İslamda müvəqqəti nigah
İslamın əziz Peyğəmbəri həzrəti Muhəmmədin (s) yaşadığı zamanda ixtilaflı məsələlər az olsa da, onlar barəsində Peyğəmbərin (s) vəfatından zaman keçdikcə daha çox mübahisələr yaranırdı. Çox təəssüf ki, bu barədə danışıb mübahisə aparanlar təkcə alimlər deyildi. Müsəlmanlar arasında bu məsələləri yayanların əksəriyyəti İslam dinini , onun şəriət və hökmlərini bilməyən cahillər idi ki, bir
çox alimin sözü gedən məsələlər barəsində kitablar yazmasına səbəb oldular. Yaşadığımız dövrdə də şəriətdən xəbəri olmayan şəxslər müsəlmanlar arasında min il bundan qabaqkı ixtilaflı məsələləri dilə gətirib camaatı şübhəyə salırlar. Görəsən, müşriklərin övladları atalarının yolunu getdiyi kimi, bunlar da şəriətdən və islamdan xəbəri olmayan ata-babalarının yolunu getmək istəyirlərmi? Görəsən bunların bu yolu davam etməkdə hədəfləri nədir? Belə şəxslərin müsəlmanlar arasında ixtilaflı məsələləri dirçəldib onları şübhəyə salmaqda məqsədləri nədir, özlərini alim və bilici göstərmək, yoxsa İslam düşmənlərinə xidmət edib müsəlmanları parçalamaqdır?
Hər hansı bir hədəflə ixtilaflı məsələləri camaat arasında yaymaq heç də bəyənilən xüsusiyyət deyil. Əgər məqsəd İslama, Qurana və şəriətə xidmət etməkdirsə, gərək bütün müsəlmanlar vəhdət və birliyə təşviq olunsun. İxtilaflı və şübhəli məsələləri müsəlmanların arasında yaymaq əvəzinə Quranda olan bir çox inkişaf etməyən elmləri öyrənsinlər, xalaq arasında mütəşabih (mənası avam camaata aydın olmayan) ayələri demək əvəzinə yüzlərlə möhkəm (mənası aydın olan) ayələri yaysınlar.
Qeyd etdiyimiz ixtilaflı məsələlərdən biri də İslam dinində müvəqqəti nigahın (mütənin) halal olub-olmamasıdır. İxtilafdan qurtulmaq məqsədilə, həmçinin din və şəriətdən xəbərsiz cahilləri elmlə maarifləndirib düşündürmək üçün Allahın bu hökmünü şəriət baxımından əqli və nəqli dəlillər vasitəsilə izah edib diqqətinizə çatdırırıq:
Burada bəzi insanlar sual verə bilər ki, nə üçün müəllif müvəqqəti nigah haqqında bu qədər vaxt sərf etmişdir? Həmin şəxslərin sualına cavab olaraq demək lazımdır ki, hər alimə, müəllifə, qələm sahibinə vacibdir ki, yaşadığı cəmiyyətdə olan cəhalət, zülmət, nadanlıqla mübarizə aparsın. Bu zülmət və cəhaləti aradan aparmaq üçün evdə oturub, əlini əlinin üstünə qoyaraq təəssüflənmək kifayət etməz. Cəmiyyətdəki nadanlığı aradan aparmaq üçün elm əhli gərək imkan dairəsində əlindəki elm ziyası ilə ictimaiyyəti işıqlandırsın. Lakin qeyd etdiyimiz zülmət və qaranlığı bir neçə dəfə kibrit çəkməklə aradan aparmaq olmaz. Çünki cəmiyyətdəki bu böyük zülməti aradan aparmaq üçün güclü fanarlar lazımdır.
Camaatın əksəriyyətinin müvəqqəti nigah barədə düzgün məlumatı yoxdur. Əgər insanlar Mütəal Allahın Quranda buyurduğu bu hökmün gözəlliklərini və yüksək dərəcəyə malik olduğunu bilsələr, bu haqda xoşagəlməz sözlər danışmazlar. Allahın bu hökmü elmi şəkildə bəyan olunmalıdır ki, insanlar başqa yollara üz tutub günaha, xəstəliyə və digər bəlalara mübtəla olmaq əvəzinə müvəqqəti nigahdan istifadə etsinlər. Burada heç də bəyənilmir ki, bəzi şəxslərin bu nigahı qadağan etməsi ilə Allah və Peyğəmbərin (s) halal buyurduğu müvəqqəti nigahı haram sayaraq özlərini ondan məhrum etsinlər. Çünki heç kəsin Allah və Onun peyğəmbərinin buyurduğu hökmü dəyişməyə səlahiyyəti çatmır.
Müvəqqəti nigah cəmiyyətdə zəruri olan məsələlərdən biridir. Çünki camaatın bədbəxtlik və yoxsulluğa düçar olmasına bais olan şeylərdən biri maddi tələbatının təmin olunmaması, digəri isə onların cinsi baxımdan təmin edilməməsidir. əgər bir cəmiyyətdə qıtlıq baş versə, camaat gündə üç dəfə çörəklə təmin olunmasa, heç olmasa gündə bir dəfə onlara çörək verilməlidir. Cinsi və şəhvət baxımından da din və şəriətin sahibi daimi nigaha imkanı olmayanlar üçün müvəqqəti nigaha icazə verməlidir. Çünki nəfsi və cinsi işlər elə mühüm məsələdir ki, daimi nigaha imkanı olmayanlara müvəqqəti nigaha da icazə verilməzsə, onlar haram yollarla öz nəfslərinin atəşini söndürərək həlakətə doğru gedərlər. Elə buna əsasən müvəqqəti nigah hər dövr və hər cəmiyyət üçün zəruri və bəyənilmiş bir hökmdür.
