Əli ibn Əbutalibin Quranı cəm etməsi
Əli (ə) Peyğəmbərin dövründə hər bir işdə öndə idi və hamı bilirdi ki, Quranı onun kimi bilən yoxdur. Peyğəmbər (s) bu işi ona tapşırmışdı.
Əllamə Təbatəbai deyir:
“Əli (ə) ilk şəxsdir ki, Quranı cəm edib. Vəhyin yazılması daim onun öhdəsində idi”.
İbni Məsud deyir:
“Quranın qiraətində Əlidən daha bilikli şəxs tanımıram”.
Əllamə Təbatəbai deyir:
“Peyğəmbərin rehlətindən sonra Əli (ə) Qurana daha yaxın olan şəxs idi və Quranın Peyğəmbərdən (s) olan təsdiqinə agah idi, odur ki, evində oturdu və 6 ay ərzində onu yazıb cəm etdi və mushəfləri dəvənin üstünə qoyub məscidə gətirdi”.
İbni Sirin tarixi sənədlərə əsasən qeyd edir:
“Əli (ə) buyurur ki, Peyğəmbərin (s) rehlətindən sonra and içdim ki, əbanı çiynimə atmaram, ta ki Quranı cəm edim”.
Əbu Rafidən olan xəbərə əsasən, Peyğəmbər (s) Əliyə (ə) Quranı yığmağı tapşırmışdı və Həzrət mushəfləri bir parçaya büküb evinə apardı, oturdu və Quranı nazil olma şərtilə yazmağa başladı.
Sirin Əkrəmə deyir: “Camaat Əbubəkrə beyət edəndən sonra Əli (ə) evdə oturdu və Əbubəkrə xəbər verdilər ki, Əli səni bəyənmir. Əbubəkr onu yanına çağırdı və dedi: - Eşitmişəm məni qəbul etmirsən. Cavabında belə buyurdu: Xeyr, mən söz vermişəm ki, əbanı yalnız namaz üçün çiynimə atacağam”.[1]
Muhəmməd ibni Sirin deyir: “Mən Əkrəmədən soruşdum ki, başqaları da Quranı nazil olduğu ardıcıllıqla yığdılar? O dedi; – Əgər cin və ins bir yerə toplaşıb Quranı Əlinin (ə) yığdığı kimi yığmaq istəsələr, bacarmazlar”.[2]
Əbu Bəkr Həzrəmi İmam Sadiqdən (ə) nəql edir ki, həzrət Peyğəmbər (s) Əliyə buyurdu: “Ey Əli, Quran mənim yatağımın kənarında səhifələrdə, ipək parça və kağız üzərindədir. Quranı cəm edin və yəhudilər Tövratı məhv etdikləri kimi siz də onu məhv etməyin!”[3]
Peyğəmbərin rehlətindən sonra Əlinin üzərinə düşən vəzifə Quranı cəm etmək olub və Quranı nazil olma ardıcıllığı ilə bir müshəfdə cəm etdi. Bi iş altı ay müddətində sona yetdi.
Əlinin (ə) mushəflərinin xüsusiyyətləri
Əlinin (ə) yığdığı mushəf digərlərindən üstün cəhətlərinə görə fərqlənirdi. O xüsusiyyətlərin 4-nü qeyd edirik:
1- Surələrin tərtibi nazil olma tərtibi ilə tənzimlənmişdi.
Siyuti deyir: [4]“Birinci surə İqra, sonra Muddəssir, Nun, Muzəmmil, Təbbət yəda, Təkvir bu surələr ardıcıllıqla yazılmışdır”.
Şeyx Mufid deyir; [5]“Əli ibni Əbutalib (ə) Quranı nazil olduğu tərtibə əsasən cəm etmişdir, məsələn, Məkki surələr Mədəni surələrdən və mənsux ayələr nasix ayələrdən əvvəl yerləşirdi”. Tam dəqiqliklə desək, yəni, Peyğəmbərin (s) zamanında nazil olma axarı bu müshəflərdə əks olunurdu.[6]
Şeyx Mufid tarixi sənədlərə əsasən deyir: “Əlinin (ə) yığdığı Quran nazil olma tərtibi ilədir və onda hər şey öz yerindədir”.
2- Əlinin (ə) Mushəflərində olan qiraət Peyğəmbərin qiraəti kimi yazılmışdır.
3- Bu Mushəfdə ayələrin nazil olma səbəbləri qeyd olunmuşdur.
4- Ayələrin ümumi cəhətləri qeyd olunmuşdur və mushəfdə bunlar açıqlanmışdır. Baxmayaraq ki, xüsusi şəxslərin adına yazılmışdı. Lakin bütün ümmətə aid idi.
Əhli-şiə mənbələrində Əlinin (ə) müshəfləri
Əli (ə) Quranı cəm edəndən sonra camaatın yanına məscidə gəldi və Quranı onlara göstərəndən sonra belə buyurdu:
Peyğəmbər (s) buyurubdu ki “Mən sizin aranızda elə şey qoyuram ki, əgər siz ona yapışsanız heç vaxt yolunuzu azmazsınız. Budur Allahın kitabı və mən də itrətəm”. Sonra bir nəfər qalxıb dedi ki, sənin kitabın kimi bir kitab bizdə də var və sənin kitabına ehtiyacımız yoxdur. Beləliklə, Quran bir irs olaraq imamlardan bir-birinə ötürüldü.
Təlhədən rəvayət: Əlidən (ə) soruşur: Yığdığın mushəfi kimin üçün qoyub gedəcəksən? Həzrət (ə) buyurur: “Mən onu Peyğəmbər kimə tapşırıb o şəxsə verəcəyəm”.
Digər bir hədisdə buyurulur: Həzrət Əli (ə) buyurdu: “Yığdığım müshəfi Peyğəmbərin (s) buyurduğu şəxsə, övladım Həsənə verəcəm və o, məndən sonra mənim canişinimdir. Sonra Həsən övladım onu o biri övladım Hüseynə verəcək. Daha sonra isə Hüseynin övladlarına irs çatacak və bir-birinin ardınca onların əlində isr olaraq qalacaq”.[7]
Təhqiqatçıların nəzərinə görə Bəzi qədim muzeylərdə və kitabxanalarda Əlinin (ə) müshəfi və müshəfin nüsxəsi kimi tanıtdırılan Quranlar, tarixi xronoloji faktlara əsasən, o həzrətə mənsub ola bilməz.[8]
Əhli-sünnə mənbələrində Əlinin (ə) müshəfləri
Əhli-sünnəyə görə Qurani-kərimi cəm etmək məsələsi tarixi bir işdir və onu tarixin səhifələrində gərək axtaraq. Tarixin şahidliyi ilə Quranın mushəf şəkildə cəm olunmasını Peyğəmbərin (s) vəfatından sonra isbat ediblər.
Zeyd ibn Sabit nəql edir: Peyğəmbərin (s) vəfat etdiyi müddətə qədər Quran cəm olunmamışdı.
Xəttab da bu barədə deyir: Quran Peyğəmbərin dövründə bütünlüklə yazılmışdı. Lakin surələr ardıcıllıqla cəm olunmamışdı (bir yerə yığılmamışdı)
Beyhəqi: Zeyd ibn Sabitdən rəvayət eşitmişik ki, 20 il ərzində surələr Peyğəmbərə nazil olurdu və bu nazil olma daim ardıcıllıqla idi və arası kəsilmirdi. Çünki Qurani-kərim bitməmişdi və bu onu isbat edir ki, ayələr mushəf şəkilində ola bilməz. Peyğəmbərin ömrünün sonuna qədər ayələrin ardıcıl gəlməsi Quranın cəm olmasına mane olurdu. Çünki daim ayə və surələrin nazil olması gözlənilirdi, bitməmişdi.
Buna görə də surələri Peyğəmbər tənzim etməyə başlamamışdı.
Əbubəkr Baqilani öz kitabında yazıb: Onu cild şəkilinə salmaq Əbubəkrin dövrünə dəlalət edir.
Peyğəmbərin (s) rehlətindən sonra Quranın cəm olmasında başqa bir dəlil budur ki, Peyğəmbərin həyatında Quran ayələrinin ardı-arası kəsilməmişdi. Peyğəmbər onları surə şəkilinə salmışdı. Lakin cəm etməmişdi. Çünki Quran bitməmişdi. O vaxt ki Peyğəmbər vəfat etdi və vəhy sona çatdı və yeni vəhy gözlənilmirdi. Müsəlmanlar qərara gəldilər ki, Quranı bir mushəf şəkilində yığsınlar. Quranı yazanlar və hafizlər minlərcə vardır ki, Quranı cəm etməmişdilər. Əgər Peyğəmbərin həyatında Quran cəm olunmuşdusa, nə üçün Əli (ə) cəm etdi? Və nə üçün Peyğəmbər Əliyə (ə) rehlətindən sonra onun Quranı cəm etməsini buyurmuşdu.
Həzrət Peyğəmbərin (s) vəfatından sonra Əli ibni Əbutalibdən (ə) başqa bir çox möhtərəm səhabələr də özləri üçün müshəf cəm etdilər və onların haqqında gələcək bəhslərdə məlumat veriləcək. Surələrin ardıcıllığı baxımından onların fərqləri var idi və bu tarixi həqiqət Quranın Peyğəmbərin (s) dövründə cəm edilmədiyinə digər bir dəlildir.
Əllamə Təbatəbai bu barədə tam qətiyyətlə bildirir: “Heç şübhəsiz, Quran həzrət Peyğəmbərin (s) vəfatından sonra müshəf şəklində cəm edilmişdir”.[9]
-----------------------------------------------------------------------------------------------------------
Muhəmməd Hadi Mərifəti “Ulumul-Quran”
İbni Kəsir “Tarixul-Bidayə vən-nihayə”
İbni Cəzir “Ən-nəşr”, c.1, s-39
Hazırladı: İlahiyyatçı, Sara Əmirzadə
[1] Əl-İtqan, c.1, s-183
[2] Əl-İtqan, c/1, s-183, Zəncani, Tarixul-Quran, s-48
[3] Biharul-ənvar, c/89, s-48; Zəncani, “Tarixul-Quran”, s-44
[4] Əl-İtqan, c/1, s-183
[5] Məsailun sərviyyə
[6] Biharul-ənvar, c/89, s-74
[7] Biharul-ənvar, c/89, s-42
[8] Seyid Muhəmməd Baqir Huccəti, “Tarixi-Quran”, s.413-418
[9] Əl-Mizan, c/12, s-120