Özel Resim

Kərbəla ziyarətgahları “Zərud”

şərh yoxdur

Zərud

 Məkkədən Kufəyə gedən yolda olan dayanacaqlardan biridir və Seyiduş-şühəda (ə) burada düşmüşdür. Zərud, Tələbiyə ilə Xuzeymiyə arasında olan qumlu səhralıq bölgəsidir. Burada yağış suları torpağa sovrulduğundan bu yerə “Zərud” (yəni “uducu”) adı verilmişdir. Bu məkan, Bağdaddan gələn Həcc karvanlarının dayanma yeri kimi məşhur və əlverişli idi və Bəni Əsəd və Bəni Nəhşəl tayfalarına məxsus idi. İmam Hüseyn (ə) burada Zuheyr ibn Qeyn Cəllə ilə görüşdü və onu öz tərəfinə çağırdı. Zuheyr də qəbul etdi və İmamın karvanına və yoldaşlarına qoşuldu, sonra Kərbəlaya gedərək şəhid oldu. Zuheyrin imam Hüseynin (ə) karvanına qoşulması gözlənilmədən baş vermişdi. Zuheyr kufəlilərin məşhur pəhləvanı idi. Beləki o, uzun illərdi müharibədən əl çəkmişdi. Səbəbi də bu idi ki, iki müsəlman qoşununun qarşılaşdığı yerdə müharibəyə qoşulmayacaq. Lakin vəziyyət elə yarandı ki, Zuheyr İmam Hüseynin (ə) karvanı ilə üz-üzə gəldi.  

Zuheyr ibn Qeyn Bəcli — Hüseyn ibn Əlinin (ə) səhabələrindən biri idi və Kərbəla döyüşündə (61 hicri ili) şəhid olmuşdur.

Zuheyr ibn Qeyn ibn Qeys Əmmari Bəcli Kufə sakinlərindən idi.
O, Bəcilə qəbiləsinin böyüklərindən biri sayılırdı. Kufə şəhəri və öz qəbiləsi içində şərəfli və cəsur bir şəxs kimi tanınırdı. Çoxsaylı döyüş və fəthlərdə iştirak etdiyinə görə yüksək mövqe qazanmışdı. Bəzi mənbələrdə Zuheyrin atası Qeyn, İslam Peyğəmbəri Muhəmmədin (s) səhabələrindən biri kimi qeyd olunmuşdur.

Zuheyr hicri 60-cı ildə ailəsi ilə birlikdə Həcc ziyarətindən qayıdarkən, Kərbəlaya yola düşən Hüseynin karvanı ilə qarşılaşdı. Hüseynlə görüşdən sonra onun tərəfdarına çevrildi və birlikdə Kərbəlaya yollandı.

Kərbəlada

Zühəyr, Hüseynin (ə) ordusunda sərkərdələrdən biri idi və Aşura günü Hüseyn onu öz ordusunun sağ cinahına qoşun başçısı təyin etmişdi. O, bir neçə dəfə düşmən ordusunu nəsihət etmiş və Hüseynlə (ə) qarşı-qarşıya gəlməkdən çəkindirmişdi. Zuheyr, Səid ibn Abdullah Hənəfi ilə birlikdə, Zöhr namazı vaxtı Hüseynin qarşısında dayanaraq özlərini ox və nizələrin hədəfinə çevirdilər ki, Hüseyn və səhabələri namazlarını qıla bilsinlər.

Namazdan sonra Zuheyr ikinci dəfə döyüş meydanına yollandı və Kəsir ibn Abdullah Şəbi və Muhacir ibn Ovs Təmi tərəfindən şəhid edildi. “Nəfsul-Məhmum” kitabına görə, Zuheyr döyüşə çıxdığı iki dəfə ərzində 120 nəfər üməyyə əsgərini öldürmüşdü.

