Əbdüləzim Həsəni adı ilə məşhur olan ləqəbı “Seyyidul Kərim” və Şah Əbdüləzim deyə xitab olunan Ədüləzim ibn Abdullah ibn Əli ibn Həsən ibn Zeyd ibn Həsən ibn Əli ibn Əbu Talibin (ə.) kunyəsi “Əbul Qasim” və “Əbul Fətih”dir.
Şah Əbdüləzim İmam Həsənin (ə) soyundan gələn Həsəni seyidlərindən olan məşhur və alimlərdəndir. Nəsli dörd vasitə ilə imam Həsənə (ə) çatan hədis ravilərindən biridir. Özü ikinci və üçüncü əsrdə yaşamışdır.
Təqvalı, əmanətdar olması ilə məşhur olmuş, söz vədinə sadiq, dini mövzularda alim, Usuliddinə bağlı və çox sayda hədisə vaqif olan bir şəxsiyyətdir. Şeyx Səduq onun nəql etdiyi hədisləri “Cəmiul Əxbari-Əbdüləzim” adı altında toplamışdır.
Əbdüləzim Həsəni İmam Rzanı (ə) və İmam Cavadı (ə) görmüş, İmam Hadiyə (ə) inancını ərz eləmiş və onun zamanında vəfat eləmişdi. Türbəti Rey (bugünki Tehran) şəhərindədir. Bəzi hədislərə görə qəbrinin ziyarət edilmə savabı imam Hüseyn ibn Əlinin (ə) qəbrinin ziyarət edilmə savabı ilə bərabər olduğu deyilir.
Həzrət Əbdül Əzim Həsəninin (ə) həyat yolu
Əbdül Əzim Həsəni (əleyhis-səlam) — elm, əməl və cihad sahəsində böyük şəxsiyyətlərdən biridir. Buna baxmayaraq, indiyədək layiqincə tanınmamışdır.
“Hikmət-namə Həzrət Əbdül Əzim (ə)” kitabının müqəddiməsində bu mövzular araşdırılmışdır: ailə kökü, elmi və əxlaqi xüsusiyyətləri, Rey şəhərinə hicrəti və orada vəfat etməsi.
DOĞUMU VƏ NƏSLİ
Əbdüləzim Həsəni hicrətin 173-cü ilində rəbiul-axır ayının 4-də cümə axşamı günündə Mədinədə (doğum yeri haqqında fikirayrılığı var) Harun Rəşid dövründə dünyaya gəlmişdir. Atası Əbdullah ibn Əli Kafi və anası adı Hayifə olan İsmail ibn İbrahimin qızıdır.
Həzrət Əbdül Əzim (əleyhis-səlam) Peyğəmbərimizin (s) böyük nəvəsi və vəhy ailəsinin üzvü olan İmam Həsən Müctəbanın (ə) nəslindəndir. Onun nəsəbi dörd vasitə ilə İmam Həsənə (ə) çatır. Rical alimlərindən olan Nəcaşi belə deyir: “Vəfatından sonra qüsl verilərkən paltarında bir yamaq tapılmışdır. O yamaqda nəsli barədə yazılmışdı: mən Əbdullah oğlu Əl oğlu, Həsən oğlu, Zeyd oğlu, Həsən ibn Əli ibn Əbu Talibin oğlu Əbul Qasiməm”.
Mühəqqiq mir Daməd isə onun haqqında belə yazmışdır: “Onun (Əbdüləzim) nəsli və şərafəti hər kəsə açıq-aşkardır”.
Bu rəvayətdən belə nəticə çıxır ki, o, İmam Həsən (ə) ilə arasında beş vasitə olan bir nəsəbə malikdir. Amma “Rical-un-Nəccaşi”nin mötəbər nüsxələrinə əsasən, “Zeyd”lə (yəni üçüncü baba) İmam Həsən (ə) arasında bir şəxs yoxdur. Beləliklə, Həzrət Əbdül Əzim Həsəninin (ə) nəsil şəcərəsi belədir:
- Abdullah ibn Əli (Atası)
Həzrətin atası “Abdullah”, anası isə “Fatıma” (Uqbə ibn Qeys’in qızı) olmuşdur. Abdullah, atası Əli zindanda ikən dünyasını dəyişmiş və nəticədə babası “Həsən ibn Zeyd” onun tərbiyəsini öz üzərinə götürmüşdür.
Rəvayətə görə, Abdullahın beş və ya doqquz oğlu olmuşdur. Həzrət Əbdül Əzim (ə) bu oğullardan biridir.
