Təvəllüdü: Amul-fil (Fil ilinin) otuzuncu ilində, yəni, Besətdən 10 il və Hicrətdən 23 il əvvəl Rəcəb ayının 13-də Kəbə evində dünyaya göz açmışdır.
Bəşəriyyətdə tanınmış böyük şəxsiyyətlər arasında hələ heç kəs Həzrət Əli qədər ən ağır, çətin mühakimələrə məruz qalmamışdır. Hələ belə bir şəxs olmayıb ki, cəzbetmə və dəfetmə səhnəsində iki əks tərəfin diqqət mərkəzində olsun. Dahi şəxslərin arasında bu cəhət yalnız həzrəti İsaya nisbət vermək olar. Çünki İsa da dostluq və düşmənçilik səhnəsində bir-biri ilə zidd olan iki dəstənin diqqətini özünə cəlb etmişdir. Məhz bu səbəbə görə bu iki ilahi rəhbər arasında bir növ oxşarlıq var. Bəli, Əlini düşmənləri də onu tərifləyirdi. Onunla düşmənçilik dünya üçün idi, lakin, şəxsiyyətinı gəlincə heç kəs bu barədə artıq söz danışa bilmirdi. Və burada belə bir sual gəlir zehnə, görəsən belə bir şəxsiyyətin insanda formalaşmasına səbəb nə idi?
Şəxsiyyəti Çünki o ali şəxsiyyətə sahib bir insan idi.
Hər bir insanın şəxsiyyətinin formalaşmasında bir neçə amil var ki, onlar mühümü 3 ədəddir. Bu 3 amil insanın əsl binövrəsini qoyur, yəni onu formalaşdırır: (yəni, insan təkcə görürəm, yeriyirəm, əlim-ayağım var, bundan ibarət deyil. İnsan deyiləndə bunlarla yanaşı bir batini məna nəzərdə tutulur, yəni, bu qəlbin içində formalaşan mənəviyyat, şəxsiyyət) 1- İrsiyyət (əsl-nəcabəti), 2- Təlim-tərbiyə, 3- Yaşadığı mühüt, şərait.
İnsanın yaxşı-pis xüsusiyyətləri bu 3 amilin vasitəsilə formalaşır inkişaf edir. İrsiyyət deyəndə təkcə bizim mal-dövlətimiz övladlarımıza irs kimi keçmir, həm də valideynlərin batini sifətləri və əxlaqi ruhiyyələri də onlara nəql olunur.
1- İrsiyyət Həzrət Əliyə yetişən şəxsiyyət onun Əbutalib kimi bir atanın sülbündən dünyaya gəlməsidir. Çünki, Əbutalib Məkkə vilayətinin böyüklərindən idi və Haşimi qəbiləsinin rəisi idi. Onun bütün varlığı başdan-başa mehribanlıq, bəxşiş, səxavət, mehr-məhəbbət, Allah yolunda fədakarlıqdan ibarət idi. Və 42-il Peyğəmbərin (s) xidmətində olub, onu öz himayəsinə götürüb.
Anası – Haşimin oğlu Əsədin qızı Fatimə idi (Fatimə binti Əsəd) və Peyğəmbərə (s) iman gətirən ilk qadınlardan biridir. O, həmin ismətli xanımdır ki, doğum ağrısı şiddətlənəndə Kəbənin divarına yapışıb belə dedi: “İlahi, Sənə və Sənin tərəfindən göndərilənə, nazil olan kitablara və bu evi bina edənin cəddim İbrahimin sözlərinə imanım var. Pərvərdigara! Kəbənin ehtiramına və mənim bətnimdə olan uşağın xatirinə bu uşağın dünyaya gəlişini mənim üçün asan et”.
Çox keçmədən divar yarılır və Fatimə möcüzəvi şəkildə Allahın evinə daxil olur və uşağı orada dünyaya gətirir. Bu məşhur hadisədir. İndiyə qədər heç kəs belə bir fəzilətə sahib olmamışdır. Bu mətləbi deməkdə məqsəd 1-ci amilə işarədir ki, bəli, o, belə şəxsiyyətlərin batini üstünlüklərindən irs aparmışdır.