İmam Hüseynə (ə) qoşulması

Zuheyr ibn Qeyn Bəcilə qəbiləsinin böyüklərindən idi və Kufə şəhərində yaşayırdı. Zuheyr əvvəlcə “Osman” tərəfdarı idi. Lakin hicri 60-cı ildə Məkkə səfərindən qayıdarkən yolda — bəzi mənbələrə görə bu görüş Dinəvəri rəvayətinə əsasən “Zərud” adlı mənzildə baş tutmuşdur — İmam Hüseynin (əleyhissəlam) karvanı ilə bir yerdə dayanmışdı. İmam (ə) Zuheyrin yanına bir nəfər göndərdi və onunla görüşmək istədiyini bildirdi. Əvvəlcə Zuheyr bu görüşdən çəkinirdi. Lakin arvadı Dəyləm və ya Dəlhəm, Əmr ibn Həmmamın qızı — ona bu görüşü tövsiyə etdi. Dəlhəm Zuheyrə təkidlə bildirdi ki, bu əgər Hüseynlə (ə) müharibəyə getməsə müsəlmanlar arasında nüfuzunu itirəcək və hamı onu qorxaq adlandıracaq. Zuheyr İmam Hüseynin (ə) hüzuruna getdi. Bu görüş onun həyatı üçün çox mübarək oldu və Zuheyrin həyat yolunu dəyişdirdi.

O, bu görüşdən sonra sevinclə ailəsinin və dostlarının yanına qayıtdı və çadırını və əşyalarını İmam Hüseynin (ə) çadırının yanına köçürmələrini əmr etdi. Sonra həyat yoldaşı ilə vidalaşaraq dedi: “Mən İmam Hüseynlə (ə) birlikdə şəhid olmağa gedirəm. Sən qardaşınla birlikdə ailənin yanına qayıt, çünki sənin üçün məndən yalnız yaxşılıq olmasını istəyirəm”.

Sonra yoldaşlarına xitab edərək dedi: “Şəhid olmaq istəyən mənimlə gəlsin, istəməyən isə getsin, bu, mənim sizinlə son görüşümdür. Lakin sizə bir xatirə danışım: bir zamanlar Bələncər döyüşünə getmişdik. Qələbə qazanıb çoxlu qənimət ələ keçirdik və çox sevinmişdik. O zaman bizimlə birlikdə olan Salman Farsi (bəzi mənbələrdə onun yerinə Salman Bəhli adı çəkilir) belə demişdi: “Məhəmməd (s) Əhli-Beytindən olan cavan seyyidi görsəniz, onun yanında vuruşub şəhid olmağınıza bu qənimətlərdən daha çox sevinin.’”

Bəzi mənbələrə görə Zuheyrin əmisi oğlu Salman ibn Məzarib də onunla birgə İmam Hüseynin (ə) ordusuna qoşulmuşdur.

Zuheyrin döyüşə hazırlığı

Təbəri tarixinin nəqlinə görə, İmam Hüseyn (ə) Hürrün qoşunu ilə qarşılaşdıqdan sonra “Zuhəsəm” adlı mənzildə bir xütbə oxudu. Bu xütbədə cəmiyyətə hakim olan əyrilikləri sadaladı və səhabələrini İslam dəyərlərini diriltmək və Allah yolunda şəhid olmaq üçün cihada çağırdı. İmamın (ə) bu çıxışından sonra ilk olaraq Zühre ibn Qeyn çıxış edib İmamın əmrlərini yerinə yetirməyə hazır olduğunu bildirdi. Dedi:

“Ey Allah Rəsulunun (s) övladı! Biz sizin sözlərinizi eşitdik. Allaha and olsun ki, əgər dünya həyatı əbədi olsaydı və biz orada əbədi qalası olsaydıq, amma bu əbədi həyat sizə yardım və kömək etməmək bahasına başa gəlsəydi, biz yenə də sizinlə birgə qalxmağı bu dünyada qalmağa üstün tutardıq.”
İmam (ə) da onun üçün dua etdi.

