“Səfinətul-bihar”, Əllamə Məclisinin yazdığı “Biharul-ənvar” əsərinin mövzu baxımından tərtib edilmiş bir növ məzmunlu göstəricisidir və 20 illik zəhmət nəticəsində tamamlanmışdır. Şeyx Abbas Qummi özü yazır ki, bu kitab onun təlif etdiyi ən yaxşı əsərdir. O, bu əsəri iki cilddə tərtib etmiş və məqsədi “Biharul-ənvar”a müraciət edənlər üçün daha asan üsul olmuşdur. Səfinətul-Bihar əsərindəki hədislər, 110 cildlik “Biharul-ənvar” nəşri ilə uyğunlaşdırılmış və Əllamə Məclisinin istifadə etdiyi əsas qaynaqlara da istinadlarla birlikdə təqdim edilmişdir.
Müəllif haqqında məlumat
Mühəddis Qummi – əsl adı Abbas, ləqəbi Mühəddis, atası isə Məhəmmədrza olmuşdur. O, hicri-qəməri 1294-cü ildə Qum şəhərində mömin və təqvalı bir ailədə dünyaya gəlmişdir. Anası heç vaxt onu dəstəmazsız halda yedizdirməmiş, atası isə dövrünün mömin şəxslərindən biri olmuşdur.
Mühəddis ilkin dini təhsilini Mirzə Məhəmməd Ərbabın yanında almışdır. Daha sonra 20 yaşında (hicri-qəməri 1316-cı il) fəzilət və kamala çatmaq üçün Nəcəf-əş-Şərif şəhərinə köç etmişdir. O, “Müstədrəkül-vəsail” kitabının müəllifi olan Mirzə Həsən Nuri ilə münasibətini Allahın ən böyük nemətlərindən biri saymışdır. Hicri 1318-ci ildə Həccə getmiş, sonra Quma dönərək ailəsini ziyarət etmiş və dərhal yenidən Nəcəfə, ustadının yanına qayıtmışdır.
O, ustadı mərhum Hacı Nurinin əsərlərinin tərtib olunmasında çox böyük yardım göstərmişdir. Ustadının vəfatından iki il sonra yenidən Quma köçmüş və orada yeddi il ərzində müxtəlif ustadlardan elm öyrənmişdir. Daha sonra ikinci dəfə Həccə getmişdir. İki il sonra Məşhədə yola düşmüş və orada Ayətullah Hacı Ağa Hüseyn Qummi ilə tanışlığını İmam Rzanın (ə) bərəkətlərindən saymışdır. O, həmin şəhərdə evlənmiş və altı ay sonra üçüncü dəfə Həccə yola düşmüşdür. Daha sonra Məşhədə dönmüş və müxtəlif kitabların tərtibinə başlamışdır.
Onun əsərləri sırasında aşağıdakılar qeyd edilə bilər:
Məfatihul-cinan
Əl-fəvaidur-rəcəbiyyə
Bəytül-əhzan
Mənazilül-axirə
Fəvaidur-rzaviyyə və s.
Ən mühüm əsəri isə “Səfinətul-bihar və Mədinətul-hikəm vəl-asar”dır.
Mühəddis Qummi 20 il İmam Rzanın (ə) hərəminin qonşuluğunda yaşadıqdan sonra Nəcəfə köçmüş və orada Cəfəri məzhəbinin təbliği və kitabların yazılması ilə məşğul olmuşdur. O, hicri-qəməri 1352-ci ildə, çərşənbə gecəsi vəfat etmiş və möhtəşəm bir izdihamla alim və fəzilət sahibləri tərəfindən Əmirəlmöminin (ə) hərəmində dəfn olunmuşdur.
Kitab haqqında bəzi izahlar
Müəllif kitabının müqəddiməsində hədis elminin əhəmiyyəti barədə belə deyir:
“Ağıl və elm yolu ilə həqiqətə qədəm qoymuş alim və tanınmış şəxslər arasında bu gerçək sübut olunmuşdur ki, hədis elmi və Əhli-Beyt (ə) irsinin öyrənilməsi İslam elmləri arasında ən üstün mövqeyə sahibdir. Bu elmin müsəlman cəmiyyətinə verdiyi fayda digər elmlərdən daha çoxdur. Bu səbəbdən mən gəncliyimdən etibarən bu elmə qarşı ciddi maraq göstərmiş və bu sahənin ən yaxşı cəhətlərini öyrənmək üçün çox çalışmışam.”
Təhlifin məqsədi
Şeyx Abbas Qummi kitabının müqəddiməsində bildirir:
“Hədis elmini daha çox öyrənmək üçün müxtəlif kitabları araşdırdım və Əhli-Beyt (ə) xəbər bağından meyvələr dərdim, toxumlar yığdım, o toxumlar ki, zamanın əli onlara toxunmamışdı. Bu araşdırmalar zamanı bir kitabla rastlaşdım ki, əsrlər onun gözəlliyi, dəyəri və üstünlüyünə bənzər bir əsər görməmişdi. Bu kitab mərhum Əllamə Məclisinin “Biharul-ənvar” əsəridir.
Lakin gördüm ki, bu kitabdakı xəbərlər çox geniş şəkildə, müxtəlif fəsillərdə və mövzularda səpələnmişdir. Tədqiqatçılar və bu sahənin öyrəniciləri bu səbəbdən onun incəliklərindən asanlıqla faydalana bilmirlər. Bu səbəbdən Allahın köməyi və mərhəməti ilə qərara gəldim ki, bu əsərin asan istifadə olunması üçün əlifba sırasına uyğun bir göstərici yazım.”
Kitabın məzmunu
Şeyx Abbas Qummi yalnızca “Biharul-ənvar” kitabının göstəricisini hazırlamaqla kifayətlənməmişdir. O, “Səfinətul-bihar” əsərində hər bir başlığın əvvəlində müvafiq şəkildə Əhli-Beyt (ə) tərəfindən nəql olunan bir və ya bir neçə hədis gətirmişdir. Mümkün qədər qısa hədislər seçməyə çalışmışdır. Bununla yanaşı, bəzən peyğəmbər (s) səhabələri, imamların dostları və tanınmış şəxslərin həyatı haqqında qısa məlumatlar da vermişdir. Bu səbəbdən bu əsər bir neçə baxımdan əhəmiyyətlidir:
1. Əvvəlcə “Biharul-ənvar” adlı böyük və çoxcildli əsərin (25 cild) mövzu göstəricisidir.
2. Hər başlıq altında uyğun olan bir və ya iki qısa hədis qeyd edilmişdir.
3. Lazım olan hallarda bəzi məşhur şəxslər və hadisələr haqqında qısa izahlar verilmişdir.
Bu iki son xüsusiyyət – yəni hər mövzu üçün qısa hədislərin əlavə olunması və tanınmış şəxslər haqqında məlumatlar verilməsi – bu əsəri sadəcə “Biharul-ənvar” üçün mövzu göstəricisi olmaqdan çıxarır və ona ayrıca dəyər qazandırır. Məhz bu xüsusiyyətlərə görə Şeyx Abbas Qumminin bu kitabı hədis elmi sahəsində mütəxəssislər tərəfindən böyük maraqla qarşılanmışdır. Bu əsər ərəb dilində 2 cilddə yazılmışdır və sonralar Hacı Şeyx Məhəmməd Baqir Səidi və Hacı Şeyx Məhəmməd Rza Ədadi tərəfindən fars dilinə tərcümə edilmişdir.
Şifrələmə sistemi və kitabdan istifadə qaydası
Əllamə Məclisinin “Biharul-ənvar” əsəri çoxcildli və genişhəcmli bir kitab olduğu üçün, Şeyx Abbas Qummi bu möhtəşəm külliyyatdakı hədislərə asanlıqla çatmaq üçün xüsusi bir şifrələmə sistemi tərtib etmişdir. Bu sistem tədqiqatçının, Əllamə Məclisinin hər hansı bir imamdan nəql etdiyi hədisə doğru şəkildə çatmasına kömək edir.
Bu məqsədlə o, üç növ şifrə müəyyən etmişdir:
Birinci şifrə: “Biharul-ənvar”ın hansı cildində həmin hədisin yerləşdiyini göstərir. Bu şifrə hərf formasında göstərilmişdir.
İkinci şifrə: Əbəcəd hesabı ilə verilmişdir və həmin cilddəki babın (fəsilin) nömrəsini göstərir.
Üçüncü şifrə: Hədisin yerləşdiyi səhifənin nömrəsidir.
Bəzən bir mövzunun qarşısında bir neçə fərqli şifrə qeyd oluna bilər ki, bu da “Biharul-ənvar”ın özündə mövzuların pərakəndə şəkildə yerləşməsi ilə bağlıdır.
“Biharul-ənvar” cildlərinin şifrələri (Səfinətul-biharla həmahəngliyi)
(ا) – 1-ci cild
(ب) – 2-ci cild
(مع) – 3-cü cild
(د) – 4-cü cild
(ه) – 5-ci cild
(و) – 6-cı cild
(ز) – 7-ci cild
(ح) – 8-ci cild
(ط) – 9-cu cild
(ی) – 10-cu cild
(یا) – 11-ci cild
(یب) – 12-ci cild
(یج) – 13-cü cild
(ید) – 14-cü cild
15-ci cild dörd hissədən ibarət olduğu üçün hər hissəyə ayrıca şifrə verilib:
(یمن) – İman haqqında hissə
(خلق) – Əxlaq haqqında hissə
(کفر) – Küfr haqqında hissə
(عشر) – İctimai münasibətlər (münaşirət) haqqında hissə
Digər cildlərin şifrələri:
(یو) – 16-cı cild
(ضه) – 17-ci cild
18-ci cild iki hissədən ibarət olduğu üçün:
(طه) – Təharət
(صل) – Namaz haqqında hissə
19-cu cildin də iki hissəsi var:
(قر) – Qurani-Kərim haqqında
(عا) – Dua haqqında
Digərləri:
(ک) – 20-ci cild
(کا) – 21-ci cild
(کب) – 22-ci cild
(کج) – 23-cü cild
(کد) – 24-cü cild
(اجازات) – 25-ci cild (bu cild müəllifin və digər böyük alimlərin icazə məktublarına həsr olunmuşdur)
Misal üçün: Mövzu: “Əsəl” (bal) yazılıb: (ید قفه ۸۶۵) – yəni; (ید) 14-cü cild (قه): Bab (fəsil) 185, səhifə nömrəsi-865.
Yəni həmin mövzu “Biharul-ənvar”ın 14-cü cildinin 185-ci babında, 865-ci səhifəsində yerləşir.
Mövzu: “Basəl” (soğan) yazılıb: (ید قعج ۸۶۵) – Bu isə o deməkdir ki: (ید) 14-cü cild (قعج) 173-cü bab, səhifə nömrəsi-865.
Əgər həmin babdan bir neçə səhifədə hədislər yerləşirsə, əlavə səhifə nömrəsi “و” (və) bağlayıcı ilə yazılır və ya həmin hədisin mənşəyi olan kitabın sonunda ayrıca qeyd olunur.
Əlavə qeydlər
Kitabın “Səfinətul-bihar” adlı tərcüməsinin müqəddiməsində, Əllamə Məclisinin hədisləri nəql etdiyi müxtəlif əsas kitablara aid simvolik işarələr və şifrələr də qeyd olunmuşdur. Maraqlananlar bu şifrələrin izahı üçün Hacı Şeyx Məhəmməd Baqir Səidinin tərcümə etdiyi “Səfinətul-bihar” kitabına müraciət edə bilərlər.