Bəkkə (Məkkə)
Məkkə şəhəri Quran ayələrində
“Şübhəsiz, insanlar (ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir”.[1]
Ayədə işlədilmiş “Bəkkə” sözündən məqsəd Məkkədir və oranın belə adlandırılmasının səbəbi camaatın oraya toplaşaraq izdiham yaratmasıdır. Bəzi təfsirçilərin fikrincə “Bəkkə” elə Məkkə deməkdir. Sadəcə olaraq, “mim” samitli sözlərdə “m” səsi “b” səsinə çevrildiyi kimi, burada da belə bir dəyişmə olmuşdur. Bəzilərinin fikrincə, “Bəkkə” ilə “Məkkə” fərqli anlayışlardır, “Məkkə” şəhərin adı, “Bəkkə” isə hərəmin – ziyarətgahın yerləşdiyi yerdir. Bəziləri isə Bəkkəni Məscidul-hərama, bəziləri isə sırf təvaf əməlinin edildiyi yerə aid etmişlər.
Ayədə qeyd olunan “mübarək” sözü çoxlu xeyir-bərəkət olan yer mənasını bildirir. Bu söz həm dünya, həm də axirət xeyir-bərəkəti mənasında işlədilsə də, ayədəki “aləmdəkilər üçün hidayət vasitəsidir” ifadəsinin müqabilində gəldiyinə görə ondan dünyəvi xeyir-bərəkət nəzərdə tutulduğu məlum olur. Dünyəvi xeyir-bərəkət də ziyarət etmək üçün oranın abadlaşdırılması, oraya çoxlu ruzinin gəlməsi deməkdir. Kəbə evi İbrahim (ə) peyğəmbərin tərəfindən inşa edilən gündən hidayət vasitəsi xarakterini daşıyıb və hal-hazırda da daşımaqdadır. Kəbənin ehtiramı bütün dünyada özünə yer etdi və müsəlmanlar ibadətlərində, heyvan kəsmələrində və digər işlərində üzlərini Kəbəyə doğru tutmağa başladılar.
Tin surəsinin 3-cü ayəsində “əmniyyətli şəhər” ifadəsində məqsəd Məkkə şəhəridir.
“And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)”[2]
Əvvəlki iki ayədə Zeytuna, əncirə və Turi-sinaya and içilir. Təfsiri-nümunədə “Tin Mədinə, Zeytun Beytül-müqəddəs, Turi-sinin Kufə, həzəl-bələdil-əmin Məkkə şəhərləridir”. (Nurus-səqəleyn, c. 5, səh-606, hədis-4)
Kufə şəhərinin ayə nazil olan zaman geniş şəhərlər sırasında olmağına baxmayaraq, Fərat çayının oradan axmasından şəhərin abad olması məlumdur. Həmçinin tarixdən də məlum olur ki, İslam dinindən öncə indiki Kufə şəhərinin yerində geniş və abad şəhər olmuşdur.[3]
“And olsun təhlükəsiz şəhərə” ayəsinin birbaşa Məkkə şəhərinə işarə olunduğu məlumdur. Bu şəhər İslam dinindən öncə belə əmin-amanlıq və Allahın hərəmi (hərəmullah) kimi tanınmışdır. Bu şəhərdə, hətta biri digərinə etiraz etmir, cinayətkar və qatillər də o şəhərə daxil olanda əmniyyətdə olurlar.
Bu şəhər İslam dinində də böyük əhəmiyyətə malikdir. İslam dininin qanunlarına əsasən, nəinki insan, hətta heyvanlar, quşlar və ağaclar belə bu şəhərdə əmniyyətdədirlər.
Tədqiqatlardan məlumdur ki, yer kürəsi Məkkənin ətrafında bərabər şəkildə yerləşdirilmişdir. Bu o deməkdir ki, Məkkə Yer kürəsinin torpaq sahəsinin tam mərkəzini əhatə edir.
Əgər Məkkə dünyanın mərkəzində yerləşir deyiriksə, deməli Məkkə Yer kürəsinin paytaxtıdır. Şübhəsiz bu ən güclü və ən yaxşı paytaxt olan Məkkə ölkə və dövlətlərin ortasında yerləşmişdir. Çünki bu şəkildə ünsiyyət və səyahət daha asan olar. Quranda bu elmi həqiqətə işarə olunaraq buyrulur:
“İslam dini üsul və qaydalara görə orta həddə olan bir dindir həm coğrafi mövqeyinə görə də orta hissədə olan bir yerdir”.[4]
İlahi ədalət də bunu təsdiqləyir ki, Məkkənin Yer kürəsinin tam ortasında yerləşdirməsinin səbəbi müqəddəs İslam nurunun bütün dünyaya bərabər yayılmasıdır.
