Yazar Qələmlər

Həzrəti Fatimeyi-Zəhranın (s.ə.) matəm günləri

 
(0 votes)

                                                                                            Həzrəti Fatimeyi-Zəhranın (s.ə.) matəm günləri 

Allahın salamı olsun Onun əziz Peyğəmbəri Həzrət Muhəmmədə (s), və Onun pak ailəsi, şərafət sahibi olan Əhli-Beytə (ə). Peyğəmbərin (s) əziz qızının şəhadət, əzalı günlərindəyik. Xanım Zəhranın eşqi ilə dolu qəlblərimiz bu günlərdə riqqətə gəlib. Allah-Təala bizi o xanımdan ayrı salmasın və qəlbimizdə onun eşqini daim bərqərar etsin. Allah-Təala bizim ləyaqətli bəndələr olmağımız üçün Peyğəmbər (s) və Məsum imamları bizlərə hidayət neməti olaraq bəxş edib və hər cür xeyir-bərəkət, xoşbəxtliyimizin tam olmasını bu müqəddəs şəxsiyyətlərlə əlaqələndirib. Odur ki, daim Ona təvəkkül etmək və Ondan yardım diləmək kifayətdir.

Bu günkü mövzumuz nur ailəsindən bir zərif çiçək, inci Xanım Zəhranın (s.ə) dəyəri və üstünlüyü haqqındadır. Onun nailiyyətləri, ömrünün qısa olmasına baxmayaraq bu qədər fəzilətlərə sahib olması bütün qadınları heyrətdə qoyan bir məsələdir. Təbii ki, biz bu üstün məziyyətləri öz yaşadığımız zamanda da axtarırıq və o xanıma layiqli olmaq üçün müəyyən işləri görməyə can atırıq. Və nədir bu üstünlük, nədir bu dəyər? Biz ona necə sahib ola bilərik? Bu suallar ətrafında daim düşünürük. Çünki hər birimiz bir xanımıq, anayıq, bacıyıq, həyat yoldaşıyıq. Təbii ki, biz də həyatımızı dəyərli etmək istəyirik. Və bu gün Zəhra qapısına üz tutmuşuq. Öz dəyərsiz həyatımızı, vücudumuzu onunla zinətləndirmək istəyirik.

Qadınların dəyəri barəsində ən gözəl sözləri İslam dini demişdir. Dinin ali dəyərli təlimlərində qadınlara yüksək məqamlar verilib. İslami rəvayətlər də onları dəfələrlə təsdiqləyib. İmam Sadiq (ə): “Xeyir-bərəkətin əksəriyyəti qadınların vücudunda qoyulmuşdur”. Başqa bir hədisdə qadınları iki dəstəyə ayırıb 1) Yaxşı qadınlar, 2) pis qadınlar və yaxşı qadınlar barəsində buiyurub: “Bu qadınların dəyəri qızıl-gümüş, ləl-cəvahiratdan daha üstündür. Və heç bir qiymətli daş-qaşın onların yanında dəyəri yoxdur”.

Təbii ki, qadın gərək bu dəyəri qorusun. Öz dəyərini bilsin. Harda, necə, nə kimi işlər görməli, bunu yaxşı bilməlidir. Qadının məsuliyyəti çoxdur, ailə, ictimaiyyət, təhsil ocaqları və s. İslam dininin üstün xüsusiyyətlərindən biri də budur ki, bütün işlərdə gərək normal bir həddə riayət edək. Şəriətin bizdən tələb etdiyi qaydalar əsasında rəftar edək. Və orta bir həddə, nə az, nə çox. Müasir dövrümüzdə daha çox ehtiyyac duyulan hansı məsələlər var? Və qadınlar nə kimi işlər görə bilərlər?

Əsrimizin müsəlman qadınlardan tələbi nədir?

Təbii ki, hal-hazırda cərəyan edən aktual məsələlər bizi maraqlandırır və hər kəs düzgün yolu tapmaq istəyir. Hansı mövqe doğrudur o tərəfə istiqamətlənmək istəyir. Bəzən bu məqsədlə irəliləyirik, ama həmişə müvəffəq olmuruq. Çünki, doğru mövqeyi tapa bilmirik. Yaxud da onu tanıyırıq, ama icra etmirik. Məsələ budur. Söhbətimiz qadınların hansı tərəfdə mövqe tutmaları haqqındadır. Bu məsələnin başında əsasən 3 nəzəri məsələ var.

1) Qadın hüquqları, 2) Qadın şəxsiyyəti, 3) Qadının İslamda yeri.

Əsasən bunları tanımaq istyirik. Və bunları bilirik, lakin həyatımızı uyğun qaydalara görə nizama salmaq başqa bir məsələdi. Məsələn, biz İslam dinində elmə və insan hüquqlarına yetərincə diqqət göstərildiyini dəfələrlə təkrarən deyirik, amma təəssüf ki, bu dəyərlərdən istifadə etmirik. Yəni, ən azından bildiklərimizə əməl etməklə bu dəyərlərdən faydalana bilərik. Hər kəs öz bildiyi qədərinə əməl edib onu başqalarına çatdıra bilirsə bu onun üçün faydalıdır. Əks halda onun bildikləri heç kəsin dərdinə dəyməz. Bir ömür elm, təhsillə məşğul olaq, uzun illər oxuyaq, amma hələ qarşımızda bir nəfərə də olsun öyrətməyək. Bu ona bənzəyər ki, biz heçnə oxumamışıq. Çünki elmin dəyəri o zaman hüzur tapar ki, bizdən əxz olsun və digərlərinə də onun faydası yetişsin.

Diqqət etsək görərik ki, çoxları İslam dinində ictimai məsuliyyətləri, ailə və qadın hüquqlarını yaxşı tanıyır. Amma bu məlumatları bir kənara qoyub qeyri-İslami adət-ənənələrin əsasında yaşayır. İslami dəyərlərlə yaşamağa cəhd edənlər də azdır. Xülasə, danışmağa gəlincə danışırıq və elə bununla da kifayətlənirik. Sanki o cür danışırıq ki, bizim boynumuzdan götürülsün. Qiyamətdə sorğu-sual asan olsun bu barədə. Soruşanda mən də deyə bilim ki, filan vaxtı filan sözü demişdim. Amma baxır necə və nə dərəcə demişdim. Əsas məsələ budur. Dediklərimin təsirli olacağına heç özümün gümanı varmı? Deməkdə məqsədim nə idi? Hansı prinsipi irəli tutdum? Şəxsimi? Ümumimi? Dini maarifin genişlənməsi üçünmü? Yoxsa özüm üçün Qiyamətin sorğu-sualından zəmanət qazanmağım üçün? Gərəy bu sualların ətrafında biraz düşünək. Və yaşadığımız əsrin bizdən tələbini tanıyarıq. Nə etməli? Necə danışmalı? İslam üçün necə bir iş görə bilərik?

Hal-hazırda cəmiyyətimiz ağır böhran içindədir. Amma buna baxmayaraq biz işimizi davam etdiririk və etdirməliyik. Olmazmı ki, günümüzün 5-də bir hissəsini (hələ 3-də bir demirəm), dini maarifə, dini məsələlərə həsr edək ki, həm dünyamız və həm də axirətimiz abad olsun və bundan başqa yaxınlarımız, ətrafımız bizdən faydalansın. Hər hansı bir məsələnin layihəsi varsa, onu həyata keçirməyi düşünmək lazımdır. Dini dəyərlərin həyatda gerçəkləşməsi üçün yollar axtarılmalıdır. Bu işə canla-başla və məsuliyyətlə yanaşmaq lazımdır. Din bizdən ilk növbədə məsuliyyət tələb edir, əgər bu olmasa işimizin faydası olmaz. Şəraitdən asılı olmayaraq davam etməliyik.

Bir zamanlar dini təhsil ocaqları canlı fəaliyyət göstərirdi, məclislər təşkil olunurdu, amma indi online sistemdə görüşlər, dərslər təşkil olunub. Rahat şəkildə hamı üçün elm öyrənmək şəraiti yaranıb, vaxtını öyrəncilərin təhsilinə sərf edən dəyərli müəllimələr öz nəsihətləri, dərs metodları ilə sizin xidmətinizdədirlər. Bəs nədir bizi süst edən? Niyə elmə bəzən məsuliyyətsiz yanaşırıq. İslam maarifi bizə Peyğəmbərdən (s) əmanətdir. Onun öyrənilməsində və digərlərinə çatdırılmasında biz məsuliyyət daşıyırıq. Bu gün biz bu elmi dəqiqliklə mənimsəməsək, sabah bizim fikirlərimizi başqa tərəfə yönəldə bilərlər. Yeganə din maarifidir ki, insanı düzgün təfəkkürə və doğru qərar verməyə sövq edir. Bundan başqa yerdə onu axtarmaq yanlışlıqdır.

