Gizli Xəzinələr

Dünya şöhrətli İbn Sina kimdir?

 
(0 votes)

 Dünya şöhrətli İbn Sina kimdir?

Dahi insanlar həmişə bəşərin etiqadları haqqında fikirləşərək insanları doğru yola istiqamətləndirməyə çalışmışlar. Onlar həyatın qanuna uyğunluğundan, bütün varlıqlarda nizam-intizamın mövcud olmasından, habelə insanın daxili və zahiri aləminin paklığında açdıqları söhbətlərini bizə yadigar qoyub getmişlər. Onların hər kəlamı insanların qəlbinə yol tapmış və onların hərtərəfli inkişafına yardım etmişdir. Yaşadıqları dövrdə insanları doğru yola yönəltmiş, onlara imanlı, qeyrətli olmağa, hamı ilə yaxşı davranmağı və cəmiyyət üçün faydalı olmağı tövsiyyə etmişlər.

İslam dünyasında nur kimi saçan alimlər insanları özlərini dərk etməyə, cəhalətdən, nadanlıqdan uzaqlaşmağa çağırmışlar. Onlar həmişə elmsiz, biliksiz, lovğa adamları islah etməyə çalışmışlar. Belə dühalar, üləmalar dünyalarını dəyişsələr də bizə yadigar olaraq qoyub getdikləri müdrik kəlamları, nə də özlərinin alicənablıqları heç bir vaxt unudulmayacaqdır.

Bəşər elminin bütün sahələri – fiqh, astronomiya, fəlsəfə, coğrafiya, kimya, riyaziyyat, təbiət və heyvanat aləmi, əttarlıq, hüquq və əxlaq, eləcə də digər sahələrin əks olunduğu Qurami-Kərimdə elm və alimlər haqqında yüzlərlə ayələr vardır. Bütün bunlara nəzər saldıqda görərik ki, Şərq təfəkkürü Muhəmməd (s) Peyğəmbərin timsalında bütün bəşəriyyətə aid olan fikir və ideyalar yaratmışdır. Belə alimlərin tərcümeyi-hallarına nəzər saldıqda etiqadlı, əməlisaleh və s. xüsusiyyətlərinin timsalında İslamın necə bir mütərəqqi din olduğunu görmək olar. Onlar bir ömür İslam dünyasına bəxş edilmiş nəhəng və görkəmli şəxsiyyətlərdir. Belə nümunələrdən biri də şöhrəti ilə dünyaya səs salan İbni Sinadır.

Həyatı

Hər tərəfli elmi biliyə malik olan Əbu Əli Hüseyn ibni Abdullah ibni Sina Orta əsrlər dövrünün dünya üzrə tanınmış ən böyük mahir təbiblərindən biridir. Dünya şöhrətli ibni Sina dövrünün müdrik şəxslərindən idi. Həyatı Həmədan və İsfahanla bağlı olduğundan fars mənşəli olduğu ehtimal edilir. “Şeyx-ur-Rəis” (müdrik, alicənab), “Huccətul-həqq” (haqqa səsləyən), “Harami-bozorq” (dahi təbib), “Şərəf-ul-Mulk” (məmləkətin şərəfli adamı), “Şərəf-ud-Dəuvlə” (dövlətin dəyərli adamı, şərəflisi), “Şeyx-ut-Tusiyə”, “Şeyx-ut-Taifə” (Əhli-şiəyə böyük xidmət göstərdiyinə görə ona şiə tayfasının şeyxi, yəni böyüyü deyirdilər. Latınca və Avropada məşhur adı Avisennadır.

İbni Sina təxminən 370 (q) və 980 (milad) ilində Buxarada, Mavərən-nəhr şəhərində anadan olmuş, 1037-ci ildə Ramazan ayında vəfat etmişdir. Atası Abdullah Bəlxdən idi və Nuh ibni Mənsur Samaninin hakimiyyəti (366/387 q, 977/997 milad) dövründə Buxaraya getmişdi və Buxaraya aid olan Xorramisin rayonunun hökümət işlərində fəaliyyət göstərmişdir. Abdullah sonrakı illərdə qonşuluqda yerləşən Əfşaniyə kəndinə gedir və Setarə adlı bir xanımla evlənir. İbni Sinadan beş il sonra kiçik qardaşı Mahmud dünyaya gəlir.