- Əli ibn Həsən (Birinci baba)
Həzrət Əbdül Əzimin (ə) babası Əlinin ləqəbi “Sədid” olmuşdur. O, əmisi oğlu Abdullah Məhz və digər bir qrup Həsəni seyidlə birlikdə Abbasi xəlifəsi Mənsurla mübarizəyə qalxmışdır. Sonradan tutularaq Bağdada göndərilmiş, orada zindanda vəfat etmişdir.
- Həsən ibn Zeyd (İkinci baba)
İkinci baba “Həsən”, Zeydin tək oğludur. O, dövrünün böyük şəxsiyyətlərindən sayılmış, səxavət, comərdlik və ehtiyac sahiblərinə yardımla tanınmışdır. Abbasi xəlifəsi Mənsur tərəfindən Mədinənin valisi təyin edilmiş, lakin sonradan onun qəzəbinə tuş gələrək həbs olunmuş, hicri 168-ci ildə 80 yaşında vəfat etmişdir.
- Zeyd ibn İmam Həsən Müctəba (ə) (Üçüncü baba)
Zeyd — İmam Həsən Müctəbanın (ə) böyük oğludur. O, Peyğəmbərimizin (s) vəqflərinin mütəvəllisi olmuş, uca şəxsiyyəti, comərdliyi, vəsfəlayiq əxlaqı ilə tanınmışdır. Əsrin şairləri onu tərif etmiş, insanlar onun elmi və mərifətindən faydalanmaq üçün ona üz tutmuşlar. O, 100 yaşında vəfat edərək Mədinədən bir neçə dayanacaq aralıda yerləşən “Haciz” adlı yerdə dəfn olunmuşdur.
Həzrət Əbdül Əzim Həsəninin (ə) ata-babalarının həyatına qısa nəzər saldıqda, bu nəcib ailənin iki əsas xüsusiyyəti olduğu görünür:
Zülmə qarşı mübarizə və istibdada qarşı çıxmaq – Həzrətin atası zindanda vəfat etmiş, özü atasını heç vaxt görməmiş, babası da zindana düşmüşdür.
Ucalıq, comərdlik və ehtiyac sahiblərinə yardım – Həzrətin “Əs-Seyyid əl-Kərim” (comərd seyid) kimi tanınması bu ailənin mənəvi irsindən qaynaqlanır.
Doğum və vəfat tarixi
Həzrət Əbdül Əzim Həsəninin (ə) doğum və vəfat tarixi tam dəqiqliklə məlum deyil. Bununla belə, bəzi sonrakı mənbələrdə belə qeyd olunub:
Həzrət Şah Əbdül Əzim — künyəsi Əbül Qasım və Əbül Fəth olaraq da tanınır — hicri 173-cü ilin Rəbiüs-sani ayının 4-cü günündə (cəmlə günü), yəni yəzdgirdi tarixi ilə 158-ci ilin 25-ci tir ayında, Abbasi xəlifəsi Harun ər-Rəşidin dövründə, Mədinədə, babası İmam Həsən Müctəbanın (ə) evində dünyaya gəlmişdir.
O, 79 il, 6 ay və 11 gün ömür sürərək, hicri 252-ci ilin Şəvval ayının 15-ci günündə (cümə günü), yəni yəzdgirdi tarixi ilə 235-ci ilin 13-cü mehr ayında, Abbasi xəlifəsi Mü`tez zamanında dünyasını dəyişmişdir.
Bəzi digər son dövr mənbələrdə də, məsələn, Seyyid Musa Bərzəncinin “Nüzhətül-Əbrar” əsərində, Əhməd ibn Məhəmməd ibn Fəhd Hillinin “Mənəqibul-İtrə” kitabında və Nurəddin Məhəmməd əs-Səməhdinin “Tarixi” kitabında da Həzrətin doğumunun hicri 173-cü ilin Rəbiüs-sani ayının 4-də, vəfatının isə 252-ci ilin Şəvval ayının 15-də olduğu bildirilir.
Lakin bu rəvayətlər qədim və etibarlı mənbələrdə yer almadığı, həmçinin bu məlumatların gəldiyi mənbələrin tanınmaması səbəbilə, elmi baxımdan dəyərli və sübutlu sayılmırlar.
Ancaq “Kafi” kitabında Həzrət Əbdül Əzim Həsənidən (ə), Hişam ibn Həkəmdən rəvayət nəql edilib. Halbuki Hişam ibn Həkəm hicri 199-cu ildə və ya ondan əvvəl vəfat etmişdir. Bu da onu göstərir ki, Əbdül Əzim (ə) həmin rəvayəti nəql edərkən yəqin ki, 20 yaşından az olmayıb. Deməli, onun doğumu hicri 180-ci ildən əvvəl baş vermiş olmalıdır.
Eyni zamanda, İmam Hadi (ə) tərəfindən nəql olunan bir rəvayətdə, Həzrət Əbdül Əzimin (ə) qəbrini ziyarət etməyin savabı, İmam Hüseynin (ə) qəbrini ziyarət etməyə bərabər tutulmuşdur. Bu da göstərir ki, Həzrət Əbdül Əzim (ə), İmam Hadinin (ə) dövründə və onun şəhadətindən əvvəl vəfat etmişdir. İmam Hadinin (ə) imamət dövrü hicri 220-dən 254-cü ilə qədər davam etdiyindən, bu nəticəyə gəlmək olar ki, Əbdül Əzim (ə) 254-cü ildən əvvəl vəfat edib.
Bu göstəricilər əsasında, onun hicri 173-cü ildə doğulması və 252-ci ildə vəfat etməsi ehtimal daxilində və məntiqli sayıla bilər. Lakin bunun təsdiqi üçün etibarlı qaynaqlar lazımdır.
Digər tərəfdən, müxtəlif səbəblərlə Rəbiüs-sani ayının 4-ü onun doğum günü və Şəvval ayının 15-i isə vəfat günü kimi tanınmışdır. Bu səbəblə, həmin günlərdə onun əziz xatirəsini yad etmək və mənəvi məqamını ucalmaq gözəl və münasib sayılır.
İmamlarla görüşü
Yuxarıda bəhs olunan doğum və vəfat tarixləri nəzərə alınarsa, Həzrət Əbdül Əzim (ə), beş İmamın — yəni İmam Kazım (ə) ilə İmam Həsən Əskəri (ə) arasında olan imamların — dövrünü yaşamışdır. Lakin bu, onun həmin imamların hamısını görməsi və ya onlardan hədis nəql etməsi demək deyil.
Əminliklə demək olar ki, o, İmam Cavad (ə) və İmam Hadi (ə) ilə görüşmüş və onlardan çoxsaylı hədislər nəql etmişdir. Bu hədislərin bir hissəsi də “Hikmət-namə”də yer alıb. Əgər Şeyx Müfidə aid edilən “əl-İxtisas” kitabının məlumatları qəbul olunarsa, o, İmam Rza (ə) ilə də görüşmüş və ondan da hədis nəql etmişdir.
Bəzi “Ricalüt-Tusi” nüsxələrində Həzrət Əbdül Əzim (ə), İmam Həsən Əskərinin (ə) səhabələrindən sayılır. Həmçinin Mir Damadın “Şəriətut-Təsmiyə” adlı əsərində də o Həzrətin İmam Əskəri (ə) ilə görüşdüyü bildirilir. Lakin ondan İmam Əskəri (ə) ilə bağlı bizə birbaşa çatmış rəvayət yoxdur.
Elmi məqamı
Həzrət Əbdül Əzim Həsəninin (ə) yüksək elmi məqamını sübut etmək üçün bu fakt kifayətdir: İmam Hadi (ə), insanları dini suallar və əqidəvi-əməli məsələlərdə çətinliklə üzləşdikdə ona müraciət etməyə yönləndirmişdir.
Sahib ibn Əbbad, Həzrətin həyatı barədə yazdığı risaləsində belə nəql edir:
Əbu Turab Ruyaninin dediyinə görə, Əbu Hammad Razi belə deyib:
“Səmərra şəhərində İmam Hadiyə (ə) xidmət etdim və halal-haram məsələlərini soruşdum. İmam bütün suallarıma cavab verdi. Vədələşmək istədiyim zaman İmam mənə belə buyurdu:
‘Ey Əbu Hammad! Əgər öz bölgəndə dini məsələlərlə bağlı hər hansı bir çətinliklə qarşılaşsan, Əbdül Əzim ibn Abdullah Həsəniyə müraciət et və mənim salamımı ona çatdır.'”
Bu ifadə aydın şəkildə göstərir ki, Həzrət Əbdül Əzim (ə) dövrünün böyük müctəhidlərindən biri olub və Əhli-Beytdən (ə) aldığı üsul və qaydalarla, əqidəvi və fiqhi məsələləri şərh edib insanlara yol göstərə biləcək bir elm sahibi idi.
O yalnız bir hədis ravisi deyildi, həm də risalət ailəsinin böyük alimlərindən sayılırdı və onun elmi İmam Hadi (ə) tərəfindən təsdiqlənmişdi.
Əsərləri
Mərhum Nəccaşi, “Rical” adlı kitabında — ki bu əsər şiə müəllifləri haqqında yazılmışdır — Həzrət Əbdül Əzim Həsəni (ə) barəsində məlumat vermiş və “Xütbətu Əmirəl-Möminin” (Əmirəl-Möminin Əlinin (ə) xütbələri) adlı bir əsəri ona nisbət vermişdir.
