Anım Günü — Azərbaycanda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həlak olan hərbçilərin xatirəsinin anılmasına həsr olunmuş gün. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir.
Anım Günü (27 sentyabr) Azərbaycanda 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixləri arasında baş verən Vətən müharibəsi (II Qarabağ müharibəsi) ilə bağlıdır.
Həmin günlərdə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı və 44 gün davam edən müharibə nəticəsində işğal altında olan bir çox şəhər və kənd azad edildi.
27 sentyabr – müharibənin başlandığı gün olduğuna görə, 2020-ci ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə hər il Anım Günü elan olundu.
Bu gün bütün şəhidlərin xatirəsi yad olunur və ölkə üzrə dövlət səviyyəsində tədbirlər keçirilir.
Ermənistan ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağ ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
Anım Gününün təsis edilməsi
Prezident İlham Əliyev ikinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü “Anım Günü” kimi qeyd etmək barədə sərəncam vermişdir. 2020-ci il dekabrın 2-də prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır.
Sərəncamda qeyd olunur ki, “Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:
1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.