Xanım Zəhranın (s.ə) adı ilə söhbətimizi başlamışıq. Və onun adı çəkilən yerdə təbii ki, elə bil xanım olmaz ki, çəkinməsin. İnsan həya edir, utanır. Çünki müqayisəsiz xanımdır. Bu gün yalnız elm, din maarifindən söhbət açmaq fikrində deyilik, həmçinin, həyatımızda aktual olan məsələlər barədə danışacağıq.

Qadın hüququ və tarixdə qadının rolu, həm də elmi bir məsələdir.

Və bu məsələyə gəlincə görürürük ki, bu gün müxtəlif firqələr, cərəyanlar mövzuya cürbəcür mövqelərlə yanaşır. Diqqət etsək böyük cəmiyyətlər bütün bu əks mövqelərin təsiri altına düşüb və hətta bizə qədər də gəlib çatıb. Həm də elə bir tərzdə bizim evlərimizə, ailələrimizə siraət edib heç özümüzün də xəbəri yoxdur. Təəssüflər olsun ki, bizim əsrdə qadın şəxsiyyəti böhrana düçar olub. Qərb və digər qüdrətli ölkələr dindar cəmiyyətlərə və milli adət-ənənələrə mənəvi ziyan vurmaqdadır. Çox az bir ölkə və cəmiyyət olar ki, bu böhran selindən qoruna bilsin. Və belə bir selin qarşısında özünə düzgün mövqe seçə bilsin.

“Qadın azadlığı” şüarı ilə formalaşmış moderizmin qarşısında qədim adət-ənənələrə arxalanmaqla dayanmaq, demək olar ki, mümkün deyil. Çünki bunu köhnəlmiş kimi qəbul edirlər. Çünki moderizmin hücum etdiyi cəmiyyətlərdə bu saxta, əsası olmayan alqışları qarşılayan saxta ziyalı təbəqələr də az deyil. Və cəmiyyət onlara inanır. Və bu saxta təbəqələrə nə edir? Alqışla onları qəbul edir və öz dini-mədəni dəyərlərini moderizmin ayaqları altına ataraq bu işi görür. Nəticəni düşünmür. Düşünmür ki, indi bunu qəbul etsəm 20 yaxud 50 ildən sonra mənim bu mənəvi-irsi dəyərlərimdən əsər-əlamət belə qalmayacaq. Və bu bəladan istər müsəlman, istərsə də qeyri-müsəlman, bütün şərq əzab çəkir. İndi qalır bundan necə qorunmalı?

Bu bilirsinizmi nəyə bənzəyir? Sanki bir evə bir od düşüb və yanmağa başlayanda evdən əgər bir səriştəsiz adam onu söndürməyə çalışsa daha da odu ətrafa yayacaq. Söndürmək yerinə daha da alovlandıracaq. Həqiqət də budur. Qərbin mədəni hücumu buna bənzəyir və əgər biz onun qarşısında səriştəsiz, düşüncəsiz müqavimət göstərsək, onun hücumuna kömək etmiş olarıq. Öz mədəniyyətini və dinini qorumaq istəyənlərin arasında agah insanlar çox azdır.

Və Qərbin zərərli təsirindən necə qorunmaq olar?

Bu işdə böyük mədəniyyət, gözəllik və təcrübələrlə dolu tarix, əqidə və insanı inkişafa çatdıran hüquqları, din və. özünün müdafiə etmək üçün bu kimi amillər var. Din və tarix, bu iki amil ən əsasdır. Əgər bir millətin din və tarixi həqiqi mənada varsa, həmin millətin siması da var. Şükrlər olsun ki, əksər müsəlman ölkələri bu simaya malikdirlər. Sadəcə bu imkanları işə salmaq, reallaşdırmaq lazımdır. Gənc nəsli bu yola istiqamətləndirmək. Baxın, sadaladıqlarımız ziyanlar fikir versək ən çox xanımların üzərində tətbiq olunur. Niyə? Çünki, gənc nəsli yetişdirən, tərbiyə edən qadındır və buna görə də birinci qadının mənəviyyatından başlayırlar.