Daimi nigah qurmağa imkanı olmayan şəxslərə müvəqqəti nigahın zərurəti vardır. Əgər ictimaiyyətdə onu qadağan etsək, insanlar zina, livat və s. vasitələrlə, hətta başqalarının namusuna təcavüz etməklə də olsa nəfslərini ram edəcəklər.
Elə buna görə müvəqqəti nigahı bəyənməyib onu çirkin və haram bir əməl kimi tanıyanlar gecə-gündüz televiziya, sosial şəbəkələr, mətbuat vasitələri ilə başqalarının namusuna təcavüz etməyin, qız qaçırmağın, livat etməyin və heyvanlarla cinsi yaxınlıq etməyin xəbərini eşitdikdə gərək təəssüf edərək narahat olmasınlar. Çünki bu bəlaların bir çoxu daimi nigaha imkanı olmayanların və ya nəfsinin tələbatı çox olan şəxslərin müvəqqəti nigaha əlinin çatmamasıdır. Lakin bu nigahın hökmü Allah və Peyğəmbərin (s) buyurduğu kimi icra olunsa və kişi, yaxud qadın lazım olduğu vaxt müvəqqəti nigahdan istifadə etsələr, cəmiyyətdə bu qədər fitnə-fəsad olmaz.
Müvəqqəti nigah ictimaiyyətin sağlam yaşaması üçün müstəhəb bir əməl sayılır. Elə buna əsasən yaşadığımız ölkənin şəhər, rayon və kəndlərində yaşayan abırlı və həyalı ərsiz xanımlar Allahın əmrinə əməl edərək namuslu və qeyrətli kişilərlə müvəqqəti nigah bağlamağa razılıq versələr, kişilər nəfs və şəhvətlərini öldürmək üçün əxlaqsız qadınlarla zina etməyə meyl göstərməzlər. Kişilərə ərsiz qadınlarla müvəqqəti nigah bağlayaraq onlara həyan olmaq müstəhəb olduğu kimi dul və ərsiz xanımlara da həmin kişilərə qarşı müsbət rəydə olmaq müstəhəbdir. Çünki heç bir üzrü olmadan kişilərə mənfi cavab vermək Allahın hökmünə, Peyğəmbərin (s) şəriətinə mənfi münasibət göstərməkdir.
Əziz oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, bir qrup qadınlar var ki, əri dünyasını dəyişdikdən sonra adi bir səbəbə görə başqa ərə getməyə meyl göstərməyərək ömürlərinin axırınadək ərsiz yaşayırlar. Bu cür yaşamaqla da fəxr edirlər. Görəsən, bu xanımların başqa kişi ilə nigah bağlamağının nə eybi vardır ki, onu etməməyi özlərinə fəxr bilirlər. Görəsən onlar bilmirlər ki, bu yolla bir nəfəri təklikdən qurtararaq yaşadığımız cəmiyyətə böyük kömək etmiş olarlar.
Ola bilsin bəzi ziyalı şəxslər və qələm sahibləri təlif etdiyimiz kitabları oxuduqda bir neçə cümlə onları qrammatik və bədii üslub cəhətindən qane etməsin. Həmin oxuculara deməliyəm ki, mənim bu və digər kitabları yazmaqda məqsədim cəmiyyətimizin maariflənməsi, onların din və şəriət məsələlərini bilməsində irəliləyişin yaranmasıdır. Elə buna görə də dini hökmləri açıq şəkildə bəyan etmək və mənanı daha aydın şəkildə çatdırmaq üçün ola bilər ki, mübtəda və xəbərin yerini dəyişmiş olaq. Yaxud, cümlələrin birini digərindən əvvəl gətirmiş olaq. Bu dəyişiklik diqqətsizliyimizin deyil, əksinə şəriət məsələlərinin izahında daha çox diqqət etməyimizin nəticəsidir. Biz bu kitabları yazarkən şəri məsələləri camaatın bütün təbəqələrinə sadə və aydın şəkildə çatdırmağı, bəzi qrammatik gözəlliyi qoruyub saxlamaqdan üstün tuturuq. Bəzi müəlliflər özünün istədiyi mövzuda kitab yazmağa, onların qrammatik və bədii üslubunu qoruyub saxlamağa üstünlük verir. Lakin mənim üçün cəmiyyətimizin bilməyə ehtiyac duyduğu mövzuları qələmə almaq və onları camaatımıza sadə və aydın ifadələrlə çatdırmaq daha maraqlıdır.
Bunu da deməliyəm ki, müvəqqəti nigah barəsində kitab yazmaqda məqsədimiz cəmiyyətin rahat və sağlam yaşamasını təmin etmək və Allahın hökmünü onlara çatdırmaqdır.
Əli Hicrani Təbrizi
Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur