Təfsiri nümunə
“Təfsiri-nümunə” hazırda İslam dünyasının böyük tədqiqatçılarından və şiə aləminin mərcəi-təqlidlərindən olan Ayətullah əl-üzma hacı Şeyx Nasir Məkarim Şirazi həzrətlərinin əsəridir.
Cəmiyyətin sadə və rəvan, elmi terminlərdən və klassik mətnlərdən işlədilmiş çətin sözlərdən uzaq olan, eyni zamanda Quranın bütün surələrini özündə ehtiva edən bir təfsirə ehtiyac duyulması Ayətullah əl-üzma Məkarim Şirazi həzrətlərini belə bir məsuliyyətli işi öz öhdəsinə götürməyə vadar etmişdir. O, hazırda Qum şəhərinin böyük tədqiqatçılarından sayılan və çoxsaylı əsərlərin müəllifi olan bir neçə gənc tədqiqatçı ilə birlikdə 15 il müddətində “Təfsiri-nümunə” əsərini ərsəyə gətirmişdir. Hörmətli müəllif sözügedən təfsirin birinci cildinə yazdığı müqəddimədə həmin əsərin neçə özəlliyini qısaca olaraq belə qeyd etmişdir:
1) Quran həyat kitabı olduğu üçün ayələrin təfsirini verərkən dilçilik, irfan və s. elmi məsələlərə diqqət ayırmaq əvəzinə maddi və mənəvi həyatı dirçəldən, xüsusilə də ictimai məsələlərə daha geniş yer vermişdir. Bu baxımdan fərdin və cəmiyyətin həyatı ilə yaxından bağlılığı olan məsələlərə daah çox diqqət yetirilmişdir.
2) Bu və digər ayədəki mövzulara uyğun olaraq sələm, quldarlıq, qadın hüququ, həccin mahiyyəti, qumar, şərab və donuz ətinin haram edilməsinin fəlsəfəsi, cihadın məqsədi və əsasları və bu kimi digər mövzularla bağlı qısa açıqlamalar verilmişdir ki, oxucular əlaqədar mövzu ilə bağlı kiçik məlumat əldə etməklə digər kitablara müraciət etməyə ehtiyac duymasınlar.
3) Daha az fayda verəcək mövzulara yer ayırmaqdansa, Quran ayələrinin mənasını daha dəqiq başa düşməkdə bilavasitə rolu olan sözlərin mənası və ayələrin nazilolma səbəbi kimi mövzulara önəm verilmişdir.
4) Müvafiq ayələrdə merac, çoxarvadlılıq, kişi ilə qadına düşən miras payının fərqi, kişi ilə qadının diyəsinin (qanbahasının) fərqi,ı Quranın müqəttəə hərfləri, hökmlərin nəsx edilməsi (qüvvədən düşməsi), İslam uğrunda geniş döyüşlər, Allahın müxtəlif sınaqları və onlarla digər məsələləri özündə ehtiva edəb, üsuli-din və fiui-dinlə bağlı ara-sıra qarşıya çıxan suallar və onların qısa cavabı verilmişdir ki, oxucu həmin mövzularla qarşılaşdıqda zehnində heç bir qaranlıq məqam qalmasın.
5) Mümkün qədər elmi terminlərdən az istifadə edilmiş, zərurət yarandıqda isə belə terminlər yalnız kitabın haşiyəsində verilmişdir.
“Təfsiri-nümunə” kitabı təfsir sahəsində yeni bir əsər olub yeri gəldikdə daha əvvəl yazılmış şiə və sünni təfsirlərinə öz iradlarını bildirən, yeni ictimai məsələləri özündə ehtiva edən, əxlaqi məsələləri çox sadə dillə açıqlayan bir təfsirdir. Müasir dövrümüzdə oxucu kütləsi tərəfindən böyük rəğbətlə qarşılanan bu əsər elmi terminlərdən və klassik ifadələrdən uzaq olub əsasən tərbiyəvi cəhətə önəm verir və çardaş dövrümüzün bir çox suallarını cavablandırır.
Təfsiri-nümunədən söz açılarkən bu dəyərli əsərin ərsəyə gəlib xalqa çatdırılmasında zəhmət çəkən şəxslərin adını qeyd etməyi özümüzə borc bilirik. Bu kitabın ölkəmizdə dəyərli bir əsər kimi tanınmasında Vəliyyi-fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi, böyük İslam alimlərindən olan Seyyid Əliəkbər Ocaqnejad həzrətlərinin misilsiz əməyi var. Hal-hazlrda bu kitab 27 cilddə Azərbaycan dilinə tərcümə olunmuşdur. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin DK-557/B saylı, 20 iyun 2016-cı il tarixli məktubu ilə çap olunmasına razılıq verilmişdir.