İbn Sina uşaqlıq illərindən çox böyük həvəslə kitab oxuyardı və bu qeyri-adi istedad onu zirvələrə yüksəltdi. Buxarada satılan bütün elmi kitabları alıb oxumuşdu. O vaxt Çinin şərqindən böyük bir maqistral Buxaradan keçirdi və 10-cu əsr Asiya dövlətinin elmi cəhətdən inkişaf dövrü olduğundan Buxara şəhərində zəngin kitab bazarı var idi. Hətta İbn Sina kitab bazarındakı bütün elmi kitabları alıb oxumuşdu. Odur ki, atası Abdullah Buxara hakimindən xahiş edir ki, oğlunun onun kitabxanasındakı kitablardan mütaliə etməsinə icazə versin. Hakimin kitabxanasındakı bütün kitabları da oxuyur və bundan sonra atası ona müəllim tutur. Lakin 11-ci əsrin tanınmış müəllimləri İbn Sinaya dərs keçməkdən boyun qaçırırlar. Çünki müəllimlər İbn Sinanın verdiyi suallara cavab tapa bilmirdilər.

Təhsili

İbn Sina 7 yaşından Quran öyrənməyə başlamış və 10 yaşında artıq Quranın bütün möhtəvasına yiyələnmişdi. Bundan başqa klassik ərəb ədəbiyyatının bütün əsərlərini əzbər bilirdi. İbn Sina 14/15 yaşında məntiq, fəlsəfə, hüququ nəzəriyyəsi və astronomiya elmlərinə qədəm qoyur. Bu elmlərlə yanaşı tibb sahəsinin elminə də yiyələnir və 17 yaşında artıq mahir təbib olur. Deyilənə görə hökmdar ağır xəstəliyə tutulur və İbn Sina onu müalicə edib sağaldır. Bundan sonra onun şöhrəti daha da artır və o tibb sahəsində daha geniş müşahidələr və mütaliələr etməyə başlayır. İbn Sina 18 yaşında öz dövrünün tanınmış dövlət adamlarını müalicə edir və bir çox sağalmaz xəstəliklərin dərmanını özü düzəldirdi. İllər keçdikcə şöhrəti dünyaya səs salmışdı.    

                                                                                                                              Əbu Əli Sinanın ustadları

1- Mahmud Məssah

Mahmud Məssah hesab və həndəsə, cəbr üzrə İbn Sinanın müəllimi olmuşdur. Bəzi tarixçilər Mahmud Məssahı Buxaranın göyərti satanına nisbət vermişlər ki, İbn Sina onunla bağlı əhvalatını bir əsərində şərh etmişdir.

2- Əbu Muhəmməd İsmail bin hüseyn bin Əli

O, Hicri-qəməri ilinin 4-cü əsrində tanınmış fiqh ustadı və zahid şəxslərdən idi. İbn Sina Buxarada fiqh elminin incəliklərini ondan öyrənmişdir. Fiqh sahəsində demək olar ki, sorğu-sualda çox dəqiq cavablarla iştirak etdiyi üçün ustadı tərəfindən həmişə təqdirə layiq görülmüşdür. Habelə ustadı onu digər fiqh ustadları ilə elmi bəhslərə dəvət etmiş və İbni Sinanın fiqhi münazirələri digər müəllimləri heyrətdə qoymuşdur. Ustadlarının hər biri öz növbəsində İbn Sinanın yaxın gələcəkdə böyük bir alim olacağını demişdilər. Əli Muhəmməd İsmail 402 h. q. Ilində vəfat etmişdir.

