“Təvəssül” İslamın xüsusilə Şiə məzhəbində işlədilən bir anlayışdır və bu ifadənin mənası dini və mənəvi yardım məqsədi ilə məsum imamları vasitəçi etməkdir. “Təvəssül” ərəb mənşəli sözdür və “vasitə etmək”, “vasitəçi axtarmaq” deməkdir. “Məsum imamlar” isə günahsız hesab edilən və Allah tərəfindən xüsusi elm və mərifətlə seçilmiş 12 İmam nəzərdə tutulur.
Təvəssülün məqsədi:
Mömin bir insan Allahdan bir istək edərkən, məsələn, dua, şəfaət və ya bir çətinlikdən çıxış üçün, Allahın sevdiyi şəxsləri (bu halda, məsum imamları) vasitəçi göstərərək belə dua edir:
“İlahi, bu istəyimi İmam Əli(ə), İmam Hüseyn (ə) və ya digər məsum imamların hörmətinə qəbul et!”
Bu, onların Allah qatında yüksək məqamda olduğuna inamdan qaynaqlanır.
Quranda və hədislərdə təməlləri:
Qurani-Kərimdə təvəssülə dolayısıyla işarə edilən ayələr var. Məsələn, “Vəsilə axtarın” (Maidə surəsi, 35-ci ayə). Peyğəmbər (s) zamanında da bəzi səhabələrin onunla vəfatından sonra belə təvəssül etdiyi barədə rəvayətlər var. Şiə məzhəbi təvəssülü caiz və müstəhəb (tövsiyə olunan) bir əməldə sayır. Sünni məzhəbləri arasında isə bu məsələdə fikir ayrılığı var: bəziləri caiz, bəziləri isə şirkə (Allahdan başqasına yönəlmək) yaxın hesab edirlər.
Təvəssül barəsində bir neçə diqqət ediləsi nəzər diqqətdən kənar deyil. Təvəssül məsələsində biz əsasən məsum imamların (ə) dualarında Muhəmməd ali Muhəmmədə (s) təvəssül etmələri də diqqətdən kənar deyil. İmam Hüseyn (ə) Ərəfə duasında buyurur:
اَلَّهُمَّا اِنَّا نَتَوَسَّلُ اِلَیکَ فِی هَذِهِ العَشِیَّةِ بِمُحَمَّدٍ نَبِیِّکَ وَ رَسُولِکَ
«İlahi, biz bu şərif gecədə (Qurban bayramı gecəsi) Allahın Rəsuluna (s) təvəssül edirik».
İmam Səccad (ə) hətta Ramazan ayının şərəfinə həmin gecədə ibadət edənlərin duasını təvəssül qərar vermişdir və buyurur:
اَلَّهُمَّ اِنِّی اَسألُکَ بِحَقِّ هَذَا الشَّهرِ وَ بِحَقِّ مَن تَعَبَّدَ لَکَ
Buna əsasən də, təvəssül həm məsum imamların (ə) nəzərinə görə və həm də ikinci xəlifənin camaata buyurduğuna görə (Peyğəmbərin (s) əmisi Abbasa təvəssül edin ki, dualarınız qəbul olsun) doğrudur.
Amma təəssüflər olsun ki, görürük bəzən təvəssül məsələsini bəziləri şirk adlandırırlar. Məsum imamlara (ə) olan bizim eşqimizi və onların məqamını uca tutmağımızı, onlara olan diqqətimizi Allaha şərik qoşmaq kimi başa düşürlər. Elə zənn edirlər ki, biz onları Allahın İlahilik məqamı ilə bərabər tuturuq və elə düşünürlər ki, biz onların qüdrətini (Allahın müqabilində) üstün bilib birbaşa hacətlərimizi məsum imamalardan istəyirik.