Böyük ehtimalla, Seyyid Rəzi (rəh) də “Nəhcül-Bəlağə” əsərini tərtib edərkən bu kitaba müraciət etmiş və bu kitab onun əsas qaynaqlarından biri olmuşdur. Nəccaşi, Həzrət Əbdül Əzim (ə) haqqında məlumatının sonunda öz sənəd zəncirini müəllimi İbn Nuh vasitəsilə onun hədislərinə çatdırır.
Şeyx Tusi də “Fihrist” adlı əsərində — ki bu da şiə müəlliflərinin tanıdıldığı bir əsərdir — Həzrət Əbdül Əzimdən bəhs edərək, “onun bir kitabı vardır” deyir və sənədini Əhməd ibn Əbu Abdullah Bərqi vasitəsilə ona bağlayır; Bərqi isə Həzrət Əbdül Əzimdən (ə) hədis nəql etmişdir.
Sahib ibn Əbbad da Həzrət Əbdül Əzim (ə) haqqında yazarkən belə qeyd edir:
“Ona məxsus bir kitab var ki, adı ‘Kitabu Yəvm və Ləylə’dir.”
Mənəvi ucalığı
Həzrət Əbdül Əzim Həsəninin (ə) mənəvi ucalığının ən önəmli göstəricisi — onun qəbrini ziyarət etməyin savabının, İmam Hüseynin (ə) qəbrini ziyarət etməyə bərabər sayılmasıdır.
Şeyx Səduq (rəh), Rey şəhərindən olan Məhəmməd ibn Yəhya Əttardan belə nəql edir:
Mən İmam Hadiyə (ə) xidmətə getdim. O Həzrət mənə buyurdu: “Harada idin?”
Dedim: “İmam Hüseyni (ə) ziyarət etdim.”
İmam Hadi (ə) buyurdu:
“Bilin ki, əgər şəhərinizdəki Əbdül Əzimin qəbrini ziyarət etsəydin, sanki Hüseyn ibn Əlini (ə) ziyarət etmiş olardın.”
Bu hədisin izahı və Həzrət Əbdül Əzim (ə) mənəvi məqamının açıqlanması üçün aşağıdakı məsələlərə diqqət etmək lazımdır:
İmam Hüseynin (ə) ziyarətinin fəziləti
Əhli-Beyt (ə) hədislərində İmam Hüseynin (ə) ziyarətinə aid çoxlu fəzilət və bərəkətlər qeyd olunmuşdur. O cümlədən:
Günahların bağışlanması
Mələklərin duası
Əhli-Beytin (ə) duası
Ömrün uzun olması
Ruzi bolluğu
Qəmlərin aradan qalxması
Qəlbin şad olması
Pis əməllərin yaxşıya çevrilməsi
Şəfaət haqqından faydalanmaq
Hətta bəzi hədislərdə, İmam Hüseynin (ə) ziyarətinin savabı min Həcc və min Ümrədən də üstün sayılmışdır.
Həzrət Əbdül Əzimin (ə) ziyarətinin İmam Hüseynin (ə) ziyarətinə bərabər olması nə deməkdir?
Sual budur: bu hədisə əsasən, Həzrət Əbdül Əzimin (ə) ziyarəti şərtsiz şəkildə İmam Hüseynin (ə) ziyarətinə bərabərdirmi? Yoxsa bu bərabərlik xüsusi bir zaman və şəraitə aiddir?
Əlbəttə ki, İmam Hadi (ə) bu ifadə ilə İmam Hüseynin (ə) ziyarətinin fəzilətini azaltmaq və ya Həzrət Əbdül Əzimin (ə) dəyərini şişirtmək istəməmişdir.
Buna görə demək olar ki, bu bərabərlik müəyyən siyasi və tarixi şəraitə bağlıdır. O dövrdə — yəni Abbasi xəlifələri Mü’təvəkkil, Mü’təz və Mü’təmədin hakimiyyəti dövründə — şiələrin sıxışdırıldığı və təhlükə içində yaşadığı zamanlarda, İmam Hadi (ə) şiələrin təhlükəyə düşməsinin qarşısını almaq məqsədi ilə belə buyurmuşdur.
Başqa sözlə desək, Əbdül Əzimin (ə) ziyarəti, o dövrdə İmam Hüseynin (ə) ziyarəti üçün canlarını təhlükəyə atan şiələrə eyni savabı qazandıran bir alternativ idi. Bu da göstərir ki, Əbdül Əzimin (ə) məqamı Əhli-Beyt (ə) yanında çox yüksək olmuşdur və onun məzarı, İmam Hüseynin (ə) məzarının bir şaxəsi, bir nümayəndəsi sayılmışdır.