3- Əbu Abdullah Hüseyn bin İbrahim Natali

O, Təbəristanın Natali əhlindən idi və məntiqi və fəlsəfi iddialar, riyaziyyat üzrə İbn Sinaya tədris etmişdir. Həmçinin İbn Sina tibbi Əbul-Fərəc bin Teyyibdən öyrənmiş və tibbi sahə üzrə bir neçə kitab və risalə yazmışdır. İbn Sina 10 yaşına çatanda Natali Buxaraya gəldi və atası Abdullahın evində bir müddət qalaraq İbn Sinaya Ptomeleyin fəlsəfi nəzəriyyələrini və “İsağuci” məntiqini təlim etmişdir. “İsağuci”[1] məntiqi filosof Felfeliusun tərəfindən icad olunan yazıdan Aristotelin məntiqinə bir müqəddimə olan elm kimi yazılmışdır. Məntiq elmində “Kulliyati-xəms”, yəni cins, fəsl, növ, ərəzi-am, ərəzi-xas. Bu 5-lik kulliyati-xəms adlanır. Bunun şərhini verən elm Felfeliusun “isağuci” əsəridir. İsağuci deyəndə, yəni, “kulliyati-xəms” nəzərdə tutulur ki, vaxtilə ona ilk dəfə Felfelius şərh verib və Aristotelin fəlsəfəsindən əxz etmişdir.

Habelə İbn Sina ömrünün elmlə coşub-daşan illərində Natali ilə elmi mühazirələrini belə şərh edir ki, ustadı Natalinin ona öyrətdiyi dərslər çox güclü, üstün, riyaziyyat və fəlsəfə elmi üzrə mürəkkəb bəhslər idi. Lakin buna baxmayaraq bu bəhslərlə bağlı onun zehninə gələn suallara ən ali cavabı tapa bilmirdi, yaxud da cavablar İbn Sinanı tam qane etmirdi. Odur ki, bir müddət düşündü və öz-özünə mütaliə etdi. Diqqətli, təhqiqi çalışmaları nəticəsində hikmət, məntiq, riyaziyyat və həndəsə üzrə yeni teori-nəzəriyyələr yazmağa başladı. İbn Sina ali təfəkkürü sayəsində qısa bir müddətdə elmin elə bir mərhələsinə yüksəldi ki, hətta ustadı Natali elm dərəcəsinə görə ondan üstün olduğunu təsdiq etdi. İbrahim Natalinin tələbəsi olan İbn Sina müəlliminin dediyinə görə çox istedadlı, ağıllı, təmkinli və güclü hafizəyə sahib bir tələbə idi. O cür ki, İbn Sinanın ustadları ona müəllimlik etməkdən imtina etmişlər. Çünki onların təlimləri İbn Sinanın zəkası ilə müqayisədə zəif idi.

Odur ki, müəllimləri təkid etdilər ki, İbn Sina bir müddət elmdən başqa heç bir işlə məşğul olmasın və harada elmi inkişaf varsa arxasınca getsin. Sonrakı illərdə İbrahim Natalinin məsləhəti ilə İbn Sina Buxaranı tərk etdi və Xarəzmlər diyarı Qurgəncə getdi.      

4- Əbu Mənsur Həsən bin Nuh Qəməri Buxarayi

O, öz dövrünün alimi və mahir həkimlərindən idi. Elmi yaradıcılıq illərində bir neçə yazdığı kitabları tibb sahəsində dəyərli hesab olunurdu. O cümlədən, onun "ğina və muna" və "iləlul-elal" əsərləri tarixdə əhəmiyyətli yer tutmuşdur. Əbu Mənsur qocalıq illərinə qədəm qoyduqdan sonra İbni Sina onun yanında tibbi təhsil almışdır. Əbu Əli Sina təhsili ilə əlaqəli öz halını belə bəyan edir: "Tibb elmini rahat öyrəndim və bu elmə yiyələndikdən sonra onun sirlərini tapdım. Qısa bir müddətdə bu sahədə çox irəlilədim və tibbin incəliklərindən agah olub mahir həkim oldum".

İbni Sinanın Quran və ədəbiyyatı bütün elmlərdən öncə öyrəndiyi qeyd olunur, lakin bu sahədə ona təlim edən müəllimlərin adı tarixdə yazılmamışdır.

Yaşadığı əyalətlər

İnb Sina Buxarada doğulsa da onun həyatı İranın Həmədan və İsfahan şəhərlərində keçmişdir.

Ömrünün ikinci yarısını Həmədanda yaşamışdır və hökmdar onu sarayda əvvəlcə həkim, sonra isə vəzir təyin etmişdi. Demək olar ki, hökumət işlərində də başarılı idi. İbn Sina 428 q (1037 milad) ilində İsfahan hakimi Əlaiddövlə Deyləmi tərəfindən ordu sərkərdəsi təyin olunmuşdu. Deyilənə görə İbn Sinanın Əlaiddövlə Deyləmi ilə əvvəldən çox gözəl münasibəti olduğundan sonralar Deyləmi Həmədanı ələ keçirərək onu İsfahana aparmışdı. Lakin sonrakı illərdə Qəznəvilər İsfahanı zəbt etdikdən sonra yenidən Həmədana köçmüşdür.