Yaxud da ilahi vəzifəmizdə tənasübsüzlüyü bizə nisbət verirlər. Lakin onlar bilmirlər ki, bizim onlara olan eşqimiz və ehtiramımız Allahın qarşısında bəndəçiliyimizə xatirdir. Bizim əsas hədəfimiz Allahın yoludur və bu yoldan qeyrisinə heç vaxt yönəlməmişik. Heç kəsi və heç bir şeyi Allahla bərabər hesab etməmişik.
Hətta bu adamlar Milad bayramını, Rəsuli-Əkrəmin (s) mövludunu və məsum imamaların şəhadət günləriniə matəm saxlamağımızı bidət adlandırırlar. Biz heç təsəvvürümüzə belə gətirə bilmirik ki, Peyğəmbərin (s) zəhmətlərinin əvəzini verə biləcək hansısa bir əməlimiz var? Məgər təvəllüd gününü bayram etmək bidət və şirkdir? Hətta biz Həzrəti Məsihin (ə) tarixində görürük ki, o, aləmlərin Rəbbindən asimani bir maidə (süfrə) istəyir və həmin gün gərək həmişə bayram kimi qeyd olunsun.
Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et…» Maidə-144
Məgər imam Hüseynin (ə) təvəllüdü bir səmavi süfrədən azdır? Və Həzrəti İsa (ə) onun nazil olması münasibəti ilə illər boyu bütün məsihilərin həmin günü bayram etməsini buyurur? Amma biz imam Hüseynin (ə) və Peyğəmbərin (s) təvəllüd gününü bayram edəndə bidət və şirk sayılır?! Məgər bu bayramlar və əzadarlıqlar Quran ayəsindən وَرَفَعْنَا لَكَ ذِكْرَكَ (Biz sənin adını uca və əziz tuturuq) deyilmi?
Həqiqət budur ki, biz bütün işləri Allahın tərəfindən bilirik və məsumları Onun feyzinə qovuşmaq üçün vasitə qərar vermişik. Şəfa verən Allahdır. وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ «Xəstələndikdə mənə şəfa verən də Odur».
İbrahim (ə) buyurur: «Nə vaxt xəstə olsam O mənə şəfa verdi». Lakin Allah Təala bu şəfanı adətən vasitə ilə əta edir.
«Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye…Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır». Nəhl-4
Allah Təala balda da şəfa qərar vermişdir və digər bir yerdə oxuyuruq:
«Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir».
Quran və onun mövzuları xəstə qəlblərin şəfasıdır. Buna əsasən də bütün işlər Allahın iradəsi ilə həyata keçir, amma Mütəal Allah həmin işləri vasitələrlə də icra edir.
Biz qəlbimizin aramlığını yalnız Allahla bilirik.«Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur».
Lakin bəzən bu aramlıq duaların və Peyğəmbərə (s) salam yollamağın vasitəsi ilə ürəyimizdə qərar tutur.
«(Ya Rəsulum) Onların mallarından zəkat al ki, bununla onları təmizləyir və paklaşdırırsan. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir».Tövbə-103
Quran buyurur: «Elə ki, camaat Həzrəti Musadan (ə) su istədi Musa (ə) Allahın fərmanı ilə öz əsasını daşa vurdu və ondan on iki çeşmə qaynadı». Əraf-160
İmamların məqamı Musanın (ə) məqamından az deyil və Quranın təbiri ilə desək; şəhidlər Allahın yanında diridirlər. «Allah yolunda öldürülənlərə ölü deməyin əksinə diridirlər və lakin (bunu) siz dərk etməmisiniz». Bəqərə-154, Ali-İmran-169
Həzrəti Süleymanın (ə) şagirdlərindən biri Bilqeysin səltənət taxtını yüzlərlə fərsəx yoldan, qeyri-adi olaraq, bir göz qırpımında Süleymanın yanında hazır etdi. Hətta Süleymanın (ə) şagirdinin məqamı da sizin məqamınızla müqayisəyə gəlməz.
Biz məsumların müqəddəs ruhları ilə söhbət edirik və mənəvi təmas qururuq, bu əlaqəni biz Qurandan öyrənmişik. Həzrəti Saleh (ə) öz qövmünün həlakından sonra onların ruhları ilə söhbət edirdi.
