Kəbə

şərh yoxdur

Kəbə

إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ 
“Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkilər (Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir”[1] 

Kəbə evi Adəmin (ə) vasitəsilə tikilmişdir. Sonra Nuhun (ə) tufanı nəticəsində dağılmış və İbrahim (ə) Allahın göstərişi ilə onu yenidən bərpa etmişdir. Belə ki, İbrahim (ə) Allahın fərmanı ilə həyat yoldaşı Hacəri və oğlu İsmayılı Məkkəyə tərəf aparıb Allahın evinin yerləşdiyi yerdə qoyur. Elə bir yerdə ki, nə suyu var idi, nə də ki otu. Lakin nə etməli fərman İlahi bir fərman, məqam da imtahan məqamı idi. İbrahim (ə) öz əziz övladı və həyat yoldaşı Hacəri o biyabanda qoyub geri dönür. Bu zaman bu qocaman ata geri dönüb kövrək baxışlarla öz ailəsini seyr edir. Böyük bir iman və Allaha təvəkkül ilə üzünü səmaya tərəf tutub əllərini göyə qaldırır və belə dua edir.

وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُمْ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ قَالَ وَمَنْ كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلًا ثُمَّ أَضْطَرُّهُ إِلَى عَذَابِ النَّارِ وَبِئْسَ الْمَصِيرُ

“…İbrahim dedi: “Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə – Allaha və axirət gününə iman gətirənlərə – hər növ meyvə və məhsullardan ruzi ver…”[2] 

İbrahim (ə) geri dönür. Çox keçmir ki, susuzluq onlara güc gəlir. Hacər İsmayılı aclıq və susuzluğun əzabından xilas etmək üçün yeddi dəfə Səfa və Mərvə dağları arasında su ümidi ilə pərişan halda qaçır və sonunda ümidsiz halda geri dönür. Allahın lütfü ilə İsmayılın ayağı altından saf və şəffaf bir bulaq qaynamağa başlayır. Ana ilə övladı o sudan içib sirab oldular. Yaxınlıqda “Curhəm” qəbiləsi yaşayırdı. Onlar Hacər ilə İsmayıla öz aralarında yer verdilər və beləliklə, İsmayıl cavanlıq yaşına çatdı. Bu zaman Allah İbrahimə əmr etdi ki, Məkkəyə qayıtsın, orada övladının köməyi ilə Allah evini (Kəbəni) yenidən tiksin. Quran bu barədə belə buyurur:

وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَنْ لَا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ
“Və, (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kəbənin sütunlarını Adəmin  qoyduğu təməl üzərində qaldırsın deyə) Kəbə evinin yerini hazırladıq (və ona dedik) ki: “(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və ruku və səcdə edənlər üçün təmizlə!”[3]

“Və (yada sal) o zaman(ı) ki, İbrahim və İsmail evin (Kəbənin) təməlini ucaldırdılar( və deyirdilər): “Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!”[4] 
İbrahim (ə) İsmayıl (ə) ilə birlikdə Kəbəni tikərkən Allah ilə bu məzmunda razu-niyaz edir:
“Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət yarat…”

“Ey Rəbbimiz onların arasına oxuyan, kitab və hikmət öyrədən və onları paklaşdıran bir Peyğəmbər seçib göndər. Çünki yenilməz qüdrət və hikmət sahibi Sənsən!”[5]