İslamın şərəfli alimi Seyyid Əliəkbər Ocaqnejad “Təfsiri-nümunə” kitabı barədə öz təəsüratlarını belə bəyan edir:
“Təfsiri-nümunə” kitabı elə bir kitabdır ki, hər surənin ümumi məzmununu verildikdən sonra həmin surədə verilmiş ən önəmli mövzulara toxunulur. Bu və ya digər ayənin məzmununun ardınca insanın həyatı və hidayətinə yönəlik məsələlər şərh edilir. İctihad və təhlil metoduna əsaslanan bu təfsir bir sıra gündəlik elmi məsələləri şərh etməklə Quranın bəzi ayələrinin açıqlanmasında irəliyə daha bir addım atmış, həmin məsələlərin tərbiyəvi cəhətlərinə toxunmaqla Quranın mövqeyini ortaya qoymuşdur. Bu əsərdə məzhəb təəssübkeşliyinə qətiyyən yol verilməmiş, məzhəblərarası mübahisəli məsələlər barədə liberal bir mövqe nümayiş etdirmişdir.
“Təfsiri-nümunə” əsəri müxtəlif mövzular üçün bir stimul olmuş, ehtiyac duyulan məsələlərə həsr edilmiş kitabların ərsəyə gəlməsinə zəmin yaratmışdır. “Təfsiri-nümunə”dən seçmələr, “Gənclər təfsiri”, “Qurandakı sözlərin şərhi”, “Quranın fars dilinə tərcüməsi”, “Təfsiri-nümunədə həcc və iki müqəddəs məscid”, “Təfsiri-nümunədə sual-cavab”, “Təfsiri-nümunədə qadın anlayışı”, “Quran və hədislə əxlaqa dair 100 mövzu”, “Təfsiri-nümunənin dastanları”, “Quran qissələri”, “İslam və camaatın köməyi” və “Təfsiri-nümunədə namaz və ibadət ruhunun sağlamlığı” kimi əsərlər bu fundamental kitabdab çıxarılmış əsərlərdir. “Təfsiri-nümunə” kitabı urdu dilinə, eləcə də “əl-Əmsəl fi təfsiri kitabillahil-munzəl” adı ilə 20 cilddə ərəb dilinə tərcümə edilib nisbətən bir qədər yığcam şəkildə çapdan çıxmışdır. Bu əsərin Azərbaycan dilinə tərcüməsi hörmətli Azərbaycan xalqını Quran və Əhli-beyt (ə) maarifi ilə daha yaxından tanış etməyə şərait yaradacaq.
Çardaş dövrümüzdə məlumat mübadiləsi yaratmaq baxımından modern dünyamızda əlaqə, fikir və ideologiya mübadiləsi əsas yer tutur. Texnologiyanın inkişafı nəticəsində məsafə uzaqlığı başqalarının fikir və düşüncəsini araşdırmaqda daha heç bir təsirə malik deyil. Digər tərəfdən ortaya yeni çıxmış azğın inanclar insanları bir sıra suallar burulğanı ilə qarşı-qarşıya qoymuş, düşüncə və ideologiyanı hədəf götürmüşdür. Bu baxımdan Quran maarifinin cəmiyyətdə geniş şəkildə yayılması bu sahədə insana yardım edə biləcək ən gözəl vasitə sayıla bilər.
Digər tərəfdən Azərbaycan xalqının ən gözəl cəhətlərindən biri dindarlığı və dini maariflə bağlılığı ilə seçilməsidir. Buradakı dini ayinlərdən, dini abidlərdən belə məlum olur ki, yerli əhali öz dini kimliyinin qorunmasında olduqca təəssübkeşlik nümayiş etdirmiş, bu yolda heç nəyi əsirgəməmişdir. Bütün bacarığını dinin qorunmasına yönəltmişdir. Azərbaycan din xadimləri və ruhaniləri xütbələr söyləməklə, ilahiyyat sahəsində tədris etməklə, dini zəmində əsərlər yazmaqla xalqın dini ehtiyacını təmin etmişlər. Çox hörmətli Azərbaycan xalqı dini alimlərin ardınca getməklə tarixdə silinməz izlər qoymuşdur. Analar din alimləri yetişdirmək üçün bütün qüvvəsini səfərbər etmiş, bir çoxları bu şərəfli yolda cani-dildən səy göstərmişdir.