«Beləliklə, (möhkəm göy gurultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzü üstə düşmüş halda onların hamısının canları çıxdı.
Beləliklə, (Saleh) üzünü onlardan döndərdi və (onların cəsədlərinə xitab edərək) dedi: «Ey qövmüm, həqiqətən mən Rəbbimin tapşırığını sizə çatdırdım, xeyrinizi istəyərək sizə öyüd-nəsihət verdim, lakin siz xeyrinizi istəyərək öyüd-nəsihət verənləri sevmirdiniz». Əraf, 78-79
Həzrəti Əli (ə) Cəməl müharibəsindən sonra Təlhənin cəsədinin yanında durdu və onunla söhbət etdi.
Həzrəti Əli (ə) Siffeyn müharibəsindən qayıdan zaman Kufə darvazasının arxasında, üzünü qəbristanlığa tərəf çevirdi, əvvəlcə keçmiş ruhlara salam verdi və sonra onlara belə dedi: «Siz artıq bu karvana qoşulmusunuz və biz də sizin arxanızca gələcəyik».
Həzrəti Şüeyb (ə) də həmçinin keçmişdəkilərinin ruhları ilə söhbət etmişdir. Əraf-93
Qurani-Kərim açıq-aşkar Allahın Rəsuluna (s) buyurur ki, səndən əvvəlki peyğəmbərlərdən soruş.
وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ Zuxruf-45
Nəhcül-bəlağədə oxuyuruq: Həzrəti Əli (ə) Peyğəmbəri (s) qüsl, kəfən etdikdən sonra onun üzünü açdı və dedi: …
«Atam-anam sənə fəda olsun. Həm həyatda və həm də öləndən sonra pak-pakizə oldun, Pərvərdigarının hüzurunda bizi də yad et». («Süsəni ibni Macə», cild-1, səh.-468. Əbubəkrdən..)
Şərəf və ləyaqəti olan bəndələrdən şəfaət istəmək şirk deyil, istər bu tələb yaşadığımız həyatda olsun və istərsə də Bərzəx aləmində olsun. Bu böyük və şərəfli insanlar sırf Quran ayələrinin buyurduğu kimi yaşayıblar və ləyaqətli bəndələrdən olduqları üçün onların etdiyi duaların və istiğfarın təsiri var..
İlahi övliyaların duası günahkarlar üçün çox təsirlidir. Allah TəalaPeyğəmbərə (s) fərman vermişdir ki, möminlər üçün dua və istiğfar et: «Əgər günahkarlar peşman olub Peyğəmbərin (s) hüzuruna gəlsəydilər və həzrət (s) onlar üçün nə vaxt dua və istiğfar etsəydi, mütləq onların günahları bağışlanardı». (Muhəmməd-19, Nisa-64)
«Və onlara dua et, salam göndər ki, həqiqətən sənin dua və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir».
Buna əsasən də şəfaətin əsli Allahdandır, lakin ilahi övliyalar isə yalnız Allahın fərmanı və Onun izni ilə, onların ehtiramına və böyüklüyünə inanan və onlardan kömək istəyən dəstəyə şəfaət etmişlər. Həmçinin ilahi vəzifələrini layiqincə yerinə yetirdikləri və öz ehtiramlarını, pakliqlarını qoruduqları üçün şəfaət etmək onlara inayət olunmuşdur.
Digər bir irad da budur ki, imamlarla söhbət edirik və ya rabitə qururuq, yaxud da ayaq basdıqları torpaqlardan nəsə diləyirik və bizim üçün Fatir surəsinin 22-ci ayəsini misal olaraq vurğulayırlar.
«Və dirilər ilə də ölülər eyni deyillər! Şübhəsiz, Allah istədiyi kəsə eşitdirər. Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən».