Beləliklə, Kəbə evi İbrahimin (ə) əli ilə ziyarət məkanına çevrilir. Bu müqəddəs bina tovhid nidasını ucaltmaq üçün bərpa olunmasına baxmayaraq, zaman keçdikcə din təhrifə uğrayır, və bütpərəstlik əqidəsi bu məkana da yol tapır. Buna baxmayaraq, Kəbə yarandığı gündən hər zaman öz müqəddəsliyini qoruyub saxlaya bilmişdir. Ora hətta bütpərəstlərin də ibadət və and yerinə çevrilmişdir. Onlar öz böyük və güclü sandıqları bütlərini Kəbə evinin içində qoruyub saxlayırdılar.
Məkkə tarixinə nəzər saldıqda əziz Peyğəmbərimiz Muhəmmədin (s) müvəhhid (Allahın təkliyinə inanan) babalarının əvəzsiz xidmətləri nəzərə çarpır. Bu mərd insanlar cəmiyyəti bürüyən nadanlıq, fəsad, bütpərəstlik və qeyri-insani əxlaqın çirkinliklərinə bulaşmamış, İbrahimdən (ə) Muhəmmədə (s) qədər öz paklıqlarını qoruyub saxlamışlar. Onlar sanki Həzrəti İbrahimin (ə) əlindəki tovhid bayrağını bir-birilərinə ötürərək yer üzünün sonuncu Peyğəmbərinin (s) əlinə vermişlər. Onlardan məsələn, Qusey – Peyğəmbərin (s) dördüncü babası öz istedadı ilə qısa bir müddət ərzində ali vəzifələri və Məkkənin hakimiyyətini əldə etmiş Kəbənin açarlarını saxlamaq şərəfinə nail olmuşdur. O, camaatı Kəbənin kənarında evlər tikməyə təşviq edirdi. Ölümündən sonra Kəbənin himayəsi və “Darun-nudvənin” rəisliyi oğlu Əbdud-darın övladlarının, hacıları su ilə təmin edib qonaqları qarşılamaq isə Əbdulmənafın övladlarının öhdəsində olur. Bu bölgü İslamın zühurunadək dəyişməz qalır.

Kəbənin təmiri

Kəbə tarixində mühüm hadisələrdən biri də onun təmiridir. Bu hadisə İslamın zühurundan əvvəl baş vermişdir. Belə ki, ərəb qəbilələri yığışıb Kəbəni təmir etmək qərarına gəlirlər. Bu mühüm və dəyərlı işi onlar böyük müvəffəqqiyyətlə başa çatdırırlar. Qara daşı Kəbə divarlarına yerləşdirmə şərəfinə isə Muhəmməd (s) nail olur. O, ümumun razılığı ilə qara daşı Kəbə divarına yerləşdirir.

Kəbənin övladı

Kəbənin tarixində baş verən qeyri-adi hadisələrdən biri də həzrət Əlinin (ə) onun içində dünyaya gəlməsi idi. Bu hadisə belə olmuşdur:
Əbu-Talibin həyat yoldaşı Fatimə binti Əsəd doğum əlamətlərini hiss etdiyi zaman Allah evinə üz tutur. Orada Allaha dua edərək bu doğumu onun üçün asan etməsini diləyir. Elə bu zaman Kəbənin divarları yarılır və xanım içəri daxil olduqdan sonra yenidən bağlanılır. Bu hadisənin şahidi olanlar böyük həyəcanla Kəbənin qapısının önündə toplaşıb onu açmağa çalışırlar. Lakin nə qədər cəhd etsələr də, qapı açılmır. Sonunda bu hadisənin İlahi bir hikmətlə bağlı olduğunu anlayıb səbr etmək qərarına gəlirlər. Beləcə üç gün keçir. Nəhayət, üçüncü gün Kəbə divarı yenidən həmin yerdən açılır və qucağında gözəl bir körpəni tutmuş Fatimə çölə çıxır. Allah evində dünyaya gələn bu körpə İslamı öz güclü qolları, elmi və imanı ilə yaşadan Həzrət Əli (ə) idi. O, Allah evində dünyaya gəldi, Allah evində yaşadı və Allah evində də dünyadan köçdü (Kufə məscidində).

Kəbənin qiblə təyin olunması

Peyğəmbər (s) on üç il Məkkədə Beytul-Müqəddəsə doğru namaz qılırdı. Mədinəyə hicrət etdikdən sonra da bu məsələ olduğu kimi qalmışdı. İlahi göstəriş belə idi ki, müsəlmanlar da yəhudilərin namaz qıldığı qibləyə doğru namaz qılmalıdırlar. Bu iş biri qədim, digəri isə yeni olan iki dinin bir-birinə yaxınlaşması və həmkar olması məqsədini daşıyırdı. Lakin müsəlmanların günü-gündən çoxalıb tərəqqi etməsi yəhudi dairələrində təşvişə səbəb oldu. Çünki bu irəliləyiş İslam ayininin qısa bir müddətdə bütün Ərəbistan yarımadasına yayılıb yəhudi ayinini və qüdrətini ortadan qaldıracağının əlaməti idi. Ona görə də yəhudilər əhdi pozub Peyğəmbərə (s) və müsəlmanlara əziyyət verməyə başladılar. Onlar müsəlmanlara irad tutaraq müstəqil qibləyə malik olmadıqlarını tənə ilə vurğulayırdılar. Bu xəbər Peyğəmbərə (s) ağır gəlirdi. Gecələr evindən çıxaraq asimana baxar və bu barədə göstərişin, vəhyin nazil olmasını gözləyirdi. Aşağıdakı ayə həmin bu mətləbə işarə edir:

“Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk”.[6]

Quran ayələrindən belə aydın olur ki, qiblənin dəyişilməsinin digər bir səbəbi də möminlik iddiası edənlərin öz iddialarında nə qədər səmimi olduğunu üzə çıxarmaq idi. Belə ki, yeni göstərişə əsasən namaz halında Məscidul-Hərama tərəf yönəlmək yeni dinə olan imanın və ixlasın, əmri icra etməkdən boyun qaçırmaq isə ikiüzlülük və nifaqın rəmzi hesab olunurdu.

Bu barədə Quranda belə deyilir:

“Biz sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan şəxsə görə dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd etməkdən (əzəlı elmimizi xaricdə gerçəkləşdirməkdən) başqa bir şey üçün təyin etməmişdik”.[7]

Əlbəttə, İslam tarixini mütaliə edib Yaradanın hikmətini düşündükdə başqa səbəbləri də görmək mümkündür.

Belə ki, tovhid qəhrəmanı həzrət İbrahimin (ə) təmir etdiyi Kəbə bütün ərəb cəmiyyətinin təzim mərkəzi idi. Belə bir yerin qiblə olması bütün ərəblərin razılığını cəlb edib onları İslam dinini qəbul etməyə rəğbətləndirəcəkdi. Bundan əlavə tez-tez əhdlərini pozan və hidayətlərinə ümid olmayan yəhudilərdən uzaqlaşmaq lüzumu yaranmışdı. Qiblənin dəyişdirilməsi bu uzaqlaşmanın təzahürlərindən biri idi.

Necə ki, Aşura günü tutulan orucun da nəsx olunması (aradan qaldırılması) bu səbəblə əlaqədardır. Belə ki, yəhudilər İslamdan əvvəl Aşura günü oruc tutardılar. Peyğəmbər (s) və müsəlmanlara da həmin gün oruc tutmaq vacib idi. Sonra aşura orucu ləğv olunaraq Ramazan ayının orucu vacib edildi. Bu hadisənin maraqlı cəhətlərindən biri də qiblənin namaz əsnasında dəyişilməsi idi. Peyğəmbər (s) günorta namazının iki rükətini qılmişdi ki, vəhy mələyi nazil olub ona Məscidul-Hərama doğru yönəlmək göstərişini verir. Bəzi rəvayətlərdə də deyilir ki, Cəbrail (ə) Peyğəmbərin (s) əlindən tutub Məscidul-Hərama doğru yönəldir. Məsciddə olanlar da bu işi təkrarlayırlar. O gündən Kəbə müsəlmanların müstəqil qibləsi olur!

