Həzrəti Lut (ə)
Lut (ə) peyğəmbərin adı Qurani-məciddə 14 surədə çəkilmişdir.
|
Surə |
Sıra sayı |
Ayə |
|
Ənam |
6 |
76 |
|
Əraf |
7 |
80 |
|
Hud |
11 |
11,19,70,74,77 |
|
Hicr |
15 |
59, 61 |
|
Ənbiya |
21 |
71, 74 |
|
Həcc |
22 |
43 |
|
Şuəra |
26 |
16,161,167 |
|
Nəml |
27 |
54, 56 |
|
Ənkəbut |
29 |
26,28,32,33 |
|
Saffat |
37 |
133 |
|
Sad |
38 |
13 |
|
Qaf |
50 |
13 |
|
Qəmər |
54 |
33, 34 |
|
Təhrim |
66 |
10 |
Əraf surəsi-80, 81, 82, 83,və 84-cü ayələr
“Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?”
“Siz qadınları atıb şəfvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”
“(Lut) tayfasının (bu sözə) cavabı (istehza ilə): “Onları (Lutu və ona tabe olanları) məmləkətinizdən çıxarın, çünki onlar (həddindən ziyadə) təmiz (bu cür işlərlə məşğul olmayan) adamlardır!” – deməkdən başqa bir şey olmamışdı”.
“Biz onu (Lutu) və ailəsini (həmçinin ona iman gətirənləri) xilas etdik. Yalnız övrəti (Vailə öz küfrü səbəbilə) həlak oldu”.
“Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör (Allaha asi olan, peyğəmbələri inkar edən) günahkarların axırı necə oldu!”
Hud surəsi-77, 78, 79, 80, 81, 82 və 83-cü ayələr
“Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin (başabəlalı) bir gündür!” – dedi”.
“Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: “Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur?”
“Onlar dedilər: “Sənin qızlarına heç bir rəğbətimiz (və ya ehtiyacımız) olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!”
“(Lut) dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim (alınmaz bir qalaya və ya güclü bir qəbiləyə pənah apara biləydim)!”
“(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın”. “Təkcə yoldaşın istisnadır. Onlara toxunacaq əzab yoldaşına da toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?”
Hicr surəsi-61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76 və 77-ci ayələr
“Elçilər (mələklər) Lutun yanına gələndə
(Lut) dedi: “Siz yad adamlarsınız (mən sizi tanımıram)!”
“(Mələklər) belə cavab verdilər: “Xeyr, biz sənə onların (ümmətindən olan kafirlərin) şübhə etdikləri şeyi (əzabı) gətirmişik!”
“Biz sənə (Allahdan) doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq!”
“Gecənin bir vaxtı (sonuna yaxın) ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə halınız pis olar). Sizə əmr olunan yerə gedin!”
“Və ona (Luta da) vəhy etdik ki, səhər çağı onların (kafirlərin) kökü kəsilmiş olacaq”.
“(Lutun gözəl qonaqları gəldiyini bilən) şəhər əhli (sevinərək) bir-birini muştuluqlayıb (onun yanına) gəldi”.
“(Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. (Onlara hörmət etmək mənim borcumdur). Məni (biabırçı hərəkətlərinizlə onların yanında) rüsvay etməyin!
Allahdan qorxun və məni xar etməyin!”
“Onlar: “Məgər biz sənə (şəhərimizə gələn) adamları (himayə etməyə etməyi, onları qonaq saxlamağı) qadağan etmədikmi?” – deyə soruşdular”.
“(Lut) dedi: “Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə (buyurun, onlarla evlənin)!”
“(Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər)”.
“Şəfəq doğanda o dəhşətli (tükürpədici) səs onları bürüdü”.
“Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq”.
“Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!”
“Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır!”
“Bunda möminlər üçün, sözsüz ki, bir ibrət vardır!”
Şuəra surəsi-160/175-ci ayələr
“Lut tayfası da peyğəmbərləri təkzib etdi”.
“O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?”
“Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)”
“Artıq Allahdan qorxun və mənə itaət edin!”
“Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!”
“Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz?”
“Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!”
“Onlar dedilər: “Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!”
“(Lut) dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!”
“Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!”
“Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik”.
“Ancaq geridə qalan bir qadın (Lutun günahkar övrəti) istisna olmaqla!”
“Sonra da o biriləri məhv edib kökünü kəsdik”.
“Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır!”
“Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi”.
“Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)”
Ənkəbut surəsi-28/35-ci ayələr
“Həqiqətən siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq, mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə (bir-birinizlə) çirkin iş görürsünüz?” Tayfasının (Lutun sözlərinə) cavabı ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” – deməkdən ibarət oldu.
“(Lut: ) “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!” – dedi.
“Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yə’qubun doğulacağı barədə) müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdirlar (Allaha asi olmaqla, onun peyğəmbərini təkzib etməklə, çirkin işlər görməklə özləri-özlərinə zülm edirlər)”, dedilər.