Coğrafi ərazisi
Məkkə şəhəri Səudiyyə Ərəbistanında yerləşən mərkəz şəhərdir. Ümumilikdə ərazisi 400 km² əhatə edir. Əhali sayı 1 700 000 nəfər, əhali sıxlığı isə 4200 nəfər/km²-dir.
Bu şəhər “Məkkə Əl-Mükərrimə” adı ilə məşhurdur. Hal-hazırda şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşmışdır.
Tarixdə Məkkə şəhərinin digər adları Bələdul-Əmin, Ummul Qura, Beytul-Ətiq, Beytul-Əmin, Bəkkə kimi də qeyd olunur. Məkkənin torpaqları əvvəllər olduqca susuz bir ərazi olub. Sonralar İbrahim (ə) peyğəmbər həyat yoldaşı Hacəri oğlu İsmayıl (ə) peyğəmbər ilə burada sakin etmiş və Allaha dua edərək onlar üçün bu susuz səhrada əmin-amanlıq istəmişdi.
Çox keçmədən Allah onların duasını qəbul etmiş və bugün Zəm-zəm adlanan bulağı quraqlıq səhradan onlar üçün qərar vermişdir. Məkkəyə sonradan başqa ərəb qəbilələri də axışmağa başlamışdı. Məkkə ilk orta əsrlərdə müxtəlif dövlət ərazilərinə tabe olsa da sonradan Allah Taala Həzrəti Muhəmmədi (s) peyğəmbər olaraq o məkana göndərmiş və İslam dininin qalib gəlməsindən sonra yaranan ilk Müsəlman Xilafətinin paytaxtı olmuşdur. Məkkənin şöhrət tapması əsasən orada yerləşən Kəbə evinə görədir. Dünyanın hər yerindən bu şəhərə daim fasiləsiz olaraq səfərlər davam etməkdədir. Dünyanın ən mərkəz və cazibə nöqtəsi sayılan Məkkeyi-Mükərrəmə daim coğrafiyaşünasların marağına səbəb olmuşdur.
Məkkə Yer kürəsinin mərkəz cazibəsidir
Müasir elmdə kəşf olunmuşdur ki, Mükərrəm Məkkə Yer kürəsinin mərkəzi cazibəsidir. İslam və müsəlmançılıqla tanışlığı olmayan Amerikalı coğrafiyaşünas bu hadisə ilə rastlaşmışdır. O, gecə-gündüz araşdırmalar apararaq yer kürəsinin cazibəsi istiqamətinin axtarmışdır və yaxud da bu elmi isbat etmək üçün coğrafi alətlərdən istifadə edərək bu nəticəyə gəlmişdir ki, yer kürəsinin cazibə mərkəzi Məkkədir. Bu kəşf Kəbənin sirlərindən birini açıqlayır. Həqiqətən insan fitrətən Məkkəyə tərəf meyillənir. Yer, dağlar küçələr, evlər və s. Orada hər nə varsa insanı özünə tərəf çəkir və bu hissiyat yer kürəsinin yaranışının başlanğıcından mövcuddur. Hər kəs Məkkeyi-Mükərrəməyə getsə istər Həcc səfəri olsun istər ümrə, istər ticarət, istərsə də səfəri səyahət üçün olsun yenə də ora qayıtmaq istəyir. Bu cazibə fitrətən insanların vücudunda qərar tutmuşdur.
“İləluş-şirai” kitabında İmam Sadiqdən (ə) belə rəvayət edilmişdir: “Bəkkə Kəbə evinin yerləşdiyi məkana, Məkkə isə bütün şəhərə deyilir”.[5]
Elə həmin kitabda İmam Sadiqdən (ə) digər bir rəvayət nəql edilir: “Məkkəyə ona görə Bəkkə deyilib ki, orada kişilərlə qadınlar bir-birinə qarışır. Birdə görürsən bir qadının qarşısında, başqa birisi sağında, digəri də solunda namaz qılır, sən də qadınlarla çiyin-çiyinə namaz qılırsan. Bunun heç bir eybi yoxdur, halbuki bu iş başqa yerlərdə bəyənilməz sayılır”.[6]
[1] Ali-İmran-96
[2] Tin-3
[3] Məsahib ensiklopediyası, c. 2, Kufə şəhəri
[4] Bəqərə-143
[5] İləluş-şəraye, s. 397, bab-137, Beyrut nəşri
[6] İləluş-şəraye, s. 397, bab-137, Beyrut nəşri