Məsumların məzarı qarşısında dayanmaqla öz ruhumuzu onların müqəddəs ruhlarına yaxın hesab edirik və sanki aramızda rabitə yaranır. Həmçinin, qəbrlərinin torpağına ehtiram etməyimiz onlara olan məhəbbətimizin etirafı və ali məqamlarını, ruhlarını, şərəf və ləyaqətlərini Allahın dərgahına daha yaxın bildiyimiz üçündür.
Əgər iki nəfər uzaqdan bir-birinə salam yollasa və ya işarə etsə onların arasında ruhi bağlılıq yaranacaq. Əgər insanların cismi bir-birinə bundan daha yaxın olsa əllə salamlaşırlar və ya görüşüb qucaqlaşırlar. Belə halda onların ruhu, məhəbbəti daha çox olur. Buna görə də ilahi övliyaların və şəhidlərin məzarı üstünə getmək ibrətamiz dərs olmaqla yanaşı qəlbin saflaşması üçün faydalıdır. Habelə ilahi övliyaların mənəvi məqamına bağlılığın artmasında əsas səbəbdir.
«Fatir» surəsindəki həmin ayə yolu azmışların barəsindədir və bu mənanın, ilahi övliyaların və şəhidlərin müqəddəs ruhları ilə (hansı ki, Quran ayələrinin buyurduğu kimi yaşamışlar) heç bir əlaqəsi yoxdur.
İrad: Deyirlər biz möcüzə və kəramətlərin imamlar tərəfindən baş verdiyini iddia edirik və Allahın işinə dəxalət edib Ona bənzər bir cəbhə təşkil edirik. Onlara olan məhəbbətimizi şirk adlandırırlar və onlar Qurandan qafil olublar. Çünki Quranda başdan-başa ilahi övliyaların və peyğəmbərlərin qeyri-adi işlərindən söhbət açılır. Həmçinin o işlərin heç biri Tovhidlə ziddiyət daşımır. Çünki o böyük şəxsiyyətlərin qüdrəti Allahın tərəfindən olan bir hədiyyədir ki, onlar bu ərməğana əsl itaətkar bəndə olduqları üçün nail olublar. Əks halda isə onlar özləri tərəfindən heç bir qüdrətə sahib deyillər.
«Şübhəsiz, səndən əvvəl (də bəşər cəmiyyətinə) peyğəmbərlər göndərdik. Onların bəzisinin hekayətini sənə danışdıq və bəzisini danışmadıq. Heç bir peyğəmbər heç vaxt Allahın izni olmadan bir ayə və möcüzə (yaxud bir əzab) gətirə bilməz». Ğafir-78
Həzrəti Yusifin (ə) köynəyinin təsiri ilə həzrəti Yaqubun (ə) işığa həsrət qalan gözləri açıldı və şəfa tapdı. Həzrəti Musa (ə) bir əsa ilə daşa vurdu və əsanın təsirindən daşdan su coşdu. Bu möcüzə Allahın tərəfindən Musaya (ə) verilmişdir. Həmçinin, həzrəti Məsihin (ə) ölüləri diriltmə qüdrəti də Allahın tərəfindəndir. Həzrəti Süleymana (ə) xəbər gətirən Hud-hud quşunun qabiliyyəti də Allah tərəfindən olmuşdur.
İrad tutanlar elə zənn edirlər ki, bizim təvəssül etməyimiz, müşküllərimizin həlli və ya məqam əldə etmək üçündür. Sanki biz ilahi qanunları icra etməyib hacətimizi müstəqil şəkildə kimlərdənsə istəyirik. Lakin bilmirlər ki, biz istəyimizin bu növünün iki səbəbdən müstəcəb olmasını qəbul edirik. Birinci amil təbii, ikincisi isə qeyri-təbiidir. Biz heç vaxt heç bir işi səbəbsiz görmürük. Lakin bu o demək deyil ki, bütün amillər maddi aləmdə hiss etdiyimiz varlıqlarla həyata keçməlidir. Bizim təvəssül etməyimiz, bağlılığımız onun üçündür ki, çətinliklərimizin həllini onlar Allahdan istəsinlər, istər adi, təbii vasitələrin yolu ilə olsun, istərsə də qeyri-təbii yolla gözlərdən pünhan qalmış olsun. Əgər xahişin, istəyin qeyri-adi işlərlə baş verməsi şirkdirsə bəs nə üçün həzrəti Süleyman (ə) öz məscidində iştirak edənlərdən belə bir xahiş etdi?
