Mələklər hansı varlıqlardır?

şərh yoxdur

                                              Mələklərə iman

(Mələklər) – “mələk” sözünün cəmidir; Allah-taalanın nurdan yaratdığı bir məxluq növüdür. Onlar zərif, kərəmli və Allahın əmrlərinə tam itaət edən varlıqlardır. Uca Allah buyurur:
“Onlar Allaha əmr olunduqları şeydə heç vaxt itaətsizlik etməz və özlərinə buyurulanı yerinə yetirərlər” (Təhrim, 6).

Onların nurdan yaradılmasının dəlili Peyğəmbərimizin (s) bu sözləridir:
“Mələklər nurdan yaradılmışdır, cinlər alovun şöləsindən yaradılmışdır və Adəm isə sizə bəyan olunan (torpaqdan) yaradılmışdır”.

Mələklər dişilik və kişilikdən uzaqdırlar. Çünki Allah müşrik ərəblərin mələkləri dişi hesab etmələrini qəti şəkildə rədd etmişdir:
“Onlar Rəhman olan Allahın bəndələri olan mələkləri qız hesab edirdilər. Məgər onların yaradılışı zamanı orada hazır idilər? Onların bu şahidlikləri yazılacaq və onlar sorğu-sual olunacaqlar” (Zuxruf, 19).

Həmçinin məlumdur ki, mələklər yemək və içməkdən ehtiyacsızdırlar. Qurani-Kərimdə nəql olunur ki, bir qrup mələk insan surətində İbrahim peyğəmbərin (ə) yanına gəlmişdi. İbrahim (ə) onlar üçün qızardılmış buzov əti hazırladı, lakin mələklər yeməkdən imtina etdilər. Bu hadisə Zariyət surəsinin 24–28-ci ayələrində və Hud surəsinin 70-ci ayəsində zikr olunub. Mələklər müxtəlif surətlərə girə bilərlər. Məsələn, Cəbrayıl (ə) bir çox hallarda Peyğəmbərin (s) səhabələrindən biri olan Dihyətul-Kəlbi (r) surətinə girmişdir. Bu, hədislərdə zikr olunur.

Mələklərə iman – onların mövcudluğunu, Quranda və Sünnədə qeyd olunan xüsusiyyətlərini qəti şəkildə təsdiq etmək deməkdir. Mələklərin mövcudluğunu inkar etmək isə küfrdür, necə ki, bu, Nisa surəsinin 136-cı ayəsində bildirilmişdir.

“Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qur’ana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır”.

Mələklərə iman etməyin zərurəti və faydaları

Mələklərin mövcudluğuna iman etmək İslam əqidəsinin əsaslarından biridir. Uca Allah Qurani-Kərimin bir çox ayəsində mələklərin adını çəkmişdir ki, bu da onların varlığının açıq dəlilidir. Peyğəmbərin (s) hədisləri də bu həqiqəti təsdiq edir. Bu məsələnin sübutu üçün mövzunun əvvəlində yalnız bir ayə və bir hədislə kifayətlənirik və izahın gedişində digər ayə və hədisləri qeyd edəcəyik.

“Rəsul öz Rəbbindən ona nazil edilən şeyə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman etdi və dedilər: Biz Onun peyğəmbərləri arasında fərq qoymarıq…” Bəqərə-285

Hənzələ ibn Rəbi Peyğəmbərin (s) yanına gəlib imanının dəyişməsi halından şikayətləndi. Deyirdi ki, Peyğəmbərin (s) yanında olanda, o, cənnət və cəhənnəmdən danışdığı zaman onda xüsusi bir iman coşqusu yaranır, lakin ailəsinin yanına dönəndə bu hal zəifləyirdi. O, bu dəyişikliyin nifaq əlaməti olduğunu düşünürdü. Peyğəmbər (s) ona belə buyurdu:[2]

“Canım əlində olan Allaha and olsun ki, əgər mənim yanımda olduğunuz kimi daim o vəziyyətdə qala bilsəydiniz, yataqlarınızda uzanarkən və yollarda gedərkən mələklər sizinlə görüşərdilər”.[1]

Bu ayə və bu mübarək hədis mələklərin mövcudluğunun qəti olduğuna dəlalət edir. Allah Təalanın hikməti belə tələb etmişdir ki, insanlar arasından peyğəmbərlər göndərsin və mələklərdən elçilər (səfirlər) təyin etsin ki, Allahın sözlərini peyğəmbərlərə çatdırsınlar və onlar da bu xəbəri insanlara təbliğ etsinlər.

“(Allah) Öz əmri ilə mələkləri vəhylə birlikdə istədiyi bəndəsinin üzərinə endirir ki, (onlar insanlara belə desinlər:) “Məndən başqa heç bir ilah yoxdur. Elə isə, Məndən qorxun!”

Mələklərə imanın ən böyük faydası budur ki, tövhid əqidəsi şirk çirkinliklərindən və onun təhlükələrindən tam təmizlənmiş olsun. Çünki müşrik ərəblər iki növ məxluqu Allaha şərik sayırdılar. Birinci növ maddi varlıqlar idi ki, beş hiss orqanı ilə dərk edilirdi: günəş, ay, böyük adamlar və s. İkinci növ isə cismani varlığa malik olmayan, hisslərlə dərk edilməyən, lakin aləmin işlərini idarə etdiyinə inanılan varlıqlar idi. Məsələn, mələklər, onlardan birini külək ilahı, birini yağış ilahı və s. hesab edirdilər. Bu səbəblə Uca Allah insanların inancını bu cür şirkdən də təmizləmək üçün imanın altı əsasından birinin mələklərə düzgün, ifrat və təfrid olmayan şəkildə iman etməyi qərar vermişdir. Bundan əlavə, Allah Təala bizə görünməyən məxluqlara iman etməyi vacib etməklə imanımızı imtahan etmək istəmişdir.

                                             Mələklərin sifətləri

Görünməz olmaları

Qurani-Kərimin ayələrinə əsasən, Allah Taəala mələkləri elə bir fitrət və yaradılış üzərində yaratmışdır ki, insanlar onları görə bilməzlər. Lakin Allahın izni ilə bəzən istisna hallarda insan surətinə girib görünə bilərlər. Necə ki, İbrahim peyğəmbərin qonaqları haqqında belə buyurulur:

هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ * إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ سَلَامٌ قَوْمٌ مُّنكَرُونَ * فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ * فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ * فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً قَالُوا لَا تَخَفْ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ

“İzzətli qonaqların — (insan surətində gələn mələklərin) — İbrahimə gəldikləri xəbər sənə yetişdimi? Onlar onun yanına daxil olduqda «Salam» dedilər. İbrahim də «Salam» dedi və (daxilində) onları tanımadığı üçün narahat oldu. Sonra gizlicə ailəsinin yanına gedib kök bir buzov (ətini) gətirdi. Onu onların önünə qoyub dedi: «Yemirsiniz?» Onların əllərini yeməyə uzatmadıqlarını görüncə qorxu hiss etdi. Onlar dedilər: «Qorxma!» və ona elm sahibi bir oğlanın dünyaya gələcəyini müjdələdilər”. (Zariat-25, 26, 27, 28, 29)

Allahın əmrlərinə itaət və günah etməmək

Mələklər nəfsani və heyvani arzulara sahib deyillər. Onlar tam şəkildə Allahın əmrinə itaət edir, əsla günah etmirlər. Çünki onların yaradılışı yalnız xeyir və itaət üzərindədir. Onlar maddi varlıq olmadıqları və insanlar kimi iradə və seçim sahibi olmadıqları üçün yalnız Allahın bildirdiyi yoldan gedirlər.