Hürrə qarşı döyüş təklifi

Hicrətin 61-ci ili, Məhərrəm ayının ikinci cümə axşamı günü İmam Hüseynin (ə) karvanı Hürrün qoşununun müşayiəti ilə Neynəva torpağına daxil oldu. Bu zaman İbn Ziyaddan Hürrə bir məktub gəldi. Məktubda Hürrə əmr olunurdu ki, İmam Hüseynə (ə) sərt davranmalı və onu suyu və abadlığı olmayan bir yerdə yerləşdirməlidir. Hürr məktubun məzmununu İmam və səhabələrinə çatdırdı və onlardan həmin yerdə düşərgə salmalarını istədi. İmamın səhabələri Hürrdən xahiş etdilər ki, yaxınlıqdakı bir abad məntəqəyə köçməyə icazə versin, lakin Hürr dedi: “Mümkün deyil, çünki İbn Ziyadın casusları məni izləyirlər”.

Bu zaman Zuheyr ibn Qeyn İmam Hüseynə (ə) təklif etdi ki, Hürrün qoşunu ilə döyüşsünlər. Çünki indi onlarla döyüşmək, sonradan onların yardımına gələcək daha güclü qoşunlarla döyüşməkdən daha asandır. Amma İmam (ə) buyurdu: “Mən döyüşə başlayan tərəf olmayacağam.”

Zuheyr dedi: “O zaman gəlin yaxınlıqdakı, Fərat çayı kənarında yerləşən və müdafiə baxımından əlverişli olan bu kəndə gedək.”
İmam onun adını soruşdu. Zuheyr dedi: “Əqr”. İmam (əleyhis-salam) buyurdu:

“Ey Allah, mən Sənə Əqr-dən pənah aparıram.” Və bu zaman İmam Hüseyn (ə) karvanı ilə birlikdə elə Neynəvada qərar tutdu.

Tasua axşamı çadırların müdafiəsi

Tasua axşamı, Ömər Səədin ordusu İmam Hüseynin (əleyhissəlam) çadırlarına hücum etmək istədikdə və döyüşə başlamaq niyyətində olduqda, İmam (ə) qardaşı möhtərəm Həzrət Abbasdan (ə) xahiş etdi ki, onların yanına getsin və məqsədlərinin nə olduğunu öyrənsin. Həzrət Abbas (ə) İmamın (ə) təxminən iyirmi nəfər səhabəsi, o cümlədən Zuheyr ibn Qeyn və Həbib ibn Məzahirlə birlikdə düşmən ordusunun yanına getdi və onlardan nə istədiklərini soruşdu. Onlar dedilər: “Əgər siz İbn Ziyadın hökmünü qəbul etməsəniz, döyüşməyimizə əmr verilib”.

Həzrət Abbas (ə) buyurdu: “Tələsik etməyin, bu məsələni Əba Əbdillahın (ə) nəzərinə çatdırım”. Onlar qəbul etdilər və cavabı gözləməyə razı oldular. Bu fürsətdə Həbib ibn Məzahir və Zuheyr ibn Qeyn Ömər Səədin ordusunu nəsihət etməyə başladılar. Əvvəlcə Həbib danışdı, onları Peyğəmbərin (s) övladlarını və şiələrini öldürməkdən çəkindirdi, İmam Hüseynin (ə) səhabələrindən yaxşılıqla bəhs etdi və onların fəzilətlərini sadaladı. Bu zaman düşmən ordusundan biri — Əzrət ibn Qeys adlı şəxs — Həbibə dedi: bacardığın qədər özünü tərifləyirsən!

Zuheyr ibn Qeyn ona cavab verdi: Ey Əzrət! O, Allah tərəfindən bəyənilmiş və doğru yola yönəlmiş bir insandır. Allahdan qorx, mən sənə xeyir diləyirəm. Səni Allaha and verirəm ki, azğınlara bu pak insanları öldürməkdə kömək etmə.      Əzrət dedi: Ey Zuheyr, sən əvvəllər bu Əhli-Beyt tərəfdarı deyildin, Osmanın tərəfdarı idin!                                                                                                               Zöheyr cavab verdi: Mənim indi burada olmağımdan anlamırsanmı ki, mən artıq onların tərəfdarıyam? Allaha and olsun, nə ona (İmam Hüseynə) məktub yazmışam, nə elçi göndərmişəm, nə də ona kömək vədi vermişəm. Sadəcə yolda onunla qarşılaşdım. Onu görəndə Allah Rəsulunu (s) xatırladım və Peyğəmbər yanındakı məqamını yadıma saldım. Həmçinin sizin və düşmən tərəfin ona nə edəcəyinizi anladım. Bu səbəbdən qərara gəldim ki, ona kömək edim və canımı fəda edim. Ola bilsin, sizlərin Allah və Rəsulunun (s) haqqını yerinə yetirmədiyiniz yerdə mən onu qoruyum.