Əsərləri

İbn Sinanın 450 ədəd kitab və 238 əlyazmaları var. Bununla belə bütün elmi sahələr üzrə, o cümlədən, musiqi, ədəbiyyat, riyaziyyat, tibb, məntiq, fəlsəfə, kimya və s. kimi elmlərə kitablar və risalələr təlif etmişdir. Onun ən üstün risaləsi Peyğəmbərin (s) Allahla meracdakı seyridir və Əbu Əli Sina bu hadisəni elmi yolla sübut etmişdir. Bir neçə bölmədə dua, tilsim, sehr-cadu və buna bənzər digər xariqüladə işlər haqqında şərh vermişdir. Bəzi əsərləri fars dilində, bəziləri isə ərəb dilində yazılmışdır. İbn Sinanın əksər kitabları və əsərləri ərəb dilində yazılmışdır. Alimin dəyərli kitabları sonrakı dövrlərdə digər dillərə, o cümlədən, fars, latın dilinə tərcümə olunmuşdur. Tibbə həsr etdiyi məşhur "Qanun" kitabını ilk dəfə Əbdürrəhman Şərəfkəndi fars dilinə tərcümə etmişdir.

İbn Sinanın "Qanun" kitabı çox dəyərli tibbi ensklopediyadır. Beləki kitabın mütaliyəsi ilə bağlı öz təəssüratını belə yazır: "Mən bu kitabı heç bir ustadımdan kömək almadan tək başıma mütaliə etdim və bu elmdən həqiqi bir zövq aldım. Bu kitabdakı bütün elmi sirlər Yaradanın təkliyini və bənzərsizliyini haykırır. Onun hər misrasında cahanın və mövcudatların necə nəzmlə, qanunlarla ali bir mütləq iradə sahibi tərəfindən xilqətini aydın görmək olar. Daha sonra mən bu əsəri bir dəfə də ustadımla birlikdə mütaliə etdim. Həmçinin ona da çox gözəl təsir bağışladı və özünün tibdə sanki yeni nəzəriyyələrlə tanış olmuş kimi hiss etdi. "Qanun" kitabı xas özəlliyə malik zəngin kitab olsa da tibdə ondan istifadə etmək təbəqələrə və elmi dərəcələrə görədir. Mən bu kitabı yeni öyrəncilərə məsləhət görmürəm, çünki onun möhtəvasını düzgün dərk etmək üçün mahir həkim olmaq lazımdır".

İbn Sinanın "Qanun" kitabı dünya dillərindən bir neçə dildə müxtəlif ölkələrdə tərcümə olunmuşdur. Demək olar ki, 600 il tibb universitetlərində tədris olunmuşdur. Təqribən 10 dəfə yeni nəşrlə çap olunmuş və bəzi tibb alimləri bu kitabın üzündən kitablar və bir çox şərhlər yazmışlar. Bu kitab Avropada İncildən sonra sayca ən çox çap olunan kitabdır. "Qanun" kitabı İbn Sina elmi yaradıcılığının şah əsəridir və hələ də dünyanın tanınmış həkimləri bu kitabın bütün sirlərini aça bilməmişlər.

Məqrəbəsi

İbn Sinanın məqbərəsi Həmədan şəhərindədir. 1333-cü Şəmsi ilində məqbərə yenidən dizayn edilmiş və üzəri müasir təmir üsülu ilə tikilmişdir. Dahi şəxsin dəyərini, xatirəsini yaşadığı əyalətlər həmişə əziz saxlamışdır. Hətta onun türbəsinin qədim şəkli İran əskinazlarının üzərinə həkk olunmuşdur. Bu məqbərənin 12 sütunu var. Sütunların sayının 12 olmasının səbəbi budur ki, İbn Sinanın zamanında 12 əsas və zəngin elm mövcud olmuş və o, bu elmlərin ustadı kimi şöhrət tapmışdır.