Quranda buyurulur:    لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ
“Allahın onlara əmr etdiyindən əsla çıxmırlar və əmr olunduqları şeyi tam yerinə yetirirlər”. (Təhrim-6)

Mələklərin Allahın əmri ilə gördükləri işlərdən bəziləri bunlardır:

1. İlahi vəhyi peyğəmbərlərə çatdırmaq

 قُلْ نَزَّلَهُ رُوحُ الْقُدُسِ مِن رَّبِّكَ بِالْحَقِّ
“De: onu (Quranı) Cəbrail Rəbbindən haqq olaraq nazil etmişdir”. (Nəhl-102)

الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا
“Göyləri və yeri yaradan Allaha həmd olsun; O, mələkləri elçi etmişdir…” (Fatir-1)

2. İnsanların əməllərini yazmaq

كِرَامًا كَاتِبِينَ * يَعْلَمُونَ مَا تَفْعَلُونَ
“(Onlar) şərəfli yazıcılardır, sizin nə etdiyinizi bilirlər”. (İnfitar-11, 12)

إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ * مَّا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ
“İnsanın sağında və solunda iki (mələk) oturmuşdur. İnsan elə bir söz deməz ki, onun yanında (onu yazan) hazır bir nəzarətçi olmasın”. (Qaf-17, 18)

3. Möminlərə kafirlərlə savaşda yardım etmək

إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَنْ يَكْفِيَكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلَاثَةِ آلَافٍ مِّنَ الْمَلَائِكَةِ مُنزَلِينَ
“Sən möminlərə belə dediyin zamanı xatırla: ‘Rəbbiniz sizə göndərilmiş üç min mələklə yardım etməsi sizə kifayət deyilmi?” (Ali-İmran-124)

4. İnsanların ruhunu almaq

الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ ظَالِمِي أَنفُسِهِمْ
“O kəslər ki, mələklər onların canlarını alarkən özlərinə zülm edirdilər”. (Nəhl-28)

الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ طَيِّبِينَ
“O kəslər ki, mələklər onların canlarını alır, onlar pak və xoş haldadılar”. (Nəhl-32)

5. İnsanlar üçün bağışlanma diləmək

وَيَسْتَغْفِرُونَ لِمَن فِي الْأَرْضِ
“Onlar yerdə olanlar üçün bağışlanma diləyirlər”. (Şura-5)

وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا
“Onlar iman gətirənlər üçün də bağışlanma diləyirlər”. (Ğafir-7)

6. Cənnət məmurları və cəhənnəm keşikçiləri

جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا وَمَنْ صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ وَالْمَلَائِكَةُ يَدْخُلُونَ عَلَيْهِمْ مِنْ كُلِّ بَابٍ * سَلَامٌ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ

“(Bu gözəl aqibət) əbədi qalınacaq Ədn Cənnətləridir. Oraya öz atalarından, zövcələrindən və övladlarından saleh olanlarla birlikdə daxil olacaqlar. Mələklər hər bir qapıdan onların yanına girib deyərlər: ‘Səbr etdiyinizə görə sizə salam olsun! Nə gözəl axirətdir!” (Rəd-23, 24)

Bəzi mələklər isə cəhənnəmin keşikçiləridir və Quranda onlara “xazanə”“zəbaniyə” deyilir:

وَسِيقَ الَّذِينَ كَفَرُوا إِلَى جَهَنَّمَ زُمَرًا حَتَّى إِذَا جَاءُوهَا فُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَتْلُونَ عَلَيْكُمْ آيَاتِ رَبِّكُمْ وَيُنْذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَذَا قَالُوا بَلَى وَلَكِنْ حَقَّتْ كَلِمَةُ الْعَذَابِ عَلَى الْكَافِرِينَ

 “Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənərlər. Onlar ora çatdıqlarında qapıları açılar və cəhənnəmin keşikçiləri onlara deyərlər: ‘Məgər sizə özünüzdən elçilər gəlmirdimi ki, Rəbbinizin ayələrini oxusunlar və sizi bu günlə qorxutsunlar?! Onlar deyərlər: “Bəli, gəlmişdilər”, lakin kafirlər barəsində əzab hökmü gerçəkləşmişdir”. (Zumər-71)

7. Ərşi daşıyanlar

وَالْمَلَكُ عَلَى أَرْجَائِهَا وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ

“Mələklər o gün göylərin hər tərəfində olacaqlar və sənin Rəbbinin Ərşini həmin gün səkkiz mələk daşıyacaq”. (Haqqa-17)

Bəzi mələklərin adları və xüsusi vəzifələri

Cəbrail peyğəmbərlərə vəhy gətirən mələkdir.