Bu, həm Həzrətin mənəvi böyüklüyünü, həm də Əhli-Beyt (ə) məktəbindəki yüksək yerini sübut edir.
Həzrət Əbdül Əzimin (ə) ziyarətinin İmam Hüseynin (ə) ziyarətinə bərabər olmasının hikməti
Həzrət Əbdül Əzimin (ə) ziyarətinin, şəhidlər sərvəri İmam Hüseynin (ə) ziyarətinə – hər nə qədər müəyyən şəraitlərdə olsa da – bərabər sayılması, şübhəsiz ki, hikmətsiz deyil. Bəlkə də bu hikməti tam anlamaq mümkün olmasın, lakin bu böyük fəzilətin sirrini o böyük şəxsiyyətin elmi, əməli və cihadi şəxsiyyətində axtarmaq lazımdır.
İmamzadələr arasında böyük şəxsiyyətlər çoxdur; lakin onlardan heç biri barədə – ən azından bizə çatmış məlumatlarda – ziyarətinin İmam Hüseynin (ə) ziyarətinə bərabər olduğu qeyd olunmamışdır.
Bu səbəbdən, Həzrət Əbdül Əzim (ə) xüsusi sifətlərə və yüksək məqama sahib olmuşdur ki, onun müqəddəs məzarından Hüseyniyyə nuru saçır və Seyyiduş-şuhədanın (ə) ətri oradan duyulur.
Qeyd etmək lazımdır ki, Həzrət Əbdül Əzimin (ə) ziyarətinin fəziləti haqqında başqa hədislər də nəql olunmuşdur. Məsələn, Şəhid Saninin Xülasətül-Əqul adlı əsərində İmam Rzadan (ə) belə nəql olunur:
“Hər kəs Əbdül Əzimin qəbrini ziyarət edərsə, Allahın onun üçün cənnəti vacib etməsi gərəkər.”
Başqa bir hədisdə isə İmam Rza (ə) buyurur:
“Hər kəs məni ziyarət edə bilmirsə, qardaşım Əbdül Əzim Həsənini Rey şəhərində ziyarət etsin.”
Lakin bu hədislərin sənədi zəifdir və tarixi baxımdan da tənqid olunmuşdur. Çünki Həzrət Əbdül Əzim (ə), İmam Rzanın (ə) şəhadətindən illərlə sonra da sağ olmuşdur. Ancaq bu hədislərin İmamın qeybi xəbərlərindən olması ehtimalı da irəli sürülə bilər.
Həzrət Əbdül Əzim Həsəninin (ə) rəvayətləri
Həzrət Əbdül Əzim (ə) barəsində yazılmış kitabların əhəmiyyətli bir hissəsi, onun rəvayət zəncirində yer aldığı hədislərə həsr olunmuşdur. Məsələn:
Cənnətün-Nəim – 60 hədis
Ruh və Reyhan – 57 hədis
Ət-Təzkirətül-Əzīmiyyə – 40 hədis
Əbdül Əzim Həsəni: həyatı və müsəndi – 78 hədis
Müsnədu Həzrət Əbdül Əzim Həsəni (ə) – 120 hədis (Həzrət Əbdül Əzim (ə) konqresi əsərləri arasında çap olunub)
Amma qeyd etmək lazımdır ki, sadalananlar Həzrət Əbdül Əzimin (ə) bütün hədisləri deyildir. Sahib ibn Əbbad, onu belə təsvir etmişdir:
“O, çoxlu hədis və rəvayət nəql edən bir şəxs idi. Təqvalı və dindar idi. İbadət əhli idi. Əmanətə sadiq və doğru danışan kimi tanınırdı. Dini məsələlərə dərindən bələd idi. Tövhid və ədalətə inanan bir şəxs idi.”
Əvvəldə qeyd edildiyi kimi, “Xütbətu Əmirəl-Möminin” və “Kitabu Yəvm və Ləylə” Həzrətin yazdığı əsərlər sırasındadır. Buna əsasən demək olar ki, Həzrət Əbdül Əzimə (ə) aid çox sayda hədis və məlumat, müxtəlif səbəblərlə bu günə qədər bizə çatmamışdır.