Kəbədən ucalan azan

Hicrətin 8-ci ili uzun illərin ayrılıq və mübarizəsindən sonra vaxtı ilə Məkkəni az saylı müsəlmanlarla tərk etməyə məcbur olan Peyğəmbər (s) on minlik əzəmətli bir ordu ilə göz bəbəyi Kəbə olan bu müqəddəs şəhəri müharibəsiz fəth edir. Uzun illər şirk və bütpərəstliyin əsiri olan bu diyar tovhidin yenilməz ordusu və müsəlmanların təkbir sədası ilə azad olur.

Peyğəmbər (s) onun üçün qurulan xeymədə bir az istirahət etdikdən sonra dəvəsinə süvar olunmuş halda Allah evini ziyarət və təvaf etmək üçün Məscidul-Hərama tərəf hərəkət edir. Mühacir və ənsardan ibarət əzəmətli bir dəstə onu dövrəyə almışdı. Peyğəmbər (s) məsləhətə görə dəvəsindən enmədən Məscidul-Hərama daxil olur. “Həcərul-əsvəd”in qarşısında dayanaraq ona işarə edib təkbir deyir. Ətrafında dayanmış müsəlmanlar da uca səslə təkbir deyirdilər. Məsciddə çox qəribə bir əhval-ruhiyyə və səs-küy yaranır. Peyğəmbər (s) camaatın sakitləşməsi üçün işarə edir. Az keçmir ki, məsciddə tam sakitlik yaranır. Peyğəmbər (s) təvafa başlayır. Birinci dövrədə Kəbənin yuxarısına bərkidilmiş “Hubəl”, “Əsaf” və “Nailə” adlı bütləri görən O Həzrət əlindəki nizə ilə onlara möhkəm bir zərbə endirir və yerə salır. Sonra bu ayəni oxuyur:

Və de: “Haqq gəldi və batil məhv oldu, həqiqətən, batil həmişə məhvə məhkumdur”.[8]

Onun göstərişi ilə “Hubəl” illərlə ona pərəstiş edən müşriklərin gözlərinin önündə sındırılır. Təvafı sona çatdıran Peyğəmbər (s) bir az əyləşdikdən sonra Kəbənin qapılarının açılmasının əmr edir. O, Kəbəyə daxil olur. Kəbənin daxili peyğəmbərlərin təsvirləri ilə dolu idi. Onun göstərişi ilə Kəbənin divarları Zəm-zəm suyu ilə yuyulub təsvirlərdən təmizlənir.

Tarixçilər və mühəddislər qeyd edirlər ki, Kəbənin daxilində və xaricində olan bütlərin bir qismi Əlinin (ə) vasitəsilə yerlə yeksan edilmişdir. Belə ki, Peyğəmbər (s) Əlinin (ə) çiyinləri üstünə çıxıb bütləri dağıtmaq istəyəndə hiss etdi ki, Əli (ə) onun ağırlığına tab gətirmir. Göstəriş verir ki, Əli (ə) onun çiynləri üstünə çıxıb bütləri dağıtsın.[9] 

Peyğəmbər (s) ümumi əfv elan etdi. Zöhr namazının vaxtı çatdıqda isə İslamın rəsmi müəzzini Bilal Kəbənin damına çıxıb uca səslə azan verərək tovhid və risalətin nidası Ilə qəlbləri riqqətə gətirdi.

Hər gün dünyanın bütün nöqtələrindən milyonlarla müsəlmanlar Allaha pərəstiş məqsədilə yer üzündə tikilən ilk evə – tovhid, ixlas, fədakarlıq, saflıq, əmin-amanlıq və azadlıq rəmzi olan əzəmətli Kəbəyə tərəf üz tutur, öz dua və munacatlarını bu müqəddəs nöqtədən mələkut aləminə ucaldırlar.

Kəbə ilk inşa edilən evdirmi?