إِنَّهُ لَتَنْزِيلُ رَبِّ الْعَالَمِينَ * نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ * عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنذِرِينَ

“Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbinin nazil etdiyidir. Onu Ruhul-Əmin (Cəbrail) sənin qəlbinə endirmişdir ki, sən xəbərdarlıq edənlərdən olasan”. (Şuəra-192, 194)

Cəbrail bəzən peyğəmbərlərə yardım edən bir mələk kimi də qeyd olunur:

فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالْمَلَائِكَةُ بَعْدَ ذَلِكَ ظَهِيرٌ

“Əgər siz Peyğəmbərə qarşı birlik olsanız da, Allah onun yardımçısıdır. Onun ardınca Cəbrail, saleh möminlər və mələklər də (ona) dəstəkdir”. (Təhrim-4)

İsa peyğəmbər haqqında isə belə buyurulur:

وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ

“Biz Məryəm oğlu İsaya açıq-aşkar möcüzələr verdik və onu Ruhul-Qüds (Cəbrail) ilə qüvvətləndirdik”. (Bəqərə-87)

İsrafil Qiyamət gününü elan etmək üçün sura üfürəcək mələkdir.

وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ

“Sur üfürüləcək və göylərdə və yerdə olanlar, Allahın istədikləri istisna olmaqla, hamısı öləcək. Sonra yenidən sura üfürüləcək və onlar qəflətən qalxıb baxacaqlar”. (Zumər-68)

Əzrail ruhları alan mələkdir (mələkul-məvt).

Buna görə mələklər kainatın idarəsində Allaha şərik deyillər; onlar tam şəkildə Onun əmrinə tabe olan, özbaşına heç bir güc və iradəsi olmayan varlıqlardır.

Mələklərin nurdan yaradılması

Ayişə (r) rəvayət edir ki, Peyğəmbər (s) belə buyurmuşdur:

خُلِقَتِ الْمَلَائِكَةُ مِنْ نُورٍ، وَخُلِقَ الْجَانُّ مِنْ مَارِجٍ مِنْ نَارٍ، وَخُلِقَ آدَمُ مِمَّا وُصِفَ لَكُمْ

“Mələklər nurdan, cinlər alovun şöləsindən və Adəm isə sizə bildirildiyi kimi (torpaqdan) yaradılmışdır.”[2]

Bəzilərinin bir neçə qanadı vardır

الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَوَاتِ وَالأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَثْنَى وَثُلَاثَ وَرُبَاعَ

“Göyləri və yeri yaradan Allaha həmd olsun; O, mələkləri iki, üç və dörd qanadlı elçilər etmişdir. Allah yaratdıqlarına istədiyi qədər artırar. Allah hər şeyə qadirdir”. (Fatir-1)

Mələklərin sayının ölçüyəgəlməz olması

Mələklərin sayı o qədər çoxdur ki, onların miqdarını yalnız Allah bilir:

وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ
“Rəbbinin ordularını Ondan başqası bilməz…” (Muddəssir-31)

Cinsiyyətsiz olmaları və evlənməmələri

وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَنِ إِنَاثًا

“Onlar Rəhmanın qulları olan mələkləri qız sayırlar. Məgər onların yaradılışı zamanı orada idilər? Onların bu iddiaları yazılacaq və sorğu-sual olunacaqlar”. (Zuxruf-19)