Həzrət Əbdü’l-Əzimin (ə) Rey şəhərinə hicrəti, onun siyasi mübarizələri, elmi və dini şəxsiyyəti ilə əlaqədardır. Əbdü’l-Əzim (ə) İmam Hadi (ə) ilə yaxın əlaqələrə malik idi və Abbasilər dövründəki təqiblərdən qaçaraq Rey şəhərinə sığındı. O, “Səkkətü’l-Məvalə” adlı məhəllədə bir şiə evində gizli şəkildə yaşadı, gündüzlər oruc tutar, gecələr ibadətlə məşğul olardı. Bəzən gizli şəkildə bir məzarı ziyarət edərdi və deyərdi: “Bu, Musa ibn Cəfər (ə) nəslindən birinin məzarıdır.”
Əbdü’l-Əzim (ə) Rey şəhərində neçə il qaldığı dəqiq məlum deyil. Lakin onun bu şəhərdəki varlığı, çoxsaylı şiələrin onunla tanış olmasına səbəb oldu. Bu, onun elmi və siyasi fəaliyyətlərinin bir göstəricisidir.
Onun vəfatı ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Bəzi mənbələrə görə, Əbdü’l-Əzim (ə) təbii səbəblərdən vəfat etmişdir. Məsələn, “Ricalu’n-Nəcəşi” və “Sahibu’l-Əbbad” kitablarında onun təbii ölümündən bəhs edilir. Ancaq “Şəcərətu’l-Mübarəkə” və “Məntəqətü’t-Tabibə” kimi daha sonrakı əsərlərdə onun zəhərlənərək şəhid edildiyi qeyd olunur. Bu fərqli rəvayətlər, Əbdü’l-Əzimin (ə) şəhidliyinə dair mübahisələrin mövcud olduğunu göstərir. Bəzi alimlər, onun şəhidliyini qəbul edirlər, çünki bu, onun İmam Hadi (ə) ilə olan yaxın əlaqələri və Abbasilərin təqibləri ilə əlaqələndirilir.
Əbdü’l-Əzimin (ə) məzarı, Rey şəhərinin “Səkkətü’l-Məvalə” məhəlləsində yerləşir. Bu yer, “Bəğdətü’l-Cəbbar ibn Cəbbar” adlı bağın içindədir və burada bir alma ağacı var idi. Bir gün, Reyli bir şiə, yuxusunda Peyğəmbər (s) ilə görüşərək ondan bu şəxsin məzarının yerini soruşdu. Peyğəmbər (s) ona, “Səkkətü’l-Məvalə”dən bir şəxsin bu bağda, alma ağacının yanında dəfn ediləcəyini bildirdi. Bu yuxudan sonra, həmin şəxs bağın sahibinə müraciət edərək bu yeri almaq istədiyini bildirdi. Bağın sahibi isə, özünün də eyni yuxunu gördüyünü və bu səbəbdən bağını şiələrə və sadiqlərə vəqf etdiyini söylədi.
Əbdü’l-Əzimin (ə) məzarı, bu gün də ziyarətgah olaraq mühüm əhəmiyyətə malikdir və çoxsaylı zəvvarlar tərəfindən ziyarət edilir.
YOLDAŞI VƏ UŞAQLARI
Əbdüləzim Həsənin (ə) yoldaşı künyəsi Əbu Muhəmməd olan əmisi Qasim ibn Həsən Əmirin qızı Xədicədir. Muhəmməd və Ummu Sələmə adlı iki uşağı dünyaya gəlmişdir.
Şeyx Abbas Qummi uşaqlarından biri haqqında belə yazmışdır: “Muhəmməd zöhd və ibadətilə tanınmış dəyərli bir şəxsiyyətdir.”
Bəzi imamlarla və görüşməsi
Ağa Bozorgi Tahrani belə nəql edir: Əbdüləzim Həsəni imam Rzanı (ə) və imam Cavadı (ə) görmüş imam Hadiyə (ə) inancını ərz etmiş və onun zamanında vəfat etmişdir.
Ancaq Ayətullah Xoyi imam Rza (ə) ilə eyni əsirdə yaşadığını qəbul etməmiş və bu görüşü qəbul etməmişdir. Şeyx Tusi öz rical kitabında Şah Əbdüləzimi imam Həsən Əsgərinin (ə) səhabəsi hesab etmişdir.
Əzizullah Atarudiyə görə isə Əbdüləzim Həsənin nəql etdiyi həədislərə baxdıqda onun imam Kazımı (ə) imam Rzanı (ə) imam Cavadı (ə) və imam Hadini (ə) müşahidə etdiyi anlaşılır.
YAŞADIĞI DÖVR
Əbdüləzim Həsənin yaşadığı dövr Abbasilər tərəfindən şiələrin zülmə uğradıqları dövrə təsadüf edir. Özü və ata-babaları illərlə təqib olunmuşlar.