İnsanlardan, cinlərdən və heyvanlardan ibarət böyük bir ordu Süleymanın (ə) sarayının ətrafına toplaşmışdılar. Süleyman (ə) onların arasında Hud-hudu görməyincə belə dedi: «Mənə nə olub ki, Hud-hudu quşların arasında görmürəm. Yoxsa o burada deyildir? Mütləq ona şiddətli bir əzab verər, ya da başını kəsərəm. Yaxud da (üzürlü səbəbə görə burada olamaması barədə) açıq-aşkar bir dəlil gətirsin».
Çox keçməmişdi ki, Hud-hud qayıtdı və gecikməyinin səbəbini dedi: «Mən elə bir şeydən xəbərdar olmuşam ki, sənin ondan xəbərin yoxdur. Mən Səba məntəqəsinə uçmuşdum. Sənin üçün «Səba» şəhərindən (Yəmənin paytaxtından) mühüm və doğru bir xəbər gətirmişəm. Mən orada (Səba əhlinə) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır. Qadının adı Bilqeysdir və onun əhalisi müşrikdir. Çünki onlar Allahı qoyub günəşə səcdə edirlər».
Süleyman (ə) dedi: «İndi isə sözlərinin doğru olduğunu mənə sübut etməlisən». Həzrət Süleyman (ə) Hud-hudun vasitəsi ilə o qadına bir məktub yazıb salamla bərabər yolladı və onu öz dininə dəvət etdi. Qadın məsləhətdən sonra Süleyman (ə) üçün bir hədiyyə (öz haqqı qarşısında sükut etməsi üçün) yolladı. Həzrəti Süleyman (ə) hədiyyəni qəbul etmədi və öz dəvətini bu dəfə təhdidlə bərabər təkrar etdi və bildirdi: «Heç vaxt məndən üstün olmağa çalışmayın və hamılıqla təslim halında mənim yanıma gəlin». Bilqeys məktubun məzmununu böyüklərə və əyanlara oxudu, sonra qəti bir hökm verməmişdən qabaq onların rəyini bilmək istədi və əyanlar təslim olmaqdan boyun qaçırdılar. Beləliklə Süleyman (ə) öz qoşununa xitab etdi: «Onlar hamılıqla təslim olaraq mənim yanıma gəlməzdən öncə, hansınız o qadının taxtını mənə gətirə bilər?»
«Cinlərin arasında çox zehinli və nəhəng olanı dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və mən bu iş üçün qüvvətli və etibarlıyam». Başqa biri dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə sənin yanına gətirərəm». Ğafir-78
Hər halda bir mətləb ki, Qurani-Kərimdə bu qədər aydın bəyan olunmuşdur peyğəmbər kimi böyük şəxsin öz ətrafındakılardan xahişi barəsindədir. Hətta onların işləri qeyri-adi yolla olsa da heç vaxt o iş şirk adlandırılmamışdır və belə mühüm işləri görməyə qadir olanlar həzrəti Süleymanın (ə) şagirdləri və həvadarları idilər. Quranın təbiri ilə desək, عِندَه علم من الکِتَاب onlar kitab elminə yaxın kəslərdilər.
Hal-hazırda biz elə ali şəxsiyyətlərin məzarı qarşısında dayanmışıq onlar nəinki kitab elminə yaxındırlar, hətta başdan-başa elm mənbəyidirlər, yəni onlar bütün elmi kitablara sahibdirlər. Biz o kəslərin məzarını ziyarət etməyə gəlmişik ki, Peyğəmbə (s) onların şahidliyini Allahın şahidliyi (müxaliflərini inkar etməklə) ilə birlikdə bilmişdir.