Zuheyrin Aşura gecəsi sədaqəti

Aşura gecəsi, İmam Hüseyn (ə) səhabələrinə geri dönmək icazəsi verdikdə, hər biri sədaqətini və fədakarlığını ifadə etdi. Zuheyr ibn Qeyn isə belə dedi: Allaha and olsun, istəyirəm ki, öldürüləm, sonra yenidən dirildiləm və yenidən öldürüləm – bu min dəfə təkrar olunsa da – ta ki, Allah sizin və sizin ailənizin bu gənclərinin canını salamat saxlasın.

İmam Hüseynin ordusunda sərkərdəlik

Aşura səhəri, İmam Hüseyn (ə) səhər namazını qıldıqdan sonra səhabələrini nizama saldı və Zuheyr ibn Qeyni ordunun sağ cinahına qoşun başçısı təyin etdi. Bu, Zuheyrin əxlaqı və hərbi bacarığının, həmçinin İmamın ona olan güvəninin göstəricisidir.

Zuheyrin Yezid ordusu ilə danışığı

Aşura günü iki ordu qarşı-qarşıya durduqda, əvvəlcə İmam Hüseyn (ə) düşmən ordusunu nəsihət etdi. Daha sonra Zuheyr onlara xitab edərək dedi:

“Ey Kufə əhli! Sizi Allahın əzabından qorxuduram. Hər bir müsəlmanın, digər müsəlman qardaşına nəsihət etməsi vacibdir. Biz bu ana qədər qardaşıq, bir din və məzhəbə mənsubuq. Bu səbəbdən siz nəsihətə layiqsiniz. Amma müharibə baş verərsə, aramızdakı qardaşlıq və dini bağlar qırılacaq və iki ayrı ümmət olacağıq. Uca Allah bizi və sizi, Peyğəmbərinin (s) övladları vasitəsilə imtahana çəkir ki, görsün onlara necə rəftar edirik. Sizi bu gün onlara kömək etməyə və zülmkar Übeydullah ibn Ziyadı tərk etməyə çağırıram. Axı siz bu iki nəfərin – Übeydullah və atasının – hakimiyyəti dövründə onlardan yalnız pislik görmüsünüz. Gözlərinizi çıxarır, əllərinizi və ayaqlarınızı kəsir, sizə ağır işgəncələr verirdilər. Sizləri xurma ağaclarının gövdəsinə asırdılar. Aranızdakı yaxşı insanları və Quran qiraətçilərini öldürürdülər. Həccar ibn Ədi və yoldaşları, həmçinin Hani ibn Urvə və onun kimiləri kimi”.

İbn Səədin ordusundakılar Zuheyrə söyüş verib, Übeydullahı tərifləyərək dedilər: “Buradan getməyəcəyik, ta ki dostunu və yoldaşlarını öldürək və ya onları təslim edib İbn Ziyada təhvil verək”.

Zöheyr dedi: “Ey Allahın bəndələri! Fatimənin (ə) övladları, Üməyyənin oğlundan (Yeziddən) daha artıq dostluğa və yardıma layiqdirlər. Əgər onlara kömək etmirsinizsə, Allah xatirinə, heç olmasa onları öldürməyin! Onu (İmam Hüseyni (ə) əmisi oğlu Yezidə buraxın. Canıma and olsun ki, İmam Hüseyni öldürmədən də Yezid sizin itaətinizdən razı qalacaq”.

