Özünə İnan və Çalış

Qurani-Kərimdə üstün qadınların mövqeyi

 
(0 votes)

Qurani-Kərimdə üstün qadınların mövqeyi

Biz Qurana nəzər saldıqda görürük ki, bir neçə üstün məqamlı qadın Allah tərəfindən mədh olunur. Gəlin bir qədər Quranın seyrinə çıxaq. Tarixə nəzər salaq: Tovhidin qəhrəmanı olan H. İbrahimin (ə) həyatına baxdıqda onun ilə bu risalət yolunda addım-addım addımlayan Saranı görürük. Sara öz dəstəyi ilə İbrahimin risalətində və peyğəmbərliyində böyük bir paya sahidir.

Hacəri də həmçinin misal çəkməmək olmaz. O dünyaya İsmaili gətirməklə yenə də İbrahimə dəstək olmuşdur.

Bu iki qadın hər ikisi İbrahimə kömək, arxa olmuşdular.

Biz Fironun dövrünə nəzər saldıqda Musanın anasını misal çəkə bilərik. Və elə bir dövrdəki, Firon əmr vermişdi bütün yeni doğulan körpələr qətlə yetirilsin. Anasının tədbiri ilə Musa (ə) canını təhlükədən qorudu. Və anası onu bir qutuya qoyaraq Nilin sularına buraxdı və canı ölümdən xilas oldu. Bir halda ki, Bəni-israilin bütün körpələrini Firon öldürmüşdü. Və onun bacısı su boyunca Musanı təqib etdi, onu sudan xilas etdi və Fironun sarayına gətirib Fironun arvadı Asyaya təhvil verdi. Asya da öz növbəsində Musanı böyüdüb tərbiyə etdi. Yəni, Musanın həyatda qalması, boya-başa çatması, təhlükədən amanda qalmasını Allah-Taalanın iradəsi ilə 3 qadının əli ilə oldu. Biri onu təhlükədən qorumaq üçün suya buraxdı, biri yenə də təhlükədən qorumaq üçün onu çay boyunca təqib etdi ki, görsün su uşağı hara aparır, digər bir qadın da onu böyütdü və Musa kimi bir şəxsiyyət formalaşdı. Sizcə qadınların fəziləti azdırmı?

Təhrim-11 "Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: "Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) Cənnətdə bir ev tik. Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!"

Allah-Taala bu ayədə xanım Asiyanı, yəni Fironun həyat yoldaşını misal çəkir. Onu bütün iman gətirənlərə nümunə göstərir. Xanım Asiya Fironun sarayında, özü də çox çirkin bir ab-havada ömür sürürdü. Amma onun mənəvi bir məqamı vardı və ali ruhuyyəsini qorumaqla həmin çirkin şəraitdən xilas ola bildi. Allah da bu əməlinə görə onu bütün insanlara nümunə göstərdi. Bəli, bu qadının məqamıdır və qadınlar mənəviyyata əməl etməklə belə yüksək və ali məqama nail ola bilərlər.

Biz peyğəmbərlərin həyatına baxdıqda H. Əyyubu misal göstərə bilərik. Onun xəstəlik illərində həyat yoldaşı necə çətinliklə onun xidmətində idi. Hətta evlərdə xidmətçilik edərək ona kömək edirdi.

İsanın (ə) anası H. Məryəmi misal çəkək. İsanın anası olan bu müqəddəs pak qadın oğlunu dünyaya gətirənə qədər necə tənələrlə üzləşdi. H. Məryəm və digər adı çəkilən nümunəvi xanımlar bütün dünyaya yüksək və mənəviyyatlı və dünyada böyük cərəyanlar yaradan övladlar dünyaya gətirmiş və bu yolda addımlamışlar.

Muhəmməd (s) peyğəmbərin həyatına baxdıqda belə bir qadınların görürük ki, sayı həddindən çoxdur. Həmçinin onların da bir neçəsini nümunə çəkə bilərik. Əlinin (ə) anasını nümunə çəkək. Onlardan digər bir qadın da Xanım Xədicədir. Bütün malını-mülkünü, sərvətini İslamın yolunda sərf etdi, hətta canının sağlığını da İslamın yolunda harcadı və dünyadan tez köçdü. Bir sözlə, özünü dinin və Pryğəmbərin (s) yolunda qurban verdi.