Səmalarda və yerdə hərəkət etmələri

تَعْرُجُ الْمَلائِکَةُ وَالرُّوحُ إِلَیهِ فِی یوْمٍ کَانَ مِقْدَارُهُ خَمْسِینَ أَلْفَ سَنَةٍ
Mələklər və Ruh (Cəbrail) Ona doğru yüksələrlər ki, (bu yüksəliş) əlli min il davam edən bir gündə baş verər. (Məaric-4)

Mələklərin insanlardan əvvəl yaradılması

Mələklər insan nəslindən daha əvvəl yaradılmışlar. Bunun dəlili Quranda Adəmin yaradılış hekayəsidir. Allah Adəmi yaratmaq istədiyini bildirəndə, mələklər onun yer üzündə qan tökəcək və fəsad yaradacaq bir varlıq olacağını deyirlər:

وَإِذْ قَالَ رَبُّکَ لِلْمَلائِکَةِ إِنِّی جَاعِلٌ فِی الأَرْضِ خَلِیفَةً قَالُوا أَتَجْعَلُ فِیهَا مَنْ یفْسِدُ فِیهَا وَیسْفِکُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِکَ وَنُقَدِّسُ لَکَ قَالَ إِنِّی أَعْلَمُ مَا لا تَعْلَمُونَ
Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam” dediyi zaman, onlar belə dedilər: “Sən orada fəsad yaradacaq və qan tökəcək birini yaradacaqsan? Halbuki biz Səni həmd ilə təsbih edir və müqəddəsləşdiririk.” Allah buyurdu: “Mən sizin bilmədiklərinizi bilirəm”. (Bəqərə-30)

Mələklər haqqında qısa xülasə

Mələklər gizli aləmdən olan, bizim gözümüzdən pərdəli varlıqlardır. Onların haqda bildiklərimiz Quranda və səhih hədislərdə bildirilənlərlə məhduddur. Ən məşhur xüsusiyyətləri bunlardır:

Onlar nurdan yaradılmış incə və nurani varlıqlardır.

Adi hallarda görünmürlər (adi insanlar üçün pünhandırlar).

İstəsələr (Allahın əmri ilə) müxtəlif şəkillərə girə bilirlər.

Müstəsna güc və bacarıqlara malikdirlər.

İnsanlar kimi idarə olunmazlar.

Allaha yaxın varlıqlardır.

Əmrə tabe olar, üsyan etməzlər.

Nə evlənirlər, nə yeyirlər, nə içirlər.

Allahın risalətini peyğəmbərlərə çatdırırlar.

Heç bir əmri gecikdirməz və ya tərk etməzlər.

Mələklərə iman etməyin möminə təsiri

Mömin, mələklərin çoxluğunu, itaətkarlığını və daim Allahın əmrlərini yerinə yetirdiklərini bildikdə özünü ibadətdə tək hiss etmir. Hər yerdə onunla birlikdə olan mələklərin Allahdan onun üçün bağışlanma istədiyini anlayır. Mələklərin əməlləri yazdığını bildiyi üçün davranışlarına daha diqqətli yanaşır. Həmçinin Tövhid inancı güclənər və Allahdan başqasına ilahi sifət aid etməz.

Allaha yaxın mələk

Mikayıl (Mikail) Allahın yaxın mələklərindən biridir və bəndələrin rızq və təminatından məsul tutulmuşdur. Quranda ondan bəhs edilmişdir. Hədislərə əsasən, Mikayıl mərhəmət mələyi olaraq tanınır, Allahın Ərşini daşıyanlardan biridir və Əziz Adəm (ə) qarşısında səcdə edən ilk mələklərdən olmuşdur.

Vəzifələri və fəaliyyətləri

Lut xalqı və Fironun həlak olmasında iştirak etmişdir.

Peyğəmbəri (s) ayan etmiş və onu Ləylətul-məbit gecəsində qorumuşdur.

Bədr döyüşündə müsəlmanlara yardım etmişdir.

Müqəddəs Kitabda Mikayılı “mələklərin başçısı” olaraq qeyd edirlər.