Bu zaman Şimr ona bir ox atdı və dedi: “Sus, Allah səsini kəssin! Danışığınla bizi bezdirdin”.

Zuheyr dedi: “Ey ayaqüstə sidik edən adamın oğlu! Səninlə danışmıram. Sən bir heyvandan fərqlənmirsən. Allaha and olsun ki, sənin Qurandan iki ayəni belə düzgün bildiyinə inanmıram! Səni qiyamət günü rüsvayçılıq və ağır əzabla müjdələyirəm!”

Şimr dedi: “Bir saatdan sonra Allah səni və dostunu öldürəcək”.

Zuheyr cavab verdi: “Məni ölümləmi qorxudursan?! Allaha and olsun, onun (İmam Hüseynin) yanında ölmək, sizinlə əbədi yaşamaqdan mənə daha sevimlidir!” Sonra üzünü insanlara tutub uca səslə dedi: “Ey Allah bəndələri! Bu kobud və ağılsız adam və onun kimiləri sizi dininiz haqqında aldatmasınlar. Allaha and olsun ki, Peyğəmbərin (s) şəfaəti, onun övladlarını, Əhli-Beytini və onların müdafiəçilərini öldürənlərə çatmayacaq!”

Bu zaman kimsə Zuheyrə səsləndi və dedi: “Əba Əbdillah (ə) buyurur: Qayıt. Canıma and olsun, sən də Firon ailəsindən olan mömin kimi xalqını nəsihət etdin. Əgər bu nəsihətin faydası olsaydı…”

Zuheyrin düşmən qarşısındakı igidliyi

Zuheyr düşmənlərin arasında da igid və seçilən bir şəxsiyyət kimi tanınırdı. Belə ki, Aşura günü Abdullah ibn Umeyr Kəlbi Ubeydullah ibn Ziyad və atasının iki qulu – Salim və Yəsar – ilə döyüşmək istədikdə, onlar dedilər: “Biz səni tanımırıq. Qoy Zuheyr ibn Qeyn, Həbib ibn Məzahir və ya başqa biri bizimlə vuruşmağa gəlsin”.

Çadırların müdafiəsi

Aşura günü Zuheyrin qəhrəmanlıqlarından biri də odur ki, Şimr və bir qrup düşmən İmam Hüseynin (ə) çadırlarına hücum edərək onları yandırmaq istədikdə, Zuheyr İmamın on nəfər səhabəsi ilə birlikdə qarşılarına çıxaraq, hücum edənlərdən birini öldürdü və qalanlarını çadırlardan uzaqlaşdırdı.

Zuheyrin Hürr ilə birgə döyüşü

Zuheyr və Hürr, Aşura gününün müəyyən bir saatında birlikdə şiddətli döyüş apardılar. Onlardan biri düşmənə hücum etdikdə və mühasirəyə düşəndə, digəri ona yardım edirdi. Bu belə davam etdi, ta ki Hürr şəhid oldu.

Aşura gününün zöhr namazı

Aşura günü zöhr vaxtı Zuheyr və Səid ibn Abdullah Hənəfi öz canlarını sipər etdilər ki, İmam Hüseyn (ə) yoldaşları ilə birlikdə qorxu namazını (namazul-xauf) qıla bilsin. Namazdan sonra düşmənin hücumu şiddətləndi. Zuheyr və İmamın az sayda qalan səhabələri bütün gücləri ilə İmam Hüseyni (ə) və onun Əhli-beytini müdafiə etdilər.

Zuheyrin Aşura günündə oxuduğu rəcəz

Zuheyr döyüş zamanı bu cür rəcəz oxuyurdu:
“Ənə Zöheyrun və ənəbnul-Qeyn – əzudukum bis-seyfi ən Hüseyn”.
(Mən Zuheyrəm, Qeynin oğluyam; sizi Hüseyndən qılıncımla uzaqlaşdırıram)

Bəzi mənbələr onun bu rəcəzinə daha iki beyti əlavə edirlər:
“İnnə Hüseynən əhədus-sibtəyn – min itrətil-bərrit-taqiyyiz-zeyn
Zəkə Rəsulullahı ğəyrəl-məyn – əzribukum və la əra min şeyn”
(Hüseyn iki Peyğəmbər nəvəsindən biridir; o, təqvalı, bəzəkli və saleh bir nəslin üzvüdür. O, Rəsulullahın pak nəvəsidir – yalan, hiylə bu nəsildən uzaqdır! Mən sizi vururam və bunu heç bir qüsur saymıram).