Həlimə - Peyğəmbərin (s) süd anası olan Həliməni misal olaraq görək. Bu xanım ona süd verməklə xidmətində olmuşdur.

Əlbətdə bütün bu nümunələrin içində ən baş və üstün bir nümunə var, o, Xanım Zəhradır (s.ə). Həzrət Zəhra dünya aləmində yaşayan bir huri misalındadır. Çünki o, dünyaya məxsus olmayan bir insandır. Biz onu misal çəkməyə bilmərik. H. Zəhra Peyğəmbərdən (s) tərbiyə almış, Xədicə kimi bir anadan dünyaya gəlmiş bir şəxsiyyət və insandır.

Hər bir insanın şəxsiyyəti onda bilinir ki, onu tərif edən və onun haqqında danışan yüksək və ali məqamlı şəxs olsun. Məsələn Peyğəmbər (s) H. Zəhranın barəsində nə söz deyib gərək ona baxaq. Necə ki, buyurur: "Zəhra mənim canımın bir parəsidir". Və. s.

Və görürük ki, H. Zəhra bir qadın olaraq Peyğəmbərə (s) yar-yavər oldu. Dövrünün imamı H. Əliyə (ə) yar-yavər oldu. Onun imaməti yolunda canını sipər etdi və erkən dünyadan köçdü. Nəhayətdə, o, iki imamı dünyaya gətirdi. Və bütün imamət nəsli H. Zəhranın nurundan yarandı və onun nurundan davamiyyət tapdı.

Ümumiyyətlə kişi və qadını cəmiyyətdə bir-birindən ayırma bu bir fitnələrdən biridir ki, həmişə cəmiyyətdə çaxnaşma salmaq üçün istifadə olunmuşdur.

Əslinə baxanda həm qadının və həm də kişinin cəmiyyətdə öz yeri var. Qadın kişinin işini icra edə bilməz, kişi də qadının işini icra edə bilməz. Və bu Allahın hikmətidir ki, O, insanları, bəşəriyyəti kişi və qadın olaraq yaratmışdır.

Qadın şəxsiyyəti

Hucurat-13 يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَ

"Ey insanlar! Həqiqətən Biz sizi bir kişi və bir qadından yaratdıq"

Bəşər nə qədər yer üzərində artsa, nə qədər davam etsə, onun yaranmasında kişi və qadının rolu vardır və onlar təklikdə nəsil artımına qadir deyillər. Kişi və qadın bir-birini təkmilləşdirən iki varlıqdır və bu məsələdə qadının rolu böyük, qüvvəsi də kişiyə nisbətdə daha çoxdur. Uşağı öz bətnində 9 ay saxlaması, dünyaya gətirdikdən sonra hövsələ və səbrlə övladını böyüyənə qədər yetişdirməsi buna misaldır.

Qadın uşaq saxlamaqda heç bir dərs almadan bu işləri həyata keçirir və Allah-Taala bu istedadı onun zatında yerləşdirmişdir. Bir sözlə qadın həmin sahədə heç bir təhsil almadan bu qabiliyyət və istedadları özündə birləşdirir, övlad yetişdirərək cəmiyyətə öz töhvəsini verir. Uca Rəbbimiz bu sahədə qadını mütəxəssis etmişdir və qadın bəşəriyyətə bir hədiyyədir.

Qadın çox zərifdir, elə ona görə də bəziləri onu aciz hesab edir, bir halda ki, zəriflik acizlik deyil. Əslində, qadın ən güclü varlıqdır. Güclü pəhləvanlar və qüdrətli kəslər öz həyatlarındakı nailiyyətləri məhz həmin zərif qadınların varlığına borcludurlar.

Qadınlar zərifdir, lakin bu zəriflikdə böyük qüvvə və güc vardır. Bu qeyd edilənlərin hansı birini kişilər həyata keçirə bilər? Əgər övlad tərbiyəsinin öhdəsindən gələ bilsələr belə, kişilər bu sahədə qadınlar kimi deyil, yəni onlar bunu qadın kimi mahircəsinə həyata keçirə bilməzlər. Bu baxımdan qadın və onun istedadlarını tanımağımız vacibdir.

Qadın mənəviyyatının üstünlüyü

Qadın cəmiyyətin mənəviyyat sahəsində də önəmli yer tutur. Ona görə ki, tərbiyə edəndir. Qadın elə bir varlıqdır ki, kişidən 6 il tez mənəviyyat məktəbinə daxil olur və bu məktəbin şagirdliyinə layiq görülür. Kişilər 15 yaşdan mənəviyyat məktəbinə daxil olduğu halda, qadınlar 9 yaşından bu məktəbə başlayırlar. Biz bu mənəviyyat ab-havasını məktəb hesab etsək, kişilər 1-ci sinifə getdiklərində, qadınlar onlardan 6 sinif öndədirlər. Kişilər nə qədər ibadət etsə də, nə qədər uca məqama çatsa da, yenə də 6 il qadınlardan geri qalmışlar və qadınların bu sahədə 6 il təcrübəsi var.

Cənnətin qapıları kişilərdən 6 il öncə onların üzünə açılmış və Allahla rabitə yaratmışlar. Onunla razi-niyaz etmişlər.

Qadınlarda şüur və ağıl kişilərdən öncə inkişaf etmiş və buna görə də şəriət qanunları onlara erkən vacib olmuşdur. Həmçinin qadının məsuliyyəti artır. Yəni, qadın 9 yaşında ikən ilahi hökmləri icra edir və belə böyük bir məsuliyyətin altına girir.

Elə bu səbəbdəndir ki, Peyğəmbər (s) buyurur: "Cənnət anaların ayağı altındadır".

Cənnət kimi böyük bir məqam anaların, bir sözlə qadınların ayağı altındadır.

İlahi vəhyin qadınlara verilməsi

Qurani-Kərimdə vəhyin 6 növü var ki, peyğəmbərlərdən başqa bu 6 varlığa ilham olunur və onun 2-si qadındır; H. Məryəm və Musanın anası – yəni qadına ilham edir Allah.

  • Məlakələrə, Cansızlara, Şəyatin, Ğərizə, İşarə, insanlara olunan ilahi ilham - وَأَوْحَيْنَا إِلَى أُمِّ مُوسَى أَنْ أَرْضِعِيهِ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلا تَخَافِي وَلا تَحْزَنِي إِنَّا رَادُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ الْمُرْسَلِينَ

“Biz Musanın anasına sirli və sürətli şəkildə ilham etdik: “Onu əmizdir. Elə ki, ondan ötrü qorxdun (Fironun adamlarının ondan xəbər tutmalarından), onu (bir sandığın içinə qoy və) dəryaya at. Qorxma və qəmgin olma, şübhəsiz, Biz onu sənə qaytaracağıq və özünü də şəriət sahibi olan peyğəmbərlərdən edərik”. Qəsəs-7

Ayədə Allah-Taala H. Musanın anasına vəhy edirvə bu, onun pak olması və yeksək mənəvi məqamlara sahib olmasının göstəricisidir. Bir çeşmə nə qədər pak olsa, həmin paklıq axdığı yerə qədər davam edəcək.

  • İşarə - فَخَرَجَ عَلَى قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَى إِلَيْهِمْ أَنْ سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا

“Beləliklə, o mehrabdan qövmünün yanına çıxdı və onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin”. Məryəm-11

Həmçinin, buyurur: Ali-İmran-43 “Və (yada sal) o zaman(ı) ki, mələklər dedilər: “Ey Məryəm, həqiqətən, Allah səni seçib, paklaşdırıb və (Beytul-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələk ilə söhbət etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib”.

Ayədə buyurulur ki, “Allah səni paklamışdır”. O, günahdan uzaq oldu, ibadət etdi və öz iffətini qorudu, Allah da ona paklıq və xüsusi məqam verdi.

Qadınların bəzi işlərdə kişilərlə bərabərliyi

Qurani-Kərimə müraciət etsək görərik ki, qadınlar mübarizə meydanlarında da kişilərlə bərabərdirlər: Əhzab-35

"Həqiqətən müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, Allahın fərmanına itaət edən kişilər və qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, təvazökar kişilər və təvazökar qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox yad edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır".