Biz öz təbliğ yöntəmimizi düzgün seçməliyik. Biz bilirik fitnənin hardan gəldiyini və nə üçün, hansı məqsədin həyata keçməsi üçün qərar olub. Həmçinin, bilirik ki, çıxış yol əsas vasitələrdən biri tarix və İslam dinində ləyaqətli, nümunəvi simalara malik olmaqdır. Amma gənc nəsil bu simaları tanıyırmı? Xalqa demək lazım deyil qərb “modernizm” və “qadın azadlığı” şürları ilə bizi uçuruma aparır. Xalqa müasir, elmi və mədəni şəkildə özünü göstərmək lazımdır. Öz mədəniyyətindən nə alacağını bilən xalq başqa mədəniyyətlərə üz tutmaz. Xalq öz mədəniyyətinin yaratdığı şəxsləri lazımınca tanısa, qərb qadını və ya gəncini özü üçün ideal seçməz.

Şərqin nümunəvi simaları var. İlahi simaların arasında isə Fatimə (s.ə) kimi müqayisəyə gəlməz şəxsiyyət var.

Əsas nəzərə çatdırılmalı məsələ budur ki, İslamda qadına, elmə, cəmiyyətə, həyat tərzinə, dünyagörüşünə aid bütün suallara ən müasir və ən yetərli səviyyədə cavab verilmişdir. Sadəcə bu cavabları araşdırıb ortaya çıxarmaq qalır.

Əsas məsələ hansı yolla anlamaqdır. Şiələrin nəzərində Əhli-Beyt (Peyğəmbər (s), Əli (ə), Fatimə (s.ə) və digər 11 imam) nümunə və idealdır. Amma Əhli-Beyt məktəbi yalnız şiələrin deyil. Qərb öz qondarma modernizmini bütün dünyaya sırıyır və kimsə ona demir ki, bu sənin idealındır və mənim öz idealım var. Nəyə görə bəşəriyyət Əhli-Beyt (ə) kimi təsdiqlənmiş bir idealdan məhrum olmalıdır? Əgər Fatimə (s.ə) ən kamil qadın nümunəsidirsə, nə üçün dünya qadınları bu nümunədən xəbərsiz qalmalıdırlar? Əhli-Beyt dəyərləri ilahi qanunlarla olduğu üçün bütün tarixi dəyərlər və ənənələrdən üstündür. Qadınların taleyinə gəlincə isə tədqiqat mövzusu yalnız Fatimədir (s.ə). Həzrət Peyğəmbərdən (s) dəfələrlə onun üstünlüyü barəsində hədislər rəvayət olunub. Peyğəmbər (s) Fatimədən (s.ə) büt yaratmaq fikrində deyil. O, Fatimənin həqiqəti axtaranlar üçün nümunə olduğunu nəzərə çatdırır. Bəs bu nümunədən necə öyrənməli?

Dünyanın gözəllikləri əgər bir yerə yığılıb bir insan surətində zahir olsaydı, mütləq o, Fatimə olardı. Əksinə, Fatimə ondan da gözəldir. Burada belə bir sual ortaya çıxır, görəsən o xanımın belə şərafətli və fəzilətli olmasının səbəbi nədir? Əgər həzrət Peyğəmbərin (s) qızı olduğuna görədirsə, o həzrətin başqa qızları da var idi. Bu sualın cavabında geniş söhbət etmək, lakin burada bir neçə cümlə ilə mövzunun xülasəsini diqqətinizə çatdırıram.

Alimlər, ümumiyyətlə, insan barəsində yazmışlar ki, hər bir insanın fəziləti, qiymət və üstünlüyü onun seçimindən asılıdır. Yəni, insan öz seçiminin əsasında qiymət alır. Bundan əlavə insan həmişə seçim qarşısındadır. Məsələn, ailə qurmaq istədikdə seçim qarşısında olur. Ev, maşın, paltar və s. almaq istədikdə seçim qarşısında qalır. Avropa psixoloqlarından biri belə deyir: “Hər bir insanın ağlını onun paltarının rəngi ilə ölçmək mümkündür. Hətta bununla insanın üstünlüyünü və mədəniyyətini belə ayırd etmək olar. İnsanın hansı rəngə həvəsi çoxdursa, onun mənasını da müəyyənləşdirmək mümkündür”. Həzrəti Xanım Fatimeyi Zəhranın xüsusi məqam və şərafətdə olması onun öz seçimlərinə görədir. Onun şərafət və üstünlüyü də məhz bu məsələdən başlanır. Bunun əsasında da Allah və Peyğəmbər (s) ona qiymət vermişdir.

Ümumiyyətlə insan müxtəlif cəhətlərə görə seçim edir. Onları xülasələşdirdikdə üç əsas cəhət nəzərdə tutulur.

