Quran Coğrafiyası

Kəbə

 
(0 votes)

                                                                                            Kəbə

إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ 
“Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkilər (Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir”[1] 

Kəbə evi Adəmin (ə) vasitəsilə tikilmişdir. Sonra Nuhun (ə) tufanı nəticəsində dağılmış və İbrahim (ə) Allahın göstərişi ilə onu yenidən bərpa etmişdir. Belə ki, İbrahim (ə) Allahın fərmanı ilə həyat yoldaşı Hacəri və oğlu İsmayılı Məkkəyə tərəf aparıb Allahın evinin yerləşdiyi yerdə qoyur. Elə bir yerdə ki, nə suyu var idi, nə də ki otu. Lakin nə etməli fərman İlahi bir fərman, məqam da imtahan məqamı idi. İbrahim (ə) öz əziz övladı və həyat yoldaşı Hacəri o biyabanda qoyub geri dönür. Bu zaman bu qocaman ata geri dönüb kövrək baxışlarla öz ailəsini seyr edir. Böyük bir iman və Allaha təvəkkül ilə üzünü səmaya tərəf tutub əllərini göyə qaldırır və belə dua edir. 

وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُمْ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ قَالَ وَمَنْ كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلًا ثُمَّ أَضْطَرُّهُ إِلَى عَذَابِ النَّارِ وَبِئْسَ الْمَصِيرُ

“...İbrahim dedi: "Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə - Allaha və axirət gününə iman gətirənlərə - hər növ meyvə və məhsullardan ruzi ver...”[2] 

İbrahim (ə) geri dönür. Çox keçmir ki, susuzluq onlara güc gəlir. Hacər İsmayılı aclıq və susuzluğun əzabından xilas etmək üçün yeddi dəfə Səfa və Mərvə dağları arasında su ümidi ilə pərişan halda qaçır və sonunda ümidsiz halda geri dönür. Allahın lütfü ilə İsmayılın ayağı altından saf və şəffaf bir bulaq qaynamağa başlayır. Ana ilə övladı o sudan içib sirab oldular. Yaxınlıqda "Curhəm" qəbiləsi yaşayırdı. Onlar Hacər ilə İsmayıla öz aralarında yer verdilər və beləliklə, İsmayıl cavanlıq yaşına çatdı. Bu zaman Allah İbrahimə əmr etdi ki, Məkkəyə qayıtsın, orada övladının köməyi ilə Allah evini (Kəbəni) yenidən tiksin. Quran bu barədə belə buyurur:

وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَنْ لَا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ 
“Və, (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kəbənin sütunlarını Adəmin  qoyduğu təməl üzərində qaldırsın deyə) Kəbə evinin yerini hazırladıq (və ona dedik) ki: "(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və ruku və səcdə edənlər üçün təmizlə!”[3] 

“Və (yada sal) o zaman(ı) ki, İbrahim və İsmail evin (Kəbənin) təməlini ucaldırdılar( və deyirdilər): "Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!”[4] 
İbrahim (ə) İsmayıl (ə) ilə birlikdə Kəbəni tikərkən Allah ilə bu məzmunda razu-niyaz edir:
“Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət yarat…”

"Ey Rəbbimiz onların arasına oxuyan, kitab və hikmət öyrədən və onları paklaşdıran bir Peyğəmbər seçib göndər. Çünki yenilməz qüdrət və hikmət sahibi Sənsən!”[5] 

Beləliklə, Kəbə evi İbrahimin (ə) əli ilə ziyarət məkanına çevrilir. Bu müqəddəs bina tovhid nidasını ucaltmaq üçün bərpa olunmasına baxmayaraq, zaman keçdikcə din təhrifə uğrayır, və bütpərəstlik əqidəsi bu məkana da yol tapır. Buna baxmayaraq, Kəbə yarandığı gündən hər zaman öz müqəddəsliyini qoruyub saxlaya bilmişdir. Ora hətta bütpərəstlərin də ibadət və and yerinə çevrilmişdir. Onlar öz böyük və güclü sandıqları bütlərini Kəbə evinin içində qoruyub saxlayırdılar. 
Məkkə tarixinə nəzər saldıqda əziz Peyğəmbərimiz Muhəmmədin (s) müvəhhid (Allahın təkliyinə inanan) babalarının əvəzsiz xidmətləri nəzərə çarpır. Bu mərd insanlar cəmiyyəti bürüyən nadanlıq, fəsad, bütpərəstlik və qeyri-insani əxlaqın çirkinliklərinə bulaşmamış, İbrahimdən (ə) Muhəmmədə (s) qədər öz paklıqlarını qoruyub saxlamışlar. Onlar sanki Həzrəti İbrahimin (ə) əlindəki tovhid bayrağını bir-birilərinə ötürərək yer üzünün sonuncu Peyğəmbərinin (s) əlinə vermişlər. Onlardan məsələn, Qusey - Peyğəmbərin (s) dördüncü babası öz istedadı ilə qısa bir müddət ərzində ali vəzifələri və Məkkənin hakimiyyətini əldə etmiş Kəbənin açarlarını saxlamaq şərəfinə nail olmuşdur. O, camaatı Kəbənin kənarında evlər tikməyə təşviq edirdi. Ölümündən sonra Kəbənin himayəsi və “Darun-nudvənin” rəisliyi oğlu Əbdud-darın övladlarının, hacıları su ilə təmin edib qonaqları qarşılamaq isə Əbdulmənafın övladlarının öhdəsində olur. Bu bölgü İslamın zühurunadək dəyişməz qalır.

Kəbənin təmiri

Kəbə tarixində mühüm hadisələrdən biri də onun təmiridir. Bu hadisə İslamın zühurundan əvvəl baş vermişdir. Belə ki, ərəb qəbilələri yığışıb Kəbəni təmir etmək qərarına gəlirlər. Bu mühüm və dəyərlı işi onlar böyük müvəffəqqiyyətlə başa çatdırırlar. Qara daşı Kəbə divarlarına yerləşdirmə şərəfinə isə Muhəmməd (s) nail olur. O, ümumun razılığı ilə qara daşı Kəbə divarına yerləşdirir.

Kəbənin övladı

Kəbənin tarixində baş verən qeyri-adi hadisələrdən biri də həzrət Əlinin (ə) onun içində dünyaya gəlməsi idi. Bu hadisə belə olmuşdur:
Əbu-Talibin həyat yoldaşı Fatimə binti Əsəd doğum əlamətlərini hiss etdiyi zaman Allah evinə üz tutur. Orada Allaha dua edərək bu doğumu onun üçün asan etməsini diləyir. Elə bu zaman Kəbənin divarları yarılır və xanım içəri daxil olduqdan sonra yenidən bağlanılır. Bu hadisənin şahidi olanlar böyük həyəcanla Kəbənin qapısının önündə toplaşıb onu açmağa çalışırlar. Lakin nə qədər cəhd etsələr də, qapı açılmır. Sonunda bu hadisənin İlahi bir hikmətlə bağlı olduğunu anlayıb səbr etmək qərarına gəlirlər. Beləcə üç gün keçir. Nəhayət, üçüncü gün Kəbə divarı yenidən həmin yerdən açılır və qucağında gözəl bir körpəni tutmuş Fatimə çölə çıxır. Allah evində dünyaya gələn bu körpə İslamı öz güclü qolları, elmi və imanı ilə yaşadan Həzrət Əli (ə) idi. O, Allah evində dünyaya gəldi, Allah evində yaşadı və Allah evində də dünyadan köçdü (Kufə məscidində). 

Kəbənin qiblə təyin olunması

Peyğəmbər (s) on üç il Məkkədə Beytul-Müqəddəsə doğru namaz qılırdı. Mədinəyə hicrət etdikdən sonra da bu məsələ olduğu kimi qalmışdı. İlahi göstəriş belə idi ki, müsəlmanlar da yəhudilərin namaz qıldığı qibləyə doğru namaz qılmalıdırlar. Bu iş biri qədim, digəri isə yeni olan iki dinin bir-birinə yaxınlaşması və həmkar olması məqsədini daşıyırdı. Lakin müsəlmanların günü-gündən çoxalıb tərəqqi etməsi yəhudi dairələrində təşvişə səbəb oldu. Çünki bu irəliləyiş İslam ayininin qısa bir müddətdə bütün Ərəbistan yarımadasına yayılıb yəhudi ayinini və qüdrətini ortadan qaldıracağının əlaməti idi. Ona görə də yəhudilər əhdi pozub Peyğəmbərə (s) və müsəlmanlara əziyyət verməyə başladılar. Onlar müsəlmanlara irad tutaraq müstəqil qibləyə malik olmadıqlarını tənə ilə vurğulayırdılar. Bu xəbər Peyğəmbərə (s) ağır gəlirdi. Gecələr evindən çıxaraq asimana baxar və bu barədə göstərişin, vəhyin nazil olmasını gözləyirdi. Aşağıdakı ayə həmin bu mətləbə işarə edir:

“Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk”.[6] 

Quran ayələrindən belə aydın olur ki, qiblənin dəyişilməsinin digər bir səbəbi də möminlik iddiası edənlərin öz iddialarında nə qədər səmimi olduğunu üzə çıxarmaq idi. Belə ki, yeni göstərişə əsasən namaz halında Məscidul-Hərama tərəf yönəlmək yeni dinə olan imanın və ixlasın, əmri icra etməkdən boyun qaçırmaq isə ikiüzlülük və

nifaqın rəmzi hesab olunurdu.

 Bu barədə Quranda belə deyilir:

“Biz sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan şəxsə görə dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd etməkdən (əzəlı elmimizi xaricdə gerçəkləşdirməkdən) başqa bir şey üçün təyin etməmişdik”.[7] 

Əlbəttə, İslam tarixini mütaliə edib Yaradanın hikmətini düşündükdə başqa səbəbləri də görmək mümkündür.

Belə ki, tovhid qəhrəmanı həzrət İbrahimin (ə) təmir etdiyi Kəbə bütün ərəb cəmiyyətinin təzim mərkəzi idi. Belə bir yerin qiblə olması bütün ərəblərin razılığını cəlb edib onları İslam dinini qəbul etməyə rəğbətləndirəcəkdi. Bundan əlavə tez-tez əhdlərini pozan və hidayətlərinə ümid olmayan yəhudilərdən uzaqlaşmaq lüzumu yaranmışdı. Qiblənin dəyişdirilməsi bu uzaqlaşmanın təzahürlərindən biri idi.

Necə ki, Aşura günü tutulan orucun da nəsx olunması (aradan qaldırılması) bu səbəblə əlaqədardır. Belə ki, yəhudilər İslamdan əvvəl Aşura günü oruc tutardılar. Peyğəmbər (s) və müsəlmanlara da həmin gün oruc tutmaq vacib idi. Sonra aşura orucu ləğv olunaraq Ramazan ayının orucu vacib edildi. Bu hadisənin maraqlı cəhətlərindən biri də qiblənin namaz əsnasında dəyişilməsi idi. Peyğəmbər (s) günorta namazının iki rükətini qılmişdi ki, vəhy mələyi nazil olub ona Məscidul-Hərama doğru yönəlmək göstərişini verir. Bəzi rəvayətlərdə də deyilir ki, Cəbrail (ə) Peyğəmbərin (s) əlindən tutub Məscidul-Hərama doğru yönəldir. Məsciddə olanlar da bu işi təkrarlayırlar. O gündən Kəbə müsəlmanların müstəqil qibləsi olur!

Kəbədən ucalan azan

Hicrətin 8-ci ili uzun illərin ayrılıq və mübarizəsindən sonra vaxtı ilə Məkkəni az saylı müsəlmanlarla tərk etməyə məcbur olan Peyğəmbər (s) on minlik əzəmətli bir ordu ilə göz bəbəyi Kəbə olan bu müqəddəs şəhəri müharibəsiz fəth edir. Uzun illər şirk və bütpərəstliyin əsiri olan bu diyar tovhidin yenilməz ordusu və müsəlmanların təkbir

sədası ilə azad olur.