Mədinə, Bağdad və Samirrada yaşadığı vaxtlarda təqiyyə edərək inanc və məqsədlərini gizlətməyinə baxmayaraq Abbasi xəlifələrindən Mütəvəkkil və Mötəzin qəzəbinə gəlmişdir.
REY ŞƏHƏRİNƏ HİCRƏT
Tarixi qaynaqlara görə Əbdüləzim Abbasi xəlifəsi Mötəzin zamanında zülm, əziyyət və ölüm qorxusuna görə imam Hadinin (ə) əmri ilə Abbasilərin önəmli hesab etdikləri Samirra şəhərindən Rey şəhərinə hicrət etmişdir.
Bəzilərinin nəql etdiyinə görə həzrət Əli ibn Musa ər-Rzanın (ə) qəbrini ziyarət etmək məqsədilə Xorasana hicrət etmiş və Rey şəhərində Həmzə ibn Musa ibn Cəfəri (ə) ziyarət etmək üçün qalmış və orada gizli şəkildə qalmışdır.
Nəcaşı belə deyir: Əhməd ibn Muhəmməd ibn Xalid Bərqi hadisəni belə rəvayət edir: Əbduləzim sultandan qaçdığı vaxt Rey şəhərinə gəldi. “Siqqətul Məvali” adlı yerdə şiələrdən birinin evinin zirzəmisində qalaraq o zirzəmidə ibadətlə məşğul olmağa başladı.
Gündüzləri oruc tutmaqla və gecələri də ibadətlə keçirməkdəydi. Gizlin qaldığı yerdən çölə çıxar və bir qəbrin ziyarətinə gedərək belə deyərdi: “Bu qəbr Musa ibn Cəfərin (ə) oğullarından birinin qəbridir”. Davamlı bu zirzəmidə qalırdı. Onun Reyə gəldiyi xəbəri bir-bir Ali Muhəmmədin (ə) şiələrinə çatmağa başladı və sonunda şiələrin çoxu onunla tanınmış oldu.
ƏBDÜLƏZİMİN ÖLÜMÜ
Deyilənlərə görə Əbdüləzim Həsənin (ə) vəfatı hicrətin 252-ci ili şəvval ayının 15-i imam Hadinin (ə) zamanında baş verdi. Əbdüləzim Həsənin necə vəfat etməsi haqqında iki görüş var:
Bunlardan biri təbii ölüm, o birisi isə şəhid olaraq rəvayət olunmuşdur. Nəcaşi belə nəql edir: Əbdüləzim xəstələnərək dünyadan köçdü. Şeyx Tusi də belə deyir: Əbdüləzim Rey şəhərində öldü və qəbri oradadır.
Bundan başqa Əbdüləzim Həsənin diri-diri torpağa basdırılaraq şəhid olmasına dair bir rəvayət də vardır. Fəxruddin Turəyhi bu cür qeyd edib: “Əbu Talib övladlarından olan və Rey şəhərində diri-diri torpağa basdırılan kişi Əbdüləzim Həsənidir”.
Vaiz (moizə edən) Kucaribu haqda deyir: “Nəsil və rical kitablarında həzrəti Əbdüləzim haqqında araşdırmalar apardım və onun şəhid olduğunu göstərən güvənli bir xəbər tapmadım”.
ƏBDÜLƏZİMİN DƏFNİ VƏ ZİYARƏTİNİN SAVABI
Mühəddis Nuri şiələrdən birinin nəql etməsinə görə bu şiə həzrəti Rəsuli Əkrəmi (ə) yuxusunda görmüş və həzrət ona buyurmuşdur: Sabah övladlarımdan biri Əbdülcəbbar ibn Əbdülvəhhab Razinin evində alma baxçasında müşayiət olunaraq dəfn olunacaq. Orada dəfn oluna bilmələri üçün özü o baxçanı satın almış Əbdüləzimə və oradakı şiələrə vəqf etmişdir. Ona görə də Əbdüləzim türbəsi “Məscidul-Şəcərə” və ya “Ağaca Yaxın Məzar” adı ilə məhşurlaşmışdır. Şeyx Səduq Əbdüləzim Həsəninin (ə) qəbrini ziyarət etməklə bağlı belə bir rəvayət nəql etmişdir: “Rey şəhərindən biri imam Əliyyən Nəqinin (ə) yanına gedərək belə deyər: Həzrəti Seyyiduş-Şühədanın (ə) ziyarətinə müşərrəf oldum”. İmam belə buyurdu: “Sizin yanınızda olan Əbdüləzimin qəbrini ziyarət etmiş olsaydı Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət etmiş kimi olardı”.