1) Birincisi budur ki, insan öz mənfəti əsasında seçir. Yəni seçimində əsas meyar öz mənfəti təşkil edir, buna üstünlük verir. Harada mənfət görsə, onu seçir. Məsələn, Peyğəmbər (s) Məkkəni fəth etdikdən sonra çoxlu qənimətlər əldə etdi və bir qrup insan qənimətin çox olduğunu görərək İslamı qəbul etdilər. Onların müsəlman olmalarının səbəbi var-dövlət və şöhrətin bolluğu idi. Yəni onlar öz mənfətlərinə görə iman gətirmişdilər. Peyğəmbər üç il (Şibi Əbu Talibdə) müşriklərin mühasirəsində qaldı, iqtisadi blokadaya almışdılar onları. Vəziyyətləri o qədər acınacaqlı idi ki, bəzi vaxtlar bir xurmanı iki nəfər yeyirdi. Üç il başa çatdıqdan sonra blokada ləğv olundu. Həzrət oradan çıxdıqdan sonra bir cavan oğlan onun yanına gəlib dedi ki, “Mənim maddi vəziyyətim çox yaxşıdır. Həm camaat arasında nüfuzum var, həm də bolluca mal-dövlətim. Mən sənə iman gətirmək istəyirəm. Bütün mal-dövlətimi də sənin ixtiyarında qoyub sənin hər sözünə itaət edərəm. Lakin şərtim budur ki, səndən sonra yerinə mən əyləşəcəm”. Peyğəmbər: “La ilahə illəllah” deyir, yəni bu şərt qəbul olunmaz.

2) İkinci seçim isə qorxuya əsaslanır. Yəni insan nəyisə qorxusundan seçir. Məsələn, Abdullah ibni Ömər qorxusundan İmam Hüseynə (ə) beyət etmədi. Amma qorxusundan gedib Yezidə beyət etdi. Bir müddət sonra qorxusundan Mərvana, ondan sonra isə Həccac ibni Yusifə beyət etdi. Belə ki, Həccac əlini uzatmaq əvəzinə ayağını uzatdı və Abdullah onun ayağına beyət etdi. İmam Həsənin (ə) ətrafındakılar da qorxularından Müaviyəyə beyət etdilər.

3) İnsanın üçüncü seçimi isə elm və bəsirətə əsaslanır. Bu seçimdə nə maddi mənfət var, nə də qorxu. Quranda elm barədə təxminən min dəfə söz açılıb. Yusif-108- də buyurulur: “Ya Peyğəmbər, de: “Bu mənim yolumdur. Mən və mənə tabe olan (mö’minlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha tərəf dəvət edirik”.

Deməli, bu seçimdə dəvət edən də elm və bəsirətlə dəvət edir, qəbul edən də elm və bəsirətlə qəbul edir. Burada heç bir qorxu və maddi maraqdan söhbət gedə bilməz. Buna görə də insan öz seçimini elm və gözüaçıqlıq əsasında etməlidir. Qeyd etdik ki, insanın fəziləti, qiymət və üstünlüyü onun seçimindən asılıdır. Həzrət Zəhranın da üstünlüyü məhz onun seçimi ilə qiymətləndirilmişdir. O xanım əbədiyyəti bəsirət və gözüaçıqlıqla seçmişdir. Xanımın bir çox ali seçimləri var idi, onlardan ən əsası bu idi ki, o, ilahi rizayəti hər şeydən üstün tuturdu və bu seçiminə görə də şərafətləndi.

İnsan Allahı tanıdıqdan sonra heç bir şeyi Ondan yuxarı və üstün edə bilməz. Kim hər hansı bir şeyi Allahdan yuxarıda təsəvvür etsə, deməli, həmin insan Allahı dərk etməmişdir. Və elə ki, insan Allahı dərk etdi, sonra bütün kiçik razılıqların hamısını Onun razılığına fəda edər.

Allah-Təala Həzrət Fatimeyi Zəhranın şərafətinə xatir bütün dünya müsəlmanlarına sülh, əmin-amanlıq, izzət, şərafət və mərhəmət bəxş etsin. Amin Ya Rəbbəl Aləmin!

                                                                                              Müəlliflik Hüququ Əbədi-Nur Müəssisəsinə aiddir

 


 1223, 

Dostların veb səhifələri

13203260
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
720
3999
33786
13020145
123521
154242
13203260

sizin IP ünvanınız: 34.204.181.91
2023-09-24 04:52

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!