Peyğəmbər (s) onun üçün qurulan xeymədə bir az istirahət etdikdən sonra dəvəsinə süvar olunmuş halda Allah evini ziyarət və təvaf etmək üçün Məscidul-Hərama tərəf hərəkət edir. Mühacir və ənsardan ibarət əzəmətli bir dəstə onu dövrəyə almışdı. Peyğəmbər (s) məsləhətə görə dəvəsindən enmədən Məscidul-Hərama daxil olur. "Həcərul-əsvəd"in qarşısında dayanaraq ona işarə edib təkbir deyir. Ətrafında dayanmış müsəlmanlar da uca səslə təkbir deyirdilər. Məsciddə çox qəribə bir əhval-ruhiyyə və səs-küy yaranır. Peyğəmbər (s) camaatın sakitləşməsi üçün işarə edir. Az keçmir ki, məsciddə tam sakitlik yaranır. Peyğəmbər (s) təvafa başlayır. Birinci dövrədə Kəbənin yuxarısına bərkidilmiş "Hubəl", "Əsaf" və "Nailə" adlı bütləri görən O Həzrət əlindəki nizə ilə onlara möhkəm bir zərbə endirir və yerə salır. Sonra bu ayəni oxuyur: 

Və de: “Haqq gəldi və batil məhv oldu, həqiqətən, batil həmişə məhvə məhkumdur”.[8] 

Onun göstərişi ilə "Hubəl" illərlə ona pərəstiş edən müşriklərin gözlərinin önündə sındırılır. Təvafı sona çatdıran Peyğəmbər (s) bir az əyləşdikdən sonra Kəbənin qapılarının açılmasının əmr edir. O, Kəbəyə daxil olur. Kəbənin daxili peyğəmbərlərin təsvirləri ilə dolu idi. Onun göstərişi ilə Kəbənin divarları Zəm-zəm suyu ilə yuyulub təsvirlərdən təmizlənir.

Tarixçilər və mühəddislər qeyd edirlər ki, Kəbənin daxilində və xaricində olan bütlərin bir qismi Əlinin (ə) vasitəsilə yerlə yeksan edilmişdir. Belə ki, Peyğəmbər (s) Əlinin (ə) çiyinləri üstünə çıxıb bütləri dağıtmaq istəyəndə hiss etdi ki, Əli (ə) onun ağırlığına tab gətirmir. Göstəriş verir ki, Əli (ə) onun çiynləri üstünə çıxıb bütləri dağıtsın.[9] 

Peyğəmbər (s) ümumi əfv elan etdi. Zöhr namazının vaxtı çatdıqda isə İslamın rəsmi müəzzini Bilal Kəbənin damına çıxıb uca səslə azan verərək tovhid və risalətin nidası Ilə qəlbləri riqqətə gətirdi.

Hər gün dünyanın bütün nöqtələrindən milyonlarla müsəlmanlar Allaha pərəstiş məqsədilə yer üzündə tikilən ilk evə - tovhid, ixlas, fədakarlıq, saflıq, əmin-amanlıq və azadlıq rəmzi olan əzəmətli Kəbəyə tərəf üz tutur, öz dua və munacatlarını bu müqəddəs nöqtədən mələkut aləminə ucaldırlar.

 

[1] Ali-İmran-96

[2] Bəqərə-126

[3] Həcc-26

[4] Bəqərə-127

[5] Bəqərə-128, 129

[6] Bəqərə-144

[7] Bəqərə-143

[8] İsra-81

[9] Əl-ğədir, c. 7, səh-10, 13

Quranda coğrafi məkanlar, 1-ci cild, Sara Əmirzadə


 138, 

Dostların veb səhifələri

15653671
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2075
7422
49218
15456216
128810
160067
15653671

sizin IP ünvanınız: 18.118.93.61
2024-12-22 06:52

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!