“Təfsiri-nümunə” əsərinin Azərbaycan dilinə tərcüməsi Quran və İslam maarifinin yeni metodları istiqamətində açılmış bir qapı olacaq və bu zəmində Azərbaycan xalqının sual və şübhələrini aradan qaldıracaq. Bütün bunları nəzərə alaraq bu sətirlərin müəllifi və ömrümün təxminən otuz ilini Azərbaycan xalqının hörmətli alim, ziyalı, yazıçı, ruhani və digər şəxsləri ilə keçirmiş bir şəxs olaraq bu dəyərli əsərin tərcümə, redaktə, korrektə, çap və sair işlərində zəhmət çəkmiş bütün dostlara, habelə bu fundamental əsərin ərsəyə gəlməsində maddi-mənəvi dəstəyi olmuş hər bir kəsə öz dərin təşəkkürümü bildirir, onların dünyada və axirətdə xoşbəxtliyini arzulayıram.
“Təfsiri Nümunə” Şeyx Nasir Məkarim Şirazi
Ən mühüm xüsusiyyəti bu təfsirin ümumi xalq üçün nəzərdə tutulmasıdır. Təfsirin növü və mövzuların izahı, ixtisas sahibi olmayan insanlar və müxtəlif təbəqələr üçün anlaşılandır. “Təfsir-i Nümunə” kitabının müqəddiməsində qeyd olunduğu kimi, bu təfsirin digər bəzi xüsusiyyətləri aşağıdakılardır:
Qurani-Kərim həyat və yaşam kitabı olduğuna görə, ayələrin təfsirində ədəbi və irfani məsələlərdən çox, maddi və mənəvi həyatın quruculuğuna, xüsusilə ictimai məsələlərə xüsusi diqqət yetirilmiş, fərdi və ictimai həyatla birbaşa əlaqəsi olan mövzulara kifayət qədər toxunulmuşdur.
Ayələrdə toxunulan başlıqlara uyğun olaraq, hər ayənin sonunda müstəqil və yığcam müzakirələr aparılmışdır. Bu müzakirələr aşağıdakı mövzuları əhatə edir: sələm (faiz), köləlik, qadın hüquqları, Həcc ibadətinin fəlsəfəsi, qumar, içki, donuz əti qadağasının sirləri, İslam cihadının əsasları və məqsədləri və bu kimi mövzular. Bu yolla oxucular ümumi bir baxışla digər kitablara müraciət etməyə ehtiyac duymasınlar deyə, kifayət qədər məlumat əldə edirlər.
Mənasız və nəticəsiz mübahisələrə yer verilməmiş, əvəzində Quranın dəqiq anlaşılması üçün təsirli olan sözlərin kökü və ayələrin nazil olma səbəblərinə xüsusi diqqət yetirilmişdir.
İslamın əsas və ikinci dərəcəli hökmləri ətrafında bəzən ortaya çıxan suallar, iradlar və şübhələr uyğun ayələrin kontekstində təqdim olunmuş və qısa cavablarla izah edilmişdir. Məsələn: yeyilən və yeyən məxluqla bağlı şübhə, merac, çoxarvadlılıq, qadın və kişi mirası arasındakı fərq, qadın və kişi diyəsi arasındakı fərq, Quranın kəsik hərfləri, hökmün nəsxi, İslam savaşları və yürüşləri, müxtəlif ilahi imtahanlar və onlarla digər məsələ… Beləliklə, ayələri oxuyarkən oxucunun zehnində sual işarəsi qalmır.
Kitabda elmi terminlərdən mümkün qədər uzaq durulmuşdur ki, kitab yalnız bir xüsusi təbəqəyə aid olmasın. Zəruri hallarda bu terminlər izahla birlikdə dipnotlarda verilmişdir ki, alimlər və mütəxəssislər üçün də faydalı olsun.
Məzmun baxışı
“Təfsir-i Nümunə”nin ilk bölməsində təfsirin mahiyyəti və təfsir sözünün lüğəvi mənası — “üz örtüyünü qaldırmaq” — haqqında izahat verilmişdir. Müəllif qeyd edir ki, Quranın mənalarını anlamaq üçün canın üz örtüyünü və ağıl və şüurun gözlərindəki pərdəni kənara çəkmək lazımdır. Təfsir gözlərə görmə gücü verir, pərdələri kənara çəkir və imkan daxilində Quranın gizli simalarını aşkar edir.