İbn Şəhraşub “Şübhəsiz, insanlar (ın ibadəti) üçün təməli qoyulmuş ilk ev, həmin Bəkkədəkidir…” ayəsi barədə Əmirəlmöminin Əlinin (ə) o həzrətdən “Doğurdanmı ilk inşa edilən ev Kəbədir?” – deyə sual edən bir kişinin cavabında belə buyurduğunu nəql edir: “Xeyr, Kəbədən qabaq da evlər tikilmişdir, lakin Kəbə insanlar üçün inşa edilən ilk müqəddəs ev olmuşdur. O, elə bir evdir ki, xeyir-bərəkət, rəhmət və hidayət orada cəmlənmişdir. Onu ilk tikən İbrahim (ə) peyğəmbər olub, ondan sonra ərəblərdən olan “Cərhəm” qəbiləsi, daha sonra “Əmaliqə”, dördüncü dəfə isə “Qüreyş” qəbiləsi yenidən inşa etmişdir”.[10]

“Əddurrul-Mənsur” təfsirində İbn Munzirlə İbn Əbu Hatəmin Şəbinin vasitəsilə İmam Əlinin (ə) həmin ayə barədə belə buyurduğunu söyləmişlər: “Ayənin mənası o deyil ki, Kəbədən qabaq heç bir ev olmayıb, sadəcə Kəbə Allaha ibadət üçün tikilmiş ilk ev olub”.[11]

“İləluş-şəraye” kitabında İmam Sadiqdən (ə) belə rəvayət edilmişdir: “Bəkkə Kəbə evinin yerləşdiyi məkana, Məkkə isə bütün şəhərə deyilir”.[12]

Elə həmin kitabda İmam Sadiqdən (ə) digər bir rəvayət nəql edilir: “Məkkəyə ona görə Bəkkə deyilib ki, camaat orada izdiham yaradır”.

Bütün yerlər Kəbənin altından yaradılmışdır

Allah-Taala yeri yaratmaq istədikdə küləyə əmr etdi özünü dəryaya vurub dənizi dalğalandırsın. Dəniz də tufanın nəticəsində köpükləndi, köpüklərin hamısı bir yerə yığıldı. Kəbənin yerləşdiyi hazırkı yer məhz köpüklərin yığışdığı yerdir. Sonra Allah-Taala oranı köpükdən ibarət bir dağ şəklinə salıb yeri onun altından yaratdı. “Şübhəsiz, insanlar (ın ibadəti) üçün təməli qoyulmuş ilk ev, həmin Bəkkədəkidir…” ayəsi də elə buna işarə edir. Deməli Allah-Taalanın yerdə yaratdığı ilk ev Kəbədir. Digər yerlər isə Kəbənin altından yaradılmışdır.[13]

Yerin məhz Kəbənin altından yaradılması haqda bir çox rəvayətlər vardır və bu rəvayətlər nə Quranla ziddir, nə də əqli dəlillər onu inkar edir. Keçmiş təbiətşünasların fikrincə guya yer bəsit bir ünsür olub, əzəlidir. Qeyd olunan rəvayətlər isə yerin su köpüyündən yaradıldığını göstərir. Təbiətşünasların nəzəriyyəsinin yanlış olduğu artıq sübuta yetmişdir.

Kəbə evinin tarixi

Kəbə evinin ilk dəfə İbrahim (ə) peyğəmbər tərəfindən tikilməsində və oranın ilk ətraf sakinlərinin İsmail (ə) peyğəmbər və Yəməndən olan Cərhəm qəbiləsi olmasında qətiyyən şübhə yoxdur. Kəbə təxminən kub şəkilli bir binadır və küncləri şimal, cənub, şərq və qərb istiqamətlərinə doğru tikilmişdir. Belə tikilməsinin də səbəbi odur ki, külək hansı səmtdən əsərsə, onu uçurub dağıda bilməsin.

İbrahimin (ə) tikdiyi bu bina xeyli keçdikdən sonra “Əmaliqə” tayfası, daha sonra isə “Cərhəm” qəbiləsi tərəfindən yenidən inşa edilmişdir. (Yaxud da əvvəl “Cərhəm”, sonra isə “Əmaliqə” tərəfindən yenidən inşa edilib. İmam Əlidən (ə) nəql edilən rəvayətdə də məhz belə göstərilir).