İlahi övliyaların məqamı və haqqı barəsində Allaha and verməyi haram və şirk bilirlər və deyirlər: ─ Ənbiya və övliyalar Allahın yanında heç bir haqqa sahib deyillər və sizin, onların haqqına Allaha and verməyiniz haramdır.
Doğrudur, heç bir insanın Allahdan heç bir şeyi tələb etmək haqqı yoxdur, lakin əgər Tanrı bu haqqı Özü qərar vermişsə, həmin şəxs haqqa sahib olur. Qurani-Kərimdə Allah Təala bir sıra işləri Özünə vacib etmiş və bizə haqq qazandırmışdır. O cümlədən buyurulur: إِنَّ عَلَيْنَا لَلْهُدَى «Şübhəsiz, hidayət etmək Bizim öhdəmizdədir».
Rəd– 43 «Onlara de: Mənlə sizin aranızda iki şahid kifayətdir,biri Allah və digəri isə kitab elminə yiyələnən şəxs». Diqqət edin, əgər bir kəs kitab elmindən az da olsa nəsə bilirsə bütün qüdrətə malikdir. Amma əgər bir kəs kitab elmini bütövlükdə bilirsə, onun istedadı nə qədərdir?
Buna əsasən insan Allahın yanında heç bir haqqa sahib deyil, lakin Allah Təala Öz lütfünü insanlara inayət edərək, onların maddi və mənəvi həyatlarının səadəti üçün bəzi işləri Özünə lazım bilmişdir və biz də həmin haqqa görə Allaha and veririk.
And: bir irad da məsumların adına and içməyimizi haram biliblər və deyirlər: «Yalnız Allahın mübarək adına and içmək olar». Bir halda ki, Quranda onlarla belə anda rast gəlirik və günəşə, aya, gecəyə, fəcrə, əsrə, zeytun və əncirə …. və s. and olunur, bizim andımız nə üçün haram sayılmalıdır? Həcc surəsində Allah Təala Peyğəmbərin (s) canına and içir: «Sənin canına and olsun ki, onlar öz (küfr, günah və şəhvət) məstliklərində çaşqın və sərgərdan idilər». Əgər Allahdan qeyrisinə and içmək şirk və Allaha diqqətsizlik adlanırsa bəs nə üçün Quran Allahdan qeyrisinə olan andları ayələrdə bizim diqqətimizə çatdırır?
Düzdür bəzi hadisələrdə Rəsuli-Əkrəm (s) öz atalarının adına and içməyi camaata qadağan etmişdir, lakin bu qadağa cahiliyyət dövründəki müşriklərin ata-babalarına aid idi və həmin andın cəmiyyətdə dəyərsiz olduğunu insanlara başa salmaq üçün yasaq qoyuldu.
Təbii ki, məlumatları incələdikcə məsələnin əsli anlaşılır. Rəvayətlərdə Allahdan qeyrisinə and içməyin qadağan edilməsi və şirk adlandırılmasında məqsəd müşriklərin ata-babalarıdır və əsl şirk budur. Lakin məsumların məqamına and içmək və eləcə də onları dualarda vasitə etmək heç də şirk sayılmır və əksinə, bizim Allahla olan rabitəmizə, mənəvi bağlılığımızın möhkəmlənməsinə bir stimuldur.