“(İbrahim) dedi: “Orada (onların içində Allahın mö’min bəndəsi) Lut da var!” Onlar: “Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!” – deyə cavab verdilər”.
“Elçilərimiz Lutun yanına gəldikdə (Lut) onlara görə kədərləndi və ürəyi qısıldı. (Mələklər Lutun yanına cavan, qəşəng oğlanlar qiyafəsində gəldikləri üçün o öz tayfasının onlara pislik yetirəcəyindən qorxub mə’yus oldu). Onlar dedilər: “Qorxma və kədərlənmə. Biz səni və ailəni xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!”
“Biz etdikləri pozğunluğa (günahlara) görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik!”
“Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün (baxıb ibrət aslsınlar deyə) o məmləkətdən açıq-aydın bir nişanə (xarabalıq) qoyduq”.
Həzrəti Lut (ə) Allahın böyük peyğəmbərlərindəndir
Qurani-Kərimin bildirdiyinə görə, Allahın böyük peyğəmbərlərindən olmuş Lut (ə) peyğəmbər İbrahim (ə) peyğəmbərlə bir dövrdə yaşayıb. Tövrata görə, Lut İbrahimin qardaşı oğlu idi və hətta onu uzun səyahətlərdən birində müşayiət edirdi. Lut (ə) peyğəmbərin adı Quranın bir çox ayəsində çəkilmişdir. Onun və qövmünün barəsində bir çox ayələrdə danışılmışdır. Xüsusilə də qövmünün başına gəlmiş acınacaqlı bəla haqqında geniş məlumat verilir.
Digər peyğəmbərlər kimi, Həzrət Lut (ə) da öz təbliğini insanları tövhid yoluna dəvət etməklə başlamışdır. Daha sonra cəmiyyətdə baş almış pozğunluğa, xüsusilə də geniş yayılmış homoseksualizmə qarşı ciddi mübarizə aparmışdır. Bu böyük peyğəmbər çox çətinliklər çəkdi, haqsızlıslar gördü, əlindən gələn hər şeyi etdi ki, yolunu azmış qövmü düz yola qaytarsın. Lakin heç bir nəticə əldə etmədi. Ona iman gətirmiş azyaşlı insanlar da tezliklə o murdar mühitdən uzaqlaşdılar.
Həzrət Lut (ə) hansı qövmün peyğəmbəri idi?
Həzrəti Lut (ə) İbrahimə (ə) qonşu olan xalqlardan birinə peyğəmbər olaraq göndərilmişdi. Quran bu xalqın etdiyi iyrəncliklərdən və pozğunluqlardan bəhs edir, kişilər arasında indiyə qədər görünməmiş pozğunluq – homoseksualizm geniş yayılmışdı. Lut (ə) onları Allahın xoşuna gəlməyən bu cinsi əxlaqsızlıqdan əl çəkməyə çağırdı və Allah-Təalanın müqəddəs çağırışı ilə onlara müraciət etdi, sakinlər isə köhnə həyat tərzini üstün tutdu və Lutun (ə) peyğəmbərliyinə fikir verməyib ondan imtina etdilər.
Qövmünün islah olacağından ümidini üzmüş Həzrət Lut (ə) Allahdan onu və ailəsini o mühitdən qurtarması üçün dua etdi. Allah-Taala onun duasını qəbul edərək ona və arvadı istisna olmaqla ailəsinə nicat verdi. Qoca qarı olan arvadı nəinki Lut (ə) peyğəmbərin yolu ilə getmir, hətta ara-sıra düşmənə kömək də edirdi. Ancaq Allahın qəzəbi özünü tez bir zamanda göstərdi və şəhər sakinləri qorxunc təbii fəlakətlə məhv edildilər.
Əhdi-ətiqə görə, Lut (ə) peyğəmbər Sodom şəhərində yaşayırdı. Arxeoloji tədqiqatlar bu şəhərin indiki İordaniya-İsrail sərhəddi ilə uzanan Duzlu gölün (Ölü dənizin) yaxınlığında yerləşdiyini göstərir. Həmçinin aydın oldu ki, Qırmızı dənizdən şimal tərəfdə yaşayan xalqın qırılmasının səbəbi məhz Quranda göstərilənlərdir.
Lut (ə) qövmünün başına gələn fəlakət
Lut (ə) xalqının başına gəlmiş cəza haqqında Quranda Allah-Taalanın bu cür sərt qərarının səbəbini izah edən bir çox ayələrə rast gəlmək olar. Fəlakətdən əvvəl Lut (ə) peyğəmbər yolunu azmış xalqa çox nəsihət etmişdi, lakin buna baxmayaraq onun dəvətinə küfr etmişdilər.
Bir zamanlar Lut (ə) peyğəmbər İbrahimlə (ə) Misirdə olmuş və onlar Misirdən qayıtdıqdan sonra bir-birilərindən ayrılmaq məcburiyyətində qaldılar. Çünki, hər ikisinin mal-qara sürülərinin otlaq yeri üçün çəmənlik kifayət etmirdi. Buna görə razılıqla ayrıldılar. Lut (ə) Bəhralməytin cənubunun ən ucqar nöqtəsinə tərəf getdi. “Lut körfəzi” adı ilə tanınan gölməçəyə bir daş qoydu. Həmin məkan Lut və qövmünün məskunlaşdığı yer idi. Allah-Taala bu qövmə ən ağır bəla göndərir. Allah Təala onların məkanını güclü zəlzələ ilə alt-üst etdi və həmin tayfa məhv oldu. Lut (ə) qövmünün başına gələn fəlakət bundan ibarət idi ki, Allah əvvəlcə onların yaşadığı şəhəri alt-üst etmiş, ardınca da göydən başlarına daş yağdırmişdı. Onların hamısı həlak olmuş, heç cəsədləri də ələ gəlməmişdi. O məkanda yalnız “Suğar” şəhəri salamat qaldı. Lut (ə) və ona iman gətirən camaat isə fəlakətdən sonra həmin şəhərə pənah apardılar.
Təfsir mənbələrində həmçinin qeyd olunur ki, həzrət Lut (ə) İbrahim (ə) peyğəmbərlə birlikdə Babildən fələstinə hicrət etmişdir. Sonradan İbrahimdən (ə) ayrıldı və Sodom şəhərinə getdi. Çünki o bölgənin insanları fəsad və günaha, xüsusən cinsi pozğunluğa bulaşmışdılar. O bu azğın qövmü hidayət etmək üçün çox səy göstərdi. Amma onlara az təsir edə bildi. Həmçinin Hud surəsində ilahi əzabın həmin şəhərə nazil olması bəyan olunur. “Onu çirkin işlər görən bir şəhərdən xilas etdik” və ya “Çünki onlar çox çirkin və pozğun insanlar idilər”. Haqqında danışılan insanlar həzrəti Lutun (ə) tərk etdiyi şəhərin sakinləri idi.
Həzrət Lutun (ə) şəhərləri
Həzrəti Lut (ə) hansı şəhərdə yaşamışdır? Hər nə qədər tarix qədim olsa da bu ilahi peyğəmbərin yaşadığı məkan və qövmü ilə bağlı şəhərlər, eləcə də fəlakətin baş verdiyi məntəqələr tarixi araşdırmalara görə müəyyən dərəcədə məlum olmuşdur. Qurani-Kərimdə zikr olunan ayələrə əsasən onun yaşadığı yer Hicaz və Şam civarına nisbət verilmişdir. Lut (ə) qövmünün yaşadığı şəhər Hicazdan Şama gedən ticarət yolunun üzərində yerləşdiyi üçün iki ayədə belə deyilmişdir: “Hicazdan Şam istiqamətində get-gəl edən ticarət karvanları gecə-gündüz həmin şəhərin qalıqlarının yanından keçirdi. Şəhərin qalıqları öz dilsiz dili ilə orada ötüb keçən bütün insanlara ibrət dərsi verirdi. Sadəcə onu dinləyib oxşar bəladan uzaq qalmaqdan ötrü eşidən qulaq lazım idi”.
Həqiqətən, həyatda ibrət dərsi nə qədər çox olsa da, ibrət götürən bir o qədər azdır.[1] Bu məzmunda olan digər bir ayədə buyurulur: “Onların şəhərlərinin xarabalıqları daim istifadə edilən yolun üstündədir”.[2]
“Siz həm səhər çağı onların yanından (şəhərlərinin xarabalıqlarının yanından) keçirsiniz, həm də axşam çağı. Düşünürsünüzmü?”
İmam Sadiq (ə) bu ayəni belə izah edir: “Siz məhz Quran oxuyarkən onların kənarından ötüb keçirsiniz. Quran Allahın onların barəsində verdiyi xəbərləri sizə çatdırır”.[3]
Bu təfsir hər iki ayəni əhatə edir. Qeyd olunan xarabalıqlar Hicazla Şam yolundadır. Həm Lut (ə) peyğəmbərin qövmünün nişanələri gözlər önündədir, həm də onların barəsində verilmiş xəbərlər Quranda öz əksini tapmışdır.
İstifadə olunan mənbələr:
“Qasasul-ənbiya”, İbni Kəsir/132
“Qasasul-ənbiya”, Əs-Səələbi/105
“Qasasul-ənbiya”,Ət-Təbəri/186
“Qasasul-ənbiya”, Ən-Nəccar/112
“Əl-mucəmul mehferes əlfəzul-Quranil-kərim”, 654
“Əl-mucəmul mehferes li məani əl-Quranil-əzim”, 1047
[1] Nəhcül-bəlağə, Qısa kəlamlar, 297-ci hikmət
[2] Hicr-76
[3] Nurus-səqəleyn təfsiri, c. 4, səh. 432
Hazırladı: İlahiyyatçı, Sara Əmirzadə