Kəbənin idarə olunması Həzrət Peyğəmbərin (s) əcdadlarından olan Qüsəyy ibn Kilabın əlinə keçdikdən sonra (hicrətdən qabaq 2-ci əsrdə) Qüsəyy oranı daha möhkəm şəkildə inşa etdi, onun yanında “Darun-nədvə” (məsləhətxana) adlı bir yer də tikdi. Bura, əslində, hökumət idarəsi və Qüsəyyin öz tərəfdarlarının məsləhətləşdiyi yer olmuşdur. Qüsəyy Kəbənin cəhətlərini (səmtlərini) Qüreyş tayfaları arasında böldü. Hər tayfa öz evlərini paylarına düşən səmtin təvaf olunan yerinin yaxınlığında tikib qapılarını da ora doğru qoydular.

Bəzilərinin dediyinə görə, Besətdən beş il öncə Kəbə güclü sel nəticəsində uçulub dağılmışdır. Qüreyş tayfaları onun inşa edilməsini öz öhdəsinə götürdülər. Onu Rum imperiyasından gəlmiş Yaqum adlı bir bənna tikir, misirli bir dülgər də ona kömək edir. Növbə “Həcərül-əsvəd” daşının yerinə qoyulmasına çatdıqda tayfalar arasında mübahisə düşür və bu şərəfli işi hər tayfa öz öhdəsinə götürmək istəyir. Axırda belə qərara gəlirlər ki, o vaxt otuz beş yaşı olan və hamı tərəfindən hörmət edilən Muhəmmədi (s) bu işdə hakim təyin etsinlər. Həzrəti Muhəmməd (s) də göstəriş verir ki, bir əba gətirib “Həcərul-əsvəd”i onun üstünə qoysunlar. Sonra da hər tayfaya tapşırır ki, hərə əbanın bir ucundan yapışıb qaldırsın. Əba qaldırıldıqda Həzrət Muhəmməd (s) şəxsən özü “Həcərul-əsvəd”i yerinə, yəni Kəbənin rükni-şərqində (Şərq küncündə) olan yerinə qoyur.

Kəbənin tikintisi üçün çəkilən xərclər Qüreyş tayfalarını əldən saldığına görə onun hündürlüyünü hazırkı vəziyyətdə olan ölçüdə saxladılar. Əvvəlki özülün “Hicri-İsmail” tərəfə olan hissəsinin bir qədəri çöldə qaldı və “Hicri-İsmail”ə daxil edilmədi. Çünki yeni tikilən bina əvvəlkindən bir qədər kiçik idi. Bu bina Abdullah ibn Zübeyr Məkkəni ələ keçirənədək qaldı. Abdullah Məkkəni ələ keçirdikdən sonra Yezid ibn Müaviyə (Allahın lənəti ona olsun) Abdullahı və tərəfdarlarını darmadağın etmək üçün Hüseyn ibn Numeyr adlı bir şəxsin sərkərdəliyi ilə Məkkəyə böyük bir qoşun yeritdi. Yezid ordusunun sapandla atdığı iri daşlar və od nəticəsində Kəbə dağıdılır və onun pərdəsinin bir hissəsi yanır. Yezidin ölməsi ilə döyüş də başa çatır (əlbətdə, Yezid özü şəxsən bu döyüşdə iştirak etməyib və ölümü də bu döyüşdə olmayıb).

Abdullah ibn Zübeyr Kəbəni yenidən inşa etmək qərarına gəlir. Yəməndən keyfiyyətli kəc gətizdirib Kəbəni onunla tikdirir, “Hicri-İsmail”i də binaya daxil edir. Əvvəllər hündürdə olan Kəbə qapısını yerə kimi aşağı endirir. Əvvəlki qapı ilə üzbəüz yeni bir qapı da qoyur ki, camaat bir qapıdan girib digərindən çıxsınlar. Kəbənin hündürlüyünü iyirmi yeddi dirsək (təxminən on üç mütr yarım) edir. Binanın tikintisi başa çatdıqdan sonra onun içərisini və çölünü müşk və ənbərlə ətirləyir, üzərinə ipək bir parça örtür. Hicrətin 64-cü ili Rəcəb ayının 17-də bərpa işləri tamamilə başa çatır.