İbn Sinanın məqbərəsində kiçik qədim bir muzey var. Türbənin bu hissəsində alimin tibbi vəsaitləri və elmi ixtiraları qorunub saxlanılır. Digər bir hissəsində isə İbn Sinanın öz dəsti-xətti ilə yazılmış kitabları və digər alimlərin qədim antik əlyazmaları dəyərli əsər ünvanında qorunur.       

Fəlsəfi əsərləri

İbn Sina fəlsəfəni Aristotelin fəlsəfəsi üzərindən əxz etmişdir. Bu cəhətdən ustadı Fərabiyə oxşarlığı var idi.  

İbn Sinanın fəlsəfə üzrə yazdığı əsərlər əsasən ibarətdir;

  1. “Risalə ət-təbiiyyat” (Təbiət elmləri haqqında traktat),
  2. “Üyun əl-hikmət” (Hikmətin (fəlsəfənin) mənbələri),
  3. “Əş-Şifa” (bəşərin varlıqların mahiyyətini fəlsəfi yolla öyrənməsi),
  4. “Risalə fi əqsam əl-ülum əl-əqliyyə” (Rasional elmlərin növləri haqqında traktat),
  5. “Əl-fəlsəfə əl-ulə” (Aristotel fəlsəfəsinin metafizika ilə birləşdirilməsi. Fəlsəfənin əsas ünsürləri ən üstün varlıq (Allah) və metafizika),
  6. “Hikmətin mahiyyəti” (insanın hər bir varlıq haqqında təfəkkürü),
  7. “Sudur-feyz” (çıxıb axma nəzəriyyəsi), (külli və cüzi varlıq anlayışı),
  8. “Risalə əl-əhaviyyə” (cism və ruh anlayışı).

 

Fəlsəfi nəzəriyyələri

İbn Sina fəlsəfənin həqiqi mənada dinə söykəndiyini öz əsərlərində tanıtdırır. O demişdir ki, din və fəlsəfə üsullara görə bir-birindən fərqlənsə də, eyni mövzudan bəhs edir və hər ikisi eyni məqsədə xidmət edir. Həmçinin İbn Sinanın “Risalə ət-təbiiyyat” (Təbiət elmləri haqqında traktat) adlanan traktatının “Üyun əl-hikmət” (Hikmətin (fəlsəfənin) mənbələri) fəslində fəlsəfəyə belə bir tərif verilmişdir: “Hikmət (fəlsəfə) şeylərin mümkün təsəvvürü, nəzəri və əməli həqiqətlərin təsdiqi ilə insan nəfsinin kamilləşməsidir”. Filosofun “Əş-Şifa” əsərinin müqəddiməsində deyilir ki, fəlsəfə “öz imkanları çərçivəsində bəşərin varlıqların mahiyyətini öyrənməsi”dir. “Risalə fi əqsam əl-ülum əl-əqliyyə” (rasional elmlərin növləri haqqında traktat) adlanan kitabın “Hikmətin mahiyyəti” fəslində İbn Sina fəlsəfə haqqında yazmışdı: “Hikmət nəfsin şərəflənib kamilləşməsi, dərk olunan aləmə çevrilməsi və axirətdəki uzaq xoşbəxtliyə hazırlaşması üçün insanın hər bir varlıq haqqında mümkün qədər düşünməsidir”. 

Diqqəti cəlb edən bir məsələ də budur ki, İbn Sina Aristotel fəlsəfəsinin təsiri ilə fəlsəfəni metafizika (əl-fəlsəfə əl-üla) ilə eyniləşdirmiş, "ən üstün olanı (Allahı) öyrənməyi fəzilətli bilik" adlandırmışdır. Bu tərifdən məlum olur ki, metafizika və ya Zəruri Varlıq fəlsəfənin mövzusunu təşkil edir. Buna görə də İbn Sina fəlsəfənin mövzusu olaraq qeyd edir ki, Allahın və mücərrəd varlıqların mövcudluğunu isbatlamaq, bütün varlıq kateqoriyalarının Allahla əlaqəsini ontoloji cəhətdən izah etmək, insanın kainatdakı məqamını müəyyənləşdirməkdir.

