Quranın ərəb dilində olmasının zərurəti

şərh yoxdur

Quranın ərəb dilində nazil olmasının əhəmiyyəti hədislərdə

a) Ərəbistan yarımadasının xüsusi xüsusiyyətləri
b) Ərəb dilinin bənzərsiz xüsusiyyətləri

Ərəbistan yarımadası, müxtəlif dinlərin və şəriətlərin inkişaf etdiyi və yayıldığı bir bölgə olmuşdur.

Kəbə evi – dünyanın ən böyük müqəddəs məkanlarından biri – bu bölgədə yerləşir.

Təbii olaraq, Quran ərəb dilində olan bir xalqa nazil olursa, dilin həmin xalqın dili ilə uyğun olması vacibdir. Əks halda, belə bir sual yaranardı ki, “Niyə Quran xalqın anlamadığı bir dildə nazil olub?”

Qurani-Kərim buyurur: “Biz elə bir peyğəmbər göndərmədik ki, öz qövmünün dili ilə göndərilməsin ki, onlara (ilahi hökmləri) açıq izah edə bilsin…” (İbrahim, ayə-4)

Ərəbistan bölgəsi “İpək yolu”na çıxışı olan mühüm strateji bir məkandır. Bu yol vasitəsilə mədəniyyət, fikir və dini inanclar yayılırdı. Bu baxımdan, İslamın bu məkanda qəbul olunması, onun sonradan bütün dünyaya yayılmasının zəmini oldu.

Bu səbəbdən, İslamın qlobal bir dinə çevrilməsi üçün, əvvəlcə o, öz mənşə bölgəsində — yəni ərəb xalqı arasında — qəbul edilməli idi. Ərəb dili lüğət və söz baxımından dünyanın ən zəngin və ən geniş dillərindən biridir. Dilçilərin fikrincə, ərəb dili digər dillərdən üstün olan bir sıra xüsusiyyətlərə malikdir. Məsələn:

  • Ərəb dilində feil formaları 14 şəkildə ifadə olunur, halbuki digər dillərdə adətən 6 şəkil var.
  • İsimlər mütləq kişi (müzəkkər) və ya qadın (müənnəs) olur və bu, feillərə, sifətlərə və zəmirlərə də təsir edir.
  • Dilin qrammatikası və bəlağəti (fəsahət və bələğət elmi) onu digər dillərdən fərqləndirir.

Quranda bu barədə deyilir: “(Quranı) Ruhul-Əmin (Cəbrail) sənin qəlbinə, açıq-aydın ərəb dili ilə nazil etmişdir.” (Şüəra, ayələr: 193/195)

Hədisdə də belə buyurulur: “Ərəb dili başqa dilləri izah edə bilər, amma başqa dillər ərəb dilini tam izah edə bilməz.” (Üsulul-Kafi, c.2, s.637)

İmam Sadiq (ə) bu barədə belə buyurur: “Ərəb dili başqa dilləri izah edir, lakin digər dillər ərəb dilini tam açıqlaya bilməz”. (Nurus-Səqəleyn, c.4, s.65)

Ərəb dili Cənnət əhlinin dili olaraq da təqdim olunmuşdur. Peyğəmbər (s) buyurur:

“Mən ərəb xalqını üç səbəbə görə sevirəm: çünki mən özüm ərəbəm, Quran ərəb dilində nazil olub və Cənnət əhlinin dili də ərəb dilidir”. (Əl-Mizan, M. Hüseyn Təbatəbai, c.17, s.545)

Ərəb dilinin açıq və dəqiq ifadə gücü o qədər yüksəkdir ki, fikri aydın və qəti şəkildə çatdırmaq mümkündür. Allah da Quranda buyurur:

“Bu, əyriliyi olmayan, açıq-aydın ərəb dilində nazil edilmiş bir Qurandır. Bəlkə, (onun vasitəsilə) qorxub pis əməllərdən çəkinələr”. (Surə: Zumər, ayə: 28)

Allah hikmət sahibi bir yaradıcı olduğu üçün, dillərin quruluşunu, ifadə imkanlarını və insani qavrayışla necə uyğunlaşdığını ən yaxşı biləndir. Buna görə Quranın ərəb dilində nazil olunması da ilahi hikmətə əsaslanır. Quranda buyurulur:

“Bu elə bir kitabdır ki, ayələri möhkəmləndirilmiş, sonra da hikmətli və xəbərdar olan Allah tərəfindən izah olunmuşdur”. (Surə: Hud, ayə: 1)

Quran, bu tip sualları ancaq şübhə yaratmaq məqsədilə verən müşriklərə belə cavab verir:

“Əgər biz Quranı başqa bir millətin (ərəbdilli olmayan birinin) üzərinə nazil etsəydik və o, bunu onlara oxusaydı, onlar yenə də iman gətirməzdilər!”
(Surə: Şüəra, ayələr: 198/199)

Qurani-Kərimin ərəb dilində nazil olunması bir çox tarixi, mədəni, dilçilik və ilahi hikmətə əsaslanan səbəblərə görədir. Bu seçim, Quranın həm anlaşılan, həm əhatəli, həm də əbədi qorunan bir kitab olmasına zəmin yaratmışdır.

Quranın ərəb dilində olması Quran ayələrində

قُرْآنًاعَرَبِيًّا  (6-dəfə “Qurənən-ərəbiyyən),

 حُكْمًا عَرَبِيًّا  (1-dəfə “Hukmən-ərəbiyyən),                  

لِسَانًا عَرَبِيًّا (3-dəfə “Lisənən-ərəbiyyən) ifadələri kimi qeyd olunur.              

Bildiyimiz kimi Quran ərəb-dilində nazil olmuşdur. Bu mətləb Quranda bir neçə ayələrdə bəyan olunub və قُرْآنًاعَرَبِيًّا  (6-dəfə),  حُكْمًا عَرَبِيًّا  (1-dəfə), لِسَانًا عَرَبِيًّا (3-dəfə) ifadələri kimi qeyd olunur.              

  • •• قُرْآنًاعَرَبِيًّا •••
  • وَكَذَلِكَ أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ الْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا

 (Ya Rəsulum!) Biz onu (sənə göndərilən ilahi Kitabı) ərəbcə Qur’an olaraq nazil etdik. (Taha-113)

  • إِنَّا أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

 Biz onu ərəbcə bir Qur’an olaraq nazil etdik ki, (mə’nasını ) anlayasınız.  (Yusif-2)

  • قُرْآنًا عَرَبِيًّا غَيْرَ ذِي عِوَجٍ لَعَلَّهُمْ يَتَّقُونَ

  Biz (onlara) nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) ərəbcə bir Qur’an nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər. (Zumər-28)

  • وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآنًا عَرَبِيًّا لِتُنْذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَتُنْذِرَ يَوْمَ الْجَمْعِ لَا رَيْبَ فِيهِ فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ

 Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları (bütün başqa insanları) haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə cəm olacağı) toplanış (qiyamət) günü ilə qorxutmağın üçün beləcə sənə ərəbcə Qur’an vəhy etdik. (Axirətdə insanların) bir qismi (mö’minlər) Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə olacaqdır! (Şura-7)

  • إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

 Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Qur’an etdik. (Zuxruf-3)

  • كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ قُرْآنًا عَرَبِيًّا لِقَوْمٍ يَعْلَمُونَ
  • Ərəbcə Quran olaraq (onu) bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir kitabdır. (Fussilət-3)                            
  • •• لِسَانًا عَرَبِيًّا •••
  • وَمِنْ قَبْلِهِ كِتَابُ مُوسَى إِمَامًا وَرَحْمَةً وَهَذَا كِتَابٌ مُصَدِّقٌ لِسَانًا عَرَبِيًّا لِيُنْذِرَ الَّذِينَ ظَلَمُوا وَبُشْرَى لِلْمُحْسِنِينَ

 Ondan (Qur’andan) əvvəl Musanın (İsrail oğullarına, mö’minlərə) rəhbər və mərhəmət olan kitabı (Tövrat) var idi. Bu (Qur’an özündən əvvəlki ilahi kitabları) ərəb dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq və yaxşı əməl sahiblərinə (Cənnətlə) müjdə vermək üçün olan bir Kitabdır! (Əhqaf-12)

  • وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُ بَشَرٌ لِسَانُ الَّذِي يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِيٌّ وَهَذَا لِسَانٌ عَرَبِيٌّ مُبِينٌ

Biz (müşriklərin): “(Qur’anı) ona (Muhəmmədə) bir insan (ara-sıra görüb danışdığı Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani-Farsi) öyrədir!” – dediklərini də bilirik . Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu (Qur’anın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Qur’anın dil, üslub gözəlliyi qarşısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür fəsahətli ərəb dilini haradan bilə bilərlər?!) (Nəhl-103)

  • بِلِسَانٍ عَرَبِيٍّ مُبِينٍ

   Özü də açıq-aydın ərəb dilinə. (Şuəra-195)                                                  

  • •• حُكْمًا عَرَبِيًّا •••
  • وَكَذَلِكَ أَنْزَلْنَاهُ حُكْمًا عَرَبِيًّا وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَمَا جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا وَاقٍ

  Beləliklə, Biz onu (Qur’anı) ərəbcə bir hökm olaraq (insanlar arasında onunla hökm etmək üçün) nazil etdik. Əgər sənə (vəhylə) gələn elmdən (Qurandan) sonra (Rəd-37)

 Bütün bu istifadə olunan hallar onun əzəmət və yüksəkliyinə işarədir.

İlahi kəlamın ərəb dilli mövzusunda axtarış etməzdən əvvəl, daha yaxşı olar ki, Quranın özünün bəyan etdiyi xas bir üsula nəzər salaq. Hər bir millətə göndərilən peyğəmbər onların dili ilə izah etməli idi ki, aydın başa düşsünlər. Qövmlərin müxtəlif dilli olmasına baxmayaraq Peygəmbər geniş  və xas bir üsulla onlara ilahi kəlamı açıqlayıb. “Sənin qövmünün dili ilə göndərmədik” (İbrahim-4)

Ərəb dili geniş mənaya və zəngin qaydalara malik bir dildir və ilahi kəlamın əslini, xas mənalarını yalnız bu dillə açmaq mümkündür və peygəmbər bu dillə vəhyin məmuru olub. Digər dillərlə müqayisədə bunu aydın görmək olur. Məs; Ərəblərdə altı siğənin (zəmir, əvəzlik) yerində on dörd siğə yerləşib, bir kəlməni digər kəlmədən alınması, kəlmənin bir neçə məna daşıması, kəlmələrin müxtəlif xüsusiyyət və sifətləri və s. olması baxımından bu dil digərlərindən fəsahət və bəlağətinə görə seçilmişdir. Usuli-kafi cild-2. səh-637. Hədis-20 də deyilir; Fəsif ərəb dilindəki kəlmələrin məna baxımından düzələn quruluş modelləri heç bir dildə mövcud deyil. Allah-Təala ən gözəl dili Qurana seçməklə, hər yerdə və hər cür şübhələri aradan aparmaq yolunu da Peyğəmbərinə bəyan edib. Yuxarıda qeyd olunan ayələrdə bu bəyan öz təsdiqini tapır.

Əllamə Təbatəbayi deyir: “Zahiri dəlillərə əsasən ərəb dilli olmasını Xudavəndi-aləm ilk dəfə Məryəm surəsində bəyan etmişdir. 

“Ey Muhəmməd!) Biz (Quranı) sənin dilnlə asan (hamıya müyəssər) etdik ki, onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə (Cənnətlə) müjdə verəsən və inadkar bir camaatı (batil dəlillərlə mübahisə aparan Məkkə müşriklərini Cəhənnəmlə) qorxudasan”. (Məryəm-97)

Ayədə zikr olunan yüngülləşdirmə onun rahat dərkinə və möhtəvasına işarədir. Əgər belə olmasaydı tilavət və ayələri qavrama bəşər üçün çətinlik yaradardı. Allah-Təala həmin xəbəri digər ayədə bəyan edir:

Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir)”. (Zuxruf-4)

Buna cavab olaraq Nəhl surəsində qeyd olunur:

Biz (müşriklərin): “(Quranı) ona (Muhəmmədə) bir insan (ara-sıra görüb danışdığı Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani–Farsi) öyrədir!” – dediklərini də bilirik . Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu (Quranın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Quranın dil, üslub gözəlliyi qarşısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür fəsahətli ərəb dilini haradan bilə bilərlər?!)” (Nəhl-103)

Güclü ehtimalla ayədəki “Ecam” kəlməsi qeyri-fəsih və ya qapalı olmaq mənasındadır. Rağib İsfahani deyir; – Ecamin mənası açıqlanmamış  və bağlı olmaqdır.“Əcəm” isə ərəb olmayan kəsə deyərlər. Amma ecam o şəxsə deyilər ki, söz danışanda sözünü çatdıra bilmir, fikri tamamlamağı bacarmır, dili fəsih deyil və ya yarıda qalır, istər ərəb olsun və ya istər qeyri-ərəb.

Əgər Biz onu özgə bir dildə olan Quran etsəydik (Məkkə müşrikləri): “Məgər onun ayələri (bizim üçün) müfəssəl izah olunmalı deyildimi?! Bu nədir? (Quran) özgə dildə, (Peyğəmbər isə) ərəbmidir?!” – deyərdilər. (Ya Rəsulum!) De: “O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq (ağırlıq) vardır. O, (Quran) onları kor etmişdir. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar. (Heç bir şey eşitməz, heç bir şey anlamazlar). (Fussilət-44)

Qurani-Kərimin ərəb dilində nazil olması müxtəlif səbəblərlə izah olunur. Bu səbəbləri tarixi, mədəni və dini baxımdan belə şərh etmək olar:

1. Ərəbistanın mədəniyyəti və dil mühiti

Quran Ərəbistan yarımadasında və ərəb dilində danışan insanlara nazil olmuşdur. O dövrdə ərəb dili struktur zənginliyi və yüksək ədəbi gücü ilə dərin və mürəkkəb anlayışları ifadə etmək üçün ən uyğun dil idi. Ərəb dili geniş söz bazası və çevikliyi ilə ilahi mesajları çatdırmaq üçün ideal vasitə idi.

2. Vəhyin birbaşa təsiri və anlaşılması

Qurani-Kərim, nazil olduğu dövrdə insanlar tərəfindən dərhal və vasitəsiz şəkildə anlaşılması üçün həmin insanların ana dilində göndərildi. Əgər Quran başqa bir dildə nazil olsaydı, ilk dövrdəki insanlar üçün onu başa düşmək çətin olardı və təsiri zəifləyərdi.

3. Ərəbistanın coğrafi və tarixi mövqeyi

Ərəbistan o dövrdə ticarət və mədəni əlaqələr baxımından əhəmiyyətli bir mərkəz idi. Ərəb dilinin bu coğrafi mövqedən dolayı yayılma imkanı böyük idi və Quranın xəbərlərinin daha geniş bir dinləyici kütləsinə çatdırılmasını asanlaşdırdı.

4. Quranın möcüzəvi yönünün qorunması

Quranın möcüzələrindən biri də onun bənzərsiz bəlağəti və ifadə tərzidir. Ərəb dilinin özünəməxsus xüsusiyyətləri bu möcüzəni tam şəkildə əks etdirdi. Quranın tərzi hətta o dövrün ən məşhur şair və natiqlərini belə heyrətə gətirdi.

5. İslamın qlobal yayılmasının başlanğıcı

İslam bütün insanlara xitab edən bir din olsa da, onun bir başlanğıc nöqtəsi olmalı idi. Ərəb dili canlı və dinamik bir dil olduğu üçün, İslam dininin tədricən digər bölgə və dillərə yayılmasına uyğun idi.

rqoran.mihanblog.com
porsemanequran.com

Muhəmməd Hadi Mərifəti “Ulumul-Quran”

İbni Kəsir “Tarixul-Bidayə vən-nihayə”

İbni Cəzir “Ən-nəşr”, c.1, s-39

Hazırladı: İlahiyyatçı, Quran elmləri üzrə mütəxəssis, Sara Əmirzadə

Müəlliflik Hüququ “Əbəbdi Nur” Saytına Məxsusdur

Müəlliflik Hüququ Əbədi Nur Saytına Məxsusdur

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
Notify of
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Inline Feedbacks
View all comments