Əbdülməlik Mərvan xəlifə olduqdan sonra Həccac ibn Yusifi böyük bir ordu ilə Abdullah ibn Zübeyrin üzərinə göndərir. Həccac Abdullahı məğlub edib qətlə yetirir. Kəbəyə daxil olduqdan sonra Abdullahın gördüyü iş barədə Əbdülməlikə xəbər göndərir. Əbdülməlik əmr verir ki, Abdullah ibn Zübeyrin tikdiyini söküb Kəbəni əvvəlki vəziyyətinə qaytarsınlar. Həccac ibn Yusif (Allahın lənəti ona olsun) Kəbə divarının şimal səmtindən altı dirsək bir qarış söküb Kəbənin Qüreyşin tikdiyi hissəsinə çatdırıb, sonradan özü oranı tikdirdi. Kəbənin ibn Zübeyrin aşağı endirdiyi şərq qapısını isə bağlatdırdı. Artıq qalan daşları da Kəbənin içərisinə döşətdirdi.

Kəbə uzun müddət bu vəziyyətdə qaldı. Osmanlı Sultan Süleyman 960-cı Hicri ilində hakimiyyət başına gəldikdən sonra Kəbənin tavanını dəyişdirir. 1021-ci Hicri ilində Osmanlı Əhməd sultan olduqdan sonra Kəbədə müəyyən dəyişikliklər aparılır. 1039-cu Hicri ilində güclü sel nəticəsində Kəbənin şimal, şərq və qərb divarları uçulub dağıldığı üçün dördüncü sultan Murad oranı təmir etdirir. O vaxtdan bu günədək Kəbənin formasında heç bir dəyişiklik edilməmişdir.

Kəbənin coğrafi koordinatları

Kəbə evi təxminən kub şəkilli olub tünd göyə çalan qara və möhkəm daşlardan tikilmişdir. Onun hündürlüyü on altı metrdir. Peyğəmbərin (s) dövründə isə hündürlüyü bu rəqəmdən çox kiçik idi. Məkkənin fəthi haqqında olan rəvayətlər də bunu təsdiq edir. Belə ki Həzrət Peyğəmbər (ə) Əlini (ə) çiyninə qaldırmaqla Əli (ə) Kəbənin damına çıxır və oradakı bütləri sındırır.

“Hicri-İsmail”in və navalçanın yerlışdiyi şimal divarı ilə cənub divarın uzunluğu on metr on santimetrdir. Şərq divarı ilə qərb divarının uzunluğu isə on iki metrdir. Kəbənin qapısı şərq divarında, yerdən iki metr hündürdədir. “Həcərul-əsvəd” bu qapının sol tərəfində, cənub küncündə, yerdən təxminən bir metr yarım hündürlükdə yerləşir. O, ağır, yonulmamış, yumurta formasında olan bir daşdır. Rəngi qırmızıya çalan qaradır. Üzərində qırmızı ləkələr, sarı damarlar (xətlər) vardır.

Kəbənin dörd küncü qədim dövrlərdən dörd rükn adlandırılmışdır. Şimal rüknünə “rükni-İraqi”, qərb rüknünə “rükni-Şami”, cənub rüknünə “rükni-Yəmani”, “Həcərul-əsvəd”in yerləşdiyi şərq rüknünə “rükni-Əsvəd” deyilir. Kəbə qapısı ilə “Həcərul-əsvəd” arasındakı məsafə isə “mültəzəm” adlanır. Səbəbi də odur ki, Allah evini təvaf və ziyarət edən şəxs dua edərkən məhz oraya yaxınlaşır.