Müsəlman qadınlar İslamı qəbul etməkdə, İslamı icra etməkdə də kişilərlə eynidirlər. İman məsələsində, ibadət məqamında, doğruluqda, Allah dərgahında təvazökarlıq etməkdə, səbrli olmaqda, oruc tutmaqda, şeytani və nəfsi istəklərlə mübarizədə, Allahı zikr etməkdə də kişilərə rəqibdirlər.

Kişilərin bəzi vəzifələrə sahib olmaları və qadınların isə o vəzifələrə sahib olmamaları əslində Allahın qadınlara olan böyük lütfü və mərhəmətidir.

Biz əgər diqqətlə düşünsək görərik ki, Allah-Taala qadına daha çox fəzilət verib. Və qadının daha çox qayğısına qalıb. Qadını daha çox qoruyub. Çünki o, nəsli artırandır, qadın dünyaya körpə gətirəndir. Qadın gözəl övlad tərbiyə edəndir.

Həzrət Əli (ə) oğlu İmam Həsənə bir vəsiyyətində belə buyurur: “Qadına onun qüdrətindən artıq olan və ona aidiyyatı olmayan işləri tapşırma. Həqiqətən, bu, qadının halına daha münasib, sağlam düşüncəsi üçün daha əlverişli və gözəlliyinin qorunması üçün bir vasitədir. Həqiqətən qadın bir güldür”.

Digər bir hədisdə buyurur: “Qadınlar barədə Allahı unutmayın”.

Qadının tənəzzülü fəlakətdir

Qeyd etdiyimiz kimi qadın Allah yanında xüsusi məqam və dəyərə malikdir. Əgər bu böyük məqam sahibi olan qadın büdrəsə, mənəvi baxımdan tənəzzülə uğrasa, bunun zərəri və peşmançılığı da çox olar. Çünki qadın cəmiyyətin aparıcı qüvvəsidir, təlim-tərbiyə onun öhdəsindədir, ailənin sütunlarından biridir. Cəmiyyətin inkişafı ondan asılıdır. Və əgər bu zərif məxluq yalnışlığa yol versə, fəsad və oşagəlməz xüsusiyyətlərin yaranmasına gətirib çıxarar, nəslin korlanmasına səbəb olar.

Əgər qadın tənəzzül etsə, onun bir çox ziyanı olar, həm özünü və həm də qoynunda bəslədiklərini də məhv edər. Allah-Taala Quranda tənəzzülə uğrayan və həlak olan qadınları da misal çəkir: Təhrim-10 “Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar bizim əməlisaleh qullarımızdan iki qulun himayəsi altında idilər. Onlar ərlərinə xəyanət etdilər. Və bu ikisi ilə (iki peyğəmbərlə) olan əlaqələrinin (Allahın əzabı qarşısında) onlara heç bir faydası olmadı. Onlara: “Daxil olanlarla birlikdə oda daxil olun – deyildi”.

Həmin qadınları Allah-Taala kafirlərə misal çəkir. Və hətta yoldaşlarının peyğəmbər olması belə ilahi əzabı onların üzərindən götürmür. Hədislərdə qadınların həlak olmasına səbəb olan zəif nöqtələr göstərilir: “Mənin ümmətimin qadınları iki şeyə görə tənəzzülə uğrayıb həlak olarlar: qızıl zinət əşyaları və nazik libaslar geyinmək”.

Və məlumdur ki, xeyir-bərəkət və mənfəətin çoxu əməli-saleh qadınlarladır. Elə bu səbəbdən Allah-Taala qadın necə bir həyat yaşamalıdı izah edib. Necə öz zərafətini, abrını qorumalıdı və necə bir yükün altına girə bilər onun da qədərini, həddini təyin edibdir. Bacara biləcək işləri onun öhdəsində qoyub ki, keyfiyyətli olsun.

Odur ki, Allah-Taala kişilərə verdiyi işləri qadınlara verməyib. Və bu əslində Allahın qadınlara olan məhəbbətidir. Onun nəyinisə əskik etməsi deyildir.

İlahiyyatçı; Sara Əmirzadə (Həzrəti Zəhraya (s.ə.) həsr olunmuş konfransdan çıxış)

 

Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur 


 125, 

Dostların veb səhifələri

15654175
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2579
7422
49722
15456216
129314
160067
15654175

sizin IP ünvanınız: 3.15.223.129
2024-12-22 08:02

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!