Yazar Qələmlər

Təvəssül

Təvəssül

(lüğətdə və elmi dildə)

 

“Təvəssül” ərəb sözü olaraq “vəsilə” sözündən götürülmüşdür.

Allahın razılığını qazanmaq istəyən hər bir insan onun razılığını cəlb edən saleh əməlləri onun dərgahında vasitə qərar verir. Duasının qəbul olmasını istəyən hər bir insan şəriətdə vasitə sayılan şeyləri onun hüzuruna təqdim edir.

“Təvəssül” (bəndənin öz Rəbbinə duasının qəbul olması üçün) hər hansı bir şeyin vasitə olaraq təqdim edilməsidir. Misal üçün əgər bəndə Allahın gözəl adlarını, uca sifətlərini, əzəmətini və paklığını xatırlayıb dilinə gətirərsə və sonda isə öz diləyini diləyərsə artıq Allahın gözəl sifətlərini öz hədəfinə yetişməkdən ötrü vasitə qərar vermiş olur. İmam Sadiq (ə) buyurmuşdur: “Allah-təala hadisələri yalnız və yalnız öz səbəbləri ilə baş verməsini istəmiş və buna görə də hər bir şeyə bir səbəb qərar vermişdir” (Şeyx Kuleyni, “Əl-usul minəl-kafi”, c.1).

Bütün əsrlərdə yaşayan müsəlmanlar istər səhabələr olsun, istərsə də onlardan sonra gələn tabeinlər bu çərçivədən kənara çıxmamışdır.

 

Allahın adları və sifətləri ilə təvəssül

Allah-təala bəndələrini özünün gözəl adları ilə dua etməsinə əmr edərək buyurmuşdur: “Gözəl adlar Allaha məxsusdur. Onu bu adlarla çağırın. Və Allahın adlarında şirkə yol verənləri tərk edin. Onlar gördüyü əməllərə görə cəzalanacaqlar” (“Əraf” surəsi, ayə 180).

Hər bir müsəlmanın vəzifəsidir ki, Allahı bu adlarla çağırsın.

Əgər bəndə bütün xeyr və bərəkəti özündə toplayan bu adları zikr edərək öz ehtiyaclarını Allahdan istəsə, O da dualarını qəbul edər. Bu barədə bir çox səhih hədislər gəlmişdir ki, onlardan bəzilərinə burada işarə edirik:

Tirmizi öz “Səhih”ində Abdullah ibn Bureydədən o da öz atasından belə nəql edir: “Bir gün Peyğəmbər (s) bir kişinin belə dua etdiyini eşidir: “Ey mənim Allahım, Sənin birliyinə şəhadət verib Əhəd və Səməd olmağını, doğmayıb və doğulmayıb deyərək, Sənə bir kəsin oxşayıb, tayı-bərabəri olmadığını təsdiq edərək Səndən xahiş edirəm”.

Peyğəmbər (s) belə buyurdu: “Artıq Allaha ən böyük adı ilə dua etdin. Hər kəs bu adla dua etsə ona cavab verilər və dilədiyi ona əta olunar”.

Əhli-beyt imamlarından (ə) gələn hədislərdə bu cür təvəssüllərə rast gəlmək olar:

İmam Rza (ə) öz babası imam Baqirdən (ə) belə nəql edərək buyurur ki, o, Ramazan ayında Allah-təalaya belə dua edərdi: “Ey mənim Allahım, Səni malik olduğun məqam və səltənətə and verərək xahiş edirəm, Səni yalnız Sənə məxsus olan bütün məqam, səltənət və hakimiyyətinə and verərək xahiş edirəm. Ey mənim Allahım, Səni xahiş edən zaman verdiyin cavaba and verirəm, mənə cavab ver!” (Seyyid ibn Tavus əl Hilli, “Əl iqbal”)

 

Qurani-kərimlə təvəssül

Qurani-kərim Allahın yaratdıqlarındandır, buna görə də Quranla təvəssül və Qurana and verib diləmək Allahın yaratdığını vasitə qərar verməkdən ibarətdir.

Əhli-sünnət alimlərindən olan imam Əhməd İmran ibn Hasindən nəql edərək belə deyir: “Bir gün hekayə söyləyən bir kişinin yanından keçirdim. İmran sözünə başlayaraq belə dedi: Biz Allahdanıq və Ona doğru qayıdacağıq. Allahın Rəsulundan (s) eşitdim ki, belə deyərdi: Quran oxuyun və Quranı vasitə qərar verərək Allah-təaladan diləyin” (Əhməd ibn Hənbəl, “Müsnəd”, həmçinin bu hədisi Əl Təbərani və Əl Beyhəqi öz hədis kitablarından nəql edir).

Quranın vasitə qərar verilməsi bu kitabın Allah dərgahında izzət və hörmətə malik olması üçündür. Həmin bu sifətlər əziz İslam Peyğəmbəri (s) və onun pak və məsum Əhli-beytində (ə) mövcuddur. İbn Tavus əl Hilli “Əl iqbal” kitabında Əhli-beytdən (ə) nəql etdiyi rəvayətdə belə deyir: “Qədr gecəsində Quranı açıb belə demək müstəhəbdir: “Ey mənim Allahım, Səni nazil olmuş Qurana və içindəkilərə and verərək diləyirəm. Bu kitabda Sənin böyük ismin, gözəl adların, insanı qorxuya salan və ümid verən ayələr var. Məni Cəhənnəm odundan azad olunmuşlardan qərar ver!” (Seyyid ibn Tavus əl Hilli, “Əl-iqbal”)

 

Saleh əməllərlə təvəssül

Əgər təvəssül hər hansı bir şeyi Allahın hüzuruna təqdim edərək duanın qəbul olmasını diləməkdirsə, onda şübhəsiz ki, saleh əməllər Allaha yaxın olmaq üçün ən gözəl vasitələrdəndir. Hətta bəzi ayələrdə bu mətləbə açıq-aşkar olmasa da bəzi işarələr vardır:

“İbrahim və İsmayıl Kəbə evinin bünövrəsini qaldırdıqları zaman (İbrahim) belə dedi: Bizim pərvərdigarımız, bizdən qəbul et. Həqiqətən, Sən eşidən və bilənsən. Ey bizim pərvərdigarımız, bizi sənə təslim olanlardan qərar ver, bizim nəslimizdən də Sənə təslim olan ümmət qərar ver. Bizə ibadətlərimizi göstər və bizləri bağışla. Həqiqətən, Sən bağışlayan və rəhimlisən” (“Bəqərə” surəsi, ayə 127-128).

Gördüyünüz kimi, İbrahim və onun səbirli oğlu Allaha vəsilə olaraq Kəbənin təmir olunmasını təqdim edərək bir neçə şey dilədilər: əməlin qəbul olunması, ikisinin də Allaha təslim olanlardan qərar verilməsi, həmçinin onların nəslindən olan bir qrup insanların sırf Allaha təslim olması, ibadətlərin tanıtdırılması və tövbənin qəbulu.  

Allah-təala buyurur: “O kəslər ki, “ey bizim pərvərdigarımız” – deyə, nida edərək diləyirlər: Həqiqətən, biz iman gətirmişik, bizim günahlarımızı əfv elə və bizləri cəhənnəm əzabından qoru” (“Ali-İmran” surəsi, ayə 169).

Bu ayədə bir qədər təfəkkür edən şəxsə kifayətdir ki, əfv ilə iman gətirmək arasında olan sıx əlaqəni anlasın. Əgər bu qəbildən olan ayələri təhqiq etsək görərik ki, bu ayələr açıq-aşkar deyil, sadəcə olaraq, söhbəti gedən mətləbə işarə edir. Lakin Peyğəmbərdən (s) gələn hədislərdə saleh əməlin dua zamanı xatırlanması Allahın rəhmətini cəlb edən vasitələrdən biri kimi qeyd edilir. Beləliklə, Onun rəhməti bəndəyə nazil olaraq diləyini qəbul dərəcəsinə yetirir.

İndi isə hər iki məzhəbin (şiə və əhli sünnət) rəvayət etdiyi əhvalatı təqdim edirik. Buxari ibn İmrandan o da Allahın Rəsulundan (s) belə nəql edir: “Sizdən əvvəlki ümmətlərdən üç nəfər yol ilə gedirmiş. Birdən yağışa düşürlər. Bu vaxt bir mağaraya pənah aparırlar. Mağaraya girən kimi daşlar tökülüb onun girişini bağlayır. Bir-birinə belə deyirlər: And olsun Allaha bizi buradan yalnız düzgünlük xilas edə bilər. Elə isə bizdən hər birimiz gördüyü düzgün əməllə dua etsin.

Onlardan biri belə deyir: Ey mənim Allahım, Sən bilirsən ki, mənim bir işçim var idi. O, düyü sahəsinin bir hissəsində işləyirdi. Lakin oranı tərk edib getdi. Mən həmin sahəyə getdim və çəltiyi əkdim. Bir gün mən ondan bir inək almalı oldum. O, mənim yanıma gəlib məndən zəhmət haqqını tələb etdi. Mən ona belə dedim: O inəyi götür apar. O, öz tələbinə davam edərək dedi: Sən mənə düyü sahəsinin bir hissəsini verməlisən. Cavabında isə yenə də ona dedim ki, o inəyi götür apar. Bu inək həmin sahənin məhsulundandır. Həmin adam inəyi özü ilə apardı. Ey Allahım, Sən bilirsən ki, mən bu işi Sənin qorxundan etdim. Bizi xilas et. Bunun nəticəsində qaya parçası bir qədər geri çəkildi.

İkincisi isə belə dedi: Ey mənim Allahım, Sən bilirsən ki, mənim qoca atam və anam var idi. Hər gecə onlara öz qoyunumun südündən gətirərdim. Bir gecə onlara süd gətirməyi gecikdirdim. Mən evə daxil olanda artıq onlar yatağa girmişdilər. Ailəm və uşaqlarım aclıqdan ağlaşırdılar. Ata-anamı içirtməyincə onlara bir şey verməzdim. Nə onları oyatmaq, nə də ki, südü içərək rahat olmalarını tərk etmək istəmədim. Bu minvalla dan yeri sökülənə qədər gözlədim. Ey Allahım, Sən bilirsən ki, mən bu işi Sənin qorxundan etdim. Bizi xilas et. Elə bu an qaya parçası mağaranın ağzından çəkildi və onlar rahatlıqla göy üzünü müşahidə etdilər.

Onların üçüncüsü isə belə dedi: Ey mənim Allahım, Sən bilirsən ki, mənim bir əmim qızı var idi. O, mənə hamıdan daha sevimli idi. Mən onu cinsi əlaqəyə sövq etdim, amma o, imtina etdi. Və mənə dedi ki, əgər ona yüz dinar gətirsəm mənimlə razılaşacaq. Mən həmin məbləği əldə etmək üçün çalışdım və sonda bu məbləği əldə edib ona gətirdim. Məbləği ona verəndən sonra onunla cinsi əlaqəyə girmək üçün mənə fürsət verdi. Mən onun qarşısında dayanan zaman mənə belə dedi: Allahdan qorx və mənimlə ancaq şəriətin buyrduğu yolla əlaqəyə gir! Mən ayağa qalxıb yüz dinarı orada qoyaraq bu işi tərk etdim. Allahım, Sən bilirsən ki, mən bu işi Sənin qorxundan etdim, bizə nicat ver! Allah-təala onlara həmin çıxılmaz vəziyyətdən nicat verdi və onlar mağaranı tək etdilər” (Buxari, “Səhih”, Dəməşq çapı, İbn Kəsir mətbəəsi, c.3, səh.1278).

Peyğəmbər (s) bu hədislə demək istəyir ki, ümmətindən olan hər bir kəs öz gördüyü saleh əməli dduasının qəbul olması üçün vasitə qərar verə bilər. Əgər bu kimi şeylər yalnız ümmətlərə məxsus olsaydı onda bunu bəyan etməli idi. Bu hədis bəzi söz fərqlərinə baxmayaraq, həm Əhli sünnət, həmdə şiə məzhəbinin alimləri tərəfindən rəvayət olunmuşdur. Təfsir alimi Təbərsi belə yazır: “Quranda xatırlanan “Əshabul-Raqim” həmin üç nəfərdirlər (Əllamə Təbərsi, “Məcməul-bəyan”).

 

Allah Rəsulunun (s)  duası ilə təvəssül

İslam Peyğəmbərinin (s) Allah dərgahında heç kimə nəsib olmayan olduqca uca məqamı vardır. O, məxluqların ən üstünüdür. Qurani-kərim Allah Rəsulunun (s) yüksək məqamına işarə edərək ona hörmət edilməsinin lazımlığını vurğulamışdır:

“Ey iman gətirənlər, səslərinizi Peyğəmbərin səsindən uca etməyin və bir-birinizin yanında səslərinizi qaldırdığınız kimi onun yanında qaldırmayın ki, siz dərk etmədiyiniz bir halda əməlləriniz batil olmasın” (“Hucurat” surəsi, ayə 2) Həmçinin buyurmuşdur: “Bir-birlərinizi səslədiyiniz kimi Peyğəmbəri səsləməyin...” (“Nur” surəsi, ayə 63)

Peyğəmbərin (s) bütün möminlərin nümunə olmasına işarə edərək buyurur: “Həqiqətən, Allah Rəsulunda Allaha və Axirət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunə vardır” (“Əhzab” surəsi, ayə 21).

Həmçinin, Allah-təala və mələklər ona salavat göndərir və salavat göndərməyi möminlərə əmr edərək belə buyurur: “Allah və mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və təmamilə ona təslim olun” (“Əhzab” surəsi, ayə 56).

Peyğəmbərin (s) batini səfa və gözəlliyinə, ruhunun qüvvəsinə işarə edərək belə buyurur: “Həqiqətən, sən əzəmətli əxlaq sahibisən” (“Qələm” surəsi, ayə 56).

Onun gecələr etdiyi ibadət və itaətinə işarə edərək buyurur: “Həqiqətən, sənin Rəbbin bilir ki, sən və səninlə olan möminlərdən bir qrupu gecənin təxminən üçdə ikisini (ibadət üçün) oyaq qalırsız” (“Muzəmmil” surəsi, ayə 20).

Həmçinin elminin dərinliyinə işarə edərək buyurur: “Və bilmədiyini sənə öyrətdi. Sənin üzərində olan Allahın fəzli böyükdür” (“Nisa” surəsi, ayə 113).

Peyğəmbərin (s) yer üzərində İlahi əzabının qarşısını alan iki amandan biri olmasını xatırlayaraq belə buyurur: “Nə qədər ki, sən onların arasındasan və nə qədər ki, onlar tövbə edirlər Allah onlara əzab verməz” (“Ənfal” surəsi, ayə 33).

Allah Rəsulunun (s) kəraməti elə bir həddədir ki, Quran Allahın və onun adını çəkərək onlar barəsində eyni feli işlədir: “... Allah və Onun Rəsulu sizin əməllərinizi görür. Sonra aşkar və gizlini bilənə (Allaha) doğru qaytarılacaqsınız...” (“Tövbə” surəsi, ayə 94)

Allah-təala Peyğəmbərə (s) itaət barəsində belə buyurmuşdur: “Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə əzəmətli feyzə yetişmişdir” (“Əhzab” surəsi, ayə 71).

Bu və bunun kimi ayələrdə Allah-təala Peyğəmbərin (s) adını öz adı ilə bərabər çəkir və yaxud da hər ikisinin barəsində eyni feli işlədərək ona əzəmət verir və onun Allah dərgahında olan məqamına işarə edir. Belə olan halda Peyğəmbərin (s) duası rədd olunmaz. Həmin bu xüsusiyyətə görə Allah təala günahkar bəndələrinə müraciət edərək onun duasından yapışmağı əmr edir: “Biz bütün peyğəmbərləri Allahın izni ilə itaət olunmaq üçün göndərdik. Əgər onlar özlərinə zülm edərək sənin yanına gəlib Allahdan bağışlanmaq istəsələr, peyğəmbər də onlar üçün Allahdan bağışlanmaq istəyən zaman Allahı, tövbələri qəbul edən və rəhimli görərlər” (“Nisa” surəsi, ayə 64).

Başqa bir ayədə Allah təala münafiqlərə xitab edib Peyğəmbərə (s) doğru getmələrini əmr edir ki, Peyğəmbər (s) onlar üçün Allahdan bağışlanmaq diləsin. Amma onlar bu xitabı qulaq ardına vururlar: “Onlar” – Gəlin, Allah Rəsulu sizlər üçün bağışlanmaq diləsin” – deyilən zaman boyun qaçırarlar. Görərsən ki, onlar təkəbbürlü halda sözlərindən üz çevirərlər”  (“Munafiqun” surəsi, ayə 5).

Bütün bunlar Peyğəmbərin (s) duasının həmişə qəbul mərkəzində olduğunu deməyə əsas verir. Keçmiş səmavi dinlərdə ali mənəviyyata malik insanın duası ilə təvəssül etmək çox yayılmış bir fenomen idi. Yaqub (ə) Peyğəmbərin oğlanları gördükləri işin üstünün açıldığını gördükdə atalarının dualarını vasitə qərar verirlər: “Ey bizim atamız, günahlarımızın bağışlanmasını Allahdan istə. Biz xəta edənlərdən olmuşuq. (Yaqub) dedi: “Tezliklə sizin üçün Rəbbimdən bağışlanmaq dilərəm. Həqiqətən, O, bağışlayan və rəhimlidir”  (“Yusif” surəsi, ayə 97-98).

Bu ayələr aşkarcasına göstərir ki, Allahın sonsuz rəhməti bəzən öz bəndələrinə birbaşa, bəzən isə ən gözəl məxluqatı və peyğəmbərlərin ən şərafətlisinin vasitəsi ilə nazil olur. Bununla da bəzi insanların “Allah-təala öz bəndəsinə şah damarından daha yaxındır və öz bəndəsinin halını bilir, onu görür və eşidir, buna görə də heç bir vasitəyə ehtiyac yoxdur” kimi sözlərinin nə qədər də məntiqsiz və puç olduğu aydın olur. Bu kimi sözlər yalnız və yalnız Quranın ayələri, Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) dilindən eşidilən hədislərlə tanışlığı olmayanlar və həmçinin səhabələrin həyat tərzindən xəbərdar olmayan cahillərdən baş verə bilər. Çünki söhbət Alahın öz bəndəsinin halından xəbərdar olub olmamasından getmir, əksinə söhbət başqa bir məcrada, daha dəqiq desək, özünə zülm edən bəndənin duasının Allah dərgahına ucalmağa qabiliyyəti olmamasından gedir. Lakin peyğəmbərin (s) duasını öz duasına əlavə edən bəndənin duası Allah dərgahında eşidilər və qəbul edilər.

Bu məqamda Misirin “Əl Əzhər” Universitetinin ustadlarından biri olan Muhəmməd Əl Fəqqinin söylədiyi nitqini xülasə olaraq xatırlayırıq: “Həqiqətən, Allah-təala öz Peyğəmbərini (s) şərafətli ayələrlə şərəfləndirmiş, ən əziz, kamil və uca ayələri ilə əzizləmiş, ona zahiri və batini nemətlərini bəxş etmiş, qədr-qiymət taclarının ən əzəmətlisini, məqam və heybət əklillərinin ən gözəlini qoymuşdur. Onun, istər diri ikən, istərsə də ölü ikən məqam və mənsəbini xatırlayaraq belə buyurmuşdur: “Allah və Onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və tamamilə ona təslim olun”. Allahın və mələklərinin salavatından dah üstün və əzəmətli nə ola bilər?! Bəndələri oan salavat və salam göndərməyə əmr etməsindən daha əziz nə ola bilər?!

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5304, 

Dostların veb səhifələri

15655170
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3574
7422
50717
15456216
130309
160067
15655170

sizin IP ünvanınız: 18.191.72.220
2024-12-22 11:13

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!