Təfsirin son hissəsində isə İmam Sadiqdən (ə) gələn bir rəvayət nəql olunur. Bu rəvayətdə “Vəsvas əl-Xənnas” adlı bir şeytandan bəhs olunur ki, insanları aldatmaq üçün onları vədlər və arzularla məşğul edir, günaha sövq edir və günahdan sonra tövbəni onların yadından çıxarır.
Tərcümə və əlaqəli əsərlər
Nəsir Məkarim Şirazinin bildirdiyinə görə, Təfsir-i Nümunə əsəri ərəb, urdu, ingilis və Azərbaycan türkcəsi dillərinə tərcümə olunmuşdur. Ərəb dilindəki tərcümə “Əl-Əmsəl fi Təfsir Kitabillah-il-Münzəl” adı ilə 20 cild şəklində Məhəmməd Əli Azərşəb və bir qrup alim tərəfindən hazırlanmışdır.
Tərcümələrlə yanaşı, bu təfsir əsasında aşağıdakı əsərlər də tərtib edilmişdir:
1. Bərgüzidə Təfsir-i Nümunə (Seçilmiş Təfsir-i Nümunə):
Bu əsər Əhmədəli Babayi tərəfindən Təfsir-i Nümunənin tam kursunun xülasəsi kimi hazırlanıb və 5 cilddə nəşr olunub. Kitabın müqəddiməsi Ayətullah Məkərim Şirazi tərəfindən 13 Rəcəb 1414-cü il (miladi 6 şəhrivər 1372 – 28 avqust 1993) tarixində yazılmışdır. Əsər ingilis, Azərbaycan türkcəsi və ərəb dillərinə də tərcümə olunaraq yayımlanmışdır.
2. Qurani-Kərimin Mövzu Təfsiri; Təfsir-i Nümunə əsasında:
Bu əsər Əlirza Kamali tərəfindən toplanmış və İran Universitetlərində Ali Rəhbərlik Nümayəndəliyi tərəfindən çap olunmuşdur.
3.Qadın Təfsir-i Nümunədə:
İlk dəfə 1393-cü ildə (2014) Səid Davudinin təşəbbüsü və Ayətullah Məkarim Şirazinin müqəddiməsi ilə nəşr olunmuşdur. 712 səhifəlik bu əsər yeddi bölmədə Quranda qadın mövzusunu araşdırır. Bölmələrin başlıqları bunlardır:
Cahiliyyə dövründə və digər xalqlarda qadınların acı taleyi
Quranın qadının mövqeyini bərpa etmək səyi
Qadınlarla bağlı hökmlər
Nümunəvi qadınlar
Ləyaqətsiz qadınlar
Qadınlara dair hekayələr
Peyğəmbərlərin qadınlarının aqibəti
4. Qurani-Kərimin Farsca Tərcüməsi:
Bu tərcümə Təfsir-i Nümunə əsasında hazırlanıb və 1373-cü ildə (1994) Cavad Mühəddisinin redaktorluğu ilə nəşr olunmuşdur. Məkarim Şirazi qeyd etmişdir ki, bu tərcümədə xalqın gündəlik dilindən istifadə olunmuşdur.
Mürtəza Kəriminia bu tərcüməyə bir sıra tənqidlər irəli sürmüşdür; məsələn: bəzi yerlərin tərcümə edilməməsi, qrammatik və sintaktik qüsurlar, təfsirlə tərcümə arasında uyğunsuzluqlar və leksik-sərfi (dil və qrammatika ilə bağlı) səhvlər.
5. Təfsir-i Nümunənin üsul və prinsiplərinə dair tənqid və araşdırmalar:
Təfsir-i Nümunənin dərcindən sonra illər ərzində bu əsərin metod və prinsiplərinə dair bir çox kitab və dissertasiya yazılmışdır. Məsələn:
“Təfsir-i Nümunədə təfsir qaydalarının tənqidi və araşdırılması” adlı əsər, müəllifi İshaq Əli Mütəhhəri
Fatimə Əhmədinejadın “Təfsir-i Nümunədə təfsir qaydalarının təhlili” adlı magistr dissertasiyası
Fəthullah Nəccarzadəgan tərəfindən yazılmış Təfsir-i Nümunənin əsasları və metodunun tənqid və təhlilinə dair başqa bir dissertasiya.
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir