Qüdrətli və Uca Allahdır.
Rəvayət olunur ki, Allah Rəsulu (sallallahu əleyhi və alih) Rəcəb ayının hilalını gördükdə belə buyurardı:
اللّٰهُمَّ بارِکْ لَنا فِی رَجَبٍ وَشَعْبانَ ، وَبَلِّغْنا شَهْرَ رَمَضانَ ، وَأَعِنَّا عَلَی الصِّیامِ ، وَالْقِیامِ ، وَحِفْظِ اللِّسانِ ، وَغَضِّ الْبَصَرِ ، وَلَا تَجْعَلْ حَظَّنا مِنْهُ الْجُوعَ وَالْعَطَشَ
Mənası:
İlahi! Rəcəb və Şəban aylarında bizə bərəkət ver, bizi Ramazan ayına çatdır, oruc tutmaqda, gecə ibadətində, dili qorumaqda və gözü haramdan çəkməkdə bizə kömək et və Ramazandan payımızı yalnız aclıq və susuzluq etmə.
İkinci əməl – Bəzi alimlərin buyurduğuna görə qüsl etmək. Allah Rəsulundan (sallallahu əleyhi və alih) rəvayət olunmuşdur ki:
“Kim Rəcəb ayına daxil olar və ayın əvvəlində, ortasında və sonunda qüsl edərsə, günahlardan anadan doğulduğu gün kimi pak olar”.
Üçüncü əməl – İmam Hüseyni (əleyhissalam) ziyarət etmək.
Dördüncü əməl – Məğrib namazından sonra iyirmi rukət namaz qılsın. Belə ki, hər rukətdə “Həmd” surəsindən sonra bir dəfə “Tovhid” surəsini oxusun və hər iki rukətdən sonra salam versin. Bununla insan özü, ailəsi, övladları və malı qorunar, qəbir əzabından əmin olar və Sirat körpüsündən hesabsız, ildırım sürəti ilə keçər.
Beşinci əməl – İşa namazından sonra iki rükət namaz qılsın. Belə ki; Birinci rukətdə “Həmd” surəsindən sonra bir dəfə “Ələm Nəşrəh” surəsini və üç dəfə “Tovhid” surəsini oxusun. İkinci rukətdə “Həmd” surəsindən sonra “Ələm Nəşrəh”, “Tovhid”, “Qul əuzu birəbbinnəs” və “Qul əuzu birəbbil-fələq” surələrinin hər birini bir dəfə oxusun. Namazın salamını verdikdən sonra otuz dəfə “Lə ilahə illəllah” desin və otuz dəfə salavat göndərsin ki, Uca Allah onu anadan doğulduğu gün kimi günahlardan bağışlayıb pak etsin.
Altıncı əməl – Otuz rükət namaz qılsın. Hər rükətdə “Həmd” surəsindən sonra bir dəfə
“Qul yə əyyuhəl-kəfirun” və üç dəfə “Tovhid” surəsini oxusun.
Yeddinci əməl – Şeyxin “Misbahul-mütəhəccid” kitabında qeyd etdiyi əməli yerinə yetirsin. Şeyx həmin kitabda buyurur ki, Rəcəb ayının birinci gecəsinin əməli haqqında Əbulbəxtəri Vəhəb ibn Vəhəb, İmam Sadiqdən (əleyhissəlam), o da atasından, o da babasından, o da Əmirəl-möminin Əlidən (əleyhissəlam) rəvayət etmişdir ki, o Həzrət il ərzində dörd gecəni bütün işlərdən azad edib yalnız ibadətlə keçirməyi sevərdi. Həmin dörd gecə bunlardır:
- Rəcəb ayının birinci gecəsi
- Şəban ayının yarı gecəsi
- Fitr bayramının gecəsi
- Qurban bayramının gecəsi
İmam Cavaddan (əleyhissəlam) rəvayət olunmuşdur ki, hər kəs Rəcəb ayının birinci gecəsində işa namazından sonra bu duanı oxusa, müstəhəbdir:
اللّٰهُمَّ إِنِّی أَسْأَلُکَ بِأَنَّکَ مَلِکٌ، وَأَنَّکَ عَلَیٰ کُلِّ شَیْءٍ مُقْتَدِرٌ، وَأَنَّکَ مَا تَشَاءُ مِنْ أَمْرٍ یَکُونُ…
Mənası:
“İlahi! Səndən istəyirəm, çünki Sən hökmdarsan, hər şeyə qadirsən və istədiyin hər iş gerçəkləşir. İlahi! Sənə mərhəmət peyğəmbərin Məhəmməd (sallallahu əleyhi və alih) vasitəsilə üz tuturam. Ey Məhəmməd, ey Allahın Rəsulu! Sənin vasitənlə öz Rəbbimə və sənin Rəbbinə yönəlirəm ki, Allah sənin səbəbinlə hacətimi rəva etsin. İlahi! Peyğəmbərin Məhəmməd və onun Əhli-beytindən olan imamların haqqına and verərək hacətimi yerinə yetir”. (Sonra öz hacətini Allahdan istə).
Əli ibn Hədid rəvayət edir ki, İmam Musa ibn Cəfər (əleyhissəlam) gecə namazını qurtardıqdan sonra səcdə halında belə deyərdi:
“İlahi, əgər Sənə itaət etmişəmsə, həmd yalnız Sənə məxsusdur; əgər günah etmişəmsə, dəlil yalnız Sənindir. Xeyir işdə nə mənim, nə də başqasının qüdrəti var, yalnız Sənin lütfünlədir. Ey hər şeydən əvvəl olan, ey hər şeyi var edən! Şübhəsiz ki, Sən hər şeyə qadirsən”.
“İlahi! Ölüm anında azğınlıqdan, qəbirlərdə pis aqibətdən və Qiyamət günündə peşmançılıqdan Sənə sığınıram. Səndən istəyirəm ki, Məhəmməd ali Məhəmməd ailəsinə salavat göndərəsən, həyatımı pak bir həyat, ölümümü düzgün bir ölüm və dönüşümü hörmətsiz və rüsvay olmayan, ləyaqətli bir dönüş qərar verəsən”.
“İlahi! Məhəmməd və onun imam olan Əhli-beytinə — hikmət çeşmələri, nemət sahibləri və məsumluq mədənləri olanlara — salavat göndər. Məni onların vasitəsilə hər cür pislikdən qoru, məni qəflət və qəfil yaxalanma halında yaxalama, əməllərimin aqibətini peşmançılıq etmə və məndən razı ol. Çünki Sənin bağışlaman zalımlar üçündür və mən də zalımlardanam”.
اللّٰهُمَّ اغْفِرْ لِی مَا لَا یَضُرُّکَ، وَأَعْطِنِی مَا لَا یَنْقُصُکَ…
“İlahi! Mənə Sənə zərər yetirməyən günahlarımı bağışla və Səni azaltmayan nemətlərindən mənə əta et. Həqiqətən, Sənin mərhəmətin geniş, hikmətin isə misilsizdir. İlahi! Mənə genişlik və rahatlıq, əmin-amanlıq və sağlamlıq, təvazökarlıq və qənaət, şükür, kamil afiyət, təqva, səbr, Sənə və Sənin dostlarına qarşı doğruluq, asanlıq və şükür nəsib et. Ey Rəbbim! Bütün bunları ailəmə, övladlarıma, Sənin yolunda olan qardaşlarıma, sevdiyim və məni sevənlərə, mənim övladım olan və mənim övladı olduğum bütün müsəlman və möminlərə də şamil et. Ey aləmlərin Rəbbi!”
İbn Üşeym deyir: Bu duanın oxunma vaxtı gecə namazının səkkiz rükətindən sonra və vitr namazından əvvəldir. Bundan sonra vitr namazını qıl, salam verdikdən sonra oturaq halda belə de:
الْحَمْدُ لِلّٰهِ الَّذِی لَا تَنْفَدُ خَزَائِنُهُ، وَلَا یَخَافُ آمِنُهُ …
“Həmd o Allaha məxsusdur ki, xəzinələri tükənməz, Onun aman verdiyi kəs heç vaxt qorxuya düşməz. Ey Rəbbim! Əgər günah etmişəmsə, bu, Sənin kərəm və mərhəmətinə olan ümidimdən irəli gəlmişdir. Sən qullarının tövbəsini qəbul edər, pisliklərini bağışlayar və sürüşmələrini əfv edərsən. Sən dua edənə cavab verən və ona yaxın olansan. Mən günahlarımdan yalnız Sənə tərəf dönürəm və bəxşişlərindən payımı artırmaqda yalnız Sənə üz tuturam”.
يَا خَالِقَ الْبَرَايَا، يَا مُنْقِذِي مِنْ كُلِّ شَدِيدَةٍ…
“Ey məxluqatın Yaradanı! Ey hər bir çətinlikdən məni xilas edən! Ey hər bir təhlükədən mənə pənah verən! Sevincimi artır, işlərimin aqibətindəki şərdən məni qoru. Çünki Sən nemətlərinə və bol ehsanına görə şükür edilən Allahsan və hər bir xeyir Sənin yanında ehtiyatda saxlanılandır”.
Alimlər bu ayın hər gecəsi üçün xüsusi namazlar qeyd etmişlər. Lakin onların hamısını burada bəyan etməyə imkan yoxdur. Bu əməllərin necə yerinə yetirilməsi haqqda müxtəlif məqalələr mövcuddur. Onlardan xülasə və geniş təfsilatla gələn məqalələrimizdə yazılar paylaşacağıq… (ardı var)