Qurani-kərimin adları və vəsfləri
Bu bölmədə Quranın necə adlandırılmasından bəhs olunur. Təfsirçilər və tətqiqatçılar tərəfindən Quranın adlarının sayı ilə bağlı çoxlu ixtilaflar mövcuddur. Əbulfəttuh Razi öz təfsirində Quran üçün 43 ad yazıb. Zərkeşi qazi Əbul Məalinin (Şizəl məşhur adıdır) nəqlinə görə 55 ad sayıb. Bəziləri isə bu sayı 80-nə çatdırıb. Amma bütün bu qeyd olunan adlar Quranda onun adı kimi deyil, vəsfi kimi işlənmişdir. Təfsirçilər bütün bu ixtilaflı nəzərləri toplayıb yeni bir üslubla Quranın ünvanlarını iki yerə ayırıblar və bu çox səliqəli bir üslub kimi qəbul olunur. İxtilaflara gəlincə isə, o yalnız sayına görə yaranıb, deyilən adlar Quranın vəsfinə uyğundur.
Quranı adlandırma iki hissəyə bölünür: 1- Quranın adları 2- Quranın vəsfləri
Alimlər əksəriyyəti Qurani-kərimin dörd adının olduğunu bildirirlər:
1) Quran (Oxunulan, toplanmış və s.) “ إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ”
“Həqiqətən bu, kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qurandır”. (Vaqiə-77)
2) Furqan (Haqq ilə batili bir-birindən ayıran)
تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَى عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا
“Furqanı (haqq ilə batili bir-birindən ayıranı) bəndəsinə nazil edən (Allah) uca, əbədi və çox bərəkətlidir” (Furqan-1)
Bu iki ad Qurani-kərimin ən məşhur adlarıdır.
3) Kitab (yazılmış və ya toplanmış) ذَلِكَ الْكِتَابُ لَا رَيْبَ فِيهِ هُدًى لِلْمُتَّقِينَ
“Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır”.
4) Zikr (Haqq və həqiqəti yada salan, xatırladan)
وَهَذَا ذِكْرٌ مُبَارَكٌ أَنْزَلْنَاهُ أَفَأَنْتُمْ لَهُ مُنْكِرُونَ – Bu (Qur’an) zikr nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir Kitabdır. Siz onu inkarmı edirsiniz? (Ənbiya-50)
Quranın vəsfləri
- Məcid ─ بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ – Xeyr, o (şe’r deyil) şanlı-şərəfli Qur’andır! (Buruc-21)
ق وَالْقُرْآنِ الْمَجِيدِ – Qaf! (Ya Peyğəmbər!) Şanlı Qur’ana and olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)! (Qaf-1)
- Kərim -إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır. (Vaqiə-77)
- Həkim -وَالْقُرْآنِ الْحَكِيمِ (Ya Rəsulum!) Hikmətlə dolu Qurana and olsun ki, (Yasin 1-2)
- Əzim– وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ (Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzamətli Qur’anı verdik. (Hicr-87)
- Əziz, Həmid– إِنَّ الَّذِينَ كَفَرُوا بِالذِّكْرِ لَمَّا جَاءَهُمْ وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ Özlərinə Qur’an gəldiyi zaman onu yalan hesab edənlər (mütləq cəzalarına çatacaqlar). O (Qur’an), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır. – لَا يَأْتِيهِ الْبَاطِلُ مِنْ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tə’rifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir. (Fussilət- 41,42)
- Mubarək – وَهَذَا ذِكْرٌ مُبَارَكٌ أَنْزَلْنَاهُ أَفَأَنْتُمْ لَهُ مُنْكِرُونَ Bu (Qur’an) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir Kitabdır. İndi siz onu inkarmı edirsiniz? (Ənbiya-50)
كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ
(Ya Peyğəmbər! Bu Qur’an) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar! (Sad-29)
- Mubin (aydın) – الر تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُبِينٍ Əlif, Lam, Mim, Ra! Bunlar (mükəmməl ilahi) Kitabın və açıq-aydın (mö’cüzə olan) Qur’anın ayələridir. (Hicr-1)
- Mutəşabih (bənzər) – اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُتَشَابِهًا … Allah sözün ən gözəlini (Qur’anı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, və’dləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. (Zumər-23)
- Məsani (təkrarlanan) –اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُتَشَابِهًا مَثَانِيَ تَقْشَعِرُّ مِنْهُ … (Zumər-23)
- Ərəbi – إِنَّا أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ Biz onu ərəbcə bir Qur’an olaraq nazil etdik ki, (mə’nasını ) anlayasınız. (Yusif-2)
- Qeyri-yanlışlıq – قُرْآنًا عَرَبِيًّا غَيْرَ ذِي عِوَجٍ لَعَلَّهُمْ يَتَّقُونَ Biz (onlara) nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) ərəbcə bir Qur’an nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər. (Zumər-28)
- Zi-zikr (nəsihət verən) – ص وَالْقُرْآنِ ذِي الذِّكْرِ Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qur’ana and olsun! (Sad-1)
- Fussilət (mufəssəl) – تَنْزِيلٌ مِنَ الرَّحْمَنِ الرَّحِيمِ – كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ قُرْآنًا عَرَبِيًّا لِقَوْمٍ يَعْلَمُونَ . (Bu Qur’an) mərhəmətli, rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir. Ərəbcə Qur’an olaraq (onu) bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir kitabdır. (Fussilət 2-3)
- Nəzir (çəkindirən) – بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ (Fussilət-4)
- Qayyum (doğru-dürüst) – قَيِّمًا لِيُنْذِرَ بَأْسًا شَدِيدًا مِنْ لَدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ …
- “Gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı əməllər edən mö’minlərə isə gözəl mükafata (Cənnətə) nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün olaraq endirdi”. (Kəhəf-2)
- Bəşir (müjdə verən) – بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ (Fussilət-4)
(Bu Qur’an) həm (mö’minlərə Cənnətlə) müjdə verəndir və həm də (kafirləri cəhənnəm əzabı ilə) qorxudan. Onların (Məkkə əhlinin) əksəriyyəti (Qur’andan) üz döndərib (onu) dinləməz.
Sonda bu zikr olunan adlardan başqa Quranın digər bir adına da işarə olunur. Bu ad Quranda gəlməsə də bəzilərinin əqidəsinə görə ən çox yayılmış adlardan olub. Peyğəmbərin (s) rehlətindən sonra müsəlmanlar arasında bu məşhur adın “müshəf” kimi tanınmasına nəzər birliyi olsa da, onun yaşadığı zamana dəlalət etmir.
Mühəqqiq alimlərdən olan Doktor Ramyari bu adın asimani kitaba necə qoyulduğunu belə izah edir: – Əbubəkr Quranı cəm edəndən sonra Peyğəmbərin dostlarına Qurana ad qoymalarını dedi. Bir dəstə ona “İncil” adının verilməsini istədi, amma digərlərinə bu ad xoş gəlmədi. Onlardan bir nəfər “Sefr” adını irəli sürdü, bu ad da rədd edildi. Yəhudilərin “5 sıfırı”. Bu ad yəhudilərin beş sıfırını xatırladır. (Sefrhayi pəncqane yəhud- Tövratın ölgüsünə görə 5-sıfırdan ibarətdir) Nəhayət, Abdullah ibni Məsud və Cəlil Qədr dedilər; – Həbəşə mühacirətlərimizin birində, orda bir kitab gördük ki, müshəf adıyla məşhur idi.
