Rəğayib gecəsi

şərh yoxdur

                                       Rəğayib gecəsi (arzular gecəsi)

Leylətur-rəğayib və ya Arzular gecəsi hansı gecədir?

Rəcəb ayının ilk cümə gecəsi Leylətur-rəğayib və ya Arzular gecəsi adlanır. Bu gecədə mələklər yer üzünə enərək ilahi rəhməti bəşər cəmiyyətinə bəxş edirlər. Rəcəb ayında ilahi rəhmət davamlı şəkildə nazil olur. Buna görə də bu ay “Rəcəbul-əsəbb” (yəni “bol-bol tökülən” mənasında) adlandırılmışdır.

Leylətur-rəğayib gecəsi həm cümə gecəsinin, həm də Rəcəb ayının fəzilətini özündə birləşdirdiyi üçün ikiqat dəyər və üstünlüyə malikdir.

Leylətur-rəğayib Rəcəb ayının ilk cümə gecəsidir. Bu gecədə Allah-taaladan bol bağışlanmaya ümid edilir. Peyğəmbərdən (s) nəql olunan bir rəvayətə görə, bu gecə mələklər Kəbəyə gəlir və Allahdan Rəcəb ayında oruc tutanları bağışlamasını istəyirlər. Həmin rəvayətdə, həmçinin işa namazından sonra gecə yarısınadək xüsusi qayda ilə on iki rükət namaz qılınması tövsiyə olunmuşdur.
Bəzi alimlərin bir qismi bu rəvayəti uydurma hesab etmişdir. Bəzi fəqihlər isə Leylətur-rəğayib əməllərinin savab ümidi ilə yerinə yetirilməsini caiz bilmişlər.

“Ləylətur-rəğayib” nə deməkdir?

“Leylə” sözü “gecə” deməkdir, “rəğayib” isə “rəğibə” sözünün cəmidir və meyl edilən, arzu olunan şey, həmçinin bol ehsan və bəxşiş mənalarını ifadə edir. Buna görə də “Leylətur-rəğayib” həm insanların böyük rəğbət və diqqət göstərdiyi gecə, həm də Allahın bol bəxşiş və ehsan etdiyi gecə mənasında başa düşülə bilər. Bu gecənin fəziləti ilə bağlı nəql olunan rəvayətə əsasən, hər iki məna doğrudur.

Fəziləti, əməlləri və savabı

Seyyid İbn Tavusun “İqbalul-əmal” kitabında Peyğəmbərdən (s) nəql edilən bir hədisə görə, Rəsulullah buyurmuşdur:
“Bu gecədən qafil olmayın. Çünki mələklər onu Leylətur-rəğayib adlandırmışlar. Gecənin üçdə biri keçəndə, göydə və yerdə elə bir mələk qalmaz ki, Kəbədə və onun ətrafında toplaşmasın. Allah-taala mələklərə buyurar: “Nə istəyirsinizsə, diləyin. Mələklər deyərlər: İstəyimiz Rəcəb ayında oruc tutanların bağışlanmasıdır. Allah buyurar: Bunu yerinə yetirdim”.

“Leylətur-rəğayib” gecəsinin əməlləri

Leylətur-rəğayib rəvayətinə görə, Rəcəb ayının ilk cümə axşamı günü oruc tutulmalı və cümə gecəsi, məğrib və işa namazı arasında, gecə yarısına qədər, 12 rükət namaz qılınmalıdır. Hər iki rükət bir salamla yekunlaşır. Hər rükətdə:

  • 1 dəfə Fatiha surəsi (əlhəmdulilləh)
  • 3 dəfə Qadr surəsi (innə ənzəlnəhu fi ləylətil qadr)
  • 12 dəfə Tovhid (qulhuvəllah) surəsi oxunur.

Namazdan sonra:

70 dəfə deyilir: “Allahummə salli əla Muhammədin-nəbiyil-ummiyyi və əla alihi”
(Allahım, Məhəmməd peyğəmbərə və onun ailəsinə salam göndər)

Səcdədə 70 dəfə deyilir: “Subhuhun Quddusun Rabbul-mələikəti vər-ruh”
(Pak və müqəddəsdir, mələklərin və ruhun Rəbbi)

Səcdədən sonra 70 dəfə deyilir: “Rabbiğfir və-ərhəm və təcəvəz əmmə təələmu, innəkə əl-əliyyul-əzəm”
(Rəbbim, məni bağışla, rəhm et və bildiklərindən keç, sən ən Uca və Aləmlərin

Rəbbisən)

Namaz qılan şəxs yenidən səcdəyə gedərək 70 dəfə “Subhuhun Quddusun Rabbul-mələikəti vər-ruh” zikrini oxuyur və sonra istədiyi arzusunu Allaha bildirə bilər.

Namazın mükafatı

Rəvayətə görə, bu namazı qılan şəxsin ilk gecəsi qəbrində, Allah mükafatı ən gözəl şəkildə, açıq və nur saçan bir üzdə, danışan bir dildə ona göndərir. Ona deyilər:

“Ey əziz bəndə, sevin ki, hər çətinlikdən qurtuldun”.

Bəndə soruşar: “Sən kimsən?”
Cavab verilər:

“Mən o namazın savabıyam ki sən onu bu gecə, bu ay və bu ildə qıldın. Bu gecə sənin yanına gəldim ki, haqqını ödəyəm, tənha olmağının dostu olum və qorxunu aradan götürüm. Qiyamət suru üfürüləndə, sənin başının üzərində kölgə salacağam. Sevin ki, xeyir heç vaxt səndən ayrılmayacaq”.

Hadisin sənədinə dair şübhələr

Ən qədim şiə mənbələrində, Rəcəb ayının ilk cümə gecəsinin fəziləti və əməlləri sənədsiz olaraq “Mufidul-ulum və Mubidul-humum” kitabında qeyd olunmuşdur. Bu kitabın müəllifi və məzhəbi barədə fikir ayrılıqları mövcuddur.

Seyyid İbn Tavus da bu rəvayəti bəzi alimlərin kitablarından nəql etmiş, lakin sənəd göstərməmişdir. Digər mənbələrdə (əhli-sünnə) isə bu hədis uydurma kimi qiymətləndirilmişdir. Məsələn:

  • İbn Cüzi “Məvzuat” kitabında bu hədisi saxta sayır.
  • Muhyiddin Növvi, Səhih Müslim şərhində, Leylətur-rəğayib namazını dəyişdirilmiş bidət hesab etmişdir.

Bəzi alimlər bildirirlər ki, hədisin sənədi zəif olsa da, (əhli-sünnə) qaynaqlara görə tam saxta olduğunu sübut edən kifayət qədər dəlil yoxdur.

Fiqhi mövqe

Bəzi fəqihlər, məsələn Mirzə Cavad Təbrizi və Fazil Lənkərani, bu gecənin əməllərinin savab ümidilə (ricaya) qılınmasının həm icazəli, həm də üstün olduğunu bildirirlər.

Məkarim Şirazi isə qeyd edir ki, sənədi mötəbər olmayan Leylətur-rəğayib namazının və digər müstəhəb duaların qadağan olunmadığını sübut edən yollar vardır. Onun fikrincə, “təsamuh qaydası” (ənənəvi sünnət ibadətlərində yerinə yetirilən) çərçivəsində bu namazı qılmaq savab naminə caizdir.
Bəzi tədqiqatçılar isə bu qaydanın yalnız zəif sənədli rəvayətlər üçün keçərli olduğunu  (süni və saxta hədislər deyil) bildirirlər.

Beləliklə, İbn Tavus, Əllame Hilli, Əllame Cəfəri və Məmaqani kimi fəqihlər bu hədisi saxta saymamış, icazəli və savab ümidilə qılınmasını qəbul etmişlər.

 

Müəlliflik Hüququ Əbədi Nur Saytına Məxsusdur

3 2 səslər
Məqalənin reytinqi
Abunə ol
Notify of
guest
0 Şərhlər
Ən köhnə
Ən yeni Ən çox səs toplayan
Inline Feedbacks
View all comments