Peyğəmbərin (s) Merac hadisəsində Buraq gətirmişdir (Buraq (الْبُرَاق) ərəbcə sözüdür və İslam ənənəsində Məhşur “Buraq” adlı cismi ifadə edir. O, Peyğəmbərin (s) Merac gecəsi səfərində Məkkədən Qüdsə və oradan göylərə aparan ilahi nəqliyyat vasitəsi kimi tanınır. Buraq çox sürətli bir varlıqdir, atla insan boyunda və üzərində insanı daşıya bilən bir mələk-varlıq kimi təsvir edilir. Quranda birbaşa adı çəkilməsə də, hədislərdə “Buraq” adı ilə qeyd olunur. “Buraq” sözü xüsusi ilahi varlıq, sürətli və müqəddəs cism mənasını verir).

Mikayılın mövqeyi
Mikayıl Allahın yaxın mələklərindən biridir və Quranda “Mikal” adı ilə xatırlanır. Bəzi təfsirçilər hədislərə əsaslanaraq onu mərhəmət mələyi hesab edirlər. Həmçinin, bəzi hədislərə görə, Lövhi Məhfuz dörd sütundan ibarətdir və Mikayıl onun iradə sütununun təcəssümüdür. Mikayıl həmçinin “Rəb” adının təcəssümü və Ərş daşıyıcılarından biridir.

Mikayıl, Cəbrayıl, İsrafil və Əzrail ilə birlikdə Allahın dörd yaxın mələyindən hesab olunur və onlara “rausul-mələikə” deyilir. “Rausul-mələikə” (ərəbcə: رؤوس الملائكة) ifadəsi “mələklərin başçıları” və ya “mələklərin rəhbərləri” deməkdir. İslam mənbələrində bu ifadə Allah yanında xüsusi dərəcəyə malik, seçilmiş dörd mələyi təsvir etmək üçün istifadə olunur:

  1. Cibril (Cəbrayıl) – vəhy gətirən mələk.
  2. Mikail (Mikayıl) – ruzini təmin edən və mərhəmət mələyi.
  3. İsrafil – Qiyamət Səmasını (Sur) üfürəcək mələk.
  4. Azrail (Əzrail) – ölüm mələyi.

 Hədislərdə Cəbrayıldan sonra ikinci yaxın mələk olaraq qeyd edilmişdir. Bəzi hədislərə görə, Mikayıl, Cəbrayıl və İsrafil eyni təsbihdən yaradılmışdır. Peyğəmbər (s) yarı gecə dualarında Allahı belə çağırardı: «یا رب جبرئیل و میکائیل و اسرافیل».

İmam Əli (ə) buyurur ki, Mikayıl mələklərin imamıdır və mələklər Beytul-Məmurda ona itaət edirlər. İmam Səccad (ə) də Mikayıl üçün belə dua edir: “Allahım, Mikayıl üzərinə salam və bərəkət nazil et, çünki o Sənin huzurunda yüksək mövqedədir”.

Vəzifələri

Hədislərə görə, Allah Mikayıl vasitəsilə bütün canlılara rızq və təminat verir.

Qiyamətdə Sırat körpüsünü cəhənnəm üzərinə qoymaq onun vəzifəsidir.

Bəzi hədislər Mikayılı yağışın nazil olması ilə vəzifələndirilmiş mələk hesab edir.

Digər vəzifələri arasında isə müxtəlif hadisələrdə Peyğəmbərin və bəndələrin müdafiəsi və yardımı qeyd olunur.

 

[1] Müslim ibn Həccac, Səhih Müslim, Darul-Kutub el-İlmiyyə, cild 17, hədis 65, səh. 58.
Qurani-Kərim, Nəhl surəsi, 2-ci ayə.
[2] Müslim ibn Həccac, Səhih Müslim, Darul-Kutub el-İlmiyyə, cild 18, hədis 444, səh. 98.

Hazırladı: Əmirzadə Sara

Müəlliflik Hüququ Əbədi Nur Saytına Məxsusdur

0 0 səslər
Məqalənin reytinqi
Abunə ol
Notify of
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Inline Feedbacks
View all comments