Həmçinin, Osmanın ətraf məntəqələrə göndərdiyi Quran nüsxələri də müshəf adıyla yayılmışdı. Bu ad müsəlmanlar arasında o qədər genişlik tapdı ki, nüsxələrə “Osmanın müshəfləri” deyildi. Səhabələrdən cəmlənən müshəflər də hər biri müshəf toplayanın adıyla tanınmağa başladı, məs; Ubb bin Kəəbin müshəfi və ya Məazın müshəfi və s. Peyğəmbərin rehlətindən sonra “Müshəf” adının sürətlə yayılmasına heç bir şübhə yoxdur, amma Peyğəmbərin həyatında Qurana məxsusi adın seçilməməsi fikri qəbul olunmazdır. Çünki, “Quran” və “Kitab” adı geniş yayılmış, həmçinin Peyğəmbərin və Əli ibni Əbutalibin dilindən və səhabələrdən rəvayət olunmuşdur. Tanınmış nübuvi hədislərdə bu qeyd olunub. Üsuli-kafi cild.2-səh.599, Biharul-ənvar cild-89. Səh-17,hədis-16 Ulimul Quran indəl-mufəssirin cild-1, səh-70
Hələ nüzul əsrində onlarca, bəlkə yüzlərcə digər rəvayətlər, müsəlmanların asimani kitabının “Quran” və ya “Kitab” adıyla şöhrət tapmasından danışır. Şübhəsiz bu nəzər həmin zamanda sübuta yetib. Hətta, Quranın toplanması ilə bağlı bir çox rəvayətlərdə qeyd olunur ki, Zeyd bin Sabit səhivələrin toplanma əsnasında onları “müshəf” adlandırıb.
Necə mümkün ola bilər ki, 23-il ərzində müsəlmanlar öz kitabları üçün heç bir ad aydınlaşdırmayıblar?! Peyğəmbərin (s) rehlətindən sonra bu adın meydana gəlmə səbəbi yalnız onun yazılma və səhifələrin toplanması ilə olub. Hər hansı bir şeyin üzərinə yazılsaydı ona səhifə deyərdilər və həmin səhifələrin məcmuəsi müshəf adlandırılıb. Həmçinin, bu cəm iki cild arasında qərar tutmuşdu. 1-üzərinə yazılan səhifələr, 2-səhifələr toplusu. Həmin vərəqlər və səhifələr Ömərin vəfatından sonra qızı Həfəsənin əlində idi. Osmanın zamanında Quranı cəm etmə mərhələsi başlayarkən, xəlifə Həfəsəyə xəbər göndərir ki, həmin səhifələri gətirsin və əmanət kimi yenə ona qaytarılacağını bildirir.
Quran nazil olduğu zamandan bu adla tanınıb yoxsa, sonradan müsəlmanların qoyduğu addır?
Quran – müsəlmanların səmavi kitabının xüsusi adı qeyd etdik ki, Həzrət Peyğəmbərə (s) nazil olan səmavi kitabın adları içərisində “Quran” adı müsəlmanlar arasında daha məşhur və işləkdir. Bir çox alimlər bu fikirdədirlər ki, “Quran” adı bu səmavi kitabın xüsusi adıdır.
Bir neçə ayədə səmavi kitablardan söz açıldığı zaman “Quran” adı “Tövrat” və “İncil”in kənarında çəkilmişdir: “(Bu,) Tövrat, İncil və Quranda (yazılmış) haqq bir vədə olaraq Onun (Mütəal Allahın) öhdəsindədir…” Tövbə-111
Mütəal Allah “Qaf”, “Yasin” və “Sad” surələrində Öz müqəddəs kitabına and içdiyi zaman tərtiblə “Qurani-Məcid”, “Qurani-Kərim”, “Qurani-Ziz-zikr”ə and içir. Əlbəttə, iki yerdə, yəni “Zuxruf” və “Duxan” surələrində “Kitabi-Mubin”ə and içir.
İkinci fəsildə bu səmavi kitab üçün qeyd etdiyimiz dörd ad arasında “Quran” adı xüsusi addır, çünki digər üç ad (yəni Kitab, Zikr və Furqan) əvvəlki səmavi kitablar üçün də işlənmişdir: (Bəqərə-53, Ənbiya-48, 35) “Quran” adı ilk dəfə olaraq Muzzəmmil surəsində işlənib (surə ardıcıllığına görə 3-cü dür) Buna digər dəlil Peyğəmbərdən (s) və məsum imamlardan (ə) nəql olunan çox saylı hədislərdir və bu ad vəhy yolu ilə olan addır.
İstifadə olunan ədəbiyyat: “Quranın tarixi və elmləri”, Muhəmməd Hadi Mərifəti, “Mənahilul-irfan fi ulumil-Quran”, “Ət-Təmhid”.
İlahiyyatçı, Quran elmləri üzrə mütəxəssis; Sara Əmirzadə
Müəlliflik Hüququ “Əbədi Nur” Saytına Məxsusdur