Bəzən Zuheyr bu beytləri müjdə və sevinc olaraq İmama xitabən söyləyirdi:
“Əl-yəvma nəlqa cəddəkən-Nəbiyyə – və Həsənən vəl-Murtaza Əliyyə
Və zəl-cənahəynil-fəta əl-Kəmiyyə – və əsədəllahiş-şəhidəl-həyyə”
(Bu gün baban Peyğəmbəri görəcəyik, həmçinin Həsəni, Murtəza Əlini, iki qanadlı cavanmərd – Cəfər Təyyarı və Allahın aslanı, diri şəhid olan (Həmzə-ni).

Bəzi mənbələr bu cür beytləri «Həccac ibn Məsruq»a da nisbət verirlər.

Zuheyrin şəhadəti

Zuheyr igid və misilsiz döyüşlərindən sonra, təqribən 120 nəfər düşməni öldürdükdən sonra, nəhayət, “Kəsir ibn Abdullah Şubi” və “Muhacir ibn Ovs” tərəfindən şəhid edildi.

İmamın (ə) Zuheyr üçün etdiyi dua

Xarəzmi yazır: Zuheyr yerə yıxıldıqda, İmam Hüseyn (ə) ona belə dedi:
“Allah səni rəhmətindən uzaq etməsin və qatilini lənətləsin, necə ki, bəzi insanlar lənətlənib meymun və donuza çevrildilər”.
Zuheyrin kəfənlənməsi

Zuheyr şəhid olduqdan sonra, onun həyat yoldaşı, xidmətçisinə dedi: “Get, ağanı kəfənlə”. Xidmətçi danışır: “Gəldiyimdə Hüseyni (ə) kəfənsiz gördüm. Öz-özümə dedim: Ağamı kəfənləyim və Hüseyni belə buraxım?! Sonra Hüseyni kəfənlədim və geri döndüm. Bu hadisəni Zuheyrin həyat yoldaşına danışdım. O, mənə bir kəfən daha verdi və dedi: “Get, ağanı kəfənlə”. Mən də belə etdim”.

Zuheyrin ziyarətnaməsi

Nahiyə Müqəddəsəyə (İmam Zamanın (ə.c.) dilindən gəlmiş məşhur dua və ziyarətnamə) aid edilən ziyarətnamədə Zuheyrin sədaqəti və fədakarlığı belə tərif olunur:

“Salam olsun Zöheyr ibn Qeyn Bəcliyə, o kəsə ki, İmam Hüseyn (ə) ona geri dönmək üçün icazə verdikdə, belə dedi: Allaha and olsun, əsla belə olmayacaq! Rəsulullahın (s) övladını düşmənlərin əlində əsir buraxıb, özüm nicat tapım?! Allah mənə o günü göstərməsin!”

İstinadlar (Mənbələr):

Belazri, Ənsab əl-Əşrəf, Cild 3, səh. 187

Təbrizi, Məhəmməd ibn Cəbir, Tarix Təbrizi, Cild 4, səh. 320

Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, əl-İrşad, Cild 2, səh. 95

Deynuri, Əbu Hənifə, əl-Əxbar əl-Tüval, səh. 256

İbn Əsir, Əli ibn Məhəmməd, əl-Kamil fi-t-Tarix, Cild 4, səh. 59

Məmaqani, Abdulla, Tənqih əl-Məqal, Cild 28, səh. 319

Hazırladı; İlahiyyatçı, Sara Əmirzadə

Müəlliflik hüququ “Əbədi Nur” saytına məxsusdur

Müəlliflik Hüququ Əbədi Nur Saytına Məxsusdur

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
Notify of
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Inline Feedbacks
View all comments