“Şuquq” — Məkkədən Küfəyə gedən yolda yerləşən dayanacaq və məkan adıdır. Təfərrüatlı tarix və ya hadisələrə aid məlumatlar nisbətən az olsa da, “Şuquq” İmam Hüseyn (əleyhissalam) və onun yoldaşlarının Kərbəla yolundakı mühüm dayanacaqlarından biri kimi qeyd edilir. Bu dayanacaq İslam tarixində karvanın hərəkəti zamanı qısa müddət dayandığı yerlərdən biridir.
“Şuquq” — mənası “məkanlar”dır. Məkkə ilə Küfə arasında yerləşən dayanacaq və məskən adıdır. Bu yer Küfəyə yaxın olub, Bəni Əsəd qəbiləsinə məxsusdur və burada göl və quyular var idi. Bu məkan karvanların eniş və istirahət yeri kimi istifadə olunurdu. Bu yerdə İmam Hüseyn (əleyhissalam) Küfə şəhərindən gələn bir kişi ilə qarşılaşdı. İmam onun vasitəsilə Küfənin vəziyyətini soruşdu. Məlum oldu ki, insanlar onun əleyhinə bir araya gəlmişdi. İmam buna cavab olaraq aşağıdakı misraları söylədi:
فان تكن الدنيا تعد نفيسة * فدار ثواب الله أعلى و انبل
(Əgər dünya qiymətli hesab edilərsə, Allahın mükafat evi daha üstün və şərəflidir…)
Bəni Əsəd qəbiləsi
Bəni Əsəd qəbiləsi, ədnani (ərəb mənşəli) qəbilələrdən biridir ki, İslamın zühur dövründə əsasən Şimali Ərəbistan bölgəsində məskunlaşmışdı. Bu qəbilə hicrətin 9-cu ilində, Məkkənin fəthindən sonra digər bir çox ərəb qəbilələri kimi İslamı qəbul etdi.
İmam Əli (əleyhis-səlam) xilafəti dövründə, bu qəbilənin üzvləri həmin İmamın yanında döyüşmüş və bu vaxtdan etibarən tədricən şiəliklə tanış olmuş, nəticədə bu məzhəb onların arasında geniş yayılmışdır.
Bu qəbilənin şiələr arasında məşhurluğu əsasən onunla bağlıdır ki, Kərbəla hadisəsindən sonra İmam Hüseyn (əleyhis-səlam) və onun səhabələrinin mübarək cəsədlərini dəfn edənlər, məhz bu qəbilədən olan şəxslər olmuşdur.
İslamdan əvvəl Bəni Əsəd qəbiləsinin tarixi
Bəni Əsəd, Ədnani ərəblərin tayfalarından biridir. Onlar Əsəd ibn Xüzeymə ibn Mədriqə ibn İlyas ibn Mudarın nəslindəndirlər.
Bəni Əsəd qəbiləsi, Peyğəmbərin (s) onuncu babası olan Fihir ibn Malikin — Qurayş ləqəbli şəxsin — hakimiyyətə gəlməsinə qədər Məkkədə məskun idilər. Sonradan isə yalnız Bəni Ğənm qolunun bir hissəsi, Bəni Abdülmənafla müttəfiq olaraq Məkkədə qaldı, digər Əsədlilər isə yəmənlilərlə olan toqquşmalardan sonra Hərəmi (Məkkəni) tərk etdilər və Ərəbistan yarımadasının müxtəlif bölgələrinə və ona yaxın ərazilərə köç etdilər.
İslamın zühuru ərəfəsində Bəni Əsəd qəbiləsi, Qırmızı dənizin sahillərində yerləşən Təhamə torpaqlarından tutmuş, Kufə yaxınlığındakı Hira ətrafına qədər olan bölgədə səpələnmişdi. Lakin onların əsas mərkəzləşmə yeri, Nəcdin yuxarı hissəsində — Şam səhrasının cənubunda, Təmim, Tayy və Kəlib qəbilələrinin yaxınlığında, Mədinənin şimal-şərqində yerləşirdi.
Bəni Əsəd qəbiləsi Peyğəmbərin dövründə
Bəni Əsəd qəbiləsi, İslamı qəbul etməkdə son ana qədər dirəniş göstərən qəbilələrdən biri idi. Onlar yalnız hicrətin 9-cu ilində — Qüreyş qəbiləsinin qəti məğlubiyyəti və Məkkənin İslam qüvvələri tərəfindən fəthindən sonra digər Ərəbistan qəbilələri ilə birlikdə İslamı qəbul etməyə məcbur oldular.
Bu dövr ərzində, yəni Peyğəmbərin (s) Mədinəyə hicrətindən hicrətin 9-cu ilinə — “Vufud ili” adlanan vaxta qədər — Bəni Əsəd qəbiləsi İslamı qəbul etməkdən çəkinmişdi. Bununla belə, bu məsələ qəbilənin bütün tayfa və qollarına aid deyil. Çünki İslamın zühurunun başlanğıcında, xüsusilə Məkkədə yaşayan bəzi Bəni Əsəd üzvləri ilk müsəlmanlar arasında yer alırdılar. Məsələn, Qeys ibn Abdullah Əsədi, Həbəşistana hicrət edən müsəlmanlardan idi.
Peyğəmbərin (s) məşhur səhabələri arasında da bu qəbilədən olan şəxslər vardı; məsələn: Abdullah ibn Cəhhş və Ükkəşə ibn Mıhsan. Hicrətin təqribən 5-ci ilində Peyğəmbər (s), Abdullah ibn Cəhhşın bacısı Zeynəb bint Cəhhş ilə evləndi. Bu evlilik, Bəni Əsəd qəbiləsi üçün fəxr mənbəyi olmuşdur.
Həmçinin, Vaqidi özünün əl-Məğazi adlı əsərində müxtəlif qəzvələr və hərbi yürüşlər haqqında danışarkən, kafir qüvvələrinin tərkibində döyüşüb öldürülən Bəni Əsəd üzvlərinə də işarə edir. Eyni zamanda, həmin döyüşlərdə şəhid olan müsəlman Bəni Əsəd üzvlərindən də bəhs edir. Xüsusilə Bədr və Uhud döyüşlərində bu hal baş vermişdir.
Peyğəmbərdən sonra Bəni Əsəd
Peyğəmbərin (s) ömrünün son aylarında və xəstəliyinin yayıldığı bir vaxtda, Tuleyhə ibn Xuveylid Əsədinin rəhbərliyi altında — o, özünü saxta peyğəmbər elan etmişdi — Bəni Əsəd qəbiləsi dindən döndü (irtidad etdi). Lakin Əbu Bəkrin xilafəti dövründə bu üsyan yatırıldı.
Ömərin dövründə, irtidad (dindən dönmə) edən qəbilələrin nəzarətdə saxlanması məqsədilə onların hərbi gücü Sasani və Bizans imperiyalarının sərhədlərinə yönləndirilirdi. Bəni Əsəd qəbiləsi də bu siyasətə tabe oldu və hicrətin 16-cı ilində Qadisiyyə döyüşündə Səd ibn Əbi Vəqqasın ordusunda yer aldılar. Hətta hicrətin 14-cü ilində baş tutan Qadisiyyə döyüşlərinin ilk günü – Ərmath döyüşündə – bu qəbilədən təxminən 500 nəfər yaralandı.
İraqın fəthindən sonra Bəni Əsəd qəbiləsinin bəzi qolları Kufədə məskunlaşdılar və burada özlərinə məxsus məhəllə və məscidlər quraraq yerləşdilər. Məsələn, Səmak ibn Muxarrəminin məscidi, Bəni Əsədin Bəni Hālik ibn Əmr qoluna məxsus idi. Bəni Əsədin Kufədəki əhalisi o qədər çox idi ki, şəhərdəki ikinci ən böyük qəbilə sayılırdılar; birinci yeri Həmdan qəbiləsi tuturdu.
Hicrətin 36-cı ilində, Təlhə və Zübeyr, Cəməl döyüşünü başlatdıqları və Ayişəni özləri ilə apardıqları zaman, Bəni Əsəd qəbiləsi İmam Əlinin (ə) ordusunda yer aldı və onun yanında vuruşdu. Bu fitnə yatırıldıqdan sonra İmam Əli (ə), Bəni Əsədi Kufənin Qureyş və Kənanə kimi böyük qəbilələrin yerləşdiyi bölgələrində məskunlaşdırdı.
Bundan sonra Bəni Əsəd qəbiləsi tədricən şiəliklə tanış oldu və bu məzhəb onların arasında yayıldı. Bu yayılmada Həbib ibn Məzahir, Müslim ibn Ovsəcə, Qeys ibn Məs’hər Səydavi, Meysəm Təmmar, Kumeyt ibn Zeyd kimi şəxslərin mühüm rolu olmuşdur. Onlar Əhli-Beyt (ə) sevgisinin toxumunu həm öz qəbilələri, həm də digər insanlar arasında səpirdilər.
Bəni Əsəd Aşura Hadisəsində
Hicrətin 61-ci ilində baş verən Aşura qiyamı zamanı Bəni Əsəd qəbiləsi üç dəstəyə bölündü: İmam Hüseynin (ə) tərəfdarları, əleyhdarları və bitərəflər.
İmam Hüseynin (ə) tərəfdarları arasında Həbib ibn Məzahir, Ənəs ibn Həris, Müslim ibn Ovsəcə, Qeys ibn Məshər, Möqey ibn Səmamə və Əmr ibn Xalid Səydavi kimi tanınmış şəxslər var idi. Əleyhdarların sırasında isə Hürməla ibn Kahil Əsədi, İmam Hüseynin (ə) körpə övladını oxla şəhid edən şəxs, ön sıralarda idi.
Tarixi rəvayətlərə əsasən, Həbib ibn Məzahir Kərbəlaya gəldikdən sonra, İmam Hüseyndən (ə) icazə alaraq Kərbəlaya yaxın ərazidə yaşayan Bəni Əsəd tayfasının yanına getdi və onları İmamın yardımına çağırdı. İmam ona bu icazəni verdi. Həbib onların arasından 90 nəfəri özünə qoşdu. Lakin bir şəxs onların hərəkəti haqqında İbn Səədə xəbər verdi və o da Əzrəq adlı bir nəfəri 400 nəfərlik qoşunla onların qarşısına çıxartdı. Nəticədə iki tərəf arasında döyüş baş verdi və Bəni Əsəd qəbiləsi dözümsüz qalıb geri çəkildi, sonra da təhlükə hiss etdikləri üçün o gecə oradan köç etdilər. Həbib isə geri dönərək baş verənləri İmama danışdı.
Şeyx Müfidin “Ər-İrşad” kitabında yazılıb ki, Ömər ibn Səəd Kərbəladan çıxdıqdan sonra Qaziriyyə kəndində yaşayan Bəni Əsəd tayfasından bir qrup gəlib İmam
Hüseynə (ə) və onun səhabələrinə namaz qıldılar və mübarək cəsədlərini torpağa tapşırdılar.
Başqa bir rəvayətə görə, İmam Hüseynin (ə) şəhadətindən sonra Bəni Əsəd qəbiləsinin qadınları döyüş meydanından keçərkən şəhid cəsədləri ilə qarşılaşdılar və bundan dərin təsirləndilər. Geri qayıdıb qəbilənin kişilərini xəbərdar etdilər. Əvvəlcə qadınlar əllərinə bel və kürək alaraq Kərbəlaya yollandılar. Qısa müddət sonra kişilər vicdan əzabı çəkərək qadınların ardınca getdilər və şəhidlərin cənazələrini torpağa tapşırdılar. Bu fədakarlıqları səbəbilə Bəni Əsəd qəbiləsi böyük bir şöhrət qazandı və o gündən etibarən şiələr bu qəbiləyə hörmət və məhəbbətlə yanaşmağa başladılar.
Bu hadisəyə istinadən, hər il Məhərrəm ayının 13-cü günü, Bəni Əsəd qəbiləsinin Kərbəlada şəhidlərin dəfnində iştirakını yad etmək üçün xanımlar İmam Hüseynin (ə) hərəminə toplaşır və matəm mərasimləri keçirirlər.
Bəni Əsədin tanınmış şəxsiyyətləri
İmamiyyə məzhəbinin bir sıra səhabə, alim, şair və başçıları Bəni Əsəd qəbiləsindən çıxmışdır. Tanınmış şiə şairi Kumeyt ibn Zeyd Əsədi — Bəni Sə’ləbə ibn Dudandan, Abdullah ibn Zübeyr Əsədi adlı başqa bir şair, habelə hədis rəvayətçiləri olan Mə’rur ibn Süveyd və Həbib ibn Suhban bu qəbilənin görkəmli nümayəndələrindəndir.
Bəni Əsəd müasir dövrdə
Müasir dövrdə Bəni Əsəd İraqda “Əhlül-Cəzair” adı ilə tanınan bir sıra əşirətlərin (tayfaların) birliyini təşkil edirlər. Onlar əsasən Fərat çayının cənubunda və Kərbəla ətrafında yaşayırlar.
Mənbələr
Dəmu-s-sucūm (Nəfsul-məhmum tərcüməsi), Əbülhəsən Şəʿrani, Hicrət nəşriyyatı, Qum, 1381 hicri-şəmsi.
Həcc Ensiklopediyası, “Bəni-Əsəd ibn Xüzeymə” başlığı, müəllif: Seyyid Məhəmməd Samani.
Böyük İslam Ensiklopediyası, “Bəni Əsəd” başlığı, müəllif: Əli Bəhramiyan.
Samani, Seyyid Məhəmməd, Bəni Əsəd qəbiləsi və şiəlik, İnsan elmləri metodologiyası, 1385 hicri-şəmsi, bahar nömrəsi 46, s. 41–60.
Qulamrza Gülü Zəvvarə, Bəni Əsəd qəbiləsi: yaranışı, yayılması, fəaliyyəti və tanınmış simaları, Ziyarət Mədəniyyəti jurnalı, qış 1395 hş, nömrə 29, s. 113–153.
Aşura Mədəniyyəti, Cavad Mühdəssi, Nəşriyyat: Mə’ruf.
Möhsün Müməni və Abbas Zarei Mehrvarz, Bəni Əsəd qəbiləsinin əmirlə hakimiyyətə qədərki dəyişiklikləri, Tədqiqat Güzgüsündə Tarix, 7-ci il, yay 1389 hş, nömrə 2.
Hazırladı: İlahiyyatçı, Sara Əmirzadə