2- Təlim-tərbiyə İslamın əziz Peyğəmbəri (s) Əlini körpəlikdən tərbiyəsini öz öhdəsinə götürmüşdü, çünki, onu ali məqsədlər üçün yetişdirməyi qərara almışdı. Hətta anası Əlini körpəikən Peyğəmbərin (s) hüzuruna gətirdikdə həzrətin ona sonsuz məhəbbət bəslədiyini gördü və qəlbi aram oldu. İmamın həyatı Pey-rin xas nəvazişi və lütfü ilə birgə idi. O, uşağı bağrına basıb deyirdi: “Bu uşaq mənim qardaşımdır. O gələcəkdə mənim vəsim, köməkçim, canişinim və qızımın həyat yoldaşı olacaqdır”.
Əli Pey-rin yanında yaşadı və onu ali insanlıq fəzilətlərindən, əxlaq xəzinəsindən bəhrə götürdü. Həzrət Əli buyurur: “Mən anasının dalınca gedən bala dəvə kimi Pey-rin arxasıyca gedirdim. O hər gün özünün əxlaqi fəzilətlərindən birini mənə öyrədir və əmr edirdi ki, ona itaət edim”.
Əbul Hədid yazır: “Mötəbər hədislər göstərir ki, Cəbrail ilk dəfə Peyğ-ə nazil olub ona risalət məqamını müjdə verəndə Əli də onun yanında olub”. Və buradan artıq məlum olur ki, Pey-in Əlini müntəzəm surətdə tərbiyə etməsi nəticəsində Əli böyük bir şəxsiyyət kimi tərbiyələnib yetişmişdi.
3- Yaşadığı mühüt, şərait Heç şübhəsiz, belə bir pak sülbdən irs aparan, Pey.. kimi şəxsdən tərbiyə alan Əli cəmiyyətdə öz pak niyyətini daim həyata keçirmiş və İslama dayaq olmuşdur. Qeyd edilən bu mərhələlərdən 3-cüsü daha çətin bir məqam idi. Çünki, ağır bir şərait yaranmışdır. Belə bir şəraitdə yalnız yüksək keyfiyyətə malik olan bir insan çətinliyin öhdəsindən gələ bilərdi. Və o şəxs yalnız Əli idi.
Necə ola bilər ki, bu xüsusiyyətlərlə böyüyən şəxsin məqamını unutsunlar. Yalnız həzrətin uca mövqeyini həzm edə bilməyənlər və ona paxıllıq, kin-küdurət bəsləyənlər bu fikirdə ola bilər. Peyğəmbər (s) buyurur: “İki dəstə sənin barəndə həlak olacaq; 1) Sənin fəzilətlərin barəsində həddi aşanlar, 2) Səninlə düşmənçilik edənlər”.
Həzrət Əlinin (ə) qəzavətləri – Həzrət Əlinin ədaləti elə bir həddə idi ki, nəinki müsəlmanlar, hətta qeyri-müsəlmanlar belə onun barəsində çoxlu kitablar yazıblar. Əli öz ədaləti ilə bəşəri heyrətdə qoymuş və qoymaqdadır. Xaçpərəstlərdən olan Corc Cordak adlı bir alim “İnsan ədalətinin səsi” adlı bir neçə cilddən ibarət kitab yazıb. Bu əsərdə Əli barəsində çox dəyərli sözlər deyib və biri budur; “Ədalət imam Əlinin ayrılmaz bir hissəsi, qəlbində və damarlarında axan qan, cisminə üfürülmüş ruhdur”. “Əlini ibadət mehrabında ədalətinin çoxluğuna görə öldürdülər”. Çünki Əli onlara göz açmağa imkan vermirdi. Onun ədalətinə bir nümunə də budur:
Həzrət Əlinin qardaşı ilə rəftarı – Əqil Əlinin qardaşı idi. Lakin o imanı zəif bir adam idi. Harada öz xeyrini görsəydi o tərəfə əyilirdi. Pey. Onun barəsində belə buiyurub: “Əqilə həm atasına və həm də oğluna görə hörmət edin”. Çünki Əqilin atası Pey. əmisi idi, oğlu isə Müslüm ibni Əqil idi. Əlinin xilafəti dövründə bir gün onun evinə gəlmişdi. Əli oğlu Həsənə buyurdu: – Əminə öz malından bir hədiyyə ver. İmam Həsənin qəşəng bir əbası vardı, onu gətirib əmisinin çiyninə atdı. Sonra onun üçün bir süfrə açdılar. Süfrədə duz və çörəkdən başqa bir şey yox idi. Əqil süfrədə olanlara baxıb dedi; – Süfrə elə bundan ibarətdir? Əli: – Bəli, məgər bunlar azdır? Əqil bir neçə tikə yedikdən sonra dedi: – Ya Əmirəlmöminin sənin yanına bir xahiş üçün gəlmişəm. Ağır borca düşmüşəm. Səndən xahiş edirəm ki, mənə borclarımı ödəyəcəyim qədər pul verəsən. Əli dedi; – Sənin nə qədər borcun var? Əqil: – 10 min dirhəm. Əli: – Ayın axırına az qalıb, bir neçə gün səbr elə, maaşımı alıb bir hissəsini sənə verərəm. Hamısını verə bilməyəcəm. Çünki mənim evimə də çörək və duz kimi ərzaq lazımdır. Əqil dedi: – Sənin maaşın mənə kifayət etməz. Sən müsəlmanların əmirisən. Bütün müsəlmanların malı-dövləti sənin ixtiyarındadır. Beytul-malda minlərlə qızıl-gümüş var. Yaxşısı budur Beytul-maldan verəsən. Əli dedi: – Birazdan axşam düşəcək, qaranlığa az qalır. Gözlə dükan-bazar bağlansın, hamı gedəndən sonra dükanların birinin damını sök və oradan qızıl-gümüş çıxart, borclarını ödəyərsən. Əqil təəccüblə dedi: – Ya Əli, sən mənə oğurluq təklif edirsən? Əli dedi: “Mən sənə bir adamın dükanını oğurlamağı təklif etdim, sən qəbul etmirsən. Amma sən mənə minlərlə adamın malını oğurlamağı təklif edirsən. Mən bu işi necə görə bilərəm? Camaatın haqqını kəsib sənə verməyimi istəyirsən?!
Həzrət Əlinin Təlhə və Zübeyrlə rəftarı – Günlərin birində Təlhə və Zübeyr şəxsi bir iş üçün Həzrətin yanına gəlmişdilər. İmam Beytul-malı hesablamaqla məşğul idi. Salam-kəlamdan sonra imam onların şəxsi bir iş üçün gəldiklərini başa düşdü və tez şamı söndürüb özünün evdə şəxsi işlətdiyi şamı yandırdı. Soruşdular: – Ya Əli nə fərqi var? Həzrət buyurdu: “Bayaq yandırdığım şam Beytul-malı hesablamaq üçün alınıb və ümumi mala aiddir. Siz mənimlə şəxsi görüşə gəldiyiniz üçün mən özümə məxsus olan şamı yandırdım ki, Beytul-maldan istifadə olunmasın.
Əlinin belə ədalətli olmasına çoxları dözə bilmirdi. Onun evinə gələnlər görürdülər ki, süfrədə duz, çörək və süddən başqa bir şey yoxdur. Buna görə də ondan üz döndərib Müaviyənin süfrəsinə qaçırdılar. Hətta bəziləri Müaviyəyə deyirdi ki, sənin süfrənə görə gəlmişik. Müaviyə elə bir insan idi ki, onun üçün halal-haram fərq etmirdi. Beytul-malı istədiyi kimi talayırdı və süfrəsinin bər-bəzəyi ilə çoxlarını aldatmağı bacarırdı. Lakin sırf ədalət tərəfdarları, imanı güclü insanlar heç vaxt bər-bəzəyə aldanmırdılar. Onlar həmişə imamın ətrafında olar, onun ədalətinə can-başla razı olardılar. Odur ki, Pey-in əsas məqsədlərindən biri də bu idi ki, insanlar arasında ədalət bərpa olsun və bunu əməli surətdə göstərsinlər. Onun işi ədalətli insanlar yetişdirmək idi. Həzrət Əli buna ən böyük, aydın bir misaldır.
Peyğəmbər (s) insanları elə tərbiyələndirmişdir ki, əgər bir nəfər ictimai günah edirdisə, Əlinin hüzuruna gəlib öz günahını etiraf edər və cəzalanmasını istəyərdi. Ümumiyyətlə peyğəmbərlər həmişə çalışmışlar ki, tərbiyə etdikləri i
nsanlar həm fərdi və ictimai hallarda ədalətli olmaqla yanaşı, həm də ədaləti bərpa etsinlər. Və burada olan incə mətləb budur ki, ədalətli olmaqla ədaləti bərpa etməyin fərqi var, bunlar ayrı-ayrı şeylərdir.
Ədalətli olmaq və ədaləti bərpa etmək – (Burada incə bir mətləbi nəzərinizə çatdırım) Mümkündür bir insan öz-özlüyündə adil və ədalətli olsun, lakin bu heç də onun icrasına dəlalət etmir. Ədalətli olmaq həm də onu bərpa etmək demək deyil. Belə bir insandan hamının xoşu gələr və heç bir kəsin onunla işi olmaz. Məsələn, birisi namaz qılır, oruc tutur, yalan danışmır, günah işlər görmür, Allah yolunda əlindən gələn yaxşılığı edir. Bir sözlə desək, öz-özlüyündə ədalətli insandır. Lakin bütün bunlarla yanaşı, ədaləti bərpa etməklə heç bir əlaqəsi yoxdur. Belə bir insandan hamının, hətta pis insanların da xoşu gələr. Ədalətli bir insana cəmiyyətdə hamı inanır. Hətta düz yolda olmayanlar belə ona etibar edirlər. Əgər biri ona əmanət tapşırsa ürəyi xatircəm olar. Çünki, başa düşürlər ki, ədalətli insandan heç vaxt ziyan gəlməz.
Ədaləti bərpa etmək – Amma bəzən cəmiyyətdə elə insanların əleyhinə çıxırlarki, həmin insanlar ədalətli olmaqla yanaşı, həm də cəmiyyətdə ədalətin bərpasını istəyirlər. Və bu yolda bir tək Allahın istədiyi kimi hərəkət edirlər. Heç bir maneədən çəkinmirlər. Heç bir şeyi itirməkdən qorxmurlar. İşim, vəzifəm əlimdən getməsin deyə İslamın bizdən tələb etdiyini cəmiyyətə çatdırmamalıyam…daha belə söhbət yoxdur onlar üçün. Bilirsiz ki, cəmiyyətdə bu gün elə bir acınacaqlı şərait yaranıb, hətta dini məsuliyyəti olan şəxslər belə söz deməyə çəkinirlər. Yaxud da sözü elə bir tərzdə deyirlər artıq cəmiyyət həmin sözün əsl mənasını dərk edə bilmir. Hər şeyi yüngül, asan formada. İslamda olan sözlər yalnız keçmiş hadisələrdəndir. Düzdür hadisə keçmişdə olub, lakin həmin simalar indidə var və gərək bizə ibrət ola. Əgər bu gün Allahın qanunlarının bütün qanunlardan üstünlüyü insanlara doğru şəkildə çatdırılsaydı dünyanı bu qədər əzab-əziyyət bürüməzdi. Bax budur ədalətli olmaqla ədaləti bərpa etməyin fərqi. Nə çox dini məsuliyyəti olanlar, öz-özlüyündə çox gözəl tanınırlar və ədalətlidirlər. Amma ədaləti icra etmirlər, hər şey sözlərdədir və eşidənin ürəyinə yağ kimi yayılır, nə gözəl danışır. Dini vəzifə təkcə danışmaqdan ibarət deyil, insanların ehtiyac duyduqlarını düşünüb həyata keçirmək lazımdır. Hər kəsin boynunda bu ilahi haqdır, bacardığını həyata keçirməlidir.
Həzrət Əlinin dövründə bir çox abidlər, şeyxlər var idi ki, məscidlərdə ibadətlə məşğul idilər. Heç kəsin onlarla işi yox idi. Hətta Müaviyə kimi hiyləgər adam da çox gözəl bilirdi ki, onlar ədalətli insanlardır. Amma cəmiyyətdə ədalətin bərpası üçün çalışmırdılar. Ona görə də oğlu Yəzidə tapşırmışdı ki, Abdullah ibni Zübeyr kimi insanlar əgər sənə beyət etsələr bu sənin xeyrinədir, əgər beyət etməsələr onlardan sənin hakimiyyətinə ziyan gəlməyəcək. Çünki onlar gedib məscidin bir küncündə əyləşib axşama qədər ibadətlə məşğul olacaqlar.
Həzrət Əli ədalətli olmaqla yanaşı həm də ədaləti cəmiyyətdə bərpa edən şəxs idi. O, xalqının halına yanırdı, daim onlar üçün çalışırdı. Onun həddən artıq ədalətli olması bəzilərinə sərf etmirdi. Çünki onların məqsədi ilahi məqsəd deyildi. Məqam, dünya, şan-şöhrət, yaxşı ad çıxartmaq idi.
Corc Cordak deyir ki, dahi şəxslərdən qədim yunan filosofu Sokratın ədalət xüsusiyyətinə görə Əliyə bənzəri olub. Sokrat nə imam Əlinin müasiri olub, nə bir müsəlman, nə də xristyan və ərəb. Hətta İmam Əlidən öncə yaşamış bütpərəst bir yunan olub. Bu mətləbdə mühüm bir məqam var, o da budur ki, həqiqət bütün dövrlərdə birdir. Biz müxtəlif dövrləri, əsrləri nəzərdən keçirib müqaisə etdikdə, hətta müxtəlif millətləri, ayrı-ayrı dinləri araşdırdıqda başa düşürük ki, həqiqət birdir və o nə bizə yaxındır, nə də bizdən uzaqdır.
Dahi Sokratla İmam Əlinin şəxsiyyətləri arasında olan əlaqə budur ki, müxtəlif dövrləri, millətləri və dinləri bir-biri ilə əlaqələndirən möhkəm bir bağdır. Çünki, burada yaxşılıqlara və həyatın dəyişməyən dəyərlərinə, bir sözlə, bütün varlığa iman gətirən insanlardan söhbət gedir. O insanlar ki, varlığın böyük dəyərlərinə inanırlar. Sokrat deyir: “Mən ölümə tərəf gedirəm, siz isə həyata tərəf gedirsiniz”. İmam Əli isə deyir: “Mən dünən sizin dostunuz idim. Bu gün isə sizin öyüd-nəsihət götürə biləcəyiniz insanam. Sabah sizdən ayrılacağam. Allah sizi və məni bağışlasın”.
Bu iki şəxsin digər oxşar cəhəti də bu idi ki, onların hər biri çarəsizlər, yolunu azmışlar, həyatın əzab-əziyyətinə qatlaşanlar və bir sözlə cəmiyyətin unutduğu insanlar qarşısında məsuliyyəti üzərlərinə götürmüşlər. Öz həyatlarını bu cür carəsiz insanlara həsr etmişdilər. Daim öz dövrlərinin insanlarının zülmə məruz qalmaması üçün çalışırdılar, onları zülmdən xilas edirdilər və nəhayət bu yolda da şəhid oldular. Halbuki onların hər biri yaxşı bilirdi ki, əgər ömürlərini belə işlərə sərf etməsəydilər firavan, rahat yaşaya bilərdilər, amma bu həyatı seçdilər.
Hər ikisi hakim təbəqənin tərəfindən sui-qəsdə məruz qaldılar, amma haqq sözü deməkdən çəkinmədilər. Çünki məsuliyyəti dərk edirdilər. Özlərini borclu bilirdilər xalqın köməyinə yetişməkdə. Həzrət Əli heç vaxt şəxsi mənafeyi üçün danışmırdı, heç də məqam mənzilət üçün çalışmırdı. Onun məqamı hamıya bəlli idi. Kimsəsizlər, çarəsizlər üçün çalışırdı. Öz dövründə də dəfələrlə deyirdi və camaata başa salırdı ki, zülmə baş əyməyin. İnsanlar da gərək öz xoşbəxtliyi üçün çalışsınlar, çətinlikdən qurtulmaq üçün çarə düşünsünlər. Bizim dövrümüzdə Əli yoxdur bizim qayğımızı çəkə. Bizim zəmanəmiz vəhdət tələb edir. Bütün müsəlmanlar gərək bir olsunlar. Əxlaq, təlim-tərbiyə, ilahi əhkam, cəmiyyətin köməyinə yetişmək, bu kimi işlərə əncam verək. O zaman özümüzü Əliyə yaxın hiss edə bilərik. Yoxsa mən burda oturub ədalətdən danışım, öz işimə gələndə onu icra edim, gəlməyəndə yox. Sonra da deyim ki, Əliyə böyük məhəbətim var. Xeyir! Əliyə məhəbbət nələrdənsə keçmək tələb edir. Peyğəmbər şəriyətinin qoruyucusu olan Əlinin yolu gedən insan heç nədən qorxmaz. Din üçün, insanlar üçün əlindən gələn, gücü çatan köməkliyi göstərər və məqam, mənzilət düşünməz. Həqiqi məqam Allah yanında olan məqamdır. Ora özümüzü hazır edək. Əlinin Allah yanında uca məqamı var. O cür ki, şəninə ayələr nazil olub.
Ən maraqlısı da budur ki, rəhbərliyə, sərvət vasitələrinə malik olan, amma nəsibi yalnız əziyyət və məhrumiyyət olan, böyük bir nəslə mənsub olduğu halda deyir ki; “Təvazökarlıq kimi sərvət yoxdur”. Sevənlərinə nə deyir? “Məni sevən özünü yoxsul paltar geyinməyə hazırlasın”. Sevgisində ifrata varanlara nə deyir? “Mənə qarşı sevgisində ifrata varan xilas əhli deyil”. Sevməyənlərinə isə gözəl əxlaqlı bir nəsihətçi kimi öyüd-nəsihət verir. Ona söyüş söyənlərə söyüşlə cavab verənlərə deyir; “Mən sizin xoşagəlməz, çirkin sözlər danışmağınızı istəmirəm” buyurur. Yer üzünün nemətlərindən danışan şəxsə baxıb demişdir: “Gözəl əxlaq necə də yaxşı nemətdir”.
“İnsanlar üçün elə bir dövran gələcək ki, o vaxt şaha söz gəzdirəndən başqa heç kəs yaxın olmayacaq, pis əməlli yalançı insanlar zirək adlandırılacaq, əməli düz insanlar zəif və aciz sayılacaq. O zaman Allah yolunda sədəqə verməyi, mal sərf etməyi cərimə sayarlar. Həmin dövrdə padşahlıq kənizlərin məsləhət və məşvərəti, uşaqların hökmdarlığı və xadimlərin tədbiri ilə olar”.
“Alimlərin sözünə qulaqlarını bağlayacaqlar, yüngül insanların sözünə isə əsas verəcəklər. Cəmiyyətin fərdləri iman və ağlına görə deyil, var-dövlətinə, vəzifəsinə görə üstün tutulacaq”. Və o zaman ağlı, imanı olanlar birləşməsələr hamılıqla həlaka uğrayacaqlar.
Heç belə bir adam ya rəhbər, məsuliyyəti olan şəxs görmüsünüzmü haqq-ədaləti bərqərar etmək üçün sahib olduğu dünya malından keçsin? Var-dövlətindən tamamilə imtina edib yalnız yaşamasına kifayət edəcək qədər çörək yeyən güc sahibi Əlidir. Bizim heç dildə Əli Əli deyənlərimiz Əlinin rəftarının bir mislini edə bilməz. Əli deyənlər “Nəhcül-bəlağə”nin heç 5 bəndinə agah deyillər. O “Nəhcül-bəlağə”ki, əgər onun ifadələri ağıllı bir insanın qulağına çatsa, mənası onun qəlbində yer tutar və bir ahəngə çevrilər. Dərin mənalar var orada və bir növ dinləyəndə insanlıq duyğuları baş qaldırır. Bu dəyərli kəlamlar sanki insanı yenidən formalaşdırır.
Əli üçün həyat insanlara fayda vermək, xalqa xidmətdən başqa bir şey deyidi. Dünya və onun gözəllikləri Əlini deyil başqalarını aldada bilər.
Əli dünyadan köçdü əbədi
Lakin məhəbbəti qəlbdən getmədi
Yaratdığı hikmət, qoyduğu sünnət
İslam dünyasını diriltdi əlbət
İgid pəhləvanlar Əli dedilər
Alimlər əfzəllər Əli dedilər
Möminin qəlbində məhəbbəti var
Cahanda Əlinin eşqi yaşayar
Allahı and verək Əlinin uca məqamına bu eşqi qəlbimizdən bir an ayırmasın…