[1] «Vəhabiyyət ayini», səh.-100, Buxarinin şərhindən
[2] «Maidə» surəsi, 144-cü ayə
قَالَ عِيسَى ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا أَنْزِلْ عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيدًا لِأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِنْكَ وَارْزُقْنَا وَأَنْتَ خَيْرُ الرَّازِقِينَ
Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün – həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan»
[3] «Şüəra» surəsi, 80-ci ayə
[4] «Nəhl» surəsi, 69-cu ayə
[5] «Yunus» surəsi, 57-ci ayə
[6] «Fəth» surəsi, 4-cü ayə
[7] «Tövbə» surəsi, 103-cü ayə
[8] «Əraf» surəsi, 160-cı ayə
[9] «Bəqərə» surəsi, 154-cü ayə və «Ali-İmran» surəsi, 169-cu ayə
[10] «Əraf» surəsi, 78-79-cu ayələr
[11]«Təfsiri-nümunə», cild-6, səh.-241 «Ey Təlhə sənin İslamda layiqli xidmətlərin olmuşdur amma heyf ki…»
[12] «Təfsiri-nümunə», cild-6, səh.-241
[13] «Əraf» surəsi, 93-cü ayə
[14] «Zuxruf» surəsi 45-ci ayə
[15]« Nəhcül-bəlağə», Sübhi Saleh, 235-ci xütbə, bu xütbə fəsillərlə qeyd olunur, lakin biz ondan bir cümləni misal gətirdik.
[16] «Kəşful-irtiyab, xilasətul-kəlam Sireyi ibni Hişam», cild-4, səh.-306; «Süsəni ibni Macə», cild-1, səh.-468. Həmin cüzdən nəql edirik ki, Əbubəkr Rəsulallahın (s) vəfatından sonra onun üzünü öpdü və…
[17] «Yunus» surəsi 18-ci ayə
[18] «Zumər» surəsi 44-cü ayə
[19] «Muhəmməd» surəsi 19-cu ayə
[20] «Nisa» surəsi 64-cü ayə
[21] «Tövbə» surəsi 103-cü ayə
[22] «Fatir» surəsi 22-ci ayə
[23] Əgər iki nəfər uzaqdan bir-birinə salam yollasa və ya işarə etsə onların arasında ruhi bağlılıq yaranacaq. Əgər insanların cismi bir-birinə bundan daha yaxın olsa əllə salamlaşırlar və ya görüşüb qucaqlaşırlar. Belə halda onların ruhu, məhəbbəti daha çox olur. Buna görə də ilahi övliyaların və şəhidlərin məzarı üstünə getmək ibrətamiz dərs olmaqla yanaşı qəlbin saflaşması üçün faydalıdır. Habeləilahi övliyaların mənəvi məqamına bağlılığın artmasında əsas səbəbdir.
[24] «Ğafir» surəsi 78-ci ayə
[25] «Ğafir» surəsi 78-ci ayə
[26] وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَسْتَ مُرْسَلًا قُلْ كَفَى بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِنْدَهُ عِلْمُ الْكِتَابِ Kafirlər «sən (Allahın) Peyğəmbər (i) deyilsən» deyirlər. De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Quranın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir.
« Rəd» surəsi 43-cü ayə Onlara de: Mənlə sizin aranızda iki şahid kifayətdir,biri Allah və digəri isə kitab elminə yiyələnən şəxs. Diqqət edin, əgər bir kəs kitab elmindən az da olsa nəsə bilirsə bütün qüdrətə malikdir. Amma əgər bir kəs kitab elmini bütövlükdə bilirsə, onun istedadı nə qədərdir?
[27]«Ləyl» surəsi 12-ci ayə
[28] «Rum» surəsi 47-ci ayə
[29] «Tövbə» surəsi 11-ci ayə
[30] «Hud» surəsi 6-cı ayə
[31] «Sünəni ibni Macə», cild-1, səh.-441-də oxuyuruq:اَلَّهمَّا اِنِّی اَسألُکَ بِحَقِّ السَّائِلین – «İlahi sual edənlərin haqqına and olsun»
[32] «Hicr» surəsi 72-ci ayə
[33] «Sünəni-nisai», cild-7, səh.- 4,7
Möhsin Qiraətinin qələmə aldığı “Həccin fəlsəfəsi” kitabının tərcüməsi, mütərcim: Sara Əmirzadə