Şimal divarında yerləşən və rəhmət navalçası adlanan navalçanı isə Həccac ibn Yusif düzəltdirmişdir. Hicri 954-cü ildə Süleyman onu çıxarıb yerinə gümüş navalça qoyur. 1021- ci ildə sultan Əhməd gümüş navalçanı çıxarıb üzərində qızıl və mina ilə işlənmiş digər bir gümüş navalça qoyur. Nəhayət 1273-cü Hicri ilində Osmanlı sultanı Əbdülməcid onu qızıl navalça ilə dəyişir. Bu navalça hal-hazlrda da Kəbənin damındadır.

Şimal divarının qarşısında “hətim” adlanan yarımdairəvi bir divar hörülmüşdür. Onun ucları şimal və qərb künclərinə meyl etmişdir. Hər iki tərəfdən (yarımdairənin ucları ilə şimal və qərb künclərinin arasında) iki metr üç santimetrlik məsafə vardır. Bu yarımdairənin hündürlüyü 1 metr, eni isə 1 metr yarımdır. Yarımdairə ilə şimal divarı arasındakı ərazi bəzəkli daşlarla döşənilmişdir. Yarımdairənin ortasından şimal divarının tən ortasınadək olan məsafə 8 metr 44 santimetrdir.

Kəbənin bütün divarlarına çəkilən pərdəyə gəlincə isə deyilənlərə görə, bu işi ilk dəfə Yəmən şahı, “Tubbə” qəbiləsindən olan Əbu Bəkr Əsəd etmişdir.

 Kəbə yer kürəsinin mərkəz nöqtəsidir

Əksər tədqiqatçıların fikrincə “Kəbə” dəqiqliklə yer kürəsinin mərkəz nöqtəsində yerləşir və bu da onun planetin tam mərkəzində olması deməkdir.[14] Yer kürəsi Kəbənin səmtindən dörd hissəyə (şərq,qərb, şimal və cənub) bölünür. Bu məlumatda qeyd olunur ki, “Həcərul-əsvəd” şərq istiqamətində, “Yəmən sütunu” cənub, “Şam sütunu” şimal istiqamətində, “İraq sütunu” da qərb istiqamətində qərarlaşdırılmışdır. Kəbənin  sütunlarının dörd civarda qərarlaşması onun arxitektura və coğrafiya sahəsində böyük möcüzələrdən biri hesab olunmasıdır.

Kəbə evinin xüsusiyyət və özəlliklərindən biri də odur ki, Allah-Taala oranı mübarək və hidayət vasitəsi qərar vermişdir. Buna görə də İslam dinində olan şəxs onun hörmət və məqamı haqqında əsla ixtilaf və fikir ayrılığına düşmür.

[1] Ali-İmran-96

[2] Bəqərə-126

[3] Həcc-26

[4] Bəqərə-127

[5] Bəqərə-128, 129

[6] Bəqərə-144

[7] Bəqərə-143

[8] İsra-81

[9] Əl-ğədir, c. 7, səh-10, 13

[10] Təfsiri-Burhan, c. 1, səh-301, Qum nəşri

[11] Əddurrul-Mənsur, c. 2, səh-52

[12] İləluş-şəraye, səh-397, bab-137, Beyrut nəşri

[13] İləluş-şəraye, səh-397, bab-137, Beyrut nəşri

[14] 1977-ci ildə dünya daha bir elmi həqiqətin – Məkkənin yer kürəsinin mərkəzi olması kəşfindən çox təəccüblənmişdi. Bu kəşf bir neçə il davamlı tadqiqat  və kəşfiyyatın nəticəsi idi. həmin tədqiqat bir çox coğrafi alətlərdən , coğrafi xəritələrdən və  rəsmi cədvəllərdən istifadə olunmaqla aldə edilmişdir.

Müəlliflik Hüququ Əbədi Nur Saytına Məxsusdur

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
Notify of
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Inline Feedbacks
View all comments