FƏZİLƏT VƏ MƏQAMLARI
Əllamə Hilli Əbdüləzimin tərcümeyi-halında onu təqvalı bir alim kimi tanıtdırmışdır. Mühəddis Nuri də həmçinin onun fəzilətləri barədə Sahib ibn İbad risaləsindən nəql etmişdir. Belə ki, onun təqvalı, günahlardan çəklinən, əmanətə riayət edən, sözündə sadiq, dində alim, tovhid və ədalətə inanan və çoxlu sayda hədisə vaqif olduğunu bildirmişdir. Təqva və doğruluğuna görə imamların (ə) yanında daha da ucalmışdır.
MƏSUM İMAMLARIN AÇIQLAMALARINDA
İmam Hadi (ə) Əbdüləzimin Samirraya səfərində onu təsdiq edərək dəstəkləmişdir. İmam Hadi (ə) Əbdüləzim Həsəniyə belə xitab etmişdir: “Ey Əbul Qasim! Həqiqətən sən haqq olaraq bizim vəlimizsən … Sən Allahın bəyəndiyi dini bizdən öyrəndin… Allah səni sabit sözlə dünya və axirətdə sabit qədəm eləsin”. İmam Hadi (ə) ilə Şah Əbdüləzimin (ə) arasında keçən bu dialoq “Hədisi Ərzi Din” adı ilə məşhurdur.
ELMİ MƏQAMI
Əbu Turab Ruyanı belə deyir: Əbu Həmmad Razidən buyrulur: Samirrada imam Hadinin (ə) yanına gedərək halal-haramla bağlı bəzi suallar verdim. Vidalaşmaq qəsdilə qalxdıqda imam buyurdu: “Halal-haramla bağlı mövzularda və din işlərində çətinlik çəkdiyin bir mövzu olarsa Əbdüləzim ibn Əbdullah Həsənidən soruşarsan və mənim salamımı ona çatdırarsan ”.
ƏBDÜLƏZİMİN RƏVAYƏTLƏRİ
Hədis kitablarında və rivayi mətnlərdə Əbdüləzim Həsənidən 100-dən çox hədis nəql olunur. Bu da onun nə qədər çox hədis nəql etdiyini göstərir. Sahib ibn İbad belə deyir: “O, çoxlu sayda rəvayət və hədisə sahibdir. İmam Cavad (ə) və imam Hadidən (ə) hədis nəql edir. Özünə aid “Hutəbu Əmiril-muminin” və “Yəum və Ləylə” adlı kitabları vardır.” Göründüyü kimi mutəhhər və pak imamlardan (ə) nəql olunan hədislər zikr şəklində rəvayət olunmuşdur. Hər mükəlləf şəxs gündüz və gecə müstəhəbat və vacibatlardan edə bilər. Onun “Əbdüləzim Həsənin rəvayətləri” adlı kitabları da vardır. Bir qrup dahilər də Əbdüləzim Həsənidən hədislər nəql etmişlər. Şeyx Səduq ondan “Cəmiul Əxbər Əbdüləzim” adlı bir hədis məcmuəsini də ərsəyə gətirmişdir.
Əbdüləzim Həsəninin imamlardan (ə) vasitəsiz nəql etdiyi hədislər bu cürdür: imam Rzadan (ə) 2 hədis, imam Cavaddan(ə) 26 hədis və imam Hadidən (ə) 9 hədis. Vasitə ilə nəql etdiyi hədislərin sayı isə 65-dir.
HAQQINDA YAZILAN ƏSƏRLƏR
Hicri – şəmsi ili ilə 1392-ci (2013) ildə Əbdüləzim Həsəninin türbəsindəki Şeyx Səduq toplantı salonunda Əbdüləzim Həsəni anmaq və şəxsiyyətini tanımaq məqsədilə bir konqres keçirilmişdir. Konqresdə deyilən əsərlər 29 cilddə yayımlanmışdır. O əsərlərdən bəzilərini qeyd edirik
“Cənnətun nəim vəl İyşus-Səlim fi əhvalis Səyyidil Kərim vəl Muhəddisil əlim Əbdüləzim əl Həsəni” müəllifi Baqir Kocuri Mazandarani
“Risalətun fi Fadli Səyyidina Əbdüləzim Həsəni əl Mədfun bir Rəy” müəllifi Sahib ibn İmad
“Əxbari Əbdüləzim ibn Əbdullah ibn Əli ibn Həsən ibn Zeyd ibn Həsən ibn Əli ibn Əbu Talib (ə)” müəllifi Şeyx Səduq, Əz-Zaria kitabında isə “Hayatu Əbdüləzim Həsəni” adı ilə zikr olunmuşdur və digərləri.
Hazırladı: İlahiyyatçı, Sara Əmirzadə