Zilhiccə ayının ilk günləri Ərəfə gününə çatmaq və onun savabından faydalanmaq, daha sonra isə Qurban bayramının bərəkətlərindən bəhrələnmək üçün mənəvi paklanmanın (təzkiyənin) zəminini hazırlayan bir müddətdir.
İslam dininin təlimlərinə görə Zilhiccə ayının ilk on günü, Uca Allaha yaxınlaşmaq istəyənlər üçün bir fürsətdir. Bu günlər Həcc ziyarətinə gedənlər üçün daha xüsusi bir məna daşısa da, Zilhiccə ayının ilk on gününün bərəkətlərindən faydalanmaq yolu hamı üçün açıqdır və bu, Allahın Öz bəndələrinə olan lütf və mərhəmətidir.
Rəsulullah (s.ə.s) Zilhiccə ayının ilk on gününün əhəmiyyəti barədə belə buyurur:
“Allahın dərgahında saleh əməllərin ən sevimli olduğu günlər bu on gündür – yəni Zilhiccə ayının ilk on günüdür”.
Başqa bir rəvayətdə belə buyurur: “Allah dərgahında bu on gündən – Qurban bayramı on günündən – daha təmiz və savabı daha böyük olan günlər yoxdur. Soruşuldu: “Allah yolunda cihad da bu günlər qədər savablı deyilmi?” Cavab verdi: “Xeyr, yalnız o kəs ki, malı və canı ilə cihada çıxar və heç bir şeylə geri dönməz, o istisnadır”.
Ancaq həmişə verilə biləcək bir sual var: Bu on günün Allah dərgahında bu qədər fəzilətli və üstün olmasının hikməti nədir? Nə üçün bu günlərdə görülən saleh əməllər Allah qatında digər günlərdə edilənlərdən daha sevimlidir? Nə üçün ilin ən pak və təmiz günləri Zilhiccə ayının ilk on gününə aiddir, halbuki Ramazan ayı ilin zirvəsində dayanır?
Bunun mümkün səbəblərindən biri bu ola bilər ki, bu ayın ilk on günündə Ərəfə günü və müsəlmanların dörd böyük bayramından biri olan Qurban bayramının yerləşməsi, eləcə də Həccin bu ayın on səkkizinci günündə qeyd olunan Qədir-Xum bayramı ilə bağlılığı, bu günlərə Allahın xüsusi bərəkət verməsinə səbəb olmuşdur. Bildiyimiz kimi, rəvayətlərə əsasən, Ərəfə gecəsi bəzi baxımlardan Qədr gecəsinə bərabər tutulmuşdur. Hətta İmam Sadiq (ə) buyurur:
“Kim Ramazan ayında bağışlanmasa, gələn Ramazana qədər bağışlanmaz, yalnız Ərəfə günündə iştirak etsə, bu istisnadır.”
(əl-Kafi (Darul-Hədis nəşri), cild 7, səh. 380)
Qurban bayramı həmçinin “Eydul-Əzha” və ya “Nurani bayram” adlandırılmışdır, yəni Allahın Öz nurunu dünyaya daha geniş şəkildə yaydığı bayram, beləliklə möminlər Allahın lütf və mərhəmətindən daha çox faydalana bilirlər.
Digər tərəfdən də deyilə bilər ki, Zilhiccə ayının ilk günləri, Ərəfə gününə və onun savabına yetişmək, eləcə də Qurban bayramının bərəkətlərindən faydalanmaq üçün daha çox mənəvi təmizlənməyə (təzkiyəyə) hazırlıq mərhələsidir.
Zilhiccə ayının fəziləti – İlin ən təmiz və ən savablı günləri
Zilhiccə ayı, İslam təqviminin ən fəzilətli aylarından biridir. Xüsusilə bu ayın ilk on günü, Qurani-Kərimdə və rəvayətlərdə böyük əhəmiyyət daşıyan, bərəkətli və ibadət üçün ən dəyərli günlər kimi tanıdılmışdır. Bu günlərdə edilən saleh əməllər, digər günlərə nisbətən Allah dərgahında daha sevimli və daha savablı sayılır.
Bunun səbəblərindən biri də bu onluqda Ərəfə gününün və Qurban bayramının yerləşməsidir. Qurban bayramı müsəlmanların dörd böyük bayramından biridir və bu gün Allahın nuru yer üzündə daha çox təcəlli edir. Eyni zamanda bu on gün Həcc mərasimləri ilə yanaşı, ayın 18-də Qədir-Xum bayramına doğru gedən mənəvi bir yoldur.
Zilhiccə ayının ilk günləri mənəvi paklanma, tövbə, dua və saleh əməllərlə Allahın rizasını qazanmaq üçün nadir fürsətdir. Bu günlərdə edilən hər bir yaxşı əməl – namaz, oruc, sədəqə, zikr – Allah qatında misilsiz savaba malikdir.
Zilhiccə ayı, Allah-Təalanın müsəlmanların ən böyük bayramları – Ərəfə günü, Qurban bayramı, Qədir-Xum bayramı və Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) vilayəti ilə zinətləndirdiyi dəyərli və uca aylardan biridir.
Zilhiccə ayı Quranda necə zikr olunur
İmam Sadiq (ə) bu ayın Qurani-Kərimdə işarə edildiyini qeyd edərək, Bəqərə surəsinin 203-cü ayəsi və Həcc surəsinin 28-ci ayəsində keçən:
“Allahı sayılı günlərdə zikr edin” ifadəsini təfsir edərək buyurur:
“‘Sayılı günlər’ – Təşriq günləri (Zilhiccənin 11, 12 və 13-cü günləri), məlum günlər, isə Zilhiccə ayının ilk on günüdür”. (Təfsiri Qumi, cild 1, səh. 71)
Mirzə Cavad Məliki Təbrizi və “əl-Muraqibat”da Zilhiccə haqqında
Mirzə Cavad Məliki Təbrizi “əl-Muraqibat” kitabında Zilhiccə ayının ilk on gününün fəziləti haqqında belə yazır:
“Bu on gün insanın dayanıb özünü islah etməsi üçün bir məqamdır. “Allahı sayılı günlərdə zikr edin” ayəsindəki “zikr”lə “qəflət” bir arada ola bilməz. Bu səbəbdən, bu ayda xüsusilə günah və itaətsizliklə qəlbini murdarlıqdan qorumağa çalış. Ayədə buyurulan “zikr” tam bir bağlılıqla olmalıdır – ağıl, ruh, qəlb və bədənlə birgə. Çünki onların hər biri üçün xüsusi bir zikr tərzi mövcuddur”.
“Bu fürsəti əldən vermə. Allah sənə Özünü zikr etməyə icazə vermişsə, bu böyük bir nemətdir. Bu nemətin şükrünü ödəməyə bir ömür kifayət etməz. Ruhunu hazır et, elə bil ki, qüdrətli padşahın hüzurundasan. Qəlbinlə Ona bəndəlik et, saysız nemətləri üçün şükür et və bədən üzvlərinlə ibadət və itaətlə məşğul ol. Əgər Allahı bu şəkildə zikr etsən, müjdə ver ki, bu zikr Allahın da səni bütün varlığınla zikr etməsinin əlamətidir. O səni ikinci dəfə də xatırlayacaq – bu dəfə də sənə daha çox savab, yardım və rəhmət bəxş edəcək”.
O, həmçinin qeyd edir:
“Bu iki hədisə, xüsusilə ikinciyə diqqətlə bax. Allahın böyük saydığını sən də böyük say. Tam hazırlıqla, şövqlə, dua və təvəssüllə bu ayın ilk gecəsindən bu mənəvi səfərə başla. Dua və yalvarışla Allahın kəramət qapısından istəyin bu olsun ki, səni yaxşı niyyətlilərin, duaların, vəsilələrin, şəfaətçilərin və şiələrin sırasına daxil etsin. Sənin, ailənin, dini qardaşlarının, qonşularının və üzərində haqqı olanların dünya və axirət xeyirləri üçün qəbul, razılıq, hidayət, islah və müvəffəqiyyət diləsin”.
1 zil-hiccə – İmam Əli (ə) və Xanım Fatimeyii-Zəhranın (s.ə) izdivacı.
7 zil-hiccə – İmam Muhəmməd Baqirin (ə) şəhadəti.
8 zil-hiccə – İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya yola düşdüyü gün.
9 zil-hiccə – Həzrət Müslüm ibn Əqilin (ə) şəhadəti.
9 zil-hiccə – Ərəfə günü.
10 zil-hiccə – Qurban bayramı.
13 zil-hiccə – Peyğəmbəri-Əkrəmin (s) vasitəsilə “Şəqqul-qəmər” (Ayın iki hissəyə bölünməsi) möcüzəsinin baş verdiyi gün.
15 zil-hiccə – İmam Əliyyən-Nəqinin (ə) mövludu.
18 zil-hiccə – “Qədir-Xum” bayramı və İmam Əlinin (ə) Peyğəmbəri-Əkrəm (s) tərəfindən canişin və vəsi elan edildiyi gün.
20 zil-hiccə – İmam Kazimin (ə) mövlud günü.
22 zil-hiccə – Meysəm Təmmarın şəhadət günü.
24 zil-hiccə – “Mübahilə” günü və Əhli-beytin (ə) məqamı ilə bağlı “Təthir” ayəsinin nazil olduğu gün.
25 zil-hiccə -Əhli-beytin (ə) fəziləti ilə bağlı “Həl-Əta” (İnsan) surəsinin nazil olduğu gün.
29 zil-hiccə – Həzrət Əbuzər Qifarinin vəfatı.
Müəlliflik Hüququ Əbədi Nur Saytına Məxsusdur