Qeyd olunanların xülasəsi budur ki, İbn Sina yaradıcılığında dinlə fəlsəfə arasında fəlsəfi nöqteyi-nəzərdən səd çəkməyə cəhd göstərilmişdir. Din və fəlsəfə vahid həqiqəti tədqiq edən ayrı-ayrı sahələrdir. Onların bir-birinə uyğunluğu ona görə mümkündür ki, həm məqsəd və məzmun, həm də həqiqəti ifadə baxımından oxşardırlar. İbn Sina bir sıra qeyb məsələlərini rasional cəhətdən izah etsə də, bəzi dini anlayışların fəlsəfi məfhumlardan daha ali mahiyyətə sahib olduğunu bildirmişdir. Məsələn, Farabidən fərqli olaraq, İbn Sinaya görə, peyğəmbərlər filosoflardan üstündürlər. Bu üstünlük peyğəmbərlərə xas üç xüsusiyyətlə əlaqədardır: ali düşünmə bacarığı, xüsusi təxəyyül bacarığı, möcüzə göstərmə. 

İbn Sina bir nəzəriyyəsində dinlə fəlsəfənin bir-birinə bağlılığını sübut etmişdir. Həmçinin bu nəzəriyyəyə yaradılış aləmi, Allahın mütləq elmi, axirət və peyğəmbərlik məsələləri də daxildir. Yaradılış məsələsi ilə bağlı dini və fəlsəfi təsəvvürləri bir-biri ilə uyğunlaşdırmaq üçün “Sudur-feyz” (çıxıb axma nəzəriyyəsi), (külli və cüzi varlıq anlayışı) əsərini təlif etmişdir. O, bu təlimində iddia etmişdir ki, bütün varlıq kateqoriyaları, materiya Allahdan Onun iradəsi ilə xaric olmuşdur. O, bu nəzəriyyəni bütöv bir sistemin hissələrinin aşağıdan yuxarıya doğru tabeçilik əlaqəsi əsasında düzümü kimi tanıtdırmışdır. Öncə Allah, sonra isə materiyanın yaranmasını deyir. Lakin Allahın materiyanın "axıb-çıxması"nı zaman baxımından əvvəl ya sonra istəməsi mümkün deyildir. Çünki Allah üçün zaman anlayışı yoxdur. Bütün varlıq aləmi Allahdan əxz olunmuşdur və onun zamanla öz-özünə yaranması mümkün deyildir.

İbn Sinanın heç bir əsərində belə bir iddia açıq şəkildə mövcud deyildir. Baxmayaraq ki, digər alimlər filosofu dünyanın canlı və cansız təbiətin yaradıcılıq əməli ilə yaradılması haqqında ideologiyanı (kreasionizm) rədd etməsinə görə təqsirləndirmişlər, bununla belə alimin açıq şərhləri onların nəzərindən yayınmamışdır.

İbn Sina Allahın zatı ilə bağlı öz əsərində göstərmişdir ki, Allah Öz zatını dərk edir və belə olduqda zatı dərk isə zatın mövcudluğunu zəruri edir. Əgər Allah Öz zatını dərk edirsə, deməli, zatından çıxan varlıqlardan da xəbərdardır. Odur ki, Allah "külli" və "cüzi" varlıqları bilir və onların mahiyyətini yaxşı tanıyır. Bu cəhətdən İbn Sinanın baxışı Fərabidən fərqlidir. Bu məsələ ilə bağlı bəzi zidd fikirlər yaranmışdır. Çünki İbn Sina Allahı hər şeyi bilən və bilik adlandırır və beləliklə elmlə alimi birləşdirir. Bilik Allahın zatını təmsil edir. (ardı növbəti buraxılışda)

 

[1] “İsağuci” sözünün lüğtdə mənası “mədxəl, giriş, müqəddimə” deməkdir. İstelahi mənasında isə “Kulliyati-xəms” nəzərdə tutulut. Filosof Felfeliusun “Kulliyati-xəms”ə yazdığı müqəddimənin şərhi kimi mənalandırılır. Felfelius Aristotelin əsərinə müqəddimə olaraq şərh verib və “İsağuci” termini ilə tanınır.

Mənbə: İbn Sinanın latın dilinə tərcümə olunmuş "Qanun" kitabından nüsxələr

Vicishia.net saytından tərcümə olunmuşdur

Hazırladı: Sara Əmirzadə

                                                                                                          Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur


 125, 

Dostların veb səhifələri

15652636
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1040
7422
48183
15456216
127775
160067
15652636

sizin IP ünvanınız: 3.23.102.79
2024-12-22 03:23

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!