Yazar Qələmlər

Televiziya

Televiziya

Onun yaşı 50-dən bir az artıqdır. Ancaq bu müddət ərzində o, cəmiyyətimizə elə daxil olmuşdur ki, onsuz keçinmək, hətta həyatımızı onsuz təsəvvür etmək belə qeyri-mümkündür. Kəşf edildiyi gündən etibarən, ailəmizin üzvünə çevrilmiş, digərlərindən daha çox diqqətə layiq görülmüş, sevilmiş və ən nəhayət, hamını - heç kəs istisna olmadan, düşüncəsindən tutmuş, yaşam tərzinə qədər  "mənimsəmiş"dir.
Bu mənimsəmə prosesindən heç kəs yan gəzə bilməmiş, böyüklü-kiçikli hamı onun təsiri altına düşmüşdür. Bu qeyri-adi hakimiyyətə malik ailə üzvünün adı "televiziya"dır. Qeyd etdik ki, onun nüfuz dairəsinə hamı daxildir. Ancaq onun təsiri özünü azyaşlılarda daha qabarıq göstərməkdədir, ən azından ona görə ki, ətraf mühitin təsirindən daha çox əziyyət çəkən elə məhz uşaqlardır.
Bu məsələ ilə bağlı tədqiqatçılar son zamanlar bir sıra əhəmiyyətli araşdırmalar aparmış, televiziyanın uşaqlara göstərdiyi təsirə müxtəlif aspektlərdən yanaşaraq, məsələyə aydınlıq gətirməyə çalışmışlar. Belə ki, bu araşdırmalar bir sıra əhəmiyyətli sualları diqqət mərkəzinə çəkmişdir:
- TV-nin kobudluq aşılayan proqramlarını izləyən azyaşlıya, bu verilişlər necə təsir edir?  
- Onlar, ictimailəşmə prosesinə nə dərəcədə məruz qalırlar? 
- TV-ni olduğu kimi mənimsəmək onların düşüncə mexanizmini təsir altına alaraq ətrafda baş vermiş hadisələrlə bağlı hansı (kor-koranə, yaxud azad düşüncə) münasibətə səbəb olur? 
- Fəaliyyət saatına aid zamanı TV ekranı önündə keçirmək, formalaşmaqda olan kiçik varlığın orqanizminə, dil qabiliyyətinə, fantaziyasına, yaradıcılığına, dərslərindəki uğuruna və ya geriliyinə, zehni inkişafına, onun ictimai əlaqələri möhkəmləndirməsinə və ən nəhayət, demokratik bir rejimdə fəal vətəndaş olaraq hazırlanmasına necə və nə dərəcədə təsir edir?
Qeyd olunan suallar təbii ki, çox ciddi və eyni zamanda məsələnin daşıdığı əhəmiyyətə görə uzunmüddətli araşdırmaya ehtiyacı olan bir mövzudur.
Ancaq bu arada diqqətdən kənarda qalan və demək olar ki, çox nadir hallarda müzakirə obyektinə çevrilən bir məsələ vardır ki, o da televiziyanın özüdür. Ola bilsin ki, aparatdan yayımlanan dəyişkən görüntü və səslər insan fantaziyasının inkişafına səbəb olsun. Ancaq digər tərəfdən sadə bir həqiqət, rahatlıq və laqeydliklə görməzliyə qoyulur - davamlı surətdə TV izləyən şəxs bu işlə məşğul olarkən təbii ki, hər cür fəaliyyətdən uzaqdır! 
Bütün TV proqramlarının bir məsələdə şərik olmaları şəksizdir. Bu şəriklik ondan ibarətdir ki, psixologiyanın görmə, duyma və düşüncə üzvləri elmi-informatik məzmuna diqqət etmədən cavab reaksiyası verirlər. Bu metod isə birtərəfli münasibət olduğundan aydındır ki, hər hansı bir məsələnin birmənalı qəbulunu zəruriləşdirəcəkdir.
Bütün bu həqiqətlərə paralel digər inkarolunmaz həqiqət də bundan ibarətdir ki, uşaqların həyatında TV-dən başqa onların maraqlarını cəlb edəcək əyləncə mənbəyi yoxdur. Beş yaşına çatmamış uşaqlar (bu yaş qrupuna daxil olanlar, mühitin təsirinə daha çox məruz qalanlardır) TV-dən daha çox istifadə edirlər. Amerika tədqiqatçısı Nilsonun araşdırmalarına əsasən (ABŞ-da) 2-5 yaş həddində olan uşaqlar orta hesabla həftədə 21,8 saat TV izlədikləri halda, 7-11 yaş arasındakılar 18,3 saat TV-yə tamaşa edirlər. Digər tədqiqatçılar isə Amerikalı uşaqların qeyd olunandan daha çox TV-yə baxdıqlarını bildirirlər. Hətta radikal fikrin daşıyıcılarının əldə etdikləri nəticələrə görə məktəb yaşına çatmayan amerikalı uşaqlar oyaq vaxtlarının 4,1 saatından daha çoxunu TV-yə baxmaqla keçirirlər. Bu araşdırmanın ABŞ-da aparılmasına baxmayaraq, ümumilikdə azyaşlılarla bağlı mövcud olan problem haqqında, həqiqətən də, düşünməyi zəruriləşdirir. Çünki TV-nin izlənmə saatı məkanından asılı olmayaraq, doğrudan da, çoxdur və bu rəqəm get-gedə daha da artmaqdadır. Məsələn, 1982-ci ildə Amerikada 9 yaşlı uşaqların 39 %-i günün 3-5 saatını TV tamaşasına ayırdıqları halda, 1999-cu ildə bu rəqəm 47 %-ə çatmışdır.
TV-nin bütün proqramlarının uşaqlar tərəfindən rahatlıqla mənimsənilməsini artıq qeyd etdik. Bu proqramların bir hissəsi müsbət, bir hissəsi mənfi, digər hissəsi isə elə də güclü olmayan təsirə malikdir. Ancaq uşaqların TV-yə ayırdıqları çoxlu vaxta görə belə bir sual yaranır ki, TV proqramlarından öyrəndikləri bu mövzuların onlara təsiri daha çox müsbətdir, yoxsa mənfi? Əgər bu "öyrənmə"nin həcmi TV-nin izlənmə həcmi ilə müqayisə olunarsa, bu halda nə demək olar? Sözsüz ki, cavab birmənalı olmamalıdır və ola da bilməz. Çünki proqramların bütün uşaqlara eyni cür təsir etməsi qeyri-real olardı. Uşaqlar baxmayaraq ki, oxşar xarakterə sahibdirlər, digər tərəfdən, təbii ki, onları bir-birindən fərqləndirən özəllikləri də mövcuddur.
Tədqiqatçılar uşaqların bir çox problemlərinin məhz TV-dən qaynaqlandığını artıq isbat etmişlər. Amma burada diqqət ediləcək əsas məsələlərdən biri də, bu problemlərin birbaşa xarakter daşımasıdır. Bu mənşəli problemlərin ən başlıcası fəaliyyətsizlikdir. Məsələn, uşağın söz ehtiyatı (dil qabiliyyətinin inkişafı) TV ekranından öyrəndiyi sözlərin məhsulu deyil, fərqli əlaqələrdən doğan təcrübəsinin məhsulu olmalıdır.
Gün ərzində TV ekranında yüz, hətta minlərlə söz eşidirik ki, bunun da başqaları tərəfindən işlədilməsinin şahidi oluruq. 
Sosioloq U.B.Berner TV-nin təsir dairəsi haqqında belə yazır: "TV bir cadugər qarı kimi öz tilsimini hər tərəfə yayır, söhbətləşməyi və fəaliyyəti dayandırır. Tilsim öz qüvvəsini itirmədikcə (yəni, TV izləndikcə) tamaşaçının həyatına sükut çökür". Ola bilər ki, TV-nin yaratdığı təhlükə ilk növbədə insan rəftarı ilə birbaşa bağlı olmasın. Lakin bu təhlükə elə rəftarlara aid olur ki, TV onun zahir olmasının qarşısını alır - söhbətləşmək, oynamaq, mübahisə etmək (hansı ki, uşaq bir çox şeyləri mübahisə yolu ilə öyrənərək formalaşır) və s. TV-nin cərəyana qoşulması ilə uşağın formalaşma prosesi dayanır. Bu məsələ ilə bağlı tədqiqatçıların apardıqları misilsiz araşdırma - "TV-nin təsiri; üç fərqli cəmiyyətdə təbii bir test" başlığı altında mətbuat səhifələrində dərc edilmişdir.
Tədqiqatçılar Kanadanın Natel adlı kiçik bir şəhərinə TV proqramları translyasiya olunanda, onların göstərdiyi təsiri sənəd olaraq gətirmişlər (Natel coğrafi mövqeyinə görə, keçən on il ərzində TV-dən məhrum kiçik bir şəhər idi). Tədqiqatçılar bu iş üçün iki dəfə TV-nin Natelə daxil olmasından öncə və sonra uşaqların müxtəlif bacarıq və qabiliyyətlərini imtahan edirlər. TV-dən öncəki araşdırmanın nəticəsi heyrətləndirici idi -  onların qiymətləri digər iki şəhərin uşaqlarınkından üstün olmuşdur. TV-dən sonrakı imtahan isə onların qiymətlərinin nə qədər aşağı düşdüyünü göstərmişdir.                   
Beləliklə, araşdırmaya əsasən belə nəticəyə gəlmək olur ki, TV-də uşaqların fəaliyyətinin qarşısını alan bir səbəb var. Həmin səbəb bundan ibarətdir: uşaqların asudə vaxtlarından səmərəli istifadə etmələrinə, onların yüksək qiymətlər əldə etmələrinə şərait yaratmışdır. Həmin fəaliyyətin yerini TV-nin tutması isə onların geriləməsinə səbəb olmuşdur.

Nə üçün valideynlər proqramın mövzusuna əhəmiyyət verirlər?

Hal-hazırda bir çox valideynlərimiz TV-nin övladlarına qoyduğu təsirlə əlaqədar bərk narahatlıq keçirirlər. Son vaxtlar aparılmış (ABŞ-da) araşdırmaya əsasən hər on valideyndən yeddisini proqramın mövzusu maraqlandırır. Amma bir az dərindən düşünsək, məsələnin proqramın mövzusu ilə həll olunmadığını rahatlıqla anlaya bilərik. Çünki bu fikrin tərəfdarları uşaq proqramlarının səthinin yaxşılaşdırılmasını tələb edərkən, ailənin TV ilə bağlı olan problemlərini azaltmaq əvəzinə, məsələni daha da mürəkkəbləşdirirlər. Valideyn sözügedən tələbi irəli sürməklə övladının maddi, mənəvi ehtiyaclarını təmin etmədiyini anlamırmı? Uşaqların münasib əyləncəli proqramları izləməsi, valideynlər üçün aram və sakit bir atmosferin yaranması demək deyilmi?  
Beləliklə, TV-nin izlənmə saatının öz-özlüyündə tədris halını aldığını görən ata-ana "günah" hissini daha az keçirəcəkdir.
Bu arada əsas məsələ - uşaqların ehtiyacları diqqətdən kənarda qalır. 

Uşaqların ehtiyacları

Uşaqlar özlərini başqalarının (xüsusilə böyüklərin) bağlılığından azad etmək, "özünə inam" hissini gücləndirməyə ehtiyac duyurlar. TV tamaşası isə bu bağlılığı gücləndirir.
Onlar da müvəffəqiyyətə yetişmək üçün həm istedadlarını, həm də zəif xüsusiyyətlərini kəşf etməyə ehtiyac duyurlar. TV isə onları bu kəşfə doğru yönəltmir. Həqiqətən də, TV uşaqların real həyat fəaliyyətinə məhdudiyyət qoyur.
Cəmiyyətin ayrılmaz üzvü olan uşaqlar yazıb-oxumaq, öz hisslərini ifadə etmək və s. kimi bir sıra məharətləri öyrənməyə möhtacdırlar. TV isə onların dil qabiliyyətinin inkişafı üçün heç bir əhəmiyyətli təsirə malik deyildir. Çünki o, uşaqlarla dialoqlaşmanı heç cür qəbul etmir. Nəticədə isə kiçik tamaşaçı qeyri-aktiv "qəbuledici" rolunu oynamağa başlayır. 
Uşaqlar istedadlarının ailə ocağında inkişafına ehtiyac duyurlar. Ən azından ona görə ki, onlar da sabahın valideynləridir. Buna görə də onlar üçün ailə daxilində fəaliyyət və təcrübələrə şərait yaradılmalıdır.  
Azyaşlı uşaqların təxəyyülü, böyüklərin təxəyyülünün məhsulu olmamalı və ən əsası da, TV tərəfindən onlara aşılanmamalıdır. Həqiqi sevinc və razılıq hissini yaşamaları üçün onlar öz fantaziyasını gerçəkləşdirə bilməlidirlər.
Zehni mühərrikin fəaliyyəti uşaqlar üçün çox zəruridir. Fəal həyat yaşamları üçün onlar düzəltmək, tikmək, toxumaq, sındırmaq və s. kimi bir sıra işləri görməlidirlər. TV isə onları bu fəaliyyətdən məhrum edir.
TV-nin yaratdığı asılılıqdan tam mənada xilas olmaq bir tərəfdən qeyri-mümkün, digər tərəfdən isə həyatımızın əsas zərurətlərindən olduğundan, onun gətirdiyi fayda və zərər valideynləri ciddi şəkildə düşündürməlidir. Ən azından ona görə ki, övladlarımızın həyatlarının istiqamətləndiricisi elə biz böyüklərik!  

Xuraman Şirinova
"The Pluq m Druq" kitabının  fəslinə əsasən

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.


 5372, 

Dostların veb səhifələri

15655193
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3597
7422
50740
15456216
130332
160067
15655193

sizin IP ünvanınız: 18.119.116.